Yuxarı

Sonuncu arzum it olmaqdı...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sonuncu arzum it olmaqdı...

O, Muxtarov qəsəbəsindən, el arasında "Dvadçatı" deyilən qəsəbədən yuxarıda, Salyan şosesinin üstündə Bayıl dağları ilə üz üzə yolun kənarında özünə yuva qurub. Burda yaşayır, əgər buna yaşamaq demək mümkündürsə.

Yolun sağ tərəfində, dağın ətəyində qəbiristanlıq, sol tərəfində isə uçurumdan aşağı da Bibiheybət neft yataqları var. Bu miskin kimsəsiz insanın "lövbər atdığı" ərazinin aşağı tərəfində milli sərvətimiz olan neftin hasil olunduğu, yuxarıda isə axirət dünyamızın başlandığı yerdi. Tən ortada, yolun kənarında isə şəhərimizin ən bədbəxt adamlarından biri, Hacıyev Ceyhun Kamal oğlu zir-zibilin, üfunətin içərisində özünün lənətə gəlmiş həyatını yaşamaqda davam edir.

Alma, para çörək, dişlənmiş kolbasa

Dənizçi dostum, əslən Zəngilan rayonundan olan Rasim onun yerini nişan verdi mənə:

"Gedək o bədbəxtin şəklini çək, haqqında yaz. Bəlkə ona sahib duran tapıla, haradasa ona sığınacaq verələr".

Rasimin nişan verdiyi yeri yuxarıda təsvir etdim. Bu talesiz vətəndaşımızın "isti ocağını" təsvir etməyə çətinlik çəkirəm. Bunu görmək gərəkdir. Görmək və insanımızın iztirabını çəkmək.

Şosenin kənarındakı daş barının üstünə qalxdıq. Həyatın sərt, laqeyd, qarmaqarışıq sifətini görmüş birisi olsam da, qarşımda açılan bu acınacaqlı səhnə, əminəm ki, illər boyu məni tərk etməyəcək; karton yeşiklərin, nimdaş, çirkli əskilərin arasındakı paketlərdə alma, para çörək, dişlənmiş kolbasa və s. vardı.

"Bu onun azuqə saxlancı olan yerdi. Anbarıdı da, "kolpitkası"dır – dənizçi termini ilə deyir Rasim. Kafelərin qabağındakı zibilliklərdən yığır, gətirir bura. Almaları isə mən almışam, yemir, "bacım gilə gedəndə əliboş getməyim, uşaqlara meyvə aparım",- deyir həmişə. Artıq üçüncü dəfədir ki, ona alma, çörək, sosiska alıram. Kolbasanı istəmir. Bunu da yəqin kimsə verib, bir diş vurub, qalanı qalıb, - Rasim ucuz kolbasa qırığını göstərir,- Almalar qalır çürüyür, sonra özü yeyir. Yenə də saxlayıb ki, bacısının evinə gedəcək".

Cənazə

Ortalıqda isə sanki bir cənazə uzadılıb - kəfənə bükülmüş halda. Şəkillərini çəkirəm. Sonra Rasim onu haylayır. "Paket cənazə" tərpənir və o qədər də yaşlı olmayan bir insanın yuxulu, yorğun, miskin baxışları ilə qarşılaşıram. Rasim həmişə olduğu kimi, zarafatcıldır:

- Ayə, Ceyhun, kopoğludu yalan deyən, yuxuda "anaşnan" idin, hə?

- Yox, yuxu-zad görmürdüm. Yatmışdım.

Bir qədər söhbətə çəkirəm. Məlum olur ki, 1967-ci ildəndir. Uşaqalıq illəri "Xrebtovı"da keçib. Ömrünün 20 ilinə yaxınını isə "BOMJ" kimi sürüb. Ailəli olmayıb.

Elə onlar da məni çölə atdı

- Ceyhun, nə vaxta qədər "Xreptovı"da yaşamısan?

- 11 yaşıma qədər Yasamalda, "Xrebtovı"da yaşamışıq. Sonra "Çermet"ə köçdük. İndi 47 yaşım var. Doğulduğum evdə bacım yaşayır.

- Bacının xəbəri var səndən? Bilirmi burda bu acınacaqlı vəziyyətdə yaşadığını?

- Var. Amma bilmir ki, burda oluram. Küçədə qalmağımı bilir. O, qaçqınla yaşayır. Əri zəngilanlıdır. Elə onlar da məni çölə atdı. Mənə sahib olmadı.

- Neçə ildir ki, çöllərdəsən?

- 1995-ci ildən. Arada gedib-gəlirdim evə. Daha getmirəm. Evə qoymurlar ki, məni. Bacım da ailəsi ilə çətinliklə yaşayır.

- Uşaqları var?

- Hı, hı... – mızıldayır, burnunu silib əlavə edir,- var, maşallah, yaxşı uşaqlardı.

Məni istəmək olar?

- Uşaqlar dayını çox istəyər. Səni istəmirlər? Heç səninlə maraqlanmırlar?

- Mənim nəyimi istəsinlər? Məni istəmək olar? Bu saat hamı üçün çətindir, mən gedim onlarla necə yaşayım? Özüm də xəstə adamam.

Babasil öldürür məni

- Haran ağrıyır?

- Hər yerim, qarnım, qaraciyərim, böyrəyim... Babasil öldürür məni, çölə çıxanda qışqırığım aləmi götürür. Çöldə yağışın, qarın altında yatan adam necə olar, səncə? Küçələrdəyəm. Arada gedirəm evə, uzaqdan baxıram. İndi getmirəm. Piyada çox uzaqdır. Avtobusa da minməyə qoymurlar. Deyirlər səndən iy gəlir – leş iyi.

- Evə niyə uzaqdan baxırdın, qovurlar səni?

- Qovmurlar e, yola vermirlər. Dava-dalaş salırlar, sıxışdırırlar. Bacımın qaldığı ev mənim ata yurdumdu. Bacımın əri Zəngilanın Məmmədbəyli kəndindəndi. Adı Əzimdi. Mən də işləyə bilmirəm. Narazılıq olur. Deyir, mən qazanım o yesin? Gecələr basır bacımı döyür.

Bacımgilə getmək istəyirəm

- Sən rəsmi qeydiyyatda hansı ünvandasan?

- "Çermet"dəki evimizdə qeydiyyatdayam. Ünvanı sözlə deyə bilmirəm, amma gedib tapıram. Nəyinə lazımdır e, mənə yiyə duran yoxdu onsuz da.

- Qohumların evə qoymurlar, heç olmasa səni bir yerə düzəltmədilər qalasan?

- Qocalar evinə getdim, orda mənə dedilər ki, sən cavansan. Həm də onlar məndən iş tələb edir. Mən işləyə bilmirəm axı. Bacım gilə getmək istəyirəm, amma yeznəmiz pis adamdı, onu incidəcək.

- Havalar soyuyur, yağış, qar yağacaq, sənə çətin olacaq burda...

- Havalar yağışlı, qarlı olanda gedirəm şəhərə. Yiyəsiz evlər var, yarımçıq tikililər var, şadlıq evlərinin istixanalarının "padvalı" var, girirəm orda yatıram.

İstəyirəm çox yaşayam, amma belə yox...

- Özün də cavan adamsan, əlindən nə işsə gəlməlidir axı, sənin. Bəlkə maraqlansan, sənə iş verən tapılardı, kiminsə bağında xidmətçi, bağban olardın.

- Onlar məndən narazılıq edəcəklər. Mən heç nəyi bacarmayacam, bilirəm.

- Ata-anan rəhmətə getdi, bacınsa ərə. Sən də ki, taleyin umuduna qaldın.

- Həyatdır da, mən istəyirəm çox yaşayam, amma belə yox, adam kimi...

- Bacın nə vaxt ərə getdi? Toyunda oynadın? Ailədə daha kim vardı?

- Bacım 1992-ci ildə ərə getdi. Ailədə hər kəs vardı. Atam, anam, qardaşlarım. Rəhmətə gedənimiz yox idi. Bacımın toyunda qardaş kimi oynadım, ürək sözümü dedim, xeyir-dua verdim. Bacım da xəstədir. Onun ürəkkeçməsi vardı. İndi bilmirəm necədir. Yeznəmiz bacımızı evimizə görə aldı. Sonra Zəngilan ermənilərə keçdi, onun qohum-əqrəbası tökülüb gəldi. Bizi burunladılar. Qardaşlarım da var. Böyükləri mənəm. Onların da ailəsi var. Yaşayırlar.

Qonaqları gələcəkdi, məni göstərmək istəmədilər

- Onlar da səninlə maraqlanmır?

- Yox, onların da öz ailəsi var, çətindir indi yaşamaq. Qardaşımın birinin adı İlqardı. 2010-cu ilin noyabrında getdim onlara. O məndən kiçikdi. Martın 20-nə qədər qaldım onlarda. Bayram ərəfəsi məni evdən qovdular. Qonaqları gələcəkdi, məni göstərmək istəmədilər.

- Necəydi orda, burdan yaxşı idi, yoxsa münasibət elə idi ki, buranı ordam yaxşı hesab edirsən?

- Orda yaxşı idi. İsti hamamda çimirdim. İsti yemək yeyirdim. Qardaşım arvadı arada mənə də yeməyi bol çəkirdi. İstəyirdim uşaqları mənə əmi desin. Demirdilər. Utanırdım həyətdən çölə çıxmağa. Məhəllə uşaqları qardaşım balalarına lağ eləyər, uşaqlar mənə görə pərt olarlar, deyə.. Amma sonra gördüm ki, qardaşım balaları özləri maraqlıdır məni uşaqlara göstərib məzələnsinlər.

Mənə "yuyun, çim" deyəcəklər

- Səninlə maraqlanan olubmu heç - dövlət adamları, QHT-lər?

- Heç mən istəmirəm ki, məni harasa aparsınlar. Narazılıq edəcəklər. İş tələb edəcəklər, mənə "yuyun, çim" deyəcəklər.

- Sən yuyunmaq, çimmək istəmirsən ki?

- İstəyirəm e, ancaq özüm üçün istəyirəm. Qocalar evində elə qocalar var ki, özlərini 100 ilin adamı kimi aparır. Mənə iş buyuracaqlar. Məni heç yerə aparmaq lazım deyil.

- Sənin də arzuların var yəqin?..

- Bacımı görmək istəyirəm. Onu çox istəyirəm,- fikrə gedir, sonra əlavə edir: -Nə olsun ki o məni istəmir.

- Bəs ananı?

- Anam ölüb, ürək xəstəsi idi. Adı Sona idi. Bizim "Sona" adlı kafemiz vardı. Oranı işlədirdi anam. Öz adını qoymuşdu kafeyə. Anamdan sonra qardaşlarım işlədirdi. Bir dəfə getdim ora. İstədim kənardan baxam, görəm kafe necədir?

Yuxuda görürəm anam təzədən ölüb, mən də isti yemək yeyirəm

- Necəydi, işlədirdi qardaşların oranı?

- Dağıdıblar. Yoxdu kafe. Qardaşlarım oranı indi "makler" otaqları edib. Atamın adı Kamaldır, familiyamız isə Hacıyevdir. Elə bilirsən unutmuşam? Yox. Atam bəlkə də ölməyib, sağdır. O, 1933-cü ildəndi. Bəlkə də ölüb, bu vaxta qədər qalmaz. Anam öləndə eşitdim, getdim. Düzdür, o məni heç istəməyib. İstəsəydi, qoruya bilərdi. Mən onun ilki idim. Gördü ki, işləyə bilmirəm, o da məndən üz döndərdi. Anam öləndə yasında isti yeməklər yedim. Onda məni qovmadılar, qaldım evin bir küncündə. Zir-zibillikdən tapdıqlarımla dolanırdım da indiki kimi. Onda sevindim ki, anamın yasında dadlı bozbaş yedim, aş-qara yedim. Hərdən yuxuda görürəm ki, anam ölməyib, sağdı. Sonra ölür, məni yenə də aparıb isti yemək verirlər.

Ceyhunu dünənin xatirəsindən bu günə qaytarıram:

- Bura necə girirsən, bir gir baxım da,- müşəmbə yatağını göstərirəm.

- Neynirsən axı? - Sonra yatağına girir,- bax, belə, asandı,- deyir.- Girirəm "klyonka"ların arasına, külək atmasın deyə, kəndirlə bağlayıram, nəfəsimlə isidirəm, tərləyirəm içəridə. Yayda isə bu "raskladuşka"da yatıram. Qışda aşağıdan soyuq çəkir axı.

Rusiyada da qadınım olub, Bakıda da

- Heç qadın dostun olub?

- Hə, olub. İndi mənə it də yaxın durmaz. Mən "Çermet"də 8 illik məktəbi bitirib 56 saylı peşə liseyində oxudum. Radio-televiziya təmiri ustası idim. Bir az da işlədim. Əsgərlikdə də rabitəçi idim. Rusiyada xidmət etmişəm. Orda da qadınım olub, Bakıda da.

- Yuxuna girir həmin qadınlar?

- Yox, ürəyim istəmir axı qadını, həm də xəstəyəm də. Yayda arada əl-ayaq çəkiləndə Şıxovda sanatoriyanın altındakı "pljaya" gedib çimirdim. Yuyunurdum da, təmizlik də lazımdır axı. Bax, onda məni tez-tez görən cavanlar maral kimi bir qadın verdilər mənə. Puluynan e, pulunu özləri "platit" eləmişdilər. Heç nə oldu... Utandım... – Birdən başını qaldırıb üzümüzə baxır,- yox, deyəsən siz məni dolayırsız.

Bəlkə mənə vergi verilib?

Əmin olduqdan sonra ki, onu ciddi sorğuya tutmuşam, deyir:

- Qocalmışam da yəqin. Sənə bir söz deyim. Məni səndən, bir də Rasimdən başqa adam yerinə qoyub danışdıran olmayıb. Hamı lağ edir.

Bir qədər də fikrə gedir, sonra:

- Bayaq yuxumu soruşdun. Yuxuma əvvəllər hadisələr girirdi. Məni nə gözləyir, başıma nə gələcək, nə olacaq. Hamısı da düz çıxırdı. Onda mən məscidə yaxın yerdə yatırdım gecələr. Bibiheybət tərəfdə. Əvvəl fikirləşdim ki, bəlkə mənə vergi verilib? Sonra gördüm yox. Onda sonra da qovdular oradan, gəldim bura. Yuxuda çox şeyi görmək istəyirəm. Amma görə bilmirəm. Ancaq atam-anam yadıma düşür. Heç onlar da məni istəmədilər. Bacımı görmək istəyirəm, bacımı çox istəyirəm, lap çox.

- Ceyhun, deyirsən ki, 1995-ci ildən bu gündəyəm, indi bizim ölkənin prezidenti kimdir?

- Cənab İlham Heydər oğlu Əliyev. Bundan qabaqkı seçkilərdə getdim ona səs verdim. Bu dəfə də getdim "Dvadçatı"da bir məktəbdə səs verəm, içəri keçməyə qoymadılar.

- Sən televizora baxmırsan, qəzet oxumursan, hardan bildin ki, seçkidir?

-Divara şəkillər vurmuşdular, qəzetə qalanda isə tapıb oxuyuram. Hələ kitab da oxuyuram. Zibillikdə o qədər kitab var.

- Ceyhun, səninlə sağollaşıram. Sonuncu arzunu de, onu da yazım.

- İt olmaq istəyirəm. Bir dəfə yuxarıda - Badamdar tərəfi göstərir,- bir həyətdə it gördüm. Onu əzizləyirdilər. Tər-təmiz idi. Yemək verirdilər ona, damının içini təmizləyirdilər. Belə adam olmaqdansa o cür it olmaq istəyirəm.

Tarix
2013.12.10 / 11:44
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla