Bu 10 yaşlı oğlanın haqqında
mənə dostumun atası sözarası bəhs etdi. Dedi ki, yazığın biridir,
işlədiyim yerin arxasında yarımçıq tikili var, orada məskunlaşıb,
onu görəndə adamın ürəyi kabab olur...
Zəmanənin ağır, dünyanın qarışıq olması mövzusunda etdiyimiz
söhbətin içindən xətt kimi keçən bu xəbər diqqətimdə qaldı.
Sözarası soruşdum:
- İşdir gəlsəm, onu görə bilərəmmi?
- Kimi, - dostumun atası üzümə baxdı. Kimi görmək
istəyirsən?
- Dediyin o oğlanı...
Dostumun atası kotana oxşayan barmaqlarını dırmıq kimi alnına
çəkdi, dəmirin pası, kiri qonmuş saçlarını geri daradı:
- Qoy oturub yazıq orda, ürkütmə, yazıb-edərsən, yazıq olar,
gəlib aparalar, yerindən-yurdundan olar...
Dostumun atası ürəyiyuxa adamdır. İstəmir ki, sərgərdan, səfil
həyat yaşayan bir adam qışın soyuq ayında zərər görsün. Hiss edirəm
ki, nəvəsi yaşında olan adam haqda həm də böyük adam kimi
danışır:
- Onun çəkdikləri özünə bəsdi.
Söhbətimizin sonunda axır ki ağsaqqalla vədələşib onun iş yerinə
getdim.
Hə, yadımdan çıxmasın, dostumun atası qaynaq ustasıdır. Dəmir
qapı-pəncərə bağlayır, müştəriləri çoxdur deyə, evində də rahat
otura bilmir.
İstirahət günü ağsaqqalın işlədiyi özəl emalatxanada oldum. Başı
qarışıq olduğu üçün salamlaşdıqdan sonra əli ilə yarımtikilini
göstərdi. Yəni, keç ora, ordadır.
İstiqamət verilən tikiliyə keçirəm. Yarımçıq binanın qapı
pəncərəsindən içəri təkcə işıq düşmür, həm də əsən külək özü ilə
qandondurucu soyuq gətirir. Hər tərəfində qapı və pəncərə yerləri
olduğundan içəri yelçəkəndir. Otaqlardan kiçiyinin doxsan dərəcəli
bucağında kartonlarla üstü və qarşısı bağlanmış komaya yaxın
gəlirəm. Ayaq səslərimə karton qapı açılır. 10-12 yaşlı oğlan
uşağının baxışları üzümə zillənir. Qəribədir, sifətində bir
məmnunluq da var.
- Niyə bekarsan, adə, işin-gücün yoxdur? - deyirəm.
- İş var ki? – deyib, komadan çölə çıxır, özünü yaşından böyük
aparır. Kimi dindirirsən, iş axtarır da. Buna da şükür.
Ləhcəsindən bilirəm ki, cənubludur.
- Sən nə iş görə bilərsən?
- Hər şey...
Oğlan iş tapmış adam kimi sevincli idi. Yalandan nə isə
uydurmalı idim ki, onunla layihəmin qəhrəmanı kimi danışmaq
istəyimdən duyuq düşməsin. Ortalıqdakı daşın üstünə taxta parçası
qoyub oturdum. O da üz-üzə oturdu.
- Həsən dayı dedi ki, burda bir bacarıqlı uşaq var, əldə-ayaqda
işləyə bilər, ona görə gəldim. Həyətimdə bir balaca iş var...
- No problem, dayıcan.
- Heç demədin nə işdi.
- Nə iş olsa görərəm, mənim iş seçmək vaxtım, şansım yoxdur,
dayı, - bu dəfə səsi uzaqdan gəldi, hiss etdim işi itirmək qorxusu
var.
Adını soruşdum.
- Mənə hamı "Qaqa" deyir, - dedi.
- Olsun mən də Qaqa deyərəm.
Qaqa ilə bir qədər söhbət etdik. Həyətimdə görəcəyi işə görə 15
manat ödəyəcəkdim. Özü bu qədər istədi. Üstəlik, günorta yeməyini
də mən verəcəkdim.
- Körpünün altına getsən, ən azı 30 manat istəyəcəklər, hələ
siqaret də aldıracaqlar.
Razılaşdım.
- Vaxtı var, hələ. Başqa işin yoxdursa, söhbət edək.
- Nə söhbət, ay dayı?
- Özün haqda danış.
- Nə danışım sənə?
- Kimsən, burda necə qalırsan? Elə belə, maraqlıdır mənim üçün,
axı, görürəm, diribaş olsan da, kimsəsizsən, qalmağa yerin
yoxdur.
Onun iç dünyasına girmək heç də asan olmadı. Axır ki, mənə ürək
qızdıra bildi.
- Mən rayondan qaçıb gəlmişəm. Qatara mindim gəldim Bakıya,
limon gətirmişdim, satdım, pulum vardı, axşam qayıdacaqdım. Amma
qayıtmadım. Bakı xoşuma gəldi. Bakılı olmaq istədim.
- Bakılı olmaq xoşuna gəldi? – deyib, gözlərimi onun üst-