Bilal
Alarlı ilə söhbətimiz Cəlilabadın Alar kəndində dostların
əhatəsində baş tutdu. Yazıçı Böyükxan Bağırlının evində başlayan
söhbətimizə kənddə "Ələddinin kafesi" kimi tanınan sakit guşədə çay
süfrəsi arxasında davam etdik.
Bilal müəllim Alar kənd orta məktəbində ədəbiyyat müəllimi
işləyir. AYB-nin üzvü, tanınmış şairdir. Filologiya üzrə fəlsəfə
doktoru olan Bilal Alarlı təkbaşına bir institutun görə biləcəyi
qədər iş görən, yorulmaq bilməyən tədqiqatçı-araşdırıcı alimdir.
Onunla "Gerçəkləşməyən arzular"da ötənlərə qayıtdıq, maraqlı söhbət
etdik. Yazarlar Böyükxan Bağırlı, Əlirza Həsrət və Meyxoş
Abdullahın qulaq şahidliyi ilə olunan söhbəti "Axar.az"ın dəyərli
oxucularına təqdim edirəm.
Şeir yazmaq mənə çətin gəlmədi
- Bilal bəy, tanınmış şairsiz. Elmi və publisistik
əsərləriniz də kifayət qədərdi. Yadıma sizin ilk yazılarınız düşür.
Cəlilabadda çıxan "Taxılçı", indiki "Yeni Gün" qəzetində araşdırma
yazılarınız dərc olunardı. Siz deyəsən yazı-pozuya elə o araşdırma
yazılarıyla gəldiniz?
- Mənim ilk işim folklor nümunələrini toplamaq olub. Bu yazıları
toplamağa başlayanda hələ səkkizinci sinifdə oxuyurdum. İlk yazımın
adı "Bayatılar" idi. Lap əvvəldən şifahi xalq ədəbiyyatına maraq
göstərmişəm. Buna görə hətta jurnalistika təhsili də aldım.
Jurnalist kimi fəaliyyət göstərməsəm də, bu istiqamətdə təhsili
almağımın mənə köməkliyi dəydi. Şeirin texnikasını bildiyimə, şeiri
dərk etdiyimə görə yazmaq mənə çətin gəlmədi.
"Nöqtələr"... "Nöqtələr"...
- Bədii yaradıcılıqla sonradan məşğul olmağa
başladınız?
- Bəzən darıxırsan, özünü yalnız hiss edəndə içindən keçən bəzi
şeyləri ədəbiyyatda görmədikdə onları özüm yazmağa başlayırsan.
Şeirdir, hekayədir, bunlar insanın daxili tələbatını ödəyən
nəsnələrdi. Amma mən həmişə oxuduğum kitablar, romanlar, ədəbi
mühit haqqında yazmışam. Cəlilabad rayonunda elə bir yaradıcı insan
ola bilməz ki, mən onun haqqında yazmayım.
- Paytaxtda ədəbi təşkilatlar yarandığı bir vaxtda sən
kənddə "Nöqtələr" adlı ədəbi qrup yaratdın. Silsilə kitablar çap
etməyə başladın. Amma yalnız Cəlilabad əhatə elədin.
- Mənim ədəbi qrup yaratdığım dövrdə ədəbiyyatdan qopmalar
müşahidə olunurdu. O vaxtlar yalnız yazarlar bir-birilərini
oxuyurdu. Yaranan ədəbi qurumlar əslində ədəbiyyatımızın yaşaması
üçün bir vasitə idi.
SSRİ zamanı yazıçıya diqqət vardı
- Ədəbiyyata maraq az olan vaxtlar olub, amma "ədəbiyyat
olmayıb demək" olmaz...
- SSRİ yazarlara diqqət göstərdiyi vaxtlarda bu sahədə
çiçəklənmə müşahidə olundu. Sonra quruluş dağıldı, yenə durğunluq
müşahidə olundu. Bax, onda müxtəlif ədəbi təşkilatlar yaranıb bir
yerə cəmləşməyə başladı.
- Bəzi yazarlar isə özlərini bu qruplarda görmək
istəmirdilər.
- Biz yaratdığımız "Nöqtələr"lə "Azərbaycan" jurnalına qədər
çıxdıq. "Nöqtələr" Azərbaycan ədəbiyyatına canlanma gətirdi.
Düzdür, elə də böyük töhfələr vermədi. Sadəcə, canlanmaya səbəb
oldu.
- Bu ədəbi qrup Alar kəndindən olan yazarların AYB-nin
üzvü olmasına təkan verdi.
- Düz deyirsən. Elə yazarlar var idi ki, heç yerdə çap
olunmamışdı, amma "Nöqtələr"də çıxan yazılarından sonra tanındı.
İndi onlardan on ikisi Yazıçılar Birliyinin üzvüdür. O zaman təkcə
Böyükxan Bağırlı AYB-nin üzvü idi. "Nöqtələr" yaranandan sonra mən
də üzv oldum.
Biz "Nöqtələr" qrupu olaraq yazarlarımızın şeir və hekayələrini
toplayıb, Bakıya aparır, ordan kitabla geri qayıdırdıq. Tək mənim
əməyim kimi qiymətləndirsələr də, əslində, bu, bütün "Nöqtələr"
qrupunun əməyi idi.
- Cəlilabadda AYB-nin filialı açılmadıqda, Alar kəndində
bu filialı yaradacağın haqda şayiə gəzdi. Məhz buna görə də
birdən-birə 12 nəfər Alar kəndindən olan yazar AYB-yə üzv qəbul
olunur. Doğrudur?
- Xeyr. "Nöqtələr" AYB-nin filialını yaratmaq üçün yaradılmayıb.
Bunun yeganə səbəbi ədəbi boşluğu doldurmaq idi. Yazıçılar
birliyinin filialı "Nöqtələr" yarandıqdan sonra meydana gəldi.
Söhbət ondan getmirdi ki, məhz bu "Nöqtələr"in bazasında yaransın.
Sadəcə, bizdə Cəlilabadda aktiv üzvlərimiz çox idi.
- Amma sizin rəhbəri olduğunuz və Alarda fəaliyyət
göstərən bu ədəbi qrupda Cəlilabaddan deyil, Biləsuvardan olan
yazarlar daha aktiv idi. Bəs bu deyilən şayiələrə səbəb kimi elə
çıxmırmı ki, doğurdan da hansısa intriqa var idi?
- Yox, "Nöqtələr" heç bir intriqa və qarşıdurma səbəbindən
yaranmamışdı. Biləsuvar ədəbi mühiti "Nöqtələr"lə əməkdaşlıq
edirdi. Orada çox güclü yazarlar vardı. Məhz "Nöqtələr" ədəbi
qrupundan sonra Biləsuvarda "Səməndər" adlı qrup yarandı. Daha
sonra Muxtar Əhmədismayıloğlu da "Cəlilabad töhvələri"ni
yaratdı.
- O dövr rayonda ədəbi qruplar yarandı. Axı bir bölgədə
bu qədər ədəbi qrupun yaranması əslində parçalanmaya səbəb
olmadımı?
- "Cəlilabad töhvələri" ədəbi birliyi çoxdanın ədəbi qrupu idi.
Onun yaradıcıları Azərbaycan ədəbiyyatının simaları idi. Bizdən
əvvəl orda Ərşad Mirzə, Abbasağa, Mirzəli Hüseynzadə var idi. Biz
bu yolu sadəcə, davam etdirdik. Cəlilabadda əbədi mühit həmişə
diqqət çəkən olub.
- Amma AYB-nin filialını yaratmaq gündəmdən
düşmürdü.
- Biz istəyirdik ki, ədəbi mühit genişlənsin və sonda filial
açılsın. Amma təəssüf ki, elə olmadı. Bizim bölgənin yetişdirdiyi
şair və yazıçılar vardı ki, hətta xarici ölkələrdə dərc
olunurdu.
Gərək dövlətin qayğısı ola
- Mədəniyyət nazirliyinin xətti ilə bəzən kitablar dərc olunur.
Orada çap olunan kitabların içərisində çağdaş ədəbiyyat çox azdır.
Mənim təklifim tam başqadır. Məsələn, o dövrdə "Yaşıl yarpaqlar"
adında almanax dərc olunurdu. Orda şeirləri dərc olunanlar indi
tanınmış yazarlardı. Gərək dövlətin qayğısı ola: 3000-3500 nüsxə
çap etdirib rayonların bütün kitabxanalarına paylamaqla yaxşı
nəticə əldə etmək olar.
- Keçək başqa mövzuya... Arxanda kimin nəfəsini hiss
edirsən?
- Ədəbiyyatda uğur qazanmaq üçün mütaliə və ədəbi mühit əsas rol
oynayır. Biz Abbasağanı canlı görən insanlarıq. Böyükxan Bağırlı
və.s yazarlarla söhbətimiz bizə həmişə dayaq olub. Ədalət Salman
yeganə yazardı ki, şəxsi hesabına Cəlilabadlı yazarları əhatə edə
biləcək kitablar nəşr etdi. Amma bu o effekt deyildi, ədəbiyyata
dövlət qayğısı mütləqdir.
Ramiz Rövşən niyə xalq şairi adına layiq
görülməyib
- Bizdə müəyyən təbəqə var ki, ancaq onların kitabları dönə-dönə
çap olunur. Ya da hər hansı bir müsabiqə keçirib 300 manat mükafat
verməklə ədəbiyyatın dərdi həll olunmur. Rusiyada ədəbi mükafat
alan şəxs həyatını bütünlüklə dəyişir. Amma bizdə tam fərqlidir.
Bir neçə il bundan qabaq AYB-yə getmişdim. Orada bir neçə sağ qalan
xalq şairi və xalq yazıçısı var. Onlar da öləndən sonra ölkədə xalq
şairi, yazıçısı adı tarixə qarışacaq. Ramiz Rövşən niyə xalq şairi
adına layiq görülməyib? Niyə 30 yaşına qədər müğənnilərə xalq
artisti adı verilir, amma illərini bu sahəyə həsr edən insanlara
xalq yazıçısı adı verilmir?
Moskva küçələrində alver edən
araşdırmaçı...
- Bilal müəllim, oğlanların da ədəbiyyatla nəfəs alır.
Faiq Hüseynbəyli kifayət qədər uğur qazanıb. Kiçik oğlun Afiq də
araşdırma ilə məşğul idi.
- Afiq BDU-nu bitirdi, indi Rusiyada yaşayır. Atası burda qalıb
nə əldə etdi ki? O, heç ədəbi mühitin diqqətini cəlb eləmədi... O,
Urdu ədəbiyyatından araşdırma aparıb kitab yazmışdı. Hazırda həmən
kitab BDU-da sevilə-sevilə oxunan kitablardandır. Afiq ilk dəfə
Urdu ədəbiyyatı haqqında orijinal məlumatları ortaya çıxartdı. Nə
olsun ki? Onun qayğıya ehtiyacı var idi. İki il Bakı küçələrində
qəzet satdı. Hər şeydən əli üzüləndən sonra Moskva getdi, indi orda
alver edir.
Faiq Hüseynbəyli isə Azərbaycanda oxunan yazarlardandır. Kifayət
qədər uğurlu şeirləri var. 5 kitabı nəşr olunub. Mən onun yazdığı
şeirlər kimi şeirlər yaza bilmirəm.
- Söhbətə başlayanda dedin ki, elə bir arzum yoxdur ki,
gerçəkləşməsin. Amma danışdıqlarımızdan görürəm ki, olduqca
gerçəkləşməmiş arzuların var.
- İnsanlar iki cür yaşaya bilər. Ya öz imkanları ilə, ya da
arzularının arxasınca gedərək. Nağıllarda buna it hürən və işıq
gələn tərəf deyirlər. Arzular belədir ki, həyata keçəndən sonra
yenə də nələrsə arzulanır. Qısası, onlar tükənmir. Amma arzusuz
yaşamaq da yaşamaq deyil. Hər bir ziyalı, yaradıcı adamın müəyyən
arzuları, məqsədləri olmalıdır. Fikirləşirəm ki, çağdaş ədəbiyyata
qayğı göstərək. Ədəbiyyat qalsın kənara, mən elə 30 ildir folklor
ədəbiyyatına öz maddi vəsaitimdən istifadə edirəm. "Alar və
alarlılar", Cəlilabad hadisələri haqqında fundamental kitabları
ortaya qoya bildim. Bu gün o kitaba baxanda düşünürəm ki, mən bu
gün belə kitab yaza bilərəmmi? Həmin dövrün öz ovqatı vardı.
"Çağdaş repressiya ədəbiyyatımız" adlı kitab yazdım. O, yazıçı
bədbəxt yazıçıdır ki, onun içində müəyyən bir senzura oturub.