"Azadlıq" radiosundakı
yazılarında tarixə fərqli baxışı, xüsusilə Şah İsmayıl Xətaiyə
münasibəti ilə tanınan və birmənalı qəbul edilməyən güney
Azərbaycandan olan, hazırda Finlandiyada yaşayan soydaşımız Güntay
Gəncalpla danışırıq.
Dünya haradır?
- Dünya bulunduğumuz yerdir. "Hər otaq dünyanın mərkəzidir", -
deyir Nobel ödüllü böyük şair Oktavio Paz. Çünkü hər otaqda bir
insan ürəyi çaprmaqda, bir insan xəyal qurmaqdadır.
Dünyanı dəyişmək mümkün olsaydı…
- Dünyada dəyişiləcək bir şey yox, çox gözəl, mükəmməl və
qüsursuz yaradılıb. Dünyanı dəyişdirməyə gərək yox, dünyanın və
varlığın qanunları ilə həmahəng olmaq lazımdır.
Xeyirxahlıq və ədalət
- İnanıram. Hər insanın varlığında "vicdan" deyə bir durum var.
"Vicdan", yəni bulunma yeri. İnsanın ədalət, sezgi və sevgi
anlayışı da orada bulunar. Müşahidələrimiz də orada gerçəkləşər.
Orada doğru və yanlış açıqlanar. Xeyirxahlıq da oradan çıxan hökmə
görə, məna qazanar. Ancaq bəzi toplumlarda doğru olmayan üsullarla
insanların fitrətində mövcud olan bu duyğunu ya söndürmüş, ya da
kor etmişlər.
Peyğəmbərlər və Mahatma Qandi kimi insanlar ədalətli idilər.
Onların həyatı çox şəffaf idi. Həyatlarında gizlin bir şey olmadı.
Ədalətli olmanın ilkin şərti şəffaflıqdır. Sosial anlamda ədalətin
bərqərar olması üçün açıq cəmiyyət lazımdır. Yəni xalqın yönətimi
kontrol edib sorğu-suala çəkə biləcəyi imkanı olmalıdır. Ailə
həyatında da buna bənzər ədalət anlayışı gərəkməkdədir. Çünkü
ədalətin təməli olan güvən məsələsi şəffaflıq gərəkdirər. Ədalətli
olmaqdan insan özü zövq almalıdır. Bunun üçün insan öz nəfsinin
köləsi olmamlıdır. Öz nəfsinin qulu olanların əlinə fürsət və imkan
düşdüyündə ədalət duyğusunu unudar.
Din ilə ədalət arasında bağ
- Din - yol deməkdir və həyatın bütününü içinə alar. Dinlər
həyat yolunda ədalətli olmağı təlqin edərlər.
Dindarların ədalətsiz olma imkanı
- Vardır. Qurani-Kərimdə din üzərindən para qazananların yerinin cəhənnəm olacağı
vurğulanır. Qurani-Kərimdə namaz qılmayanlara qarşı heç bir sərt
söz söylənməzkən, "Maun" surəsində namaz qılıb, ancaq yetimə,
yoxsula yardım etməyərək iqtidarlarla işbirliyi edənlərə "Vay belə
namaz qılanların halına" söylənməkdədir.
Əxlaq
- Əxlaq insanın etdiyi davranışlara başqalarını dəvət etməsidir.
Əxlaq haqqında danışılmaz, nəzəriyyə yaradılmaz. Əxlaqın təməli
rəftar və davranışdır. Yaxşı əməllər əxlaq sayılar, yaxşılıq və
xeyirxahlıq haqqında danışmaq əxlaq sayılmaz.
Azadlıq
- Azadlıq dəyərli hərəkətlər etmək, dəyərli işlər görməkdir.
Dəyərli işləri etmək mümkün deyilsə, bu dəyərli işlərin düşüncəsini
yaratmaqdır.
Nə tökərsən aşına
- Buna çox inanıram. Mövlana Cəlaləddin bunu gözəl açıqlamış.
Deyir ki, bir dərədə yüksək səslə hansı sözü dilə gətirsək, dağdan
eyni söz geri dönəcək, onu eşidəcəyik. İnsan həyatı da elədir. Kim
yaxşılıq və pislik edərsə, bir növ bunların nəticəsini öz həyatında
görəcəkdir. Bir də hər cəmiyyətin ümumi təlim-tərviyyə, rifah
səviyyəsi də bu məsələni təsirləndirər.
Gözəllik və mərhəmət
- "Doğurdanmı dünyanı gözəllik və mərhəmət xilas edə bilər"
sualı verilərkən, dünya deyəndə yəqin ki, sosial təbiət nəzərdə
tutulur, yoxsa kainat çox düzənli yaradılıb. Mərhəmət çox önəmli
bir ruh halıdır və Allaha məxsus bir özəllikdir. Mərhəmətli olmaq
Allaha bənzəməkdir. Mərhəmət ediləndən, mərhəmət edənin özünə daha
çox lazımdır bu duyğu. Çünkü mərhəmət edənin özünü daha çox tərbiyə
edər mərhəmətli olmaq. Gözəllik də gözəl davranış, gözəl əxlaq və
sayqınlıq anlamında nəzərdə tutularsa, əlbəttə ki, sosial dünyanı
mərhəmət və gözəllik xilas edə bilər.