Həbsxana həyatı ilə bağlı çoxlu kitablar oxusam da,
əslində bu kitablar sonradan - gerçək həbsxana həyatını yaşadıqdan
sonra – mənə çox maraqsız görünmüşdü. Həyatının müəyyən hissəsini
bağlı qapılar arxasında keçirən adamlar da vardı ki, çox əvvəllər
onlarla söhbətlərim mənə daha maraqlı, dinamik görünərdi. Açığı
deyim ki, heç kəsə arzulamadığım bu həyatda sonralar danışılası,
xatırlanası, misallar göstəriləsi ibrətamiz hadisələr o qədər olub
ki!
Bəzən bu günləri yaşamağına heç heyfslənmirsən də. Baxmayaraq
ki, ömrün bu anları həyatın qara zolağıdır. Bəzən həbsxananın da
bir məktəb olduğu deyilir. Bu, doğrudur.
Ömründə heç zaman qarşılaşmayacağın olayları yaşamaq, ağrılara
dözmək, Tanrının "ümid" adlı ətəyindən yapışmaq, min sifətli
insanlarla gözəgörünməyən çəkişmələrdən qalib çıxmaq, yerli-yersiz
"razborkalardan prav çıxmaq", əslində, böyük bir məktəbin müdavimi
olmaqdır. Bu "məktəbin" layiqli məzunu olmaq da hər kəsə nəsib
olmur.
Mənim Bayıl qəsəbəsində yerləşən və sahibkarın öz adını daşıyan
"Ziba xanım Həsənovanın klinikası" adlı özəl bir tibb klinikasının
rəhbəri tərəfindən şərlənərək həbs olunmağımla bu məktəbdə
müdavimliyim başlamışdı. İndi çoxdandır məzunluq dövrünü
yaşayıram.
Haqq nazilir... və üzülür...
Dustaqların aşağılanması bütün ölkələrdə müşahidə olunub.
Sözsüz, CCM-də heç kəsin saçı sığallanmır. Baxmayaraq ki,
müşahidələrimə söykənib belə halların da mövcud olmasını əminliklə
deyə bilərəm. Bu, ən çox dustağın özünün bacarığı nəticəsində
görüntü olaraq nəzərə çarpır. Adminstrasiya tərəfindən qorunan
dustaq zamanı çatanda elə dustaqlar tərəfindən sındırıla bilər. Bu
haqda ötən yazımızda bəhs etmişdim, türmədə belə şeylər
bağışlanmır.
İkinci qisim "xoş gün keçirən" dustaqlar isə cinayət aləmində
sözünü deyənlərdi ki, onlara qarşı da türmə işçiləri ciddi və bəzən
də qəddar mövqe sərgiləyirlər.
Orada – içəridə bunun çox şahidi olmuşam. Bu o vaxtlar idi ki,
Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin rəisi ədliyyə
general-mayoru Nazim Ələkbərov idi və eşitdiyimə görə, cəzaçəkmə
müəsisələrindəki neqativ hallar haqda eks-rəisi mütamadi olaraq
məlumatlandırsa da, məsələlər həllini tapmırdı.
Mənə çox ağır gəlirdi bəzi "nadzorların", zabitlərin 3-4 manat
üçün özlərini iyrənc formaya salmaları, kimsəsiz, "dişsiz" dustağı
şərləmələri. Azadlıqdan məhrum olunanların hüquqlarının onlar
tərəfindən də pozulması insan deyilən varlığın içində nə qədər
çirkabın olmasından xəbər verirdi. Artıq mənsub olduğum millətin
belə nümayəndələrinin olmasına vərdiş etmədə idim. Həbs olunmamın
səbəbləri istintaqımı aparan Baş Prakurorluq yanında Korrupsiya
İdarəsinin Tarıyel Əhmədov adlı müstəntiqinin səmimi etiraflarından
sonra millətimin içində heç də başının üstündə Allahı, ayağının
altında axirət dünyasına gedəcəyi 2-3 kv. metr torpağı
görməyənlərin olduğunu bilirdim. Amma içəridə qana susayan, 2-3
manata görə mənliklərinə kölgə salacaq insanabənzərlərin olacağını
görmək daha dəhşətli idi.
Burda hər şey pulladır. Pulun varsa, sən yaşayacaqsan; pulun
varsa, bəzilərinin qabağında şeşələnən yüksək rütbəli zabit
"sənnlikdi": o, sənin "ayağındı". Göndərəcəksən hara gəldi. Yazdığı
"malyava"nı da istədiyin yerə çatdıracaq, sifariş verdiyin
qəzet-jurnalı da alıb sənə gətirəcək və ilaxır və sair.
Burada yalan ayaq tutub yeriyir, haqq məşhər ayağına çəkilir,
nazilir və üzülür. Yaxşı ki, dustaqlar ağır vaxtlarda bir-birlərinə
arxa durmağı, mənəvi dayaq olmağı bacarır. Əgər belə olmasaydı,
məhrumiyyətlə dolu olan uzun dustaq həyatımı sağ-salamat başa
vurmaq heç də asan olmazdı. Baxmayaraq ki, azadlıqdan məhrum
olanların əksəriyyəti i"içəridə" pis əməllərə aludə olub
çıxırlar…
Şahidi olduğum hadisələrdən yeri düşdükcə bəhs edəcəyəm…