Əllərinin əsməsi təkcə
havanın soyuqluğundan deyil, yaşı da çoxdur. Həm də bu, ömrünün
qürub çağını yaşayan qadının xoş gün görmədiyinin də
göstəricisiydi.
"Xoş gün? Maraqlıdır, görəsən bu insanın nə vaxtsa xoş günü
olubmu?" – fikirləşirəm və "Yəqin ki, olub" qənaətində
qalıram...
Canının sulu vaxtı
"20 Yanvar" metrosundan üzü aşağı, 3-cü mikrorayon dairəsinə
tərəf yolun sağ kənarında, köhnə avtovağzalın bərabərində diqqətimi
çəkmişdi. Bura həmişəki kimi qələbəlikdir. Qarabağ bölgəsinə gedən
fərdi maşınların sürücüləri sərnişin gözləyir, ətrafdan keçənlərə
xidmətlərini təklif edirlər. Arada budəfəki səfil qəhrəmanıma -
yaşlı, nimdaş geyimli qadına da söz atırlar:
- Canının sulu vaxtı heç yanımızda durmazdı…
Qadının təkcə əlləri yox, bədəni də əsirdi. Miskin görkəmi
diqqətimi çəkdiyinə görə bir qədər yaxın gəlib bir az aralıda
çöməlirəm. Sürücülərin çağırışı mənə tərəf tuşlanır:
- Beyləqana bir nəfər!
- Tərtərə çıxıram ha!
- Quzanlıya gedən varsa, tərpənirəm…
Qadının çənəsi də titrəyir. Havanın soyuq olması da bir tərəfdən
onu karıxdırıb. İçimdən sızıltı keçir. Niyə axı bu yaşında az qala
ayaqlar altındadır? Doğması, övladı yoxdurmu?
Siqaretimin qoxusunu hiss etdirəcək qədər yaxın oturmuşam,
deyəsən. Mən tərəfə dönür, əlini gözünün önündə yelləyir:
- O zəhrimarı o tərəfdə çək, - deyir.
Əlinin hərəkəti ağzından çıxan sözlərdən daha çox anlaqlı gəldi
mənə. Siqaretin tüstüsünü əks tərəfə üfürürəm, xeyri olmur,
zəhrimara qalmış külək yenə də acı tüstünü onun burnunun altına
qovur. İkrahedici baxışla üzümə baxır. Yanpörtü oturub arxasını
mənə tərəf çevirir.
Qadınların ardınca tüpürür
Yaxınlıqdan yaraşıqlı qadınlar, qızlar keçir. Arvad onların
ardınca baxıb nə isə donquldanır. Qulaqlarımı "səfərbər"
edirəm:
- Behəyalar, yanlarını necə də yırğalayırlar.
Qadınların ardınca tüpürür. Sürüşkən sözlərin iyrənc formada
bayıra "sürüşdüyü" ağzına fikir verirəm. Dişləri heç yoxdur,
dodaqları bir-birinə yapışıb. Sifəti bir əlin ovucuna sığacaq qədər
kiçikdir.
Sürücülərdən biri qadınlara rişxənd etdiyini görcək irişir:
- Nədir, ay arvad, için yanır? Sən onlar kimi deyilsən axı,
işlənməli halın qalmayıb…
Qadın:
- Qadam onların ürəyinə. Gör necə burcudurlar. Allah bilir,
kimin yanından gəlirlər.
- Sən təmiz adam qoymadın ki, hər kəsi ... çıxartdın, - bunu da
başqa sürücü deyir.
İtdə də var, onunla gözə girməzlər
Arvad yerini bir daha rahlayır və kişilərin gülüşünə səbəb olan
hərəkət edir:
- Bundan itdə də var, onunla gözə girməzlər, – bu dəfə əlini
yanbızlarına çəkir.
Soyuğun mənə də təsir etdiyini hiss edirəm. O isə soyuq daş
səkinin üstündə oturub. Bu dəfə mən söhbətə tuturam:
- Axşam düşür, yəqin işini bitirib, evə
gedəcəksən.
Yenə də aşağılayıcı baxışlarla mənə tərəf çevrilir:
- Mənim işim yoxdur. Evə də getmirəm. Başqa yerə gedəcəm.
- Hara başqa yerə?
- Bunun yeri var getsin də? Avaranın, səfilin biridir. Zir-zibil
eşələməklə məşğuldur. Qarnını biz doyururuq, - dolu bədənli sürücü
deyir bunları.
- Bəs qışdır axı, gecələr harda qalır?
- Bunun üçün hər yer cəhənnəmdir. O tərəfə getməyə hazırlaşır,
cəhənnəmə, - deyir sürücü və ətrafdakılar da gülüşür.
Gəlini dalından təpiyi vurub qovub
- Gedən yeri yoxdur da, amma yəqin ki, evi, ailəsi olub
haçansa.
- Heç kəsi yoxdur. Özü danışırdı ki, guya gəlini dalından təpiyi
vurub qovub evdən, - yenə də həmin dolu bədənli sürücü deyir.
Deyir, Seyid Lazım ağanın cəddi haqqı, gəlinin günahı-zadı yoxdur.
Bu arvad şər-xatadır. Heç kəs haqda yaxşı söz demir. Bundan olsa,
bizi də pozğun qadın doğub.
Arvad bizim söhbətə diqqət kəsilib. Birdən mənə tərəf
bozarır:
- Sən "upravdom"un işçisisən?
- Yox, - deyirəm. Əlavə edirəm ki, adam gözləyirəm, ona
yazıqlığım gəlib.
- Mənə yazıqlığın gəlməsin, get, gözlədiyin adamın yanına.
Qırmızı "çervoneç" verim, gedək
Sürücülərdən biri mənə deyir ki, onunla işim olmasın, indi söyüş
söyəcək, özü də başdan ayağa böhtandır.
- O gün müfəttişlər gəlib, haqlarını veririk də, adama iki manat
alırlar. Bu qadına biri zarafat etdi ki, bu şoferlər sənə sataşıb
eləmir ki? Sən ölməyəsən, qayıdıb deyir ki, bəs, guya bir şofer var
e, burda, - özü də oruc tutub, namaz qılandır, onu göstərib deyir -
bu kişi mənə sataşır, deyir, sənə bir dənə qırmızı "çervoneç"
verim, gedək Biləcəridəki "Xəzri" qəstininə. Onlar da dedi ki,
gərək 25-lik verəydi. Bunun ağlı da cayıb…
Sürücü ləzzətlə gülüb əlavə edir:
- Bu, köhnə sovet pulu ilə işləyir də…
Qadının dünya qulağına da deyil. Torbasından peraşki çıxarır,
dişsiz damağlarının köməyi ilə qoparmaq istəyir. Peraşki saqqız
kimi dartılır və möhkəm yapışdığı barmaqlarının köməyi ilə bir
parçası aralanır. Gövşəyirmiş kimi alt və üst çənələri dəyirman
daşı kimi bir-birinə sürtülür. Plastik su qabını dodaqlarına
aparır, suyun köməyi ilə tikəni udur. Dolu bədənli sürücü yenə də
irişir:
- O gedən yerə qada-bala getməsin.
Oğlum başını onların tumanının altına soxdu
- Ay arvad, gəlinin səni niyə evdən qovub? – səsimə ərk
qatıb soruşuram.
- Get, onun özündən soruş. Q… anasına çəkib də. Anası da onun
atasını çərlədib öldürmüşdü, qayınanasına zülm edirdi.
- Heç fikirləşmisən ki, günahı özündə görəsən? Axı yaxşı
qayınananı gəlin çölə atmaz. Ərinin anasısan axı.
- Mənim oğlum başını onların tumanının altına soxdu, onların
tumanı gendir də… Oğlum başıdaşlı mənə deyirdi, gəlini yola
vermirsən. Ölməyimi gözləyirlər, üstümə yığılan pulu
xərcləsinlər…
- Bəs sən "Xəzri" qəstininin yanında tum satanda tumanını dar
tikdirməyəydin də, gen tikdirəydin ki, oğlun başını soxmağa yer
tapaydı, - yenə də dolu bədənli sürücünün replikası eşidilir.
- Sən get…
Çox ağır söyür. Amma gülüş bu söyüşü elə göydəcə əridir,
ünvanına çatmağa qoymur.
Öyrənirəm ki, sonuncu maşın yola düşənə qədər burda oturur.
Arada yanacaqdoldurma məntəqəsinin ayaqyolusuna gedir. Bir dəfə
ayaqyolunda çimib də.
- Təmizliyinə fikir verir də kişinin qızı, - yenə də həmin
sürücü söz atır.
Evin yerini öyrənib gəlinimlə…
Sürücülər deyir ki, arada ağlayır, elə bilirsən ki, ətini
kəsirlər:
- Yazıqlığımız da gəlir. Bir dəfə dedim ki, evinin yerini de,
gedim oğlunu tapım, gətirim görsün halını. Mənə elə pis söyüşlər
verdi ki! Deyir, oğraşlıq yağır gözündən, evin yerini öyrənib
gəlinimlə aranı sazlamaq istəyirsən, indi buna nə deyəsən? – Bunu
isə bayaqdan sakit dayanan hündürboy sürücü dedi. Dolubədənli
sürücü yenə də replika atdı:
- Arvad bəlkə də ömründə ilk dəfə adam tanıyıb. Sənin heç dədən
bir kişi olmayıb; arvad tanıyıb, içindən keçənləri oxuyub.
Hündürboy sürücü başını bulayıb uzaqlaşdı:
- Hər şeyi zarafata salırsan. Bu da insandı da…
Səfil qadını oturduğu yerdə, sürücülərin atmacalarının
əhatəsində qoyub, uzaqlaşdım. Bir neçə dəqiqədən sonra dilimin
altındakı mentol tamlı valerian əriməkdə idi - eynən yağan sulu qar
maşının şüşələrinə toxunaraq əridiyi kimi…