Yuxarı

Mənə mane olan nazir müavini cəzalandı – Yeni xalq artisti

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görülmüş tanınmış aktyor Əli Nurun Kult.az-a müsahibəsi:

- “Xalq artisti” fəxri adına layiq görülməyinizdən başlayaq...

- Dünən Azərbaycan teatrına dövlət statusu verilməsinin 100 illiyi idi. Cənab Prezident bununla bağlı böyük bir sərəncam imzaladı. Aktyor yoldaşlarımız Azərbaycan dövlətinin ən böyük mükafatları olan “Şöhrət” ordeninə, Prezident diplomlarına və fəxri adlara layiq görüldülər. Bu, cənab Prezidentin Azərbaycan mədəniyyətinə, teatrına verdiyi ən böyük qiymətdir. Ona görə də bütün kollektiv, eləcə də Akademik Milli Dram Teatrı adından ölkə başçısına təşəkkürümü bildirirəm, ona cansağlığı, uzun ömür arzulayıram.

- Çağdaş teatrımızın görkəmli simalarından birisiniz. Çoxları belə hesab edir ki, siz hələ 15-20 il əvvəl bu fəxri ada layiq görülməli idiniz...

- Fəxri adın gec və ya tez verilməsi alın yazısıdır. Bu bir az da insanların münasibətindən qaynaqlanır. Onsuz da mən harda oluramsa, istər çıxışlarımla, istərsə də tədbirlərdə görülməyimlə diqqət mərkəzinə düşürəm. Əgər bu gec olubsa, vaxtilə hansısa insanların səhlənkarlığı, qısqanclığı ucbatından olub.

- Səhlənkarlığı və ya sizə qarşı qısqanclığı edən kimlərdir?

- Onu edən adam dövlət tərəfindən artıq cəzasını alıb. İnsanları məhv etmək, öldürmək olar, amma aldatmaq olmaz. Hər bayramda, hər görəndə, hər tədbirdə zəng edib insanlara ümid vermək olmaz. Viktor Hüqonun “Səfillər” romanında gözəl bir cümlə var: “Bəşəriyyətin ən böyük faciəsi yalandan başlayır”.

Bunlar nədən irəli gəlir, özüm də bilmirəm. Bu münasibət qısqanclıqdan, paxıllıqdan və ya düz olmayan informasiyanın nəticəsi də ola bilər. Əslində, heç maraqlanmamışam ki, nəyə görə belə olub.

Çünki mən demək olar ki, həmişə insanlara xoş niyyət, xoş münasibətlə yanaşmışam. Ona görə də bu münasibətin səbəbini başa düşmürəm.

- Səhlənkarlıq etdiyini dediyiniz şəxsin adını çəkmədiniz...

- Həmin adam 26 il Mədəniyyət nazirinin müavini olmuş Ədalət Vəliyev idi. Təxminən bir il olar ki, vəzifəsindən azad edilib.

Mənim açıqlamalarım saytlarda çıxanda Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi mənə zəng etdi. Hər şeyi danışdım. Çarx fırlandı, tarix döndü, Ə.Vəliyev cəzasını aldı, vəzifədən çıxarıldı.

- Bəziləri hesab edir ki, sizin açıqsözlülüyünüz, sərt çıxışlar etməyiniz kimlərisə narahat edib. Buna görə də fəxri ad almağınız gecikib...

- İnanmıram ki, belə bir şey olsun. Mən həmişə millətini, xalqını sevən, kənarda Azərbaycan dövlətçiliyini təbliğ edən biri olmuşam. İstər Ermənistanda, istər Gürcüstanda, istərsə də Rusiyada və s. bütün çıxışlarım alqışlarla qarşılanıb. Düzdür, bir tərəfdən sərt çıxışlar edirəm, amma digər tərəfdən də xalqımıza, millətimizə qarşı çıxanların cavabını verirəm.

- Bu ad verilməsəydi, yenə də eyni həvəslə işinizi görərdinizmi?

- Əlbəttə ki, bu, mənim işimə təsir etməzdi. Oqtay Eloğlu demişkən, biz bu sənətə gələndə düşünmürük ki, hansısa mükafatlar alacağıq. İş elə gətirb ki, dövlətin mədəniyyətə olan qayğı və sevgisindən dolayı bizə adlar, mükafatlar verilir.

Mən adi aktyor olanda da çox işlər görmüşəm. Hələ Sumqayıt Teatrında işləyəndə (Əli Nur 1982-86-cı illərdə həm də Sumqayıt Dövlət Dram Teatrının direktoru işləyib – red.) gedib Mərkəzi Komitənin ideoloji katibindən xalq artisti Həsənağa Salayev üçün ev xahiş etmişdim. Məsələ müsbət həll olunmuşdu. Bundan əlavə, o vaxtı ulu öndər Heydər Əliyevə Sumqayıtda yeni teatr binası tikilməsi üçün müraciət etmişdim. O, 1982-ci il martın 22-də sərəncam verdi, yer təyin elədi və binanın da tikilməsi üçün pul ayırdı.

Onda hələ mən kiçik bir şəhərin aktyoru idim, heç bir titulum da yox idi. Söhbət xalqını, millətini, mədəniyyəti sevməkdən gedir.

- Dediniz ki, kimlər üçünsə xahişlər etmisiniz. Bəs nə üçün özünüz üçün belə bir addım atmamısınız?

- Məsələn, Sumqayıt Teatrında işləyəndə mənə şəhərin mərkəzində 14 mərtəbəli binada üçotaqlı ev verilmişdi. O vaxt dostum, Sumqayıt Teatrının aktyoru Hacı Xəlilov xəstəxanada yatırdı. Xəstəxanadan çıxdım, orderimi də götürüb şair Əşrəf Veysəlli ilə şəhər sovetinə getdim. Orderimi təhvil verərək xahiş etdim ki, evi təcili Hacı Xəlilovun adına keçirsinlər. Çünki onun 3 qızı və bir körpə uşağı var idi, özü də xəstələnmişdi. Bilirdim ki, o, xəstəlikdən ayılmayacaq. Bütün bunlar mənim içimdən gələn hərəkətlər idi, nəticəsini fikirləşməmişdim. Mənim üçün önəmli olan özüm üçün nə isə etmək yox, başqalarına dəstək olmaq idi. Bu gün isə fəxri ada layiq görülmüşəm, sənətimə qiymət verilib. Bundan artıq daha nə istəyim?

Tarix
2019.10.30 / 12:40
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla