Şəhərdə gəzərkən, gənclərin bəzilərini pozitiv, bəzilərini
üzgün, bəzilərini "romantik", bəzilərini isə fikirli görürük. Lakin
elə ki, günəş qürub edib hava qaralmağa başladı, gəncləri barlarda,
müxtəlif gecə klublarında, kafelərdə söhbət edən, əylənən, musiqi
dinləyən, rəqs edən görürük. Sirr deyil ki, əylənmək deyəndə hər
kəsin ağlına şəhərin mərkəzi, Nizami küçəsi, Fəvvarələr meydanı
gəlir.
Son günlər buralarda bayram əhval-ruhiyyəsi var. Xüsusi ilə
əlamətdar günlərdə burda həyatın boyu görmədiyin insanlarla
qarşılaşırsan. Bakının maraqlı sakinləri ilə görüşmək, söhbət etmək
fürsətini qaçırmıram.
Hədəfimiz gənclərdir: xüsusi ilə gecə saat 8-9 radələrində daha
çox gözə dəyənlər. "Makdonalds"ın qarşısında toplaşıb, var-gəl edən
oğlanlara yaxınlaşıram.
Əvvəlcə adlarını soruşuram, sonra onlarla bir az söhbət etmək
istədiyimi bildirirəm. Etiraz etmirlər.
Mömin oğlanlar və xanım
reportyor abır-həyası
Düzü, 15-20 oğlanın içində bir
az sıxılıram, hamısı dindən, avropalaşmağın bizə gətirdiyi
ziyandan, qızların küçədə açıq-saçıq geyinməsindən şikayətlənir.
Qaranlıq olmasına baxmayaraq, dodağıma çəkdiyim pomadamı silirəm,
saçımın çox qısa olduğunu yada salıb, xəfifcə, çantamdan papağımı
çıxardıb hiss edilmədən başıma qoyuram. Hə, bundan sonra suallarımı
ürəklə verə bilərəm!
Oxumağın daşını hələ məktəb vaxtı atıb
Zaur bahaçılıqdan, qiymətlərdən şikayət edir. Deyir, ayda 1000
manat qazanıram, amma qazancından vergiyə çox verirəm.
Dediyinə görə, 24 yaşı var. Dükan işlədir. Evin tək uşağıdır.
Bakının "20 Yanvar" ərazisində yaşayır. Təhsili ortadır. Deyir ki,
Azərbaycanda oxuyana baxmırlar. Elə ona görə də oxumağın daşını
hələ məktəb vaxtından atıb: "Gərək "daydayın" ola ki, qabağa gedə
biləsən".
"Konturun olmaz?"
Yoldaşları sözünü kəsir. Nicat adlı gənc də Zaurun sinif
yoldaşıdır, deyir ki, Azərbaycanda əksər gənclərin vəziyyəti
bizimki kimidir, bəlkə bizdən də betərdir:
""Vətən" kino-teatrının kafesi var, gedib orda otursanız, hər
şeyi özünüz görərsiniz. Nə işləri var, nə də pulları. Beş dəqiqə
oturursan, biri yaxınlaşır: "Qardaş, siqaretin var?" "Konturun
olmaz?" və s. Özü də hamısının vəziyyəti eynidir".
3000 pul istəyirdilər işə düzəlməyə
Bu gənclərin hamısı orta
məktəbi bir yerdə bitiriblər. İkisi universitet məzundur. Amma
onlar da işsizlikdən gileylənir.
Natiq Xəzər Universitetini, o biri isə İnşaat və Memarlıq
Universitetini bitirsələr də, işləmirlər.
Natiqin dediyinə görə, işlə bağlı çox yerə müraciət edib, amma
verilən maaş onu qaneedici olmayıb. Deyir, bu maaşla ancaq başını
fırlatmaq olar:
"İcra hakimiyyətinə müraciət etdim, onlar da 3000 pul
istəyirdilər işə düzəltməyə".
"Hansı icra hakimiyyəti?" - deyə soruşsam da, demir. İşsiz
olduğuna görə də indi "Sədərək"dən kamera alıb evlərdə quraşdırır
ki, normal yaşamağını təmin etmək üçün çax-çuxu olsun.
Bizə Avropa lazım deyil
Boş vaxtlarında nə edirlər,
kitab–qəzet oxuyurlarmı? Ölkədəki ictimai–siyasi hadisələrlə-filan
maraqlanırlarmı?
Oğlanlar elə bil himə bənd imişlər. Hamsı bir ağızdan
qadınlardan, qızlardan narazı-narazı danışmağa başlayır:
"Mini ətəklə küçəyə çıxanda bilmirlər ki, zorlanma, ölüm
hadisələri çoxalacaq? Bura Avropa deyil e!" – Razılaşarsınız ki,
kitab-qəzet söhbətinə yaxşı cavabdır.
Mentalitet var, bizim öz yolumuz var
Elçin dostunun sözünə qüvvət
verib deyir ki, bizə Avropa lazım deyil:
"Heyf deyildi Sovet vaxtı?! İndi küçədə gedəndə ingilis mahnısı
eşidirsən. Başım çıxmır, ingilis gəlib burda niyə ingilis musiqisi
eşitməlidir ki? Dükanlarda paltarlara baxın (Yeni il münasibəti ilə
açılan yarmarkaya işarə edir. – V.N.), elə paltarlar satsınlar ki,
qadınlar, qızlar da bir az abıra minsinlər. Niyə gənclər evlənmir?
