Bayıl türməsinə yolu düşən axırıncı jurnalist "Təzadlar"
qəzetinin baş redaktoru Asif Mərzili oldu deyəsən, özü də cəmi
bircə gün.
Mətbuat Şurası və başqa jurnalist təşkilatları prezidentə
müraciət etdilər, həbsi pislədilər və xahiş etdilər ki, jurnalistin
azad edilməsi üçün göstəriş verilsin. Elə də oldu, səhəri Asif bəy
azad olundu və bir neçə gündən sonra Bayıl türməsi – 1 saylı Bakı
İstintaq Təcridxanası Kürdəxanıya, yeni binaya köçürüldü. Bundan
sonra Bayıl türməsini içəridən görən jurnalist olmayacaq.
"Bayıl"ın adı vahiməlidir. Amma kifayət qədər təcrübəsi olan,
bir neçə dəfə dustaq həyatı yaşayanların dediklərinə inansaq, bura
Gəncədəki və Şüvəlandakı istintaq təcridxanalarından qat-qat
yaxşıdır. Sözsüz ki, Şüvəlanın 5-6 il bundan qabaq təmir olunmuş və
yenidən tikilmiş hansısa korpusları istisna olmaqla. Gəncə
türməsinin şəraitsizliyi haqqında isə bu türmədən "Bayıl"a etap
olunanlardan eşitmişdim. Bayıl türməsi haqqında çoxlu deyimlər,
əsatirlər, əfsanələr var. Dustaqların uzun, üzücü, cansıxıcı
günlərində bu hekayətlərə yeniləri əlavə olunur.
Batyanı unutmurlar...
Dünyaca məşhur insanların yolu bu türmədən düşüb.
İndi də Stalinin Bayıl türməsində keçirdiyi günlər haqqında
söz-söhbət gəzir. Hiss edirsən ki, "ellər atası" barəsindəki
söhbətlər kifayət qədər şişirdilir. Oğru dünyasının məşhur adamları
– Lotu Bəxtiyar, Sabirabadlı Hikmət, Əmircanlı Söhbət, Lotu
Cavanşir, Masallı Mamed və digərləri haqqındakı söhbətlər isə uzaq
uşaqlıq illərinin qış gecələri danışılan nağıllardan da maraqlı və
çəkicidir.
Məsələn, rəhmətlik Batyanın – Lotu Bəxtiyarın təşəbbüsü və
maliyyə yardımı ilə Bayıl türməsinin içərisində çörək bişirmə
sexinin tikilməsini dustaqlar qədər ədliyyə zabitləri də fəxrlə
danışırdılar. Hiss olunurdu ki, rəhmətliklə şəxsən tanış olanlar
bundan məmnundurlar. Bayıl türməsinin çox səliqəli və çeşidli
kitabxanası var. Həmin kitabxanın təmir edilməsində,
zənginləşdirilməsində Lotu Bəxtiyarın rolu böyükdür.
Bəxtiyarın kamerası heç vaxt bağlı olmurmuş, o, oğru dünyasının
ən tanınan siması və sözübütöv kişi olduğu üçün buna heç fikir də
vermirlərmiş. Deyilənlərə inansaq, dəfələrlə türmə rəisləri və
digər işçilər ondan məsləhətlər alıblar. O, dustaqların mənəvi
atası hesab olunurdu. Onun buradakı varlığı dustaqlar arasında
"bespredel"in aradan qaldırılması demək idi.
Türmənin həyətində iri bir əncir ağacı var idi, yaxınlıqda isə
balaca çarhovuz. Batya hər gün bu ağacın altında oturub mütaliə
edərmiş. Onun şeir yazdığı vaxtlar da olub. Mənimlə bir kamerada
olanlardan rəhmətliklə eyni vaxtda "srok" çəkənlər də vardı. Onu
unutmurlar, o, həmişə xatırlanır. Bayıl türməsində yaşananlar gözəl
bədii materialdır və ömür vəfa etsə, bunları qələmə alacam.
İnsan rəis
2006-cı il mayın 12-də həbs edilsəm də, "Bayıl"a mayın 14-də
gətirildim. İki gün Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti
saxlanma təcridxanasında qalmışdım. O vaxtlar müvəqqəti saxlanma
təcridxanasının rəisi Cəmil adlı bir polkovnik idi və bu polkovnik
həbs müddətimdə gördüyüm ən insaflı adamdı. Əslən Tovuzdan olan bu
adam mənim Ziba Həsənova adlı tovuzlu baş həkimin əli ilə
şərlənərək həbs olunduğumu dəqiq bilirdi. Elə kabinetindəki
söhbətimizi yekunlaşdıranda da məni tezliklə azadlıqda görmək
istədiyini söyləmişdi:
"Allah qapını açsın, mərdimazardan uzaq ol, bütün meşələrdə
çaqqal ovlamaq olar".
Bura qardaşlıq "xata"sıdır
Bayılda ilk baxışdan görünən vahimə ikinci gün adamı tərk edir,
qarışırsan yüz ilin ölüsünə, köhnə dustaqdan seçilməməyə
çalışırsan. Əlbəttə ki, bütün bunlar sənin qarşıdakı aylarını,
illərini necə keçirəcəyinə, yaşamına hesablanıb; sel çör-çöpü tez
aparır, ağır olmaq isə heç də çəkinin çox olması demək deyil. Söz
ağızdan bişirilib çıxarılmalıdır, əks təqdirdə məsuliyyəti çox ağır
olur. Hər halda "gənc" dustağa kameralarda "bratvalar" bu haqda
danışırlar. "Bura qardaşlıq "xata"sıdır". Bu, tanışlığın ilk
cümləsidir.
"Şmonşik İslam"
Bayıl türməsinin iç üzü, xarakteri "şmonşik İslam" deyilən
kapitanla açılırdı. Bu insanın haqqında bircə kəlmə də xoş söz
eşitmədim və güman edirəm ki, mən də bu adam haqqında xoş söz yaza
və deyə bilməyəcəyəm. Baxmayaraq ki, Bayıla gəlişimin ilk günündən
üzləşdiyim bütün "şmon"larda – yoxlamalarda mənə qarşı heç bir
hörmətsizlik etməyib. Digər dustaqlara qarşı etdikləri isə
zənnimcə, insani hisslərdən çox uzaq idi. Mənim jurnalist və şair
olduğumu bilib deyirdi:
"Mənim üçün kimin nə vəzifədə işləməsi önəm daşımır, mən öz
nazirim olan İsgəndər Həmidovu da "şmon" eləmişəm". Sonra əlini
şalvarımın balaqlarında gəzdirib əlavə edirdi: "Adamları oxuyuram,
bilirəm kim hansı yuvanın quşudur".
İstənilən halda yoxlanış ciddi olurdu və mənim acığım tuturdu.
Məndən sonrakı dustaqları yoxlayanda isə İslamın mənə hörmət
etdiyinin şahidi olurdum və nədənsə ona bu yaxşılığa görə ürəyimdə
də olsa "sağ ol" deyə bilmirdim.
Doğma sifət
Bayılda rastlaşdığım ilk tanış və doğma sifət isə tanınmış yazar
Əyyub Qiyas oldu. Bizi 1-ci korpusun ikinci mərtəbəsindəki karantin
kamerasına aparanda təsadüfən Əyyubgilin "uşaqlarını" "proqulka"ya
çıxarırdılar. Əslində bu, mümkün olan hadisə deyildi. Dustaqlar
gəzintiyə çıxanda başqa kameradakılarla üz-üzə gələ bilməzdi.
Əyyubu görəndə sevindim. Yox, bu sevinc heç də o sevinc deyildi ki,
"nə yaxşı sən də burdasan, həbsdəsən". Bu bir doğma sifətin nuru
idi, ürəyimə işıq çiləmişdi. Sonralar bu sevincə görə özümü çox
qınayacaqdım. Salamlaşdıq. 3 gün karantində qaldıq və bu hər gün
iki dəfə Əyyubgilin kamerasından bizim kameraya "qrev" gəldi.
"Qrev" mənim adıma gəlirdi və bunun Əyyub tərəfindən göndərlidiyini
hiss etmək çətin deyildi. O, "volya"da olduğu kimi, burda da həmişə
bahalı siqaretlər çəkirdi.
Bir dəfə də ayrı-ayrı gəzinti kameralarında - "bokslarda"
təsadüfən qonşu olduq. Səsini eşitdim, hayladım. Hayıma cavab
verdi, xeyli söhbətləşdik. Divarlar səsimizi saxlamadı, nədənsə heç
"nadzor"lar da mane olmadı. Bizlər tikansız balıqlar idik.
Sonradan ayrı-ayrı Cəzaçəkmə Müəssisələrinə "etap" olunduq. O
məndən bir-neçə ay tez azadlığa çıxdı və diqqətini yenə də
əsirgəmədi...
Bura mənim evimdir
Həbsxananı öz evləri kimi qəbul edənlər də var. Belələrinə
doğrudan da böyük hörmət olunur. Hətta özlərini onlara bənzədən,
yeri gəldi-gəlmədi adlarını çəkib, onlarla guya ki, yaxın
olduqlarını göstərmək istəyənlər də az deyil. Amma ağı qaradan
seçməyi bacaran gözlər kimin kim olduğunu ayırd edə bilir. Hər kəs
layiq olduğu yerdə qərar tutur.
Belə hadisələrdən biri də məhkəməmdən sonra yerləşdirildiyim
3-cü korpusun 96-cı kamerasında keçmiş polis işçisi və mal-qara
oğrusu arasında yaranan mübahisədə özünü göstərdi.
Umud Laçının Şəlvə dərəsindən idi. Hündürboy, qara uzun bığları,
sivri burnu, qara iti gözləri vardı. Söhbətcil və macərapərəst
insan idi. Bütün hadisələrin içində olmağı xoşlayırdı və bu da çox
vaxt onu qınaq sahibi edirdi. "Podelnik" İmanı maya qoyub
kamerasına gətirtmişdi. Bunların Məmməd adlı dostlarına isə ömürlük
həbs cəzası kəsilmişdi. Hesablarında ölümlə yanaşı onlara mal-qara
oğurluğu, qarət və digər cinayət tərkibi olan əməllər vardı.
Umudla İmana müvafiq olaraq 11 və 12 il həbs verilmişdi. İman
məhkəmənin hökmü ilə razılaşmamış, məhkəmə zalındaca özünü
"lezva"lamışdı. Onların fikrincə, əməllərinə görə verilən cəza çox
idi. Ümumiyyətlə, Umud özünü günahkar saymırdı: "Məni Məmmədə görə
tutublar, mal-qara aparmağımı bilə bilməzdilər",- deyirdi. O,
Məmmədlə dost idi və Məmmədin polislərdən gizlənməsi üçün şərait
yaratmış, onu ərzaq və geyimlə təmin etmişdi.
Polislər isə Məmmədin gizləndiyi qamışlığın yerini bilsələr də,
tutmağa çəkinirmişlər. Birincisi, Məmməd silahlı imiş, ikincisi,
kifayət qədər qaçaqçılıq təcrübəsi olan bu adamın dostları da onu
bada vermir, izi azdırırmışlar. Günlərin birində Umudla İman
dostunu qamışlıqdan çıxarıb Haramı düzü ilə yola salarkən hansısa
ferma sahibi duyuq düşür, onları oğru zənn edir. Gecədən xeyli
keçmiş bu tərəflərdə 3 nəfər yad atlının olması onları
şübhələndirir, bunu basqın kimi başa düşürlər. Aralarında atışma
baş verir. Məmməd iki nəfəri, ata və oğulu öldürür. Umud onu
danlasa da, artıq gec idi. Umudgil dostunu yola salıb qayıdanda
atının qantarğası qırılıb yolda itir. Elə bu qantarğanın kimə
məxsus olduğu bilindikdən sonra ələ keçirlər. Məmməd isə Şəmkirdə
dostunun evində gizlənərkən qonşular tərəfindən ələ verilir.
Samir isə Bakıda doğulmuşdu. Bakı Dövlət Universitetinin hüquq
fakültəsini bitirib, əmək fəaliyyətinə sahə müvəkkili kimi
başlayıb. Evin yeganə oğul uşağı olan Samir çox keçmir ki, tutduğu
vəzifənin öhdəsindən gələ bilməyəcəyini düşünür, qohum-qardaş,
ata-anasının təkidlərinə baxmayaraq, ərizə yazıb polis sıralarından
istefa ərizəsi yazır. Ərizəsi qəbul olunmamış təsadüfən narkotik
daşıyıcısını tutur. Onun yalvar-yaxarına inanıb buraxır. Məlum olur
ki, bu adam "mal"ı təyin olunan yerə çatdırdığına görə haqq
alacaqmış.
"Mal"ı təhvil verəndə izahatda göstərir ki, naməlum adam tiryəki
atıb qaçıb, tutmaq mümkün olmayıb. Amma həmin tiryəkdən xırda bir
bükümü şeytanın "sözünə qulaq asıb" evində gizləyir. Üstündən bir
müddət keçəndən sonra bacısı uşağının ad gününə hədiyyə almağa pulu
olmayan keçmiş hüquq-mühafizə işçsi tanış taksi sürücüsünə bu haqda
danışır və satmaq üçün kömək istəyir. Taksi sürücüsü keçmiş polisin
onu şərləyəcəyindən qorxaraq, bu barədə polisə məlumat verir və
şərti alıcı ilə Samiri görüşdürür, nəticə 5 il həbs cəzası ilə
yekunlaşır.
Umud Samiri divara dirəmişdi: "Sən "paqon" daşımısan, yerin
"şponka"nın altındadır. Bura mənim evimdir".
Samirin qorxaq gözləri hər kəsdən kömək istəyirdi. Məsələ
böyüyəcəkdi. Umudun fəxrlə danışdığı oğurluq hadisələrinə çox qulaq
asmışdım. Həm də onun Apellyasiya Məhkəməsinə ünvanladığı ərizəni
yazdığıma görə ittihamnaməsi ilə tanış idim. Umudun yadına saldım
ki, qoca qarıların, əri, oğlu Qarabağda şəhid olmuş qadınların,
gəlinlərin evindən oğurluq edib, başsız qalmış ailələri ruzisiz
qoyub və bu da yaxşı hal deyil. Onu da dedim ki, Samir
"paqonlardan" imtina edib, indi kim daha haqlıdır, kim yaxşı
oğlandır?
Umud mənim də vaxtı ilə "paqon" gəzdirdiyimi, gəmi kapitanı
olmağımı əsas gətirib, "paqondaşımı" müdafiə etdiyimi bildirsə də,
"Bayıl"dakı "böyük qardaşlara" göndərilən "molyevka" Samirin təmiz
oğlan kimi cəza çəkməsinin xəbərini gətirdi. Samir xəlvətə salıb
mənə ömrü boyu minnətdar olacağını dedi. 3 gündən sonra mən 6-cı
korpusun 105-ci kamerasına köçürüldüm. Bu, "burjuy" kamerası idi və
bunun üçün qardaşlarım 200 manat ödəmişdilər.
(ardı var)