1957–ci il sentyabrın 28-də Qubadlı rayonunun Xanlıq
kəndində anadan olub. 1975-1977 illərdə Qazaxıstanda hərbi xidmətdə
olub. 1978-ci ildə Qubadlıda işıq idarəsində işıqçı çalışıb. 3 ay
sonra usta vəzifəsinə keçib. O ərəfədə Gəncə Politexnik Texnikumuna
qəbul olunub.
Bu dəfə "Cəhbə xətti"mizdə I Qarabağ Savaşının qazisi, müharibə
əlili, Qubadlı Özünümüdafiə Batalyonunun komandiri olmuş Saleh
İsfəndiyar oğlu Rüstəmovdur. Döyüş tarixçəsini öz dilindən
eşidək:
Prokuror məni Qubadlıdan qovdu
- 6 qardaşım var. Hər biri institutu fərqlənmə diplomuyla
bitirib, eləsi iki diplomluydu, bircə mənim təhsilim yarımçıq idi.
Texnikumla kifayətlənməli oldum. Qubadlıda olduğum ərəfədə futbol
komandasında oynayırdım. Bir nəfəri möhkəm döyüb çənəsini
qırmışdım. Hər həftə cərimə alırdım. Ən sonunda bezən prokuror məni
Qubadlıdan qovdu. Həmin dövrdə Qubadlıya qeydiyyata düşmək asan,
çıxmaq mümkünsüzdü. 1984-cü ildə prokuror özü qeydiyyatdan
çıxartdırdı məni. Çıxıb Sumqayıta gəldim.
Erməni də müharibə veteranı imiş...
Sumqayıtda da bir ermənini döydüm. Kimya zavodunda işləyəndə
həmin erməni gəlib bizə acıqlandı. Adı Arnold idi. Mən də vurub
tikinti sahəsinə atdım. Özül qazılmışdı. 2-3 metr dərinlikdə. Bütün
günü orda saxladım. Sən demə, bu erməni həm müharibə veteranı imiş,
həm də əmək. Üstəlik, Kimya zavodunun kanalizasiya sisteminin
çertyoju bunda imiş. Heç kimə də vermirmiş. Bundan çəkinirmişlər.
Getdi məndən prokurorluğa şikayət elədi. Kərəm müəllim adlı bir
nəfər var idi. Mənə dedi ki, sənə kömək edə bilmirik. Həbs
olunacaqsan. Çıx get ölkədən. Mən də Moskvaya getdim. Moskvadan
gəldim Kiyevdə yaşadım.
Kiyevdən avtomat gətirdim
1989-cu ildə dayım xəstələnəndə gəldim kəndə. Ermənilər
Qubadlıdan 3 nəfər öldürdü. Kolxoz sədri, kənd soveti sədri, biri
də sürücüydü - meşədə öldürmüşdülər. Kiyevə qayıtdım. Amma yata
bilmirdim. Yenə Qubadlıya döndüm. Gələndə özümlə Ukraynadan bir
avtomat da gətirdim. Onun üçün məndən 40 min manat pul aldılar. Heç
kim bilmədi silah gətirdiyimi. Qardaşlarımdan da ancaq böyüyü
bilirdi. Gecələr 8-9 nəfər yığışıb dəstələrlə kəndləri qoruyurduq.
Bir rota komadiri idi, bir də mən. Kəndin uşaqlarını mən
toplayırdım. Silahları evlərdən yığırdıq. Verməyənləri döydüyüm də
olub. 1990-cı il 20 Yanvar olanda 9 nəfər Xalq Cəbhəsinə könüllü
yazıldıq.
Sona xanım komendantı qəbirstanlığa apardı
Xanlıq kəndinin mərkəzində - dördyolda bir abidə tikdik. 38 günə
hazırladıq. 20 Yanvar şəhidlərinin ruhuna ithaf etmişdik, ay-ulduz
vurdurmuşduq. Abidə hazır olanda üçrəngli bayrağımızı taxdıq
başına. Ehsan verdik. Ətraf rayonlardan da gəlmişdilər. Cəbrayıl,
Laçın, Qubadlı, Zəngilandan gələnlər çox oldu. Amma gecələr könüllü
döyüşə də gedirdik. Silahımız da qoşalülə tüfəng, beşaçılan, bir
dənə də avtomatımız var idi. Elə oldu ki, xəbər elədilər, rus
komendant məni tutmaq istəyir. Nəsə, tutdu məni. Sona Həşimova adlı
ikinci katib var idi (qardaşı sonra mənim batalyon komandirim
oldu). Həmin Sona xanım komendantı UAZ maşını ilə apardı
qəbiristanlığa, qəbir daşlarında olan ay-ulduzu göstərib başa saldı
ki, bu bizim simvolumuzdur, onunçün vurublar abidənin üstünə. Bizi
də tutanda Xankəndinə göndərirdilər. İkisini göndərmişdilər. Aydın
Şükürovla Vüqarı. Məni tutmadı, buraxdı. Amma bayrağı
sökdürmüşdülər. Bizimkilər mən tutulduğuma görə sökmüşdülər. Mən də
gəldim böyük dəmirlə kəsib düzəltdim, rənglədim, aparıb qaynaqla
vurdum ki, heç kim qoparda bilməsin.
Mən də getdim rusları güllələməyə
Tədricən dəstəni böyüdüb tağım elədim, daha sonra rotaya qədər
böyütdük. Bir gün də xəbər gəldi ki, Qubadlıda batalyon yaradırıq.
Sən gəl, komandir köməkçisi ol və təşkilatçılıq elə. Ondan əvvəl də
Şuşada iki uşaq öldürmüşdü ruslar. Avtomatı onda çıxartdım üzə.
Rusların kapitan rütbəli komandirini girov götürdüm. Bizim keçmiş
polis rəisinin müavini, indi Abşeron rayonunda icra hakiminin
müavini Faiq Kərimov gəlib çıxmasaydı, zastavanın sərhədçiləri olan
ruslar məni öldürəcəkdilər. O uşaqlar gedib onların UAZ-ını
oğurlayıb qaçırtmışdılar Şuşaya aparmağa. Bu sərhədçilər də qovub
Zilanlı kəndində çatmışdı onlara. İkisini də yerindəcə
güllələmişdilər. Mən də getdim rusları güllələməyə. Gördüm məni tək
qoyub qaçdılar. Rusların kapitanını girov götürdüm. Həmin vaxt 3
nəfər gəldi. Gülağa rəhmətlik, Bəşir (indi Qubadlıda pasport
qeydiyyatı şöbəsində işləyir), biri də Faiq. Polis kapitanının
tapançasını götürmüşdüm. Tapançanı da sürücüyə vermişdim saxlamağa.
Mən kapitanı buraxa bilməzdim. Buraxsam, məni vuracaqdılar. 30
nəfər hamısı dizi üstə məni hədəfə almışdı. O bakılı Kamaz sürücüsü
də TT markalı tapançanı götürüb getmişdi. Bir-bir düşdülər üstümə
ki, tapançanı ver. Axırda and içdim ki, məndə yoxdur o
tapança...
...Sonra rotanı yaratdım. Qubadlıdan batalyon yaratmaq təklifi
gəldi. Birinci batalyon dövlətin, icra hakimiyyətinin köməyi ilə
yaranmışdı. Rəhmətlik Əliyar idi komandiri. Mənə gəlib təklif
etdilər ki, sən o rotanı gətir qataq bir yerə, batalyon yaradaq.
Mən də razılıq verdim. Batalyon komandirinin köməkçisi oldum.
Forma, güllə tapıb yığdıq. Bəzən puluyla tapdıq, bəzən pulsuz.
Dövlət tərəfindən elə də kömək yox idi.
Yəhudi dostum
Artıq 1991-ci ilin sonu, 1992-ci ilin əvvəli idi. Yəhudi dostum
var idi. 300 ədəd rus hərbi forması alıb verdi bizə. Çox şeyləri də
gizlin-gizlin alırdıq. 1992-ci ilin əvvəlində ruslar köçüb gedəndə
tərksilh etdik onları. Avtomat , qrantamyot götürdük onlardan.
Artıq tədricən batalyon halına düşürdük. Postları böldük. Kəndləri
bölüşmüşdük. Gecələr kəndlərdən adam oğurlayırdılar, yandırırdılar.
Biz də səhərə kimi keşik çəkib imkan vermirdik. Beləcə, gəlib
1993-cü ilə çıxdıq.
İlk qanlı döyüş
Yuxarı Cibili, Qafan–Gorus yolunun böyründə bir kənd idi. Dağın
lap yüksəkliyi idi. Həsən Qorxmaz rota komandirinin köməkçisi idi.
1993-cü ildə gəldik Ağdama. Biləsuvarlı Qədir Musayev, Rafiq,
Aslan, Fərhad və başqa uşaqlarla Ağdamdan Horadizə qədər döyüşmüşük
bir yerdə. Fərhad onlara ərzaq, paltar gətirirdi. Özü də döyüşürdü.
"Qara Almaz" dediyimiz bir Almaz xanım var idi. Biləsuvarlı. Dolu,
qara qız idi. Həm paltar, ərzaq gətiridi, həm də avtomatı götürüb
bir həftə postda qaldığı olurdu. Deyirdi, İrandan alver edirəm.
Qazancımı bura gətirirəm. Mayıl gedib Qafandan, Gorusun
qurtaracağından erməni tutub gətirərdi. Axırda Qubadlıdan çıxanda
da hələ bizimlə qalmışdı.
Qucağımda can verən...
Sumqayıt uşağı qucağımda can verir, deyirdi ki, komandir, qoyma
ölüm. Güclü qanaxması var idi. Yarasına çöp taxmışdım ki, qan içəri
axmasın. Bir dəfə də 5 uşaq birdən minaya düşmüşdü. Onları özüm
çatdırdım xəstəxanaya, heç biri ölmədi. Həmin vaxt insan ölmək
istəmir axı. Komandir onda ən doğma adam olur. Elə biz özümüz də
əsgəri övladımız kimi sevirdik. Bu gün məni ən çox incidən elə
əsgərə olan münasibətdir. Rus ən son kartofunu belə əsgərə verdiyi
halda biz adicə avtobusda əsgərə yer vermirik. Amma anlamırlar ki,
əsgər məhz sağ qalmaq qarantıdır. Sənin torpağını qoruyur. Sabah
hansısa döyüşdə ölə bilər. Sən yerini də verməlisən. Avtobusda 20
qəpik üçün əsgərə söz deyən balaca uşaq da görmüşəm. Əsgərin 20
qəpiklik hörməti yoxdur yəni?
Biz əsgərlərlə səngərdə bir yatıb-dururduq. Mən heç vaxt əsgərin
arxasında getməmişəm. Komandir, əslində, döyüşü hərbi qanunlarla
arxadan ratsiya ilə idarə etməlidir. Sən sağdan zəifsən, soldan
hücum etməlisən və s. Bizdə elə deyildi. O müharibədə zabit arxada
getsə, əsgər getməzdi. Ona görə biz istər-istəməz öndə gedirdik.
Suarasında döyüşəndə yaralandım. Əliyar rəhmətlik bizə köməyə
gəldi. Onu da iki gün sonra orda vurdular. Onu ermənilər yox, qara
maskalılar vurdular. Qara maskalılar da rusa qulluq edənlər
idi.
Surətin əmri, Şuşa əməliyyatının məhvi
Bir dəfə də elə Laçını almaq istəyəndə bizə mane oldular.
Namazov Nüsrət var idi. Gorus–Qafanı mərmilərlə atəşə tutub
dağıtmışdı. Ermənilər yalvarırdılar ki, atəşi kəsək. Biz Suarasını
alıb Tikanlı zəmiyə çıxanda mən yaralanıb qayıtdım. Həmin vaxt
ruslar bizi tankla, özüyeriyənlə elə dəqiq vururdular ki, elə bil,
yerimizi özləri təyin ediblər. Texnika rusların idi. Heç girə
bilmirdik. Üçüncü gün girəndə mən ayağımdan yaralanıb, 3 gündən
sonra yenə qayıtdım. 1993-cü ilin ya mart, ya may ayı idi. Laçın
uşaqları Kəlbəcərdən gəldi, Ocaz kəndinə qədər Vəngi aldılar. Biz
də çıxdıq Tikanlı zəmiyə. Tikanlı zəmidən Zabux kəndi görünürdü.
Vəngi də Surət Hüseynovun dəstəsi almışdı. Ordan Şuşanı vururdular.
Şuşadan maşınlar qaçırdılar. Axşam vaxtı idi. Maşını görürdüm.
Güləbirtli Vaqif batalyon komandiri idi. Onun TŞK-sını alıb
maşınları vururdum. Maşınlar axır işıqları söndürüb keçirdilər.
Şuşadan qaçırdılar. Səhəri gün bizə əmr gəldi ki, Sürət Hüseynovun
əmri var, aşağı düşməlisiniz. Bir gecənin içində Laçını o tərəfdən
çəkdilər geri, bizi Suarasından endirdilər, Vəngdəki uşaqlar da
düşdülər. Əməliyyat tam məhv oldu. Halbuki biz artıq bütün
dəstələrlə birləşirdik.
Laçın tərəfdə döyüşdə 3 nəfərlik bir qrup idi. Postlarını yaxşı
qurmuşdular. Bir neçə gün bizi yubatdılar. Başımızı qaldıra
bilmirdik. Axır ki, hər üçünü öldürdük. Baxanda gördük ki, birinin
ayağı taxtadan imiş. Amma silahları mükəmməl idi. Rus onları hər
növ silahla təchiz eləmişdi. Onlar adətən canlı əsir düşmürdülər.
Martunidən bir dəfə girov gətirmişdim. Qadın idi. Əvvəl verdim
polisə, sonra gətirib öz zirzəmimdə saxladım. Laçında qalan
meyitlərlə dəyişdik onu. Həsən Qorxmaz öləndən sonra rota komandiri
Mayıl gedib Qafanın ortasından "Kamaz"la bir yerdə götürüb gəlmişdi
iki ermənini. İkisinin də başını Cibildə meşədə kəsdilər. Mən
istəmədim kəssinlər. Amma dedilər, "yox ey komandir, kəsəcəyik".
Sumqayıtdan Şiraslan var idi. Əfqanıstanda qulluq eləmişdi. Qəşəng
xəncəri var idi. Boynunun ardından tutub, bircə dəfə çəkdi, atdı
yerə. Baş söyüş söyürdü. Baş diyirlənəndə də söyürdü. Dili nə
uzunluqda çıxmışdı. Amma o iki nəfər yalvarmadı. Düşmən də olsa,
mərdliklə öldü. Elə düşməni mərd kimi də qəbul eləmək lazımdır. 3-4
nəfəri səngərdən çıxarınca bizdən 5-10 nəfər ölürdü. Onu zülümlə
məğlub edib, öldürürdük. Çünki səngərə girdimi, özünü qoruya bilir.
Səngərə girəni çıxartmaq çətindir. Onlar səngərdə, sən açıq
gedirsən onun üstünə. Bilmirsən ki, hardan atır. Əlbəyaxa döyüşdə
öldürmüşdülər onu. Mən çatana kimi Kamalgil artıq başını
kəsmişdilər. Sonra Kamalın özünün də başını kəsib aparmışdılar.
Dekabrın 31-i gecə
O cür əlbəyaxa davamız Ağdamda oldu. Neftçaladan Ramiz adlı rota
komandiri var idi. Allah ona rəhmət eləsin, ölübsə. Onu diri
apardılar. Bizi Güllücə Tağıbəyli kəndinə atmışdılar. Dedilər,
erməni yoxdur, qoyun tövlələrində yerləşin. 1993-cü ilin dekabrın
31-i gecə idi...
Qalxdılar ayağa, əlbəyaxa davaya başladılar. Sən demə, bizi
bilə-bilə atıblarmış ora. Sadəcə qırılmağa. Cəlal Məmmədov vardı
bizdə - briqada komandiri. Anası rus, atası azərbaycanlı idi.
Bakıdan gəlmişdi. Sonra da H.Əliyevə qarşı planlanmış vertolyot
sui-qəsdində tutulan 3 adamdan biri idi. Həmin döyüşdə 6-7 nəfər
bizdən öldü, 7-8 də erməni meyiti qalmışdı. Səhəri gün deyirəm ki,
sən bəs deyirdin orda erməni yoxdur? Girmişik, əlbəyaxa davada neçə
əsgərim ölüb. Rota komandirimi aparıblar. Erməninin də meyiti qalıb
orda. Silahları gətirib təhvil vermişdim. Cavabı bu oldu ki, mənə
də elə demişdilər. Söydüm ki, sənin kəşfiyyatın işləməli idi. Sən
məni gözüyumulu göndərmisən kəndə. Xülasə, o kəndi aldıq. Əlimizdə
saxladıq. 29 gün bizi qırdırandan sonra çıxartdılar o mövqedən.
Orda çox itki verdik.
Satqınlıq
Güllücəni almışdıq. Bizim qarşı tərəfdən də komandirləri kapitan
olan dəstəni salıblar. Bizim haqqımızda onlara deyiblər ki, erməni
briqadasıdır. Onlar da ayaq üstə bizi qırırlar. Çünki türklərin
bizim cavan əsgərlərə öyrətdiyi kimi, sürünə-sürünə yox, keçmiş
alman döyüşçüləri kimi ayaq üstə gedirdik... Avtomatın ucuna
papağımı taxdım. Papağımı vurdular. Qırğın gedir. Çığırtıma da
baxan yox. Bir neçə nəfərimiz öləndən sonra axır ki,
"azərbaycanlıyıq" çığırtımı eşidiblər. İnanmırlar axı. Onlara bizim
erməni olduğumuz deyilib.
O vaxtı ordumuzda rusların kəşfiyyatı o qədər faciələr törədib
ki! Bizim Müdafiə Nazirliyində, ondan əlavə, batalyonlarda,
briqadalarda da elə geniş yayılmışdılar, deməli deyil. Rus ordusu
bizim burdakı azərbaycanlıların əli ilə o qədər güclü işləyirdi ki!
Özümüzü özümüzə qırdırırdılar. Hər dəfə əməliyyata gedəndə nəsə
olurdu.
Deməli, Suarasına girmək əməliyyatını quranda gecə briqada
komadiri Nüsrət Namazovla danışdıq, səhər saat 5-də 4 batalyon
hücuma gedəcəkdik. Qudablıdan Səfər var idi (sonra onu da əlbəyaxa
döyüşdə öldürdülər), dedim, birdən səni aldadarlar. Dedi, yox,
Saleh, səngərlərin ikisi də boşdur. Yenə şübhələndim ki, ola bilməz
erməni oranı boş qoysun. Sən demə, ermənilər biz gecə binoklu ilə
baxanda səngəri boşaldır, sonra yenidən səngərə qayıdırlarmış.
Səfər 3 dəfə getdi. Hər dəfəsində də eyni sözü dedi ki, səngər
boşdur. Dedim, yaxşı, səhər gedəndə baxarıq. Səhər gedəndə səngər
erməni ilə dolu idi. Bakıdan qəşəng məlumat verirdilər ermənilərə.
Ətraf postlardan da adam yığırdılar. Postda 50 nəfər olurdusa,
olurdu 150 nəfər. Bütün əməliyyatlarımız uğursuz keçirdi. Nə vaxt
ki, briqada keçirdi bizə, kəşfiyyat deyirdi ki, filan vaxtı hücum
gedəcək dağda. Biz gələndə görürdük ki, iki eşalon adam var.
Birinci eşalon ruslar. İkinci eşalon ermənilər. Bizim uğursuzluqlar
həmişə öz içimizdən rus kəşfiyyatına xəbər verildiyinə görə elə
alınıb. Yoxsa biz heç vaxt uduzmazdıq. Bizdə elə döyüşçü oğlanlar
var idi ki! Bir dəfə Şamil Basayev gəldi Qubadlıya, baxdı bizə,
dedi ki...
Davamı var