Xatirə Fərəcli Sumqayıtda yaşayır. Artıq qocalmaqda olan
gənclər şəhərinin ədəbi mühitini bu xanımsız təsəvvür etmək olmur.
Şeirləri və ədəbi-bədii tədbirlərdəki çıxışları ilə həmişə göz
önündə olub.
Şair İbrahim İlyaslının direktoru olduğu "Poeziya klubu"nda
söhbət etməyi qərarlaşdırdıq. İbrahim bizi – qəfil qonaqları
gülərüzlə qarşıladı, çay tədarükü görmək üçün klubun xanım
əməkdaşına bədahətən şeirlə müraciət də etdi. Nəhayət, Xatirə
xanımla söhbət etmək imkanı qazandım, söhbətə körpünü uzaqdan
saldım:
- Xatirə xanım, səfər təəssüratlarınızı oxudum,
yaxınlarda Gürcüstanda olubsunuz. Mirzə Şəfinin, M.F. Axundovun
məzarlarını ziyarət edibsiniz...
- Gəzməyi çox sevirəm. İmkanım çatan qədər heç olmasa, ildə bir
dəfə bir həftəlik, on günlük də olsa, harasa getmək, haralarısa
gəzmək, görmək istəyirəm. Bu il də Gürcüstana getdim. Sevdim
Gürcüstanı. İnsanlarının ictimai yerlərdə, ictimai nəqliyyatda
özünü aparmaq mədəniyyətindən tutmuş tikilən hər hansı obyektin,
binanın hər birinin bir memarlıq abidəsi olmağına qədər çox şeyə
yaxşı mənada həsəd apardım. Nə tikirlərsə, şəhərin gözəlliyinə
xidmət edir və çox uzun zamana hesablanır. Lap xırda bir misal
çəkim: parklarında adi skamyaları belə elə düzəldiblər ki,
sınmayacaq, çürüməyəcək. Yolları elə çəkiblər ki… Yolun
qıraqlarında qazon əkməyə ehtiyac belə yoxdur, bu gün əkələr sabah
da insanlar tapdalaya, yerində quru torpaq qala. Mərkəzi küçədə elə
təzə tikili mənzillər (bizdə "novostroyka" deyilir) tikilib ki, heç
biri bir-birinin eyni deyil. Elə durub o binalara tamaşa etmək
istəyirsən. O biri küçəsində köhnəlik və möhtəşəmlik. Təzə nəsə
tiksələr də, o biri köhnələr ilə uyğunlaşdırırlar. Dahilərimizin
qəbrini ziyarət edəndə elə hisslər yaşadım ki, onu qələmə almaqda,
danışmaqda çətinlik çəkirəm. Onlar həm də dövrünü qabaqlayan
insanlar olublar. Bu zamanda internet əsri, məlumat bol, dünyaya
çıxış, hər hansı bir adam üçün dünyadan xəbərdar olmaq çox asan
olan bir dövrdə dünyadan xəbəri olmamış kimi yaşayan, danışan
ziyalı adlandırılan o qədər adam var ki. Dünyanı kef üçün
dolaşırlar, amma dünyadan xəbərləri yoxdur.
Şair ürəyi kəpənək qanadıdır, toxunsan...
- Bir neçə şeir kitabınız çıxıb. Şair olmaq çətin deyil
ki?
- Şair ürəyi kəpənək qanadıdır, toxunsan, ovulacaq. Şair olmaq
həm tərki-dünya, həm də dünyada olmaqdır, şairlər hamıdan duyumlu,
hissiyyatlı və hamıdan sadəlövhdürlər. Şairlər ruh adamıdır, öz
dünyaları var. Bəzən o dünyadan aralı olanda qəribə görünürlər. İki
dünyanın sakini olmaq çətin işdir.
- Sizin təbirinizcə düşünsək, maşallah, ikili dünya
yaşayanlarımız çoxdur.
- Söhbət şairdən gedir, özünü şair kimi şeirə, ədəbiyyata
sırıyanlardan yox. İkincilər bir dünyanın sakini kimi özünü tanıda
bilmir heç... Onlar elə bil çap maşınıdırlar. Nə qədər kitab
çıxararlar, yazdıqları elə bil Quran ayəsidir, toxunmaq, cırıb
atmaq olmaz. Balaca bir kitabın olsun, amma içindəki şeir
olsun.
- Xatirə xanım bu qədər şeir yazanların, özünü şair
sayanların arasında necə hiss edir?
- Hələ özünü şair sayanlar qalsın bir tərəfə, çünki onlar özləri
bilmirlər ki, onlar şair deyil. Aşağını yaxşı görmək üçün insan
yuxarıda olmalıdır. Mən ona məəttəl qalıram ki, belə insanlar
təqdimat, görüş keçirir. Dəvətlilər, özünü kifayət qədər qələm
adamı kimi tanıtmış şəxslər onların yazdıqlarını elə tərifləyirlər
ki, nəinki tərif edənlər, hətta söz, sənət gözümdən düşür.
- Elədirsə, getməyin o tədbirlərə.
- Məni sözünə, şəxsiyyətinə, sənətinə hörmət etdiyim adamların
tədbirlərində görmək olar. Həm də balaca şəhərdi, üz-üzə gəlirsən,
tanıyırsan…
Gerçək olmayan o qədər arzularım var ki...
-Qəlbim qan gölüdür, ləngəri əldə
Titrədər toxunsa ötəri yel
də:
Etibar itərsə, qayıtmaz bir də
Güllə yeri kimi güllənib
gedər, - bu sizin şeirdir. Nədən
narahatsınız?
- Mən heç nəyi gizlətmədən hər kəsə, hətta qürur hissi ilə açıb
danışa biləcək qədər təmiz, övladlarıma nümunə olacaq bir ömür
yaşamışam. Bunu məni yaxından tanıyan adamlar bilir. Ona görə yox
ki məni belə tanısınlar, sadəcə, mən buyam. Qaldı şeirə, qoyun,
oxucu necə qəbul edirsə, elə də qəbul etsin.
- Xatirə xanımın həyatında gerçək olmayanlar nədir? Nəyi
arzulamısınız, amma gerçək olmayıb?
- O adamlar xoşbəxtdirlər ki, olduqları məqam onları qane etsin.
Gerçək olmayan o qədər arzularım var ki. İnsanda arzu və ümid heç
vaxt tükənmir.
- Şeiriniz var:
Göylər ayaz
fikirlərim kəpənək qanadı,
ruhum havalı…
heç kəsi eşitmirəm, görmürəm
səni görmüşəm yuxuda…
Yəni gerçək olmayanları yuxuda görüb, təskinlik
tapanlardansınız?
- Yuxular həmişə çin çıxmır ki, - deyə cavab verir. Gülür, amma
gözlərində gülüşü əks etdirən heç nə hiss olunmur. Amma nədənsə
düşünürəm: hər ikisi səmimidir, həm gülüşü, həm də gözlərinin arxa
divarından utancaq halda boylanan kədər.
Şeir hissin, duyğunun fotoşəklidir
- Şair yaşadıqlarını yazır. Sizcə, bütün insanların
yaşantılarını ədəbiyyata gətirmək olar?
- İnsanın hər günü, hər anı yaşantıdır, sonrakı zaman üçün
xatirədir. Amma o sonrakı zaman gələndə hansı an, hansı gün yadda
qalır, xatirəyə dönür. İnsanı duyğulandıran, hisslərinə toxunan
məqam, qalanlar yada düşmür. Hətta olur kiminsə yadında qalacaq bir
yaxşılıq, pislik etmisən. O şəxs unutmayıb, nə vaxtsa sənə
xatırladanda sən xatırlaya bilmirsən. Şeir də elə, hər hansı bir
duyğudan yaranır. Şeir hissin, duyğunun fotoşəklidir. Məhz
duyğulanan məqamlarda şeir yaranır. Yoxsa oturub çalışasan ki, nəsə
yazasan və o yazdığın da şeir olsun, bu olmur.
- Bax bu, sizin yaşantınız, narahatlığınızdır.
Yazmısınız:
Kirpiyimi çəpər çəkdim
gözlərimə dolan yerdə.
Bir yol tapıb gəldin ki, sən
Sındırasan məni birdə?!
Necə düşünək, bu həmin lirik qəhrəmandır ki, yuxuda
gördüyündən gözünə heç kəs görünmürdü?
- Lazım olduğundan daha çox kövrək, gözüsulu adamam mən. Bu,
yaxşı hal deyil, bəzən insanı göydən yerə çırpır. Gözüsulu dedim,
elə bilməyin harda gəldi, necə gəldi ağlayıram. Bəzən yas məclisinə
gedirəm, hamı ağlayır, mənim gözümdən bir damcı yaş belə gəlmir.
Həm də çox qürurluyam, bu qürur da mənə çox mane olur və qürurumdan
dolayı gizlətmək istədiyim hisslərə göz yaşlarım elə şahid durur
ki.
- Dərdinizi necə əzizləyirsiniz? Şeirinizdə yazmısınız
bunu: Oxşa sevdiyin kimi, əzizlə
dərdlərini, - demisiniz. Səmimisiniz bu
deyimdə?
- Mənim səmimiyyətim də lazım olduğundan artıqdır. Nəinki
şeirlərdə, həyatda da.
Deyir və inandırır. O, rəngsiz, boyasız insandır. Qalmaqaldan da
uzaqdır. Bir müddət Sumqayıt ədəbi mühitində güclü qarşıdurma
yaranmışdı. Mətbuat bu haqda yazır, yazarların cəm olduğu
məclislərdə bu söhbət gündəmi zəbt edirdi. Böyük bir ədəbi mühit
iki yerə parçalanmışdı. O günləri yada salıram:
Qadın doğulmaq bəxti gətirməməkdir
- Sumqayıt ədəbi mühiti necə nəfəs alır? Əvvəlki illərin
qarşıdurması, dedi-qodusu bu gün də davam edir?
Üzündə günahkar təbəssümə bənzər nəsə dolaşır. Ani də yox olur.
O, bu qalmaqladan, qarşıdurmadan uzaq olsa da, qələmdaşlarının
ötənlərdə baş verən narahatlığından yayınır:
- Olar bu suala cavab verməyim? - deyir.
- Olar, amma de, sən bir şair olaraq nəyi arzulayırdın,
bu arzular səni haracan gətirdi?
- Nəyi arzuladım, nəyə qovuşdum,
Yovuşmaz günlərə naçar yovuşdum,
Bir dəli şimşəkdim, keçdim, sovuşdum
Eləcə içimdə batdım, ovundum.
"Ovundum" şerimdəndir. Arzuladığı həyatı yaşamaq hər kəsə nəsib
olan səadət deyil. Bizim cəmiyyətdə qadın doğulmaq bəxti
gətirməməkdir. Gör indi abırlı qadın olmaq nədir. Sözsüz ki,
xoşbəxtliyi qabağına sinidə gətirilənlərdən danışmıram.
- Zaman-zaman klassik yazarlara, şairlərə gənc
yaradıcılarımız tərəfindən tənqidlər səslənir, necə qəbul
edirsiniz?
- İnsan yaşlandıqca gənclərlə ünsiyyətə daha çox meyil edir. Çox
güman ki, bu qocalan ruhlarını cavanlaşdırmaq istəyindən irəli
gəlir. Müşahidəmdir, özümə aid deyil. Mən evdə üç gənc övladımın
əhatəsindəyəm. Bir istedadlı gənc görən kimi sevinirəm. İndi
gənclər üçün bizə nisbətən meydan genişdir. Gənclərdə özünə
arxayınlıq görəndə, əksinə, mənim xoşum gəlir. Öz fikri, öz baxışı
olmaq hər bir gənc üçün yaxşı haldır…