- hamsı onlara görə. Mini yubka geyən qızı alandan sonra qapının
ağzına yığışan oğlanları gərək çomaqla qovasan".
- Bəlkə daha çox geyinilsə, adiləşər, heç kim heç kimə
toxunmaz o zaman? – Elçindən soruşuram.
- Əgər adiləşsə, xaricdəki kimi, bacısı qardaşının gözünün
qabağında oğlanla qol-qola gedər, qardaş da heç nə deməz. Bizə belə
adiləşmə lazım deyil. Mentalitet var, bizim öz yolumuz var.
Gənclər yenidən bahalıqdan,
işsizlikdən, dolanışığın pis olmasından gileylənməyə
başlayırlar:
- Pul yoxdur, gedib ucuz kafelərdə otururuq. İndi iki təbəqə var
– varlılar, bir də aşağı təbəqə. Azərbaycanda orta təbəqə yoxdur.
Ən çox getdiyimiz yer bulvar, bir də "Nizami"dir. Çay evlərinə
gedirik. Ayda iki dəfə-filan, hər dəfə yığılanda 15-20 nəfərə yüz
manat xərcimiz çıxır.
Cavanlar deyir ki, ən böyük
arzularından biri London, ya da Parisdə Yeni il bayramını
qarşılamaqdır, amma bu onlar üçün çox əlçatmaz görünür.
Bir sevgilimz var, belə getsə, o da əldən
çıxacaq
- Pulumuz yoxdur evlənək,
olsaydı, evlənərdik. Adam sevgilisi ilə küçəyə çıxa bilmir. Ürəyin
istədiyi kimi ona nəsə ala bilmirsən.
İçlərində Elçin danışır. Bütün
suallara birinci reaksiyanı o verir.
Deyir, sevgilisi ilə ancaq ucuz kafelərə gedə bilir, çünki
bahalı yerlərə getməyə pulu çatmır. Bir sevgilimiz var, belə getsə,
o da əldən çıxacaq.
Uşaqlardan biri benzinin qiymətindən nəsə demək istəyir,
o biri onun sözünü kəsir:
- Biz siyasətə qarışmırıq. Əgər dövlət qiymətləri qaldırırsa,
deməli, nəsə bilir ki, qaldırır. Bu, artıq dövlətin işidir.
Barda Xan Şuşinski: "Qarabağ şikəstəsi"
Söhbəti bitirib, üzümü
mərkəzin brend barlarına tuturam. Görək, oralardan nə
xəbər...
Fəvvarələr meydanında olan
klublara baş çəkirəm.
"Road" adlanan yolüstü "pub". Gənclər ayrı-ayrı masalarda xoş
aurada söhbət edir, içki içib, "fast food" yeyib əylənərək
istirahət edirlər. Onlardan niyə məhz bu məkanı seçdiklərini
soruşuram.
Çoxu qiymətlərin ucuz olduğunu, yemək və içkilərin keyfiyyətini
və nəhayət, burada yeyib-içəndən sonra canlı musiqisi olan
məkanlara getməyin məqsədəuyğun olduğunu deyirlər.
"Pub"da səslənən musiqilər diqqətimizdən yayınmır. Xüsusən
müasir pop, hip-hop və rok tərzində musiqilər üstünlük təşkil edir,
lakin qapıdan çıxarkən anidən Xan Şuşinskinin ifasında "Qarabağ
şikəstəsi" səslənir, ayaq saxlayıb geri baxıram - gənclərin üzündə
məğrurluq görünür.
Qız dostu olmayanlara "yox!"
Oradan xoş təəssüratlarla
ayrılıb "canlı musiqi"si olan məkanlara üz tuturam.
"Otto"nun qapısında qız "partnyor"u olmayanları geri qaytarır,
içəri daxil olanların üst-başlarını ciddi yoxlayırlar. İçəridə səs
akustikası və canlı ifa var, ancaq qiymətlər çox bahadır. Lakin
istirahət edənlərin hamısı halından məmnun görünür.
Niyə "Otto"?
Gənclərin cavabı: Canlı musiqi
və "Otto"nun brend olması.
Gözümə gənc fəal Rövşən Nəsirli dəyir. Sualımızı nisbətən fərqli
cavablandırır:
"Həftə sonu demək olar ki, bütün ictimai fiqurlar burada olur.
Həm də ki, Bakıda üç məkan varsa, canlı musiqisi olan ən birincisi
buradır".
Gənclər rəqs edir və hiss etdirirlər ki, gənc olaraq əylənməyi
bacarırlar.
Növbəti məkanımız "Pinnacle pub" olur. Burda da gənclərin
əyləndiyini və istirahətdə olduğunu, bir qisminin isə bilyard
oynadığını görürük. Burda da qiymətlər nisbətən yüksəkdir.
Başqa bir neçə məkanda da olduq, son təəssürat belə oldu ki,
əsas istirahət yerlərinin əsasən Fəvvarələr meydanı və ətrafı kimi
bahalı yerlərdə yerləşməsi, qiymətlərin gənclərin cibinə uyğun
olmaması və s. kimi səbəblər Azərbaycan gəncliyini əylənməkdən,
istirahətdən və ən əsası da müasirlikdən kənarda qoya bilməz.