Bu gün "Cəbhə xətti"ndə:
Ülfət Şövkət oğlu Abdullayev
- 1966-cı ildə Şəki rayonunun Baş Göynük kəndində dünyaya
gəlmişəm. Bu kənddə orta təhsil almışam, boya-başa çatmışam. Hərbi
xidmətə də bu kənddən, 1984-cü ildə Sovet ordusuna yollanmışam.
Başqa-başqa vaxtlarda Rusiyada, Azərbaycanda işləmişəm. Nəhayət,
Xocalı hadisələri zamanı dözməyib Şuşaya getmişəm. Vətənimin,
torpağımın uğrunda döyüşmüşəm. Hazırda subayam və tapanda,
tikintilərdə usta işləyirəm. Hökumətdən 45 manat pensiya alıram.
Kirayədə yaşayıram.
- Necə oldu, Qarabağa yollandınız?
- Sovet ordusunda qulluq etdikdən sonra bir müddət Rusiyada,
Azərbaycanda işləsəm də, ali təhsil almaq üçün yenidən Rusiyaya
yollanmışdım. O zaman ölkədə baş verən proseslər məni vətənə çəkib
gətirdi. Bu Vətən sevgisi hamıda var, amma kimi düşünür ki, məni
çağırarlar, gedib döyüşərəm, kimisi vətəninə başqa cür xidmət
etməyə çalışır. Mənsə, "kimsə mənə dəvətnamə verəsi deyil ki, bu
addımı mən ilk olaraq özüm atıb döyüşlərə getməliyəm", - deyə
düşündüm və könüllü olaraq Qarabağa yollandım. O vaxtlar Xocalı
hadisələri hələ təzə baş vermişdi. Özümə yer tapa bilmirdim. Gedib
Rusiyanın nə bilim harasındasa araq, kartof satan yerdə donub
ölməkdənsə, Qarabağda - Vətən yolunda şəhid olmaq daha şərəflidir
mənim üçün.
Qarın altında donan yaralı leytenant
Bəli, nəhayət, 1992-ci ildə Şuşa şəhərinə yollandım. İlk olaraq
Tofiq Oğuzun könüllülər batalyonuna qoşuldum. 1992-ci il mart
ayının sonlarında bizi Şuşadakı Üç mıx postuna yolladılar. Amma bu
postda sakitlik idi, qərar tutmadım. Mənə daha çox atışmanın,
qaynar nöqtənin olduğu yer lazım idi. Ora qonaqlığa getməmişdim ki,
mənə bir an öncə döyüşün içinə atılmaq lazım idi. Qısası,
ermənilərin əlində olan Nəbilər postuna getdik. Bir müddət orada
qaldıqdan sonra daha qaynar nöqtə sayılan Xankəndidəki Quşçu, Hin
arxı postlarına getdik. Təsəvvür edin ki, həmin postdan Xankəndidə
gəzişən adamları əlimizin içi kimi görürdük. Bütün sərhəd boyu
səpələnən ermənilər də oradan rahat görünürdü. Biz əsas müdafiə
mövqeyində idik. İlk döyüşümüz də orada oldu. Deməli, ətrafı
yoxlamağa getmişdik, ermənilərin haradan hücum edə biləcəklərini
öyrənirdik. Qar yenicə ərimişdi və birdən qarın altından sifəti
görünən bir meyit çıxdı qarşımıza. Üz quruluşundan bizimki olduğunu
öyrəndik. Altı nəfər idik. Böyük qəhrəmanlıqla onu bir kilometr
yolu bağlanan o yerdən çıxara bildik. Sonradan öyrəndik ki, iki ay
öncə Daşaltı əməliyyatı zamanı yaralanaraq qarın altında donub
qalan bu vətən oğlu Milli Ordumuzun baş leytenantı imiş. O, yaralı
vəziyyətdə silahını sökmüşdü ki, ermənilər istifadə edə bilməsin.
Baxdıq, sənədlərini üstündən götürüb aparmışdılar.
Həmin gün siqaret çəkməyə başladım
Təsəvvür edin, hər gün, hər saat atışmalar olurdu, göz açmaq
mümkün deyildi. Həmin postu mənə tapşırmışdılar. Komandiri əvəz
edirdim. 18 nəfər idik. Bir palatkamız vardı. Gecələri kerosin
lampası yandırardıq ki, ermənilər yerimizi bilməsin. Bir gecə
ermənilər atəş açmağa başladılar. Hava da yaman bürkü idi. Bayıra
çıxıb göyə iki fişəng ataraq məlum etdik ki, iki erməni yerimizi
öyrənmək üçün kəşfiyyata gəlibmiş. Səhərə kimi yatmadıq. Bilirdik
ki, ermənilər güclü hücuma hazırlaşırlar. Səhəri günü bizi yenidən
Nəbilər postuna yolladılar. Oradan Xankəndidəki ermənilər baş
qaldırmağa qoymurduq. Bütün gün atəş altında saxlayırdıq. Bir gün
də atışmamız oldu, bu dəfə ermənilərə böyük itki verdirərək geri
oturtduq. Bir əsgərimiz ermənini boğazından vursa da o ölməmişdi.
Əsgərimiz onun başını, qulaqlarını kəsib gətirmişdi. Mən həmin gün
siqaret çəkməyə başladım.
Elə bil iynələnmişdilər
Həmin günün səhəri Şuşa batalyonunun komandiri Novruz Qəmbərovun
dəfninə getdik. Onu Kosalarda vurmuşdular. Məzarı da şəhidlər
xiyabanındadır. Ayın beşi, gecə yuxuda gördüm ki, təpələrə
balqabaqlar düzüblər. Səhərəcən erməninin haradan üstümüzə gələ
biləcəyini düşündüm. Ayın yeddisi yuxuda gördüyümü həqiqətdə
yaşadım. Həmin təpədən erməni dəbilqələri balqabaq kimi
görünürdülər. Hücuma hazırlaşırdılar. Uzaqdan gördüm ki, bir
Zil-131 gəlir. Biz də bilmirik ki, bunlar kimdir? Postda 30 nəfər
idik. Gördüm ki, hamısının qoluna ağ parça bağlanıb – bunlar da
ermənilər imiş... Artıq gec idi. Onlar bizə çox yaxın idilər. Elə
bir atışma düşdü ki, çoxlu şəhid verdik. Biz də onlardan vururduq.
Səhərin alatoranında göz açmaq mümkün deyildi. Mən həyatımda belə
əsgərlər görməmişdim. Onların sifətləri dəmir rəngində idi. Elə bil
iynələnmişdilər. Düm-düz, sağa-sola baxmadan yaralılarına,
ölənlərinə fikir vermədən ata-ata üstümüzə gəlirdilər. Ölənlər,
yaralılar çox idi. Mən bir RPK ilə bu qədər əsgərə heç nə edə
bilməzdim. Düşündüm ki, bizi də öldürəcəklər. İnanın, hər yerdən
atışma səsləri gəlirdi. Onlar Şuşanın bütün postlarını alıb, sonda
bizim üstümüzə gəlirdilər. Bu, bir kabus idi. Tanklarla, PDM-lərlə
Şuşanı gülləboran edirdilər. Uzaqdan gələ-gələ qışqırırdılar ki,
təslim olun, onsuz da mühasirədəsiniz. Arxada da 5 nəfərimiz bir
tiklinin içində gizlənmişdi. Mən ata-ata onlara yaxınlaşanda
ermənilər qumbaraatanla həmin uşaqların düz ortasına atəş açdılar.
İkisi yaralandı, üçü oradaca şəhid oldu. Artıq sonumun çatdığını
gördüm. Sürünərək, bir yarğanlıq vardı, özümü ora atdım. Gördüm ki,
Natiq adlı bir əsgərimizi vurublar, dəlik-deşikdir, amma ölməyib.
Dedim ki, gəl yanıma. Gəlmədi, hərəkət edə bilmirdi. Onun da
qumbarasını alıb öz qumbaramla hazır saxladım ki, türk əsgərinin
təslim olmadığını ermənilərə göstərim. Bu yandan da vurulan
əsgərimiz yalvarır ki, sən qumbaraları alıb erməninin üstünə gedib
özünü partladacaqsan, məni isə əsir götürəcəklər. Məni vur, sonra
get. Mən də başımı elə itirmişdim ki, nə bunu vura bilirəm, nə də
özüm irəliləyə. Bu başladı ağlamağa ki, məni vurmadan getmə. Elə
iki addım atmışdım, elə bir möcüzə ilə qarşılaşdım ki, onu ancaq
dini filmlərdə görmüşəm. Deməli, bir sağsağan quşu gəlib qondu
qarşıma. Mən adım atdıqca o da tullanır, qabağımda cükküldəyir,
sanki mənə "getmə, xilas yolun var", - deyirdi. Mənsə şokda olduğum
üçün bunu hiss etmirəm, sonradan xatırlayıram, tüklərim
ürpəşir.
Uşaq kimi ağlayır, siqaretini tüstülədib davam
edir:
- İndi erməninin üstünə getmək fikrindən daşındım. Bu səfər də
qumbaralardan çıxardığım sancaqları yerinə sala bilmirəm. Natiqə
deyirəm ki, kömək elə, deyir ki, qollarım qalxmır. Atışma bir saata
yaxın davam etdi. Bu arada qumbaraların sancaqlarını yerinə saldım.
Hava qaraldı. Natiqi tez belimə atıb zülmlə oradan çıxardım.
İnanın, addımlayıram, addımbaşı meyitlərimiz, yaralılarımız
səpələnib. Bunu yaşamaq lazımdır, sözlər təsvirə kifayət etmir.
Bizim Topxana deyilən yerə gəlib çatanda gördüm ki, burda da
yaralılar var... Tank mərmisinin təsadüf edib parçaladığı qaya
daşları bir əsgərimizin əl, ayaq əzələlərini aparıb. Bunları
vurulmuş bir tankımızın dibində gizləmək üçün boynuma qaldıranda,
inanın, əsgərin qanı bütün bədənimə yayıldı, gözlərimə kimi qan
doldu. Bunlara dedim ki, mən təkəm, siz yaralılar isə çox. Mən
ancaq Natiqi aparıb, oradan əlavə köməklə gəlib sizi də apara
bilərəm. Yenidən Natiqi boynuma alıb gəldim zastavaya. Gördüm ki,
bizim çox sayda texnikamızı vurub yararsız hala salıblar. Bu arada
yolda iki nəfər Şuşa batalyonundan da bizə qoşulmuşdu. Atıq 4 nəfər
idik. Nəhayət Zarıslıya çatdıq. Bütün batalyon orda idi. Natiqi ora
təhvil verib dedim ki, yaralılarımız, şəhidlərimiz var, gedib
onları götürmək lazımdır. Amma elə oldu ki… şəhidlərimiz,
yaralılarımız oradaca qaldı.
Bu hadisənin üstündün bir neçə gün keçmiş, televizorda həmin
yaralı uşağı gördüm. "Papanin" hospitalından danışırdı. Nə qədər
sual verdilər ki, səni oradan kim xilas edib, əvvəlcə demədi.
Axırda mənim adımı çəkdi. Sən demə, onlara hədə-qorxu gələrək
deyiblər ki, bir kəlimə də danışma. Bax, beləliklə, Şuşa bom-boş
olduğu halda bizimkilər nə səbəbdənsə ora girmədi və ermənilər
işğal etdi.
Bir dəfə də bizim uşaqlar 5 nəfər bir yerdə yemək yeyəndə, tank
mərmisi onların ortasına düşmüşdü. Beşi də Şəkidən idi. Tikə-tikə
olmuşdular. Bunu heç vaxt unuda bilmirəm. Biz orda bir-birimizə
deyirdik ki, yaralansaq, daha artıq əziyyət çəkməmək üçün
bir-birimizi güllələyək.
Bizə vuruşmağa icazə vermirdilər
Bir dəfə də Hin arxı postuna erməni hücumu oldu. Səhərə yaxın
idi. Baxmayaraq ki, Nail Kazımov komandir idi. O, hər yerə özünü
çatdırırdı, texnikamız da vardı, döyüş ruhumuz da. Amma hansısa
qüvvələr hücum etməyə qoymurdu. Məhz bu səbəbdən də onlar hücum
edib bizi qırırdılar. Bizdə ruh düşkünlüyünü yaradan başlıca səbəb
vuruşmağa icazəmizin olmaması idi.
Bizdə bir neçə xanım döyüşçü də var idi. Birinin adı Albina idi.
Onu Rusiyadan göndərmişdilər, əlaqələndirici idi. Gültəkin, Cəvahir
adlı kəşfiyyatçılar da var idi. Kişi kimi döyüşürdülər. Bütün
döyüşlərdə bizimlə bərabər idilər. Onlar bizdən çox işlər
görürdülər, yaralarımızı sarıyırdılar, kəşfiyyata gedirdilər,
snayper atırdılar, meyitləri daşıyırdılar.
- Döyüşdüyünüz müddətdə sizə ən çox təsir edən nə
olub?
Gözləri dolur, bir siqaret da yandırıb titrək səslə:
- Mənə ən pis təsir edən Şuşanın boş görünməsi idi. Şuşa sanki
sahibsiz qalmış körpə uşaq kimi idi. İnanın, ayın 7-nə kimi orda
döyüş olub. Ermənilər hətta Şuşanın qala divarlarına dırmaşırdılar,
biz onları vurub yerə salırdıq. Amma sonralar Şuşanı erməniyə
bomboş, havayı təslim etdilər.
- Rejissor olsaydınız savaş filmini necə
çəkərdiniz?
- Gəlin belə deyək də, son mərmini beynimə sıxaram, amma
erməniyə əsir düşmərəm deyirəmsə, görün orda necə oğlanlar var idi
də. Bax belələrini çəkərdim. Qarabağın, Şuşanın göz görə-görə
erməniyə necə verildiyini çəkərdim. Döyüş zamanı yaralıların necə
imdad dilədiyini, Azərbaycan əsgərinin son damla qanına kimi necə
mərdanə döyüşdüyünü çəkərdim.
- Döyüşdüyünüz vaxtlarda ailəli idiniz? Bu gün siz Ali
Baş Komandandan nə istəyərdiniz? Bugünkü gənclikdən
razısınızmı?
- 49 yaşım var, hələ də subayam. Ömrüm nəyinsə düzəlməsini
gözləməklə keçib. Qarabağsız, torpaqsız məğlub bir əsgərin
evlənməyə haqqı yoxdur. Evlənib övladıma nə deyəcəkdim, niyə məğlub
qayıtdım, niyə Qarabağ qazisi bu gündədir?!. Mən uşağıma nə
danışacaqdım axı? Bax belə şeylər məni evlənmək fikrindən
daşındırdı. Bu gün prezidentdən yalnız vuruşmağa əmr, silah
istəyərdim. Şuşadakı şəhidlər rahat deyil. O torpaqları azad edib
orda evlənmək, toy çaldırmaq istəyərdim. Mən vətənimi sevirəm.
Məsələn, bizim vaxtımızda gənclik ancaq qələbə düşünürdü. Bugünkü
gənclik isə başqa ruhdadır. Himnimiz oxunanda saqqız çeynəyən
gənclik yetişir, belələrinə nə deyim ki? Mən onlara baxıb xəcalət
çəkirəm. Söz yox, gənclərin içində qabiliyyətli vətənpərvərlər də
var, amma bu, çox azdır. Mən bu dəqiqiə də yalnız müharibə
düşünürəm. Bakıda qardaş köməyi ilə yaşamaqdansa, gedib səngərdə
şəhid olmaq mənə xoş olardı. İndi ustalıq edirəm. Dövlətdən 45
manat pensiya alıram. Düşünün, mənə əlil vəsiqəsi təklif ediblər,
mənsə qəbul etməmişəm. Etmiş olsam, demək mən şəhid olmuş
əsgərlərin ailələrinin haqqını yeyirəm, ya da ömürlük şikəst olmuş
əsgərin balasının haqqına şərik oluram. Azərbaycan onu sevənlərin,
qədrini bilənlərindir axı.
- Qarabağda birgə döyüşdüyünüz döyüşçülərlə
görüşürsünüzmü?
- (Əsəblə gözləri dolur) Axı necə görüşüm? Görüşüb bir çayxanada
çay ala bilmək üçün mənə 1 manat lazımdır, ya yox? Amma mənim buna
imkanım olmadığı üçün utancımdan görüşə bilmirəm.
Son olaraq sizə öz təşəkkürümü bildirirəm. Bizləri unudulmağa
qoymursunuz. Mən onsuz da yaşamıram, yaşamağım yalnız döyüşdüyüm
günlərdə olub. O vaxtlar həyat vardı, yaşam vardı. İndi isə nəfəs
alan canlıdan fərqimiz yoxdur. Mən əmr, silah istəyirəm ki...