Yuxarı

Xəstə anasına dərman əvəzi “tik-tak” verən bəstəkar...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox məşhur müğənnilərin sevə-sevə dinlədiyimiz musiqilərinə bəstələr yazan Arif Səlimovla müsahibəmiz maraqlı məkanda baş tutdu: “Klip-teatrı” adlanan qeyri-adi yaradıcılıq obyekti olduqca nostalji abu-havası ilə insanı sanki başqa bir dünyaya aparır. Sözügedən ünvan Azərbaycanda ilk məkandır ki, burada həm teatrı izləmək, həm də ailəlikcə bərabər muzey şəraitində qədim əşyalardan toplanmış otaqlarını seyr etməklə, istirahət etmək mümkündür.

Müsahibədən sonra Arif Səlimov “Klip-teatrı”nın rejissoru və qurucusu Emin Heydərovun hazırladığı “Uğur nərdivanı” adlı tamaşanı izləməyə dəvət etdi. Mono-tamaşa sosial-məişət mövzulu dərin mənaya köklənən əsər idi.

- Arif bəy, niyə efirlərdə görünmürsünüz?

- Uzun müddət düşündüm ki, efirlərdən görünməyərək, böyük işlər görməklə, uğurlu əsərlər yazmaqla daha tez irəliləmək mümkündür. Lakin indi görürəm ki, necə deyərlər, “ağlamayana pəpə yoxdur”, yəni insan özü, uğurları haqqında bildirməsə, onu tanıyan da olmayacaq və ola bilsin ki, tez bir zamanda unudulacaq. Dünyalar qədər sevdiyim anamın arzusu məni musiqiçi - müğənni görmək idi. Anamın vaxtsız həyatdan gedişindən sonra onun evdən əlyazmalarla dolu dəftərini tapdım. Sən demə, anamın gözəl səsi olub və ailə qurduqdan sonra atam onu ümumiyyətlə, çalışmağa qoymayıb. Bu arada bir haşiyə çıxım ki, burdan bəylərimizə səslənirəm: qadınlarınız çalışmaq istədikdə, onlara əngəl olmayın, çünki mənim atam kimi erkən dünyasını dəyişən bəylərin xanımları sonradan çox böyük çətinliklərlə üzləşə bilər.

- Atanızın yaradıcılığınıza münasibəti necə idi?

- Rəhmətlik atam fəhlə idi. O, heç vaxt yaradıcılığımı dəstəkləmirdi. Sadə və zəhmətkeş idi. Düşünürdü ki, kasıbın balası da kasıb olmalıdır. Yəni insan həyatına olduqca fərqli, özünəməxsus yanaşma prinsipi vardı. Anam isə sanki öz taleyinin təkrarlanmasından ehtiyatlanaraq, mənim birbaşa müğənni olmaq istəyimi 1998-ci ildə musiqi məktəbində qarmon sinfinə getməyimlə əvəzlədi. Özümdən böyük yeganə bacım isə Konservatoriyanın pianino şobəsində təhsil alırdı. Məhz qarmon sinfində dərs aldığım dönəmdə mahnı bəstələmək arzusu hiss etdim. Anamdan hər zaman soruşurdum ki, bəs mən nə zaman müğənni olacam? O isə öz növbəsində söyləyirdi ki, bu məktəbi də bitir, sonra. Və bu cür illər illəri əvəzləyirdi. Nəhayət, on altı yaşımda mən kafelərdən birində müğənni olaraq ifaçılığa başladım. İlk məvacibim yeddi manat oldu. O dərəcədə sevincli idim ki!

- Belə anladım ki, uşaqlığınız heç də rahat keçməyib...

- Söylədiyim kimi, atamın bir qədər ağır xasiyyəti vardı. Təsəvvür edin ki, uşaq idim və evdə atamın gətirdiyi şokolad qutularını açmaq istədikdə, dedi ki, açıq konfetlər var, qutunu niyə açırsan? Mən öz növbəmdə məhz şokolad qutusunu açmaq istəyimi bildirdim. Atamın sözlərini heç unutmuram. O mənə dedi: “Sən hələ pul qazanmırsan ki, bu evdə öz qanunlarını yeridəsən, hələ bu evdə mənim sözüm keçir!” O zaman atamın sözləri mənə çox toxundu. Küsdüm ondan, hətta uzun müddət on dörd yaşlı yeniyetmə beynimdə belə bir plan da cızdım ki, gedib çalışacam, pulumu toplayacam və yüz dollara çevirib gətirib atama göstərəcəm, amma verməyəcəm. Lakin sonralar anladım ki, atamın istəyi mənim həyatda müstəqil yaşamağım idi və onun sözləri ayaqda dura bilməyim üçün çalışmağıma bir səbəb, bir təkan oldu. On altı yaşından artıq çalışmağa, pul qazanmağa başladım.

- Arif bəy, bəstələrinizdən nə qədər pul qazanırsınız?

- Konkret rəqəm yoxdur. Amma şükür, narazılığım da yoxdur.

- Dillər əzbəri olan mahnılarınız olduqca məşhur müğənnilərimizin ifalarında səsləndirilib. Bu, maddi baxımdan sizə dəstək olur?

- Bəstələdiyim mahnıları Flora Kərimova, Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, müğənni Damla və başqa tanınmış müğənnilərimiz ifa ediblər. Misal üçün, Damla üçün yazdığım “O mənəm” mahnısı ona inanılmaz uğur gətirdi desəm, yanılmaram. Bir çox insanlar mahnıları dinləyir, amma bəstəkarın kim olduğundan xəbərsiz qalır. Çox zaman təəccüb və təəsüf hissi ilə yanaşırlar ki, bağışlayın, sevdiyimiz və dəfələrcə doymadan dinlədiyimiz mahnının bıstəkarının məhz siz olduğunuzu bilmirdik.

- Bəs hansı şairlərlə çalışırsınız?

- İlk dəfə yazdığım mahnı rəhmətlik Nüsrət Kəsəmənlinin sözlərinə aid olub. Daha sonra Bəxtiyar Vahabzadənin, Məmməd Arazın sözlərinə üz tutmuşam. Müasir ədəbiyyatımızda olan yazarlarla da ürəklə çalışıram: Orxan Əfəndiyev, Sürayə Küskün, Mətanət Uluşirvanlı, Sarıgül Yağmur Paşaqızı və digərləri ilə birgə iş birliyimiz olub.

- Şəfiqə xanım Axundovaya BMM-də anım günü keçirmişdiniz. Şəfiqə xanıma olan böyük rəğbətiniz hardandır?

- Mən sənət aləmində Şəfiqə xanım Axundovanın və Nazpəri xanım Dostəliyevanın vurğunuyam. Təsəvvür edin ki, bu iki xanımla tanışlığımda sevindiymdən göz yaşlarına boğulmuşam. 2000- ci ildə AzTV-də “Xoş gəlmisiniz” verişində Nazpəri xanıma göz yaşlarımla fanatı olduğumu bildirdim, bu zaman hətta zalda əyləşən Nürət Kəsəmənli belə mənim duyğusal çıxışımdan kövrəlmişdi. Şəfiqə xanım Axundovanı gördükdə isə dizlərimi yerə qoyub əllərimi göyə açdım, var səsimlə “Allahım, mən xoşbəxtəm!” deyə qışqırdım. Bu qadın bildiyiniz kimi, 1972-ci ildə Şərqdə “Gəlin qayası” adlı ilk opera yazan xanım kimi tarixə imza atıb. Əsərlərinə dünya ulduzları müraciət edir. Əsrlər keçsə də, onun bəstələri yaşayacaq, hər zaman dinləniləcək. Mən bu xanımdan ilham alırdım, onun yaradıcılığı, böyüklüyü, sonsuz istedadı qarşısında aciz idim; yaradıcılığına, şəxsiyyətinə olan sonsuz sevgimi bildirmək üçün əllərindən, ayaqlarından öpürdüm. Lakin onu da qeyd edim ki, Şəfiqə xanımın uğursuz taleyi övladına da ötürüldü. Həyatının hər bir acısının parçasını öz əsərində yaşadan qadının oğlu da musiqiyə və yaracılığa həssas bir insan idi. Əfsuslar olsun ki, Taleh Hacıyev vaxtsız olaraq həyatını ruhi dispanserdə dəyişdi və biz oğlunun ölüm xəbərini Şəfiqə xanımdan gizlətmək məcburiyyətində qaldıq. Keçən il Şəfiqə xanımın anım günü ilə bağlı BMM-də tədbir keçirdim. Bu arada Aysel Nazimqızına öz təşəkkürümü bildirirəm ki, o, geniş şəkildə öz aparıcılıq etdiyi verilişdə bu haqda açıqlamalarla yanaşı, xahişimi nəzərə alaraq, bizim üçün çəkiliş heyəti ayırmağı da unutmadı. Öz növbəmdə onu qeyd etmək istərdim ki, bu ənənəvi tədbir bu il fevral ayının on səkkizinə təsadüf edəcək ki, yenə də məkan BMM olacaq. Tez-tez Şəfiqə xanımın məzarını ziyarət edirəm. Bildiyim surələrdən oxumaq əvəzi sonuncu dəfə onun məzarında qəribə istəyim oldu və mən onu gerçəkləşdirdim. Dahi bəstəkarın məzarı üstündə çoxsaylı dostlarımla ziyarətdə onun ölməz əsəri olan “Nədən oldu” mahnısını ifa etdim. Onu da qeyd edim ki, Şəfiqə xanımın məndə ona yaxın yarımçıq not əlyazmaları var ki, mənə miras qoyub. onları tmamlamağı və üzərlərində çalışmağı düşünürəm.

- Şəfiqə xanımın yoxluğundan danışarkən gözləriniz dolur. Bu həssaslığın sizi bədbinliyə, depressiyaya aparmasından ehtiyatlanmırsınız ki?

- Mən atamı erkən itirdim. Sonra acılar ardı-arda başladı. Daha sonra ustadım Şəfiqə xanımı itirdim və ardınca anamda aşkarlanan amansız xərçəng xəstəliyi də onu məndən vaxtsız aldı. Artıq ailəli idim. Bir yaşında qızım Zəhranı dünyalar qədər sevməyimə baxmayaraq, anamın ölümü ilə heç cür barışa bilmirdim, hətta qəti şəkildə intihar haqqında düşünürdüm. Bu qadın mənim dünyam idi, bütün əziyyətlərə bərabər sinə gəlmişdik və artıq mənim tanınan, mahnılarımın oxunan və dillər əzbəri olan bir zamanında ürək həmdəmim, sirdaşım məni tərk edirdi. Anama olan sevgim o dərəcədə böyük və sonsuz idi ki, mən onsuz özümü təsəvvür edə bilmirdim. Əfsuslar olsun ki, onun xərçəngdən qurtulması ilə bağlı yolu gec tapdım. Kitablara olan sevgim məni Rondo Byornerin “Sirr” kitabını oxumağa vadar etdi. Bu kitabın eyni adlı sənədli filmi də var. Təsəvvür edin ki, mən ağır xəstə anamı avtomobilə əyləşdirərək, onu şəhərdə gəzdirir, maraqlı tədbir və komediya janrında olan tamaşalara aparırdım. Bərabər gülür, əylənir, onu pozitivə yükləyirdim. Həkimlərin yazdığı dərmanları isə adi “tik-tak” adlanan şirin zərərsiz gündəlik yeyilə biləcək həblərlə əvəzləyirdim və deyirdim ki, bu olduqca bahalı dərmanlardır, onları qəbul etdikdən sonra sağalacaqsan. İnanın ki, anama yeritdiyim şüuraltı təsirdən sonra, o adi şirin həbləri qəbul edirdi və deyirdi ki, ağrıları kəsilir. Bu minval ilə onun həyatda qalmağına, bir qədər uzun ömür yaşamasına çalışırdım. Mən buradan ağır xərçəng xəstələri olan insanlara səslənirəm: xəstələrinizin bədbinliyə qapanmağına izn verməyin, onlara adi şirin zərərsiz həbləri dərman əvəzi verərək, bəlkə də həyatlarını daha da artırmış olarsınız. İnsan düşündüyünün, arzuladığının məhsuludur. Pozitivliklə ölümə qarşı mübarizə apararaq, xəstə insanların həyatlarını xeyli uzatmış olarsınız!

- Ağır depressiv ruhsəl durumdan necə qurtula bildiniz?

- Mən bir çıxış yolu tapdım. Özüm evimdə it-pişik saxlamasam da, heyvanlara, təbiətə olan sevgim sonsuzdur. Odur ki, dükanlardan it-pişik yeməkləri alaraq, bütün günü şəhərdə gəzir və kimsəsiz çöl heyvanlarını yemləyirdim. Əslinə qalsa, itlərdən uşaqlıqdan qorxuram, lakin kənardan onları izləyirdim və gətirdiyim yemlərlə qidalandıqdan sonra mənə məmnununluqla dolu, sanki “minnətdarlıq” baxışlarını öz üzərimdə duyduqda, depressiya da məni tərk edirdi, özümü xoşbəxt hiss edirdim. Mən hər kəsi çöl heyvanlarına qarşı laqeyd olmamağı, onlara nəvaziş və diqqətlə yanaşmağı səsləyirəm. Mənim bir milyonluq evim, maşınım, bağ evim yoxdur, amma Allah mənə zəngin qəlb verib ki, onun da misli yoxdur. Bəlkə də mənim olduqca böyük sərvətim, varım-dövlətim olardı, amma mən Şəfiqə xanımın məzarı üstündə mahnı ifa edəcək qədər qəlbə, həssaslığa sahib bir insan ola bilməzdim. Demək ki, mənim mənəvi dünyam bir çox maddiyyatdan daha zəngin və daha genişdir.

- Ananıza çox bağlı olmusunuz. Uşaqlıqdan yadınızda daha nələr ilişib qalıb?

- Xatırlayıram ki, məhəllədə kimsə pis söyüş işlətmişdi və mən də bu söyüşün mənasını anlamadan, evdə onu dilimə gətirmişdim. Anam dərhal mənim ağzıma bir qaşıq acı istiot tökərək, cəza olaraq ayaq yoluna saldı və bir müddət orada qaldım. Amma maraqlısı budur ki, mən atamdan vaxtı ilə incidiyim kimi anama əsəbiləşmədim, əksinə, onun mənə cəza tədbiri kimi verdiyi bir qaşıq acı bibər ağzımda bal dadırdı. Hətta bu hadisədən sonra hansı yeməkxana və restoranda oluramsa, sifarişimdə daha çox acı bibərli yeməklər olur.

- Çox varlı olsanız, nə edərdiniz?

- Ən böyük arzumdur ki, Allah məni maddi baxımdan gücləndirsin və mən dünya işığına həsrət qalmış bir uşağın gözlərinin görməsi üçün onu müalicə etdirim. Amma bir çoxlarının açığına da gəlsə, bunu deyəcəm: insanlar var ki, dilənçi uşaqlara pul verməklə onları işləməməyə alışdırır. Mən on altı yaşından çalışıram. Bu uşaqlar isə çalışmaq istəmir və çıxış yolunu kimdənsə dilənməkdə görür. Lakin eyni zamanda onu da vurğulayım ki, bir çox hallarda səndən pul alıb xoş dualar edən dilənçilər yanında olan ikiüzlü və riyakar dostlardan daha yaxşıdır.

- Çoxmu riyakar dostlarla üzləşmisiniz?

- Çox olub. İndi isə artıq özümə hesabat verirəm və deyirəm ki, qoy yanımda iki insan olsun, amma sadiq olsunlar. Hazırda tələbələrim var. Onlardan Rəvana ümidim çox böyükdür. Ümumiyyətlə isə məni yaşadan gənclərdir, pərəstişkarlarımdır. Çox olub ki, bəstələrim oğurlanıb, lakin Allaha şükür edirəm ki, məndən bu barmaqları, bu düşünən beyni heç kəs oğurlaya bilmir. Misal üçün, bu yaxında “Günahsız günahkar” adlı yeni mahnım hazır oldu və dərhal sevilməyə başladı. Bu da bir bəxşişdir, bu da bir lütfdür. Hər səhər Allahıma şükür edirəm, mənə bəxş etdiklərinə görə ona dua edir, təşəkkürlük hissi olaraq əllərimi, barmaqlarımı öpürəm; Yaradan onları mənə çox görməsin!

Tarix
2019.02.11 / 08:30
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla