Bakını gecə həyatından
reportaj hazırlamaq üçün bu dəfə bar və klublara baş çəkmək niyyəti
ilə evdən çıxdım. Bir az nabələd olduğum üçün taksi ilə getməyin
daha uyğun olduğunu düşündüm. Elə taksiyə əyləşən kimi, sürücü
"hara sürüm?" soruşdu.
Ay xanım, sərxoşsuz?
- Hara istəyirsiz, sürün, yetər ki, ya bar, ya da klub
olsun.
Sürücünün gözləri kəlləsinə çıxdı: "Ay xanım, sərxoşsuz? Mən
hardan bilim ki, sizə necə klub, yaxud bar lazımdır?"
Ona bara getmək istədiyimi bildirdim, amma Bakıda barları
tanımadığım üçün məni hər hansı bir bara aparmasını xahiş etdim.
Güldü.
- 10 ildir sürücü işləyirəm, hələ sizin kimisini görməmişəm.
Bara gedən qız onun hansı tərəfdə yerləşdiyini bilmir? - Arxaya,
mənə tərəf çevrilib, xeyli süzdü, istehza ilə, "normal qız bara
getməz",- dedi.
Xahişimi təkrarladım, yaxınlıqdakı klub, ya da barlardan birinə
aparmağını xahiş etdim. Nizami küçəsinə aparacağını dedi. Bir neçə
bar və klubun adını, ünvanını sadaladı. Pulunu verib sağollaşanda
"amma sizə rəva görməzdim",- deməkdən də qalmadı.
- Nəyi?
- Bara getməyi.
Onu nigarançılıqdan qurtarmaq üçün jurnalist olduğumu, reportaj
hazırlamağa getdiyimi bildirdim. Sürücünün üzündə gülüş yarandı,
hətta məni gedəcəyim bar "Troya" ya qədər mühafizə də elədi. Burda
məni allaha əmanət edib geri qayıtdı.
Çanta əməliyyatı
Hə, burdan belə gecə həyatı başlayır. Tələsik üst geyimimi
soyunub, içəri girmək istəyirəm, iki mühafizəçi və polis məni
qapıda saxlayır. Hara getdiyimi soruşurlar.
- Hara gedəcəyəm, bara...
Həyatımda ilk dəfə getdiyim üçün bu qapalı məkanın cazibəsi məni
özünə çəkir, bir tərəfdən də həyəcan; mühafizəçiləri və polisi
qeyri-ixtiyari itələyib içəri girmək istəyirdim ki, birdən buranın
bar olduğu və özünün müəyyən qayda-qanununun olduğu yadıma düşür.
Polis çantamı qapıda saxlamalı olduğumu deyir, mən isə kor yolçu
kimi, təkid edirəm. Bu zaman polis çantamı diqqətlə yoxlayır, "hər
bir hadisə ola bilər",- deyir. Etiraz etmirəm. Ciddi yoxlanışdan
keçəndən sonra nəhayət içəri girirəm.
Əzilə-büzülə oynayan "zəriflər"
Qapını aralayanda gözlərim qamaşır, əlbəttə ki, işığın sınma
qanununun yaratdığı effektdən yox, yarıçılpaq, arabesk musiqiləri
ilə rəqs edən qızların cazibəsindən. Zirzəmidə yerləşən bu məkanın
tağlı qapıları, çay daşından divarları var. Divarlarda böyük
güzgülər və onların qarşısında əzilə-büzülə oynayan "zəriflər".
Əsasən 19-20 yaşlarında olan bu qızların əksəriyyəti gözəgəlimli və
qəşəngdir.
İçəridə özümü çox narahat hiss edirəm, elə onlar da mənə qəribə
baxır. Burda məndən başqa qapalı geyinən yoxdur. Stolların birində
əyləşirəm, söhbət etmək üçün gözüm adam axtarır. Qızlar stollara
yaxınlaşır, özlərini satışa çıxartmaq üçün əllərindən gələni
edirlər. Rəqs edən, yerə uzanan, bir qarışlıq ətəklərini başına
qaldıran kim...
Burda qiymətlər bayırla müqayisədə ikiqat yuxarıdır. Pivələr,
kokteyllər, müxtəlif növ içkilər...
Bahalığı nəzərə alıb bir "efes" sifariş verirəm, sonra oturub
rahat–rahat danışacaq "müştəri" axtarıram.
Əlinin atasının canı sağ olsun
Məndən yan tərəfdəki stolda əyləşən oğlanın masasına
yaxınlaşıram. Yalnız olduğum üçün yanında oturmaq istəyimi
bildirirəm. O da başı ilə otura biləcəyimə razılıq verir.
Adı Əlidir. Bu barın daimi müştərisidir, hətta sakini də demək
olar. Necə deyərlər, gözündən heç bir şey yayınmır dediyinə
görə.
27 yaşı var, işləmir. Universitet bitirib, amma deyir ki, diplom
xatirinə oxuyub. Əylənmək üçün "Troya"dan başqa yerlərə də gedir.
Amma sıx-sıx gəldiyi məkan buradır.
Əli deyir ki, pul olmayandan sonra bura gəlmək olmaz. Onun
gəlirinin hardan olduğunu soruşuram. Cavab verir: "Atamın canı sağ
olsun". Ondan "atası verdiyi pulları bara xərclədiyini bilsə, nə
edər?" soruşuram. Cavab verir ki, atam bu pulları elə əylənmək üçün
verir. Atasının harda işlədiyini soruşsam da, gülə-gülə deyir ki,
üz vurma, buna cavab verə bilmərəm.
Bir axşam bara gəlməsəm, ürəyim partlayar
Əli hər gecə 200 manat xərcləyir. Onun üçün gecə həyatının nə
olduğunu soruşuram. Deyir, əvvəl-əvvəl sadəcə əylənmək üçün
gəlirdim, vaxt keçdikcə alışqanlığa çevrildi:
- İndi bir axşam bara gəlməsəm, ürəyim partlayar! Həm də qəşəng
qızları maşınıma mindirməkdən xoşum gəlir. Onlar da bahalı
maşınlarda gəzmək istəyir, niyə də gəzməsinlər?" - gülə-gülə
danışır.
Deyir ki, axşamlar bara gəlmək alışqanlığı narkotik aludəçisi
olmaq kimi bir şeydir, bəlkə nə vaxtsa tərgitər, amma indi bunu edə
bilmir.
Sonra məndən təsadüfən jurnalist olub-olmadığımı soruşur. Deyir,
burda nabələd adam o dəqiqə tanınır.
O barın abrını saxlayan xaricilərdir
Ondan gedə biləcəyim normal klub soruşuram. O da mənə yaxınlıqda
yerləşən "Şekspir" klubunu məsləhət görür. Deyir, orda normal
dincəlmək olar, çünki ancaq xaricilər gəlir. Onu da əlavə edir ki,
oraların abrını saxlayan xaricilərdir.
"Şekspir"də kral Nik...
"Şekspir" klubu Nizamidə yerləşir. Saat 2-yə işləməyinə
baxmayaraq, küçələrdə bir inni-cinni də gözə dəymir. Yalnız
taksilər və boş küçələr. Belə səssiz küçələrdən qəfildən gurultulu,
səsli-küylü bara girəndə özünü başqa aləmdə hiss edirsən. Amma
"Şekspir" "Troya"dan çox fərqlidir. Burda işıqlı, xoş musiqi,
klubdakı insanların davranışları – hər bir şey insana pozitiv və
rahatlıq verir. Ordaca dərhal ağlıma gəldi ki, yorğun iş
günlərindən sonra bura stress atmaq üçün gəlmək heç də pis olmaz.
Ancaq taksiçinin sözünü yadıma salanda, bir az utandım. Və özümü də
gülmək tutdu.
Ortada blyard stolu, ətrafında kiçik bar masaları, rahat
əyləşmək üçün divanlar: necə də gəlmək istəməyəsən?..
Elə Nik də bizə bu kluba məhz belə abı-havası olduğu üçün
gəldiyini deyir. Hətta həftəiçi günlərdə də gəlir. Onu deyim ki, bu
kluba ancaq xarici vətəndaşlar gəlir, təsadüfən bir yerli tapa
bilərsən. Canlı musiqi də öz yerində. İçkilərdə qiymətlər bir az
normaldır, ancaq yemək fikrinə düşsən, bu fikrindən vaz keçmək üçün
menyüyə göz atmağın kifayətdir. Hər cür şirə, meyvə və kokteyllərin
5 manatdan tutmuş 20 manata qədər qiyməti var.
Amma xaricilər üçün bunun fərqi yoxdur, deyirlər, əylənmək üçün
yer olsun. Həm əylənsinlər, həm də yorğun işin stresini
atsınlar.
Qəşəng azərbaycanlı qız şəkilləri
Nik Amerikadan gəlib. Şirkətdə çalışır. Bura gəlməzdən əvvəl
Azərbaycan haqqında heç bir təəssüratı yox imiş, dediyinə görə,
quqlda ölkəmiz haqqında axtarış verəndə təsadüfən qəşəng
azərbaycanlı qız şəkilləri də çıxıb. Daha axtarışını davam
etdirməyib və onu işə dəvət edən şirkətə birbaşa email vasitəsi ilə
"hə" cavabını yazıb göndərib.
Sonra Bakıya gəlib. Bakı hqqında hər şeyi burda öyrənib, bircə
Azərbaycan dilindən başqa. Buna cəhd etsə də, hələ ki, bir nəticə
əldə edə bilməyib. Dediyinə görə, dilimiz çox çətindir. Nik
Amerikda universitet bitirib. Elə öz ixtisası üzrə işləyir.
Mühəndisdir.
Ora ilə müqayisədə burda da pis yaşamadığını deyir. Amma Bakıdan
çox xoşu gəlir. Amerikadakı həyatı ilə burdakı həyatını
eyniləşdirməyə çalışır. İş, ev, əyləncə olduğu kimi Bakıda da
bunları edir. Amma şəhərdə gedə biləcəyi klubların az olduğunu
bildirir, bir də quqlda axtarış verəndə qarşına çıxmış
qadınların... "İndi onlarla heç qarşılaşmıram..."
Dediyinə görə, küçədə qadınlarla tanış ola bilmir, işdə də bu,
mümkün deyil. Belə olanda ümidini gəldiyi klublara bağlayır. Amma
getdiyi klublarda xaricilərdən başqa heç kim olmur.
Hər bir Azərbaycan qızının arxasında
əlibıçaqlı...
Nikə görə, hər bir Azərbaycan qızının arxasında əlibıçaqlı
qardaşı dayanır. Bunu deyəndə şaqqanaq çəkir. Sifətimin dəyişdiyini
hiss edən kimi o dəqiqə gülüşü kəsilir, üzr istəyir. Qadınların çox
mühafizəkar olduğunu deyir:
"Qadınlar öz hüquqlarını, əylənmək tələbatlarını unudublar bir
növ. Onlar sanki özləri üçün deyil, başqa biri üçün yaşayırlar.
Məncə, hər bir Azərbaycan qadınının problemi onun özü üçün
yaşamamağındadır. İnsan həyatı boyu özünü unudub başqası üçün
yaşaya bilməz axı?.."
Qadınlarımıza ürəyi yanır...
Təəccüblə mənə baxır, sonra məndən belə həyatı necə qəbul
etdiyimizi soruşur.
Ona qadınların heç vaxt bu alternativlər üzərində düşünmədiyini
deyirəm.
Nikin bizim qadınların problemi ilə bu qədər yaxından
maraqlanıb, ürəyi yana-yana danışmasının səbəbini soruşuram.
Cavab verir ki, burda ona ən təəccüblü gələn qadınlar və onların
həyat tərzidir.
Bakıda gecə həyatı yoxdur
Bu mövzunun mubahisəli və uzunacağını düşünüb Nikə dəyişik
suallar verirəm. Gecə həyatı, Azərbaycan gənclərinin əyləncəsi
haqqında.
Deyir ki, sizin gənclər əylənə də bilmirlər. Və əyləncə
anlayışlarımızın fərqli olduğunu deyir. Məsələn:
"Sizdə orta nəsil ümumiyyətlə kluba gəlmir, gənclər də öz
streslərini atmaq üçün deyil, sadəcə, kluba gəlmək xatirinə
gəlirlər bura, amma gənclərlə də çox sıx rastlaşmıram. Bəlkə də
maddi vəziyyətləri buna imkan vermir. Səbəb o ola bilər, amma bura
o qədər də bahalı deyil",- deyir. Xatırladım ki, burada bir parç
pivənin qiyməti 5 manatdan ağağı deyil.
Nikin fikrinə görə, Bakıda gecə həyatı yoxdur, küçələr sakit və
səssiz, klublarda daha çox xaricilər, barlarda da yerlilər var.
Beləcə, mən də gecə həyatımı bu cür başa vurub, uzun yol qət
eləyib sabahın gözü açılanda evə çatıram. Maraqlı gecə həyatı
keçirmişəm...