"Bizim ömrümüz bizi sevənlərin ölümü ilə sona
çatacaq"
- Rüstəm bəy, gəlin söhbətə
başlamadan öncə bir müəyyən edək, indi haradasınız, dünyadamı,
göydəmi, yoxsa göylə yerin arasında?
- Zümrüd xanım, ömrün elə bir anına gəlib çatdım ki, bu sualı
demək olar ki, hər gün mən də özümə verirəm. Burdayammı,
deyilmiyəm? Axi kiməm, nəyəm mən? Hərdən adam olmaqdan bezib
özümdən soruşuram ki, yosunmuyam, balıqmıyam? Mələkmiyəm,
şeytanmıyam, daşmıyam, ağacmıyam? Belə günlərin birində yazmışam
ki:
Ömrü sovurub, sovub,
Bəxti qapıdan qovub.
Çətindir göyü sevib,
Qayıdıb yerin olmaq.
Bütün şairlər bilinməyən bir gücün sürgünləridirlər. Heç vaxt
heç yerdə rahatlıq tapa bilməzlər. Bütün dünyanı gəzdim. Getdiyim
bütün yerlərdə vardığım günün sabahı həmin yerdən çıxıb getmək
istəyi baş qaldırdı içimdə.
Mən bütün həyatım boyu içimdəki uçurumdan qaçmaq üçün yürüdüm.
Ancaq nədənsə sonda özümü yenə də həmin uçurumun kənarında tapdım.
Və içimdəki bu uçurumu ömrüm boyu kölgəm kimi daşıdım. Bəlkə də ona
görə indi harda olduğumu özüm də bilmirəm.
İnsanın sahib olduğu ən gözəl şey sözdür. Söz belə əşyaları,
şeyləri və bizim ruhumuzu ifadə eləyə bilmir. Mən həmişə düşünmüşəm
ki, şeylər təkcə ölçüsündən, miqdarından və kəmiyyətindən ibarət
deyil. İnsan da beləcə... Və insanın əsl mahiyyəti sözlərlə ifadə
olunmayacaq şeylərdədir. Mən də sözün ifadə eləyəmmədiyi bir
yerdəyəm.
Mən həmişə düşünmüşəm ki, bütün həyatım boyu can atdığım yer –
indi durduğum yerdi bəlkə də...
- Olduğunuz yer haradır ki? Əgər dünyada deyilsinizsə,
bəlkə nə zamansa, kimsə sizin qulağınıza fani olduğunuzu söylədi,
siz də dünyanın nisbiliyini anladınız... Burdakı mütləqlik
görüntüsünün bəlasından qurtardınız özünüzü?!
- Bizim ömrümüz bizi sevənlərin ölümü ilə sona
çatacaq.
- Fani olmaq - ötəri, keçici anlamında olmalıdı məncə... Təkcə
mənim yox, var olan hər şeyin ötəri, keçici olmasını bilməm üçün
kimsənin qulağıma pıçıldamağına ehtiyac yoxdu. Mən hər şeyin keçici
olduğunu bildiyim üçün heç nəyə, heç yerə can atmıram. Can atmaq
iblis istəyidir. İçimdə nə heykələ dönmək istəyi, nə qəhrəman olmaq
xülyası, nə də əbədiyyətə çevrilmək arzusu var. Mən yalnız "fərd fenomendir" deyən buddistlər
kimi əzabdan qurtarmaq – yəni mənə verilən ömrü yaşamaq
istəyirəm. Uzun illərdir
tanrı, ölüm, əbədiyyət kimi qutsal düşüncələr bezdirib
məni.
Mən bu Azərbaycan deyilən məmləkətdə, zəngin adamların içində
bir nəfər də olsun imanlı adam görmədim. Zatən onların bir Tanrıya
ehtiyacları yox ki! Onlar allahdan istəməli olduqları şeyləri onsuz
da zəiflərin, gücsüzlərin əlindən zorla alırlar. Tanrı onların
nələrinə gərəkdi ki! Qayıdaq mütləqlik anlayışına. Günah Allahla
bəndə arasındakı məsafənin ölçüsü olduğu kimi, əbədiyyət də
hərəkətin anlara hesablanmış zaman ölçüsüdür. Alimlər fəzada
kütləsi kosmik rəqəmlərlə ölçülən planetlərin hərəkət sürətinin
hərdən sıfıra bərabər olduğunu söyləyirlər. Bu bir yana, "qara
dəlik" deyilən bir anlayışa görə, həmin qara dəlik maddi olanlarla
bərabər onlara məxsus olan zamanı da udub yox eləyir. Bu halda
zamanın, vaxtın ölümsüzlüyündən və əbədiyyətdən nə cür danışmaq
olar? Adamlar bilmirlər ki, ömür illüziyadan başqa bir şey deyil.
İnsan yer üzündə deyil, ancaq sevdiklərinin qəlbində, sevdiyi
şeylərin mahiyyətində yaşayır. Yaşamağın başqa bir anlamı yox və
həyat ona bağlanılacaq qədər uzun deyil. Bizim ömrümüz bizi
sevənlərin ölümü ilə sona çatacaq. Əbədiyyət deyilən şey yoxdu,
Zümrüd xanım!
Gündüzlər Allahı söyüb, gecələr ona dua
oxuyub
- Niyə ədəbiyyat, söz qalib gəlmədi, niyə fəlsəfə belə,
dünyanı xilas edə bilmədi. Niyə dünyanın ən böyük
mütəfəkkirlərlərinin gücü çatmadı ki, insanlığın qulağına sən
fanisən pıçıldasın.
- Zümrüd xanım! Mənim tanıdığım bütün böyük şairlər, yaradıcı
adamlar (Homer, Evripid, Nizami, Höte, Dostoyevski, Cavid, Rembo və
s.), filosoflar (Platon, Sokrat, Kant, Hegel və s.) əbədiyyətdən,
insan ruhunun ölməzliyindən danışıblar. Mənim sevdiyim filosof
Nitşedən başqa... O da nala–mıxa vurub. Gündüzlər Allahı söyüb,
gecələr ona dua oxuyub.
Adını sadalığım bu böyük düşüncə və fikir adamları içlərindəki
"eqo"nun üzündən insanlara fani olduqlarını anlatmayıblar.
Bəzi filosof və düşüncə adamları da faniliyi anlayıb, qəbul
eləmədikləri üçün min cür vəddə bulunub heç birini də yerinə
yetirməyən Musanın, İsanın, Məhəmmədin kitabına sığınıblar.
Mən fanilik məsələsində buddizmin tərəfindəyəm. Çünki onlar
günahla mübarizədən deyil, acı və əzabla mübarizədən bəhs edərlər.
Və onlar Allah problemini birdəfəlik həll ediblər. O yoxdu. Allah
yoxdusa, insan əzab və acıları ilə təkbaşına qalıb. Və hər şeyin
öhdəsindən onun özü gəlməlidir. Deməli, kiməsə oxunacaq duaya da
ehtiyac yoxdu.
Qayıdaq sizin sualınıza. Fəlsəfə məlum olmayanın və ya
qeyri-dəqiq olanın sübutlara əsaslanan şərhidir. Elm analitik
təsvir, fəlsəfə isə sintetik şərhdir. Fəlsəfə bizi xoşbəxt eləyə
bilməsə də, bizim ruhumuzu azad eləyə bildi. Böyük mənada ədəbiyyat
da eləcə.
Fəlsəfə və ədəbiyyat böyük mənada söz, Allah, ölüm, əbədiyyət,
zaman və məkan haqqında düşüncələrlə qorxu içində yaşayan insana
yol göstərə bilər, ancaq onu xilas eləyə bilməz.
Heç bir söz adamı və filosof içində unudulmaq qorxusu yaşatdığı
üçün fanilikdən söz açmaz. Tək-tük adamlar bu qorxunu aşıb keçə
bilər. Məsələn Budda kimi...
Günah – Allahla insan arasındakı məsafəni göstərən
ölçüdü
- Biz Allahda sükunət tapa bilmədik, şeytanda kükrədik.
İnsan Allahdan uzaqlaşdı, ruhunu şərə təslim etdi, amma bu indinin,
müasir dövrün bəlası deyil, ən qədim ədəbiyyatda bundan bəhs
edilir. Sadəcə, indi şər bir bilgisayarın düyməsinin ucunda
milyonlarca insana tirajlanır. Mən inanmıram ki, insan dəyişib,
əksinə, əsrlər, zamanlar keçdikcə insan daha çox özünə dönür...
Sizcə...
- Allah və şeytan haqqındakı fikirlərinizə şərik olmasam da,
insanın dəyişmədiyi haqda fikrinizlə razıyam. İnsanı bioloji varlıq
kimi şərtləndirən iki böyük dəyəri zamana görə dəyərləndirək.
Günah və sevgi.
Günah – Allahla insan arasındakı məsafəni göstərən ölçüdü.
Sevgi – insanın şeyləri dəfələrlə olmadıqları kimi görməsi
vəziyyətidir.
Günah da, sevgi də min illərdi öz əsl mahiyyətindən bircə addım
da kənara çıxmayıb.
Əslində insan dəyişməyib, Zümrüd xanım.
Sadəcə, Allahla insan arasındakı əlaqə itib, ya da
zəifləyib.
İnsan ancaq içinə dönüb bu əlaqəni bərpa eləyə bilər. İnsan
cənnətdən nə üçün qovulduğunu anlamalıdı, məncə. Bir almanın
ucbatından cənnətdən qovulan adama yer üzündəki almaların hamısının
onun olmadığını inandırmaq çox çətindir.
Ömrü nağıla bənzətsək, göydən düşən üç almanın üçünün də bir
adamın istəməsi və əldə etməsi cinayətdi, əxlaqsızlıqdı
məncə...
Mən başqa yol seçdim – Sükutu sözə daşımaq
yolunu
- Siz deyirsiniz ki, sükutu sözlə dağıtmanın vaxtı
çatıb. Bəlkə də həm sözün gücü yetmir daha sükutu daqımağa... Hər
şey sözdən başlasa da, sözdə bitmir deyəsən, zorda, gücdə
bitir...
- Sükutu sözə daşımaq qiyam deyil, üsyan eləmək deyil.
Qarşındakı adamı özünün də var olduğuna inandırmaqdı, haqsız olana
haqsız olduğunu anlatmaq, utandırmaqdı.
Mən çıxılmaz vəziyyətdə qalan, bütün yoların bitib-tükəndiyini
söyləyən bir adam üçün sonda yenə üç yolun qaldığını bildiyim
qənaətindəyəm.
1. İntihar - ən asan yol.
2. Təslim olmaq - ən çətin yol.
3. Qiyam – son yol.
Ölümsüz olmadığımız, insan olduğumuz üçün hər üçü məqbul hesab
olunmalıdır.
Mən başqa yol seçdim – Sükutu sözə daşımaq yolunu. Bu mənim
boyuma biçilmiş yoldu. Və mən sükutu sözə daşımaq zamanının
adamıyam. Buna baxmayaraq, qiyamçıları da sevdim.
Biz göy üzünə ayna kimi baxmadıqca...
- İnsan qulağını qapayıb axı, eşitmir, əvəzində əlini
açıb... Allahla ünsiyyəti də qarğışa və yalvarmaya enib, insan
özündən kiçildikcə, əskildikcə Allahını da kiçildib, Allahı da
mahiyyətindən əskildib...
- Sizin Allah mənim Allahım olmadığına görə, mənim Allahla işim
yoxdu. Qulağını qapayıb əlini açan adamın dilənçidən fərqi yoxdu
məncə... Biz göy üzünə qorxa-qorxa baxmaqdan qurtarıb ona ayna kimi
baxmadıqca qulaqlarımız kar, gözlərimiz kor, əlimiz özgələrinin
önündə açıq olacaq. Zümrüd xanım, ən böyük dərd odur ki, bizim
cəmiyyətdəki adamların Allahı onların ahı və günahı boydadı. Ancaq
mən bildiyim Allah günahdan, ahdan ucada dayanmalıdır. Bir də
bilmirəm, siz hansı allahdan danışırsınız? Allahlar olan yerdə
Allah olmur. Bu məmləkətdə Allah yoxdu, Zümrüd xanım!
Sözün hakimiyyəti tanrının himayəsindədir
- Amma qulağını qapadığını təsdiq edirsiniz, qulağını
qapayıbsa, səsin eşidilmədiyi yerdə sözü kim eşidəcək,
şair?
- Böyük Mirzə Cəlil deyirdi ki, sən sözünü səni eşitməyənlərə
söylə. Sezar da, Çingiz xan da, Əmir Teymur da sözüynən gəldi
hakimiyyətə... Söz onları böyük qıldı. Xalq inandı onlara. Son
örnək mərhum Ə.Elçibəy də, mərhum H.Əliyev də sözlə xalqı
inandırdılar. Onların heç biri top-tüfənglə gəlmədi ki,
hakimiyyətə, yadında saxla, Zümrüd xanım, söz əgər sözdürsə, bu gün
olmasa da, sabah eşidiləcək. Sözün hakimiyyəti tanrının
himayəsindədir. Mən sözün zordan həmişə güclü olduğuna
inanmışam.
Güc zora hesablanıb, söz ilahiliyə
- Söz nə etsə də, insanı fəzilətə çəkə bilmir, mərhəmət və
fəzilət qəbahətin qarşısında yenik düşür. Hətta peyğəmbər belə bir
əlində qılınc, bir əlində kitab tutmağa məcbur oldu.
- İncildə qılıncla gələcək İsadan söz etsələr də, "İncil"
olmasa, İsa nəyə yarar ki, bir əlində qılınc, birində Allah kəlamı
olan Məhəmmədin dilində kəlam olmasaydı, əlindəki qılınc heç bir
şey edə bilməzdi. Güc zora hesablanıb, söz ilahiliyə. Söz qılıncdan
ucadadı, Zümrüd xanım!
Biz savaşı uduzmuşuq, müharibəni yox...
- Həyat öz bətnində ölüm gəzdirir... Siz də bir vaxtlar
Azərbaycanın ölümündən yazmışdınız, bir ana tabutu kimi ortada
qalmasından... Sonra bir az insafa gəldinizmi, ya o ana tabutunun
ortada qalmasına ürəyinizi dözmədi, bilmirəm, bu dəfə də dediniz
ki, köksü yaralanmış əsgərdir Azərbaycan... Can verir. Niyə ona can
verə bilmədik biz, söz adamları, bəlkə ona görə ki, sözümüzün sahib
olmadıq?
- Azərbaycanı "ortada qalmış ana tabutu"na bənzətməyim uzun
illər bundan əvvəl olmuşdu. Azərbaycan ortada qalmış ana tabutu
olmaqdan çıxdı artıq... Nə cür çıxdı, bu başqa söhbətin mövzusudur.
Mən indi də o fikirdəyəm ki, bu gün Azərbaycan yarasından qan axan
bir əsgərə oxşayır. Gülləni o yaradan çıxarmağın zamanıdı. Güllə
yaradan çıxarılmasa o əsgər öləcək. Azərbaycana axan sərvətin işığı
gözlərimizi elə qamaşdırıb ki, yaradan axan qanı görmürük. Ağlımıza
da gəlmir ki, o sərvət o axan qanı saxlayıb, o əsgəri xilas edə
bilməz!
Ancaq bu gün də o yaralı əsgəri saxlayan var – dövlət deyil, söz
adamlarının ona verdiyi təskinlikdi, ümiddi. Bizim borcumuz odur
ki, yenilən millətə başa salaq ki, bu hələ son deyil – biz savaşı
uduzmuşuq, müharibəni yox...
"Ziyalıların" əksəriyyəti şeytanın bər-bəzəkli
arabasında
- …Çünki "qanımızı tökmədik İncilin, Quranın üstünə"...
Bəlkə töksəyədik, bunu sözdən əmələ çevirə bilsəydik, indi elə
olmazdı?!
- Onu düz deyirsiniz ki, şeytanlaşan topluma çevrilmənin ən
böyük günahı siyasətçilərin üstünə düşsə də, burda bizim də
günahımız var. Azərbaycan ziyalısı – düşüncə və fikir adamları
lazım olan anda boyunlarına düşən missiyanı yerinə yetirə
bilmədilər. Və Azərbaycan xalqının üz qarasına çevrildilər.
Bir yerdəyəm, bura yerdimi,
Od düşsün buranın üstünə.
Tökəcəm günahsız qanımı
İncilin, Quranın üstünə,
yazıb etiraz etsəm də, mən də qanımı Allah kitablarının üstünə
tökmədim. Burda günahın biri ziyalıda olsa da, ikincisi onun
arxasında dayanmayan, şeytanla Allah arasında seçim eləyə bilməyən
xalqdadır. Və ona görə də "ziyalıların" əksəriyyəti şeytanın
bərbəzəkli arabasına minib allahdan uzaqlaşdılar.
Ancaq bu gün günahsız qanımızı İncilin, Quranın üstünə tökməyin
zamanı gəldi artıq...
- Amma biz həm də pis tamaşaçıyıq, bilirisiniz niyə, çünki biri
bizim qulağımıza pıçıldamaq istəyəndə ki, biz faniyik, geri dönürük
və deyənin dilini kəsirik, ya da kəsilməsinə də dözürük ki, kimsə
bizə dəyməsin. Bizdən keçənin qardaşımıza dəyməsinin açısını
yaşamırıq.
…Cəmiyyət sürüdən başqa bir şey deyil
- Ölümə gedə bilməsə də, "dar ağacına salam vermək", "ölümə xoş
gəldin" demək bir şairin təbii haqqıdı, məncə... Mən də bu
haqqımdan lazım olduğundan daha çox yararlandım.
Zümrüd xanım, mən bu uzun illər söz adamı olaraq boynuma düşən
hər şeyi eləməsəm də, çox şeyi elədim. Bunun yetərli olub-olmaması
artıq mənlik deyil.
1988-ci ilin fevralında 100 min tələbənin önündə "Azadlıq"
meydanında təkbaşınaydım, həbsxanada təkbaşınaydım, indi də
düşüncələrimlə təkbaşınayam. Ağlım kəsəndən bu günə:
Mən dua oxudum dua,
Dərdi sevinci bir udum...
Hamı mələklərin xorunda
Mən təkbaşına oxudum.
Mən bu gün də o fikirdəyəm ki, Azərbaycan ruhundan və Qarabağ
adlı yarasından qan axan yaralı bir əsgərdir. Mən bu yaranı
sarımağın yox, gülləni bu yaradan çıxarmağın tərəfindəyəm. Mən
bunun üçün son döyüşdə sıra nəfəri olmağa belə razıyam.
Bizim pis tamaşaçı olmağımız bizim təklənməyimizin və
yalnızlaşmağımızın əlamətidir. Bu da idarə olunan bir prosesdir və
piramidanın başında dayanan adamın nəzarətindədir. Hər kəs öz
hayında olmalıdır ki, adamlar üçün ortaq bir dəyər qalmasın və
beləliklə bir etnos, millət olmaqdan çıxıb şeytanlaşan bir topluma
çevrilsin.
Ortaq dəyərləri olmayan bir cəmiyyət sürüdən başqa bir şey
deyil.
Mənim çox sevdiyim alman şairi Henri von Kleytistin məşhur bir
ifadəsi var – "mənimlə yıxılıb–qalxmaq" təhlükəlidir.
Azərbaycan cəmiyyətində abırlı-həyalı bir adamın ətrafında
dostlarını gördünüzmü heç? Görə də bilməzsiniz! O axı
ətrafındakıları da yaxıb yandırır.
Bəlkə də elə ona görə mənim dostlarım yoxdu. Və bəlkə ona görə
də günlərin bir günü yazmışam ki, bu şəhərdə qalmaq üçün salam
verməyə, çıxıb getmək üçün vidalaşmağa bir kimsə yoxdu.
- Bu günün Rüstəm Behrudisi, belə anladım ki, dünyalı
deyil, onda dərvişdirmi, şamandırmı, yoxsa başqa bir dünyaya
yolçuluğa hazırlaşan, həqiqəti axtaran, ya da bəlkə dünyanın ən
axmaq adamını tapan biri? Kimdir Rüstən Behrudi?
- Mən kiməm? Kim? Ən azı
Tanrıdan gəlsə bir yazı.
Sözümü namaz əvəzi
Dua tək qılan biləcək.
Bir az təvazökarlıqdan uzaq oldu deyəsən. Ancaq mən haqq və
ədalətin heç vaxt hakimiyyətdə olmayacağını bilə-bilə bu savaşda
özümü savaşçı olmağa məhkum eləmiş biz söz adamıyam. Mənə nəticə
maraqlı deyil ki, yol maraqlıdı. Və nəticə heç vaxt səbəbdən böyük
ola bilməz.
Günlərin bir günü "Azadlıq" qazetində "İsanın çarmıxdan
endirilməsi və yaxud Rembrandtın fırçasında rənglər dəlidi" adlı
yazımı oxumuş bir dostum mənə zəng vurub, bircə cümlə söylədi: -
Sən dəlisən,- və telefonu söndürdü. Mən xoşbəxt olmuşdum.
Çünki:
Göydən mənə bir səs baxdı,
Ağıllıdan dəli haqdı.
Olsa da, bil, fərqi yoxdu –
Kimin, nəyin divanəsi.
P.S. Zümrüd xanım! Mənim də sizə bir sualım var. Bütün
zamanların əfsanəsi Çe Qevaranı kimin satdığını bilirsinizmi?
- Uğrunda vuruşduğu Boliviya kəndliləri...