Ustad şairlə söhbət
- Müəyyən mənada bütün insanlar ikiləşir. Biz adətən
evdə bir, ictimaiyyətdə başqa oluruq. Mən şəxsiyyətimizdəki
ikiləşmədən danışmıram, sadəcə, bilmək istəyirəm, "bizim şair" kimi
tanıdığımız şair Musa Yaqub gerçək Musa Yaqubdan çoxmu
fərqlidir?
- Çox az olsa da, fərqlər var. Yaradıcılığımla bağlı fərqliliyi
həmişə gizli saxlamışam. Yazdıqlarımı ailəmə oxumamışam, kiminsə
onları qiymətləndirməsini istəməmişəm. Heç vaxt yazı masam da
olmayıb. Mən yazmamışam, köçürmüşəm. Adətən yazacağım barədə çöldə,
küçədə fikirləşib onu evdə beynimdən köçürmüşəm. Hələ elə yazılarım
var ki, evdə bir küncdə qalıb, heç kim oxumayıb.
- Özünüzə çəkilmisiniz yəni?! Musa Yaqubla özünə
çəkilmiş şairin fərqini bilmək istədim...
- Fərq odur ki, əziyyətimi üzə verməmişəm, yazanda özümü şair
kimi hiss etmişəm, böyük tərəddüdlərim olub, büruzə verməmişəm. Hər
zaman insan kimi yox, şair kimi oxucumdan ehtiyat etmişəm.
Düşünmüşəm ki, o mənim yazım haqqımda nə düşünəcək? Yaşamımdasa
insan-şair Musa arasında heç bir fərq yoxdur.
- Ömrünüzün böyük hissəsini yaşamışınız. İndi daha çox
nədən, kimdən ötrü darıxırsınız?
- Vallah, bu çox çətin sualdır. Darıxmaq çox gözəl bir hissdir.
Əgər sən darıxmırsansa, ömrün həsrətini çəkmirsənsə, o ömrü ömür
adlandırmaq olmaz. Nələrə can atmalıyam, nələri görməliyəm... Bəzən
bunlar heç özümə də aydın olmur.
İnandıqlarıma, həqiqət bildiklərimə inamımı
itirmişəm
- İndi necə, istədiyiniz məqamdasınızmı, arzu
etdiklərinizi əldə etmisinizmi?
- Yox, əldə etməmişəm. Hələ çox söz dilimə axmayıb, amma
ürəyimdə daha çox şey demişəm. Bəzən hətta öz şeirlərimi oxuyub
düşünmüşəm ki, bu, doğrudanmı mənim şeirimdi? Milli Məclisdə mənə
bəlli oldu ki, "BMT" şeirini yazmaqla hələ baş verməyənləri 1995-ci
ildə yazıb hiss etmişəm.
- Bu şeirdən söz düşmüşkən, "BMT" şeirində bir ümid
vardı, indi necə, o ümidiniz canlıdır?
- Hərdən düşünürəm, yaxşı ki, həmin anda o hissləri keçirib
yazmışam. Amma indi elə yaza bilmərəm. Çünki o ümidi ruhumda ikili,
hətta dördlü standartlar öldürdü. Mən inandıqlarıma, həqiqət
bildiklərimə inamımı itirmişəm. İndi bilmirəm dünya haqq, yoxsa
nahaq yolu ilə gedir?!
- Həqiqətlərinizin sıfırlanmasına nə səbəb
oldu?
- Gördüklərim... Gördüm ki, bu dünya BMT, demokratiya, insanlıq
üçün deyil. İnsanlara inam yoxdur, bəlkə də biz buna görə də
ruhumuza daha çox inanırıq. Bəlkə də elə buna görə başqa yerlərdən
gələn canlılara, varlıqlara, kosmosa daha çox inanırıq.
- Amma biz kosmosa, başqa varlıqlara inandıqca
ruhumuzdan daha uzaq düşürük axı... Kosmosu kəşf edirik, amma
ruhumuzu kəşf edə, duya bilmirik...
- Elədir, ayın görünməyən tərəfini gördük, amma... Doğrudan kəşf
olunmayan ürəklər, ruhlar hələ çoxdur.
Yaralar insanın ümidinin işığını azaldır
- Deyirsiniz ki, həqiqətləriniz sıfırlandı...
Həqiqətləri sıfırlanan Musa Yaqub heç özünə sual verirmi ki, mən bu
dünyanın harasındayam, niyə burdayam?
- Əlbəttə... Mənim hətta belə şeirim də var. İnsan gərək elə
yaşasın ki, yanmasın... O, çox şeylərin ardınca getməsə,
yaxşıdır.
- Niyə yanmasın, ürək döyünmək üçün deyil axı, həm də
yanmaq uçundur...
- Yansın, ancaq yanıb ümidini təmiz qırmayasan gərək... Düzdür,
insan ümidi o qədər möhkəmdir ki, o qırılmır, heç vaxt da qırıla
bilməz. Sadəcə, bəzən yaralanır. O yaralar da insanın ümidinin
işığını azaldır.
- Yaxınların haqq-nahaqqından necə, keçmək
olurmu?
- Məhəbbətdə haqq-nahaqdan keçmək olur,
cəmiyyətin haqq- nahaqqındansa keçmək olmur. Nahaqqa tuş gələndə o,
mütləq insanın ürəyində iz salır. Təmizliklə, insanlıq içində
bunlarla yaşamaq asandır, amma torpağın bölgüsü, ədalətin ikili
olması insanlarda bunu öldürür. İndi ən çətin olan üzünü qoruya
bilməkdir. Bəzən özünü qorumağı belə, kənardan artistlik kimi
anlayırlar. Torpağa əyilə bilərsən, amma insana əsla... Gərək Allah
da əyməsin... İnsan ana, ata qarşısında əyilə bilər, vay o günə ki,
ədalətsizlik, haqsızlıq qarşısında ikiyə qatlansın... Bu, ən böyük
faciədir. İndi bu, cəmiyyətin ən acı reallığına çevrilib.
Yalan ayaq tutmur, həm də uçur...
- İnsanlar bəlkə həqiqətini itirib, yalanı öz həqiqətinə
çevirib?
- Əslində həqiqət nisbidir. Bir də var ki, mütləq, dəyişməz
həqiqətlər... Bəzən biri də sənə öz anladığı həqiqəti deyir ki,
nəyinə lazımdır, get, işini gör, pulunu qazan...
- Bu həqiqətdir, yoxsa həqiqət kimi görünən
yalan?
- Yalandır təbii... Yalan ayaq tutar, yeriməz deyirlər, amma
bizdə yalan ayaq tutmaqla qalmır, həm də uçur...
- Nağıllarda xalçalar uçurdu... Bəlkə elə o nağıllar
bizi yalana alışdırdı, axı orda da hər zaman xeyir şərə üstün
gəlir...
- Yox, nağıllar bizim ən doğru, xəyali həqiqətlərimizdir.
Xəyalın həqiqiliyinə inanmadan da yaşamaq olmur...
- Dünya sizin üçün haradır? Nağıllar aləmi, yoxsa
cəhənnəmin şöbəsi?
- Məncə, dünya mənim üçün elə əsl dünyadır. Gərək dünya sənin
üzünə qapı çırpmasın. Sən yaşadığın dünyada öz həqiqətini
tapmalısan. Əgər tapmamısansa, demək, bu dünya sənin cəhənnəmindir.
Gərək dünyanda ikiləşməyəsən...
Bizdə qalayçılıqla məşğul olan bir dağıstanlı vardı. Həmişə
Buynuz kəndinə gələndə deyirdi ki, mən bura gələndən yaman
"bicokluqlar", yəni hiyləgərliklər öyrəndim. Hələ o, kiçik bir
kəndə gəlmişdi. Əgər böyük bir şəhərə gəlsəydi, gör daha nələr
öyrənərdi. İnsanlar yaşadıqca daha çox çətinliklərlə qarşılaşır,
daha çox hiyləgərliklər öyrənir.
- Siz necə, dünyadan çoxmu şey öyrəndiniz? Yaşadığınız
ömürdən razısınızmı?
- Mən yaşadığım ömürdən narazı deyiləm. Tale mənə bir ömür
xəritəsi çizib, mən də onunla addımlayıram. Mənim arzularımın
yerinə yetməsi üçün qarşıma olduqca yaxşı insanlar çıxıb. Özümün
kifayət qədər arzularımın olmasına baxmayaraq, mənim xəritəmə başqa
arzular əlavə edən şəxslər olub.
- O yol xəritənizdən kənara heç çıxmısınız və ya çıxmağa
cəhd göstərmisiniz?
- Bəzən bunu çox istəmişəm. Hər zaman kənara çıxmaq, bir az azad
olmaq istəyirdim. Amma bəzən hansısa həqiqətlər ucbatından müəyyən
şeylərdən geri çəkilməli olursan. Burda da əsas amillər təbii ki,
ailə, övlad faktorudur. Bəzən təəssüflənirəm ki, deyə bilmədiyim
sözləri gərək deyərdim.
- Peşmançılıqlar necə, çoxmu yaşamışınız? "Kaş
ki"ləriniz nə qədərdir?
- Çoxdur. Ən çox peşmançılıq kimisə qırdığıma, sındırdığıma görə
olub. Bəzən iş başında kiminsə xətrinə dəyməyim, istəmədən qırmağım
mənə acı verirdi. Tək təsəllim odur ki, kimsəni bilərək, məqsədli
şəkildə incitməmişəm.
- Xanımınızı necə?
- Əsla incitməmişəm. Bir-birimizdən razı idik. O da hər zaman
məndən razılıq edərdi.
- Əgər o dünyanın varlığına inansaq, onunla qarşılaşmağa
hazırsınızmı? Cəsarətlə qarşısında dura bilərsiniz?
- Tam cəsarətlə. Yaxşı ki, onunla bağlı heç bir peşmançılığım
yoxdur. Bəzən televiziyada biri nəsihət verir ki, qadın belə, kişi
belə olmalıdır. Mən bunları qəbul edə bilmirəm. Hər kəsin öz
qanunları, yaşamı var. Sadəcə, onu kəşf etmək lazımdır.
Kəbə yıxmaq bir qansa, könül yıxmaq min
qandır
- Ölüm bu dünyanın ən böyük gerçəyidir. Əgər insanlığa
məktub yazmaq istəsəydiniz, nə yazardınız?
- Əslində elə bütün şerlərim insanlara məktubdur. Sizin
dediyiniz hiss və duyğuları bütün şeir və əsərlərimdə ifadə
etmişəm. Əgər yeni məktub yazsaydım, onu yenə də şeirlə ifadə
edərdim. Deyərdim ki, "Kəbə yıxmaq bir qansa, könül yıxmaq min
qandır"...
Dərd həmin dərddir, heç nə dəyişməyib
- Azərbaycan xalqının şairi olmaq çətindir?
- Çətindir və mən əgər bu dərdi çiynimdə daşıya bilirəmsə, demək
pəhləvanam. Bu millətin dərdi böyükdür çünki...
- Bəs millət necə, öz dərdinin
fərqindədirmi?
- Yox, fərqində deyil. Amma milləti danlamaq da olmaz.
- Cəlil Məmmədquluzadə, Sabir danlayırdı
axı…
- Onlar da bir qismini danlayırdı. Heç kim bütünlükdə xalqı
danlaya bilməz. Onlar tamahkar insanları tənqid edirdilər. İndi də
dərd həmin dərddir, heç nə dəyişməyib.
- Bu ölkədə söz sahiblərinin hər biri söz desə də,
sözünə sahib çıxmır. Yusif Səmədoğlunun "Qətl günü" əsərində şairin
edam səhnəsində deyilir ki, nə qədər ki, insan övladının bətnində
şöhrət azarı, qorxu var, gündə yüz şairin başı kəsilsə də, kimsədən
səs çıxmaz.
- Bəli, insanlığın içində qorxu var. Bu qorxu şahlar, xanlıqlar
dövründən yaranmış bir qorxudur. Kimi çörək pulu, kimi ailə
üçün…
- Bəlkə heç qorxu da deyil, sadəcə, biz praqmatik
xalqıq, bu üzdən də idealist ola bilmirik? İdealist ola bilmiriksə,
demək, toplumun idealı yoxdur? Hədsiz dünyəviyik?!
- Yox, biz idealist xalqıq. Sovet dövrü vaxtında da şeir, sənət
bizi buralara qədər gətirdi.
- Biz hisslərimizi şeirlərə, sözlərə yükləyirik adətən…
Nədənsə, heç nəyi qəlbimizə yükləmək istəmirik. Amma məncə, biz
dərdimizi seirə deyil, qəlbimizə yükləyə bilsəydik, belə
olmazdı.
- Onda da biz ürək xəstəliklərindən əziyyət çəkərdik. Dil hər
zaman işləməlidir. Qəlbdəki hər bir kəlmə mütləq dilə tökülməlidir.
Bu, vacib amillərdəndir. Ürəyimizə də yüklədiyimiz vaxtlar olub.
İndisə qazanın ağzı açıq qalıb…
Ən böyük dərd odur ki, tarla sənindi, o tarlada bir sünbül də
sənin deyil; torpaq sənindi, vətən sənə aid deyil… Biz çoxumuz
vətəndaşıq, amma vətən bizə aid deyil…
Sözardı: Şairin öz dilindən aldığımız şeiri siz də eşidin…