Yuxarı

Elinanın nəşi üstə nə oyun qurmusunuz?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenə İlham Əliyev tam vaxtında və zamanında müdaxilə etdi; yenə Prezident ədalətin bərpası üçün lazım olan anda və lazımı məqamda tapşırıq verdi.

Söhbət 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharından gedir.

Niyə yenə Prezident müdaxilə etməli idi? Niyə məhz o, hadisəni nəzarətə götürməli idi?

14 yaşlı bir qız məktəbdə intihar edir, ona təcili yardım göstərmək, xəstəxanaya çatdırmaq, onu xilas etmək əvəzinə divana uzadıb, psixoloq çağırırlar, direktorun əri hardansa peyda olub, Elinanı sorğu-suala tutur... Daha bir “abla” – icra başçısının xanım müavini zənbillə göydən düşür, o da Elinaya “psixoloji durumu ilə bağlı” suallar ünvanlayır.

Hamısı da videoya çəkir; hamısının da məqsədi Elinanın özünü 3-cü mərtəbədən atmasında direktorun heç bir günahı olmadığını sübut etməkdir.

Direktor əri və yaxud icra başçısının müavini o xarabada hardan peyda oldular? Onlar təcili yardımdan daha əvvəl özlərini necə yetirdilər o məktəbə? Kim onlara xəbər verdi?

Biz nələri bilmirik, bizdən nələr gizlədilir?

Təcili yardım əvəzinə başçı müavinini, direktor ərini ora çağıran kimlərdir? İntihara cəhd edənin yarımcan bədəni ortada ikən onu xilas etmək üçün həkim əvəzinə o gələnlərin və onların verdikləri suallar hansı əxlaqa sığır?

Hələ onu demirəm ki, həkimlərə Elinanın “zəhərləndiyinin” bildirilməsi, bu səbəbdən Toksikologiyaya aparıldığı, yalnız orda əslində nə baş verdiyinin aydınlaşması, daha sonra qızcığazın “Semaşko”ya göndərildiyi iddiaları da var. Adamı vaxtında həkimə çatdırmaq əvəzinə nə oyun çıxarmısınız?

İki gün xəstəxanada yatandan, atasına “hər şey yaxşıdır” deyiləndən sonra Elinanın ölümü baş verir. Yekə-yekə əmilər, dayılar, bibilər, xalalar bir qızcığazı öldürmək üçün daha nələr etməyiblər ki?!

Dəhşətli olaylar bundan sonra da davam edir. Qətli ört-basdır etmək istəyən cinayətkarlar müxtəlif fotolar üzə çıxararaq, Elina haqqında əxlaqa, insanlığa zidd şəkildə neqativ təsəvvür formalaşdırmağa çalışırlar. Hətta ən qatı düşmənlər belə bir-birilərinin ölülərinə hörmət edib, “ölünün dalınca danışmazlar” deyirlər. Amma bu mənliyini itirmiş qaniçənlər körpə bir balanın nəşi üstündə çirkin oyunlar qururlar, onu ləkələməyə çalışırlar.

Cəmiyyətin dərin ağrı keçirdiyi bir dönəmdə bu cür murdar yollara əl atmağa nə ad vermək olar? Belələri ilə Xocalıda yeniyetmə qızları öldürən, işgəncə verən erməni arasında nə fərq var?

Özünüzü niyə təmizə çıxarmaq istəyirsiniz? Hansı zibilin içindəsiniz ki, hamının şoka düşdüyü bir məqamda ağlınıza olmazın əxlaqsızlıqlar gəlir? Niyə sakit oturub, dərdə şərik olmursunuz?

Təhsil Nazirliyinin də, Prokurorluğun da mövqeyi aydındır – işin mahiyyətinə uyğun qərar verilir: biri cinayət işi açır, digəri araşdırma müddətində direktorun səlahiyyətini əlindən alır və onu məktəbdən uzaqlaşdırır ki, istintaqa təsir göstərə bilməsin.

Hüquqi, ədalətli addımlardır, bununla işimiz yox. Məsələnin mahiyyəti tamamilə fərqlidir: bir intihara cəhd hadisəsi baş verir, ortada ağır xəsarət alan yeniyetmə qız var. Nə olmalı idi?

Direktor və məktəb rəhbərliyi ruh düşkünlüyünə qapılmalı idi, mənəvi əzab çəkməli idi, nazirliyin qərarını gözləmədən öz vəzifələrindən istefa verməli idilər... Açıqlama verməli idilər ki, bizim indiki məqamda mənəvi haqqımız, üzümüz yoxdur bu məktəbə gələk!

Və yaxud, həkimlər...

Xatırlayıram, bir müddət əvvəl Türkiyədə dəhşətli bir hadisə baş vermişdi: 5 yaşlı oğlan uşağı atasının tabel silahı ilə 12 yaşlı bacısını güllələmişdi. Ehtiyatsızlıqdan. Güllə uşağın başına dəymişdi.

Gənc cərrah düz 12 saat dayanmadan o qızcığazı xilas etmək üçün çalışmışdı, ancaq xilas edə bilməmişdi. Əməliyyat otağından çıxan həkimi saxlaya bilmirdilər, dəhşətli hayqırtı ilə ağlayırdı, uşağı xilas edə bilmədiyi üçün özünü ələ ala bilmirdi. Və... uşağın atası həkimi qucaqlayıb təskinlik verirdi ki, Allahın qədəri, səbirli ol...

Təsəvvür edirsinizmi?

Edə bilməzsiniz – çünki belə bir mənzərəni ömrünüz uzunu görməmisiniz.

Sizin gördüyünüz budur: Həkim xəstəni öldürür, ölünün nəşi soyumamış dərhal qaçıb, xəstəlik tarixçəsini saxtalaşdırır, tibbi ekspertin rəyini öz xeyrinə dəyişmək üçün gecə yatmır, rüşvət verir, özünü tapşırdır, min hoqqadan çıxır.

Elinanın hadisəsində direktorun etdiyi kimi!

Bizim gördüyümüz mənzərə, bizim ətrafımız, çevrəmiz, bizim insanlığımızın maddiləşən material dəyəri bundan ibarətdir. Vicdanı unudulmuş, mənəviyyatı itirilmiş cəmiyyətikmi biz? Toplum olaraq bu gündəyikmi?

Yanlış anlaşılmasın: istintaqı qabaqlayıb, nə direktoru, nə də həkimləri cani, qatil elan etmək fikrindəyəm. Ancaq bir insanlıq, vicdan deyilən anlayışlar var. Bu direktorun, yarımcan Elinanı divanda uzadıb direktoru xilas etmək istəyən ərin, başçı müavininin, psixoloqun, Elinanın çox yaxşı olduğu və qısa müddətdə palataya köçürüləcəyini deyən həkimin... əməllərində vicdan deyilən nəsə gördünüzmü?

Cəmiyyət olaraq buyuqmu? Biz nə vaxt mənəviyyatdan, vicdandan məhrum olduq?

Şükür ki, İlham Əliyev bu məsələni də gördü, buna da müdaxilə etdi. Bəs, İlham Əliyev görməsə, bilməsə, eşitməsə nə olacaqdı?

Filan adam qrip olub – Heydər Əliyev Fondu müalicəsini üstləndi!

Filankəsin evi əlindən alınıb – Mehriban Əliyeva ev verdi!

Bəhmənkəsin hüquqları pozulub – Prezident nəzarətə götürdü!..

Nə vaxta qədər? Hanı bu ölkənin vicdanlı adamları? Niyə “Musa Yaqubu təmənnasız müalicəyə hazıram” deyə bir klinika rəhbəri ortaya çıxmır? Onu da Mehriban Əliyeva bilməli, görməli, öz üstünə götürməlidir?

Yüz yazar yığışıb müraciət yazır ki, kömək edin, yazarımız xəstədir, amma bircə iş adamı, bircə sahibkar, bircə klinika rəhbəri çıxıb demir ki, Musa Yaqubu gətirin, özümüz müalicə edəcəyik!

Niyə bir iş adamı meydana atılıb, şəhid ailəsinin qalmaqallı ev problemini yoluna qoymur?

Ölkənin idarəçiləri ən xırda məsələlərə qədər nəzarət edirsə, fəxr edirik, sevinirik, qürur duyuruq... Ancaq beləmi olmalıdır? Bəs biz nə edirik?

Bəs siz nə üçünsünüz? Niyə yaşayırsınız? Gorunuza söyülməməsi üçün nə edirsiniz?..

Qismətdən, bu gün İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin bir ili tamam olur. Hamı tərifləyir, hamı alqışlayır, hamı xalqın fəxr etdiyini yazır.

Onun xalqa layiq olduğu tərifinizi qoyun qırağa. Ümumiyyətlə, bir dayanın, əvvəlcə özünüzə baxın və vicdanınıza sual verin: sizin “qiymətləndirməyə” mənəvi haqqınız varmı?

Siz ona layiqsinizmi?

Xatırlayıram: Heydər Əliyev “arvadına çay gətirdə bilməyən bir akademikin” vəzifə alandan 3 ay sonra ətrafına qarşı rəftarından qeyzlənmişdi. O video-görüntünü Yutubda indi də izləyə bilərsiniz.

Buyuq biz! Əlimizə səlahiyyət keçən kimi vicdanı, mənəviyyatı unuduruq, bir xəta baş verəndə vicdan əzabı çəkmək əvəzinə qarşı tərəfi şərləyib, özümüzü təmizə çıxarmaq üçün ən axırıncı yola əl atırıq!..

Biz kimə layiqik: İlham Əliyevə, yoxsa sevincabbasovalara?

Tarix
2019.04.11 / 16:16
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla