Yuxarı

“Anam dedi, camaat şəhid olur, mənimkilər isə...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsində: Arif Paşa

Bu gün "Cəbhə xətti"ndə Qarabağ döyüşlərində Laçın alayının komandiri olmuş polkovnik Arif Paşadır. O, 1959-cu ildə Laçın şəhərində anadan olub. 1982-ci ildə İnşaat Universitetini bitirib. Sovet ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra doğulduğu Laçın şəhərinə qayıdıb. Burada Xalq Deputatları İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləyib. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlayanda Laçın şəhərində Müvəqqəti Gizli Komitənin qurucularından olub.

Ov tüfəngi ilə başlayan savaş

- Arif bəy, istərdim hadisələrin başlanğıcından danışasınız...

-
1988-ci il fevralın 13-də Xankəndinə getdik. Orada mitinq keçirtdik. Biz elə o dönəmdən Müvəqqəti Gizli Komitənin tərkibində silahlanmağa başlamışdıq. Silahlarımız da, əsasən, ov tüfəngləri idi.

- Qeyd etdiyiniz silahlanma nə üçün idi? Demək istəyirsiniz ki, həmin vaxtdan başlamışdı döyüşlər?

-
Laçının Ermənistanla sərhədlərini qorumaq üçün silahlandıq. Həmin vaxtlar aktiv döyüşlər artıq başlamışdı.

- Bir Qarabağ qazisi demişdi ki, aktiv döyüşlər 1988-ci ildən başlayıb. Daha sonra bir çox Qarabağ qazisi etiraz etdi ki, 1988-ci ildə döyüşlər olmayıb.

-
Faktiki olaraq itkilərimiz var idi. Qarabağda, Qaladərəsi, Böyükkənd kəndlərində döyüşlər zamanı itkilərimiz oldu. Sonra rus qoşunları gəldi. Müəyyən yerlərdə rus əsgərləri postlar qurdu. Amma təbii ki, onlar hər yerə nəzarət edə bilmirdilər. Buna görə də bizim Müvəqqəti Komitə müdafiə zolaqları yaratmağa qərar verdi. Mən sərhədlərin müdafiəsi vəzifəsinə təyin edildim. Hərbi rütbəm də kapitan idi. Sonralar biz 1992-ci il mart ayının 27-də motoatıcı Laçın alayını yaratdıq. Sonralar bu alay Müdafiə Nazirliyinin 0.151 nömrəli əmri ilə ləğv edildi. Bununla bağlı məhkəmənin qərarı da vardı. Əmrin başlıq hissəsində yazılmışdı: "Laçın alayının briqadaya tabe etdirilməsi haqqında əmr". Amma nədənsə əmrin tərkibində, alayın ləğv edilməsi qeyd olunurdu və məndən tələb edilirdi ki, silah-sursatı təhvil verim.

Xəstəxanaya aparanda dedi ki...

- Arif bəy, ilk döyüşünüzü necə xatırlayırsınız?

- Mənim bir kəşfiyyatçım var idi – Vaqif Quliyev. 1992-ci ildə Kəlbəcər istiqamətində ağır yaralanmışdı. Qan itirirdi. Onu xəstəxanaya aparanda demişdi ki, qan itirməyimi bir kənara qoyun. Mən sizə atəş nöqtələrini göstərməliyəm. Vaqif atəş nöqtələrini göstərəndən sonra qan itkisindən dünyasını dəyişdi. Bu, çox ağrılı idi.

- Böyük masştablı hücumları necə xatırlayırsınız?

-
Həmin illərdə (1988-1990) elə də böyük döyüş əməliyyatları yox idi. Yəni filmlərdə gördüyünüz döyüşlər kimi. Sadəcə, uzaqdan artilleriya döyüşləri olurdu. Ermənilər belə döyüşlərə daha çox üstünlük verirdilər.

- Şuşa döyüşlərində olmusunuz? Eşitdiyimə görə, Şuşa döyüşlərində qan su yerinə axıb...

-
Şuşa döyüşlərində olmamışam. Və bildiyimə görə də, Şuşada qan su yerinə axmayıb. Deyilənlər doğru deyil. Sadəcə, ermənilər artilleriya atəşi ilə şəhərə bir neçə istiqamətdən soxuldular. Çoxlu şəhid verilib. Amma ermənilərin də az itkiləri olmayıb. Mən Bakıda idim. Şuşaya hücum xəbərini eşidib Laçına qayıtdım. Mən Laçında olanda ermənilər Şuşanı zəbt eləmişdilər.

- Siz savaşa gedəndə evli idiniz?

-
Hə.

- Neçə övladınız var idi?

-
İki.

Anam dedi ki, camaat şəhid olur, mənimkilər isə...

- Övladlarınızın atasız qala biləcəyini düşünmürdünüzmü? Bir çoxları bu səbəbdən savaşmaqdan yayınırdılar. Həyat yoldaşınızın münasibəti necə oldu döyüşlərdə iştirak etməyinizə?

- Valideynlərim vətəni bizə elə sevdirmişdilər ki, qarşımızı heç nə ala bilməzdi. Qardaşlarım da döyüşüb. Biri polis mayoru, o birisi isə polis leytenantıdır. Yaxşı xatırlayıram, bir dəfə üç qardaş evdə oturmuşduq. Üçümüz də süfrə arxasında əyləşib yenicə yemək yeməyə hazırlaşırdıq ki, anam dedi: "Camaatın oğlanları şəhid olur, mənimkilər isə oturub yemək yeyir". Qardaşlarımdan biri Kəlbəcər şəhidlərini gətirmişdi. O istiqamətdə döyüşürdü. O birisi isə hərbi məktəbdə oxuyurdu. O da Laçın polisinin tərkibində döyüşüb. Ayağa qalxıb anamın əlindən öpdüm, "anam düz deyir", – dedim. Elə həmin gün bir qardaşımı Kəlbəcərə yola saldım, o birisini isə hərbi məktəbə. Kəlbəcər döyüşlərinə yola saldığım qardaşımın 39 günlük körpəsi var idi.

- Əsgərlərinizə qarşı bir komandir kimi münasibətiniz necə idi?

- Şəxsən mən savadlı əsgərlər yetişdirirdim. Onlara öldürməyi yox, vətən uğrunda savaşmağı öyrədirdim. Hər hansı bir əməliyyatdan qabaq elə olurdu ki, əsgər təcridxanasından əsgərlər seçirdim. Belə əsgərlər qiymətləndirildiklərini görəndə həm sevinirdilər, həm də məsuliyyətli olurdular. Elə olurdu ki, gecə soyuqlamasınlar deyə, durub üstlərini örtürdüm. Mənim səngərdə ölüm-dirim savaşı verən əsgərlərim ləyaqətli şəkildə düşmənin düşməni olub. Bütün varlığımla əsgərlərimə bağlı olmuşam. Ədalətli tələbkar olmuşam. Onlar da sağ olsunlar, valideynlərinə necə hörmət ediblərsə, mənə qarşı da elə olublar.

- Deyilənə görə, elə olub ki, 40-50 Azərbaycan əsgəri yüngül silahlarla, ermənilərin 400 nəfərlik batalyonunu məhv edib. Doğrudan da, belə hadisələr olub?

- Məsələn, biz Şuşa istiqamətində 5 kilometrlik məsafədə üz-üzə döyüş planı hazırlamışdıq. 17 metrlik quyular qazıb üstünü örtmüşdük, 5 kilometrlik zolaqda. İstəyirdik ki, düşmənlə üz-üzə döyüşdə onları qazdığımız quyulara yönəldib, hərbi texnikalarını həmin quyulara salaraq məhv edək. Eləcə də, canlı qüvvələrini. İmkan vermədilər. 1992-ci ilin aprelin 30-da alay ləğv olundu.

Bizim erməni qadınlara qarşı münasibətimiz...

- Laçının işğalını necə xatırlayırsınız?

- Kənardan gələn köməkçi qüvvələrin qaçmasının qarşısını almışdıq. Bundan qabaq, mayın 17-də biz reaktiv artilleriya vasitəsilə ermənilərə mərkəzdən zərbə endirdik. Birdən bizə xəbər gəldi ki, Laçında döyüşən hərbi qüvvələrimiz şəhəri artıq tərk edib. Qubadlı istiqamətində sonuncu hərbi texnikamız vurulanda biz bir neçə nəfərlə müdafiənin mərkəzi hissəsində tək qaldıq. Geri çəkilməyə məcbur olduq. Kəlbəcərə çəkildik. Bu barədə Bakıya məruzə etdim. Məni bu hadisədən sonra kənarlaşdırdılar.

- Və sizin döyüşlərdən kənarlaşdırılmağınız ilk hadisə deyildi. Sizcə, niyə belə edirdilər?

-
Mən çox böyük hərbi hissəni böyük döyüşlər üçün hazırlamışdım. Doğrusu, bilmirəm niyə belə edirdilər.

- Ola bilərmi ki, qəsdən belə edilirdi?

-
Azərbaycanın müstəqilliyini istəyən zabitlər də var idi, istəməyən zabitlər də. Bunu hamımız bilirdik. Və bizim kimi zabitlərin taleyini yuxarı hərbi dairələrdə Azərbaycanın müstəqilliyini istəməyən zabitlərin iradəsi həll edirdi.

- Azərbaycan əsgəri ilə Ermənistan əsgərinin fərqini nədə görürsünüz?

-
Azərbaycan əsgəri çox cəsurdur. Bizim Qarabağda məğlub olmağımızın səbəbi ordunun yeni qurulması, ümumi komandanlığın olmaması ilə bağlı idi.

- Heç erməni əsirləriniz olubmu?

-
Olub. Qadınlar da olub, uşaqlar da.

- Onlara qarşı necə davranırdınız?

- Biz kişiyik. Bizim qadın əsirlərə qarşı münasibətimiz, erməni gədələrinin münasibətindən fərqli olub. Ermənilər əsir aldıqları uşaqlarımızı süngüləyib. Amma biz heç vaxt döyüşçü şərəfimizi itirməmişik. Ola bilər ki, mən üz-üzə döyüşdə amansız olum. Ancaq mən qadına, yaralı əsirə, qocaya, uşağa qarşı ləyaqətli davranmalıyam. Bizim ermənilərdən əsas fərqimiz budur. Mən bir dəfə əsgərlərə belə bir söz dedim. Çaqqal insanın üstünə dörd ayaqla gəlirsə, onunla qarşılaşan insan əllərini yerə qoyub dördayaqlı olmur ki? İnsan kimi davranmaq lazımdır.

Ordunu pisləmək...


- Döyüşlərdə neçə dəfə yaralanmısınız?

-
İki dəfə ağır kontuziya almışam. Gecə vaxtı yaxınlığımda mərmi partladı. Hiss elədim ki, bədənim isindi. İşıqda baxdım ki, üstüm qan içindədi. Hiss eləməmişdim ağrını.

- Əgər siz rejissor olsaydınız, Qarabağ savaşını filmdə necə təsvir edərdiniz?

-
Hər şeyi olduğu kimi – şişirtmədən təsvir edərdim.

- Ehtiyatda olan polkovnik olaraq müharibədən sonra gənclər arasında hansı maarifləndirmə işləri aparmısınız?

- Bir ara döyüşçü yoldaşlarımla birgə hərbi hissələrə baş çəkib, gənc əsgərlərlə görüşürdük.

- Müdafiə Nazirliyinin xətti ilə?

-
Yox. Sadəcə, bəzi hərbi hissələrdə keçmiş döyüşçü yoldaşlarımız xidmət edir. Biz bunu könüllü edirdik. Mən ordumuzu çox sevirəm. Həmişə demişəm, əgər orduda hansısa nöqsan varsa, bu, açıq-aşkar deyilməməlidir. Orduya pis münasibət düşmənə psixoloji şans vermək deməkdir.

- Torpaqların sülh yolu ilə geri qaytarılacağına inamınız var?

-
Yox.

- Arif bəy, günlərin birində hansısa xarici ölkədə keçmiş erməni döyüşçüsü ilə qarşılaşsanız, nə edərsiniz? Necə davranarsınız?

-
Bilmirəm.

- Bugünkü Azərbaycan gəncliyindən razısınız?

-
50 faiz hə, 50 faiz yox.

- Bəs Azərbaycan gəncliyinə nə tövsiyə edərdiniz?

- Azərbaycan gəncliyi savadlı olmalıdır. Savadlı olan insan, ləyaqətli olur.

Tarix
2015.05.26 / 09:37
Müəllif
Nihad Cəbrayıl
Digər xəbərlər

Əli Əsədov yeni qərar imzaladı

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşdü

ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?

Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək

Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?

Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!

İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video

Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...

Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşdü - Video

Əli Əsədov İrakli Kobaxidzeni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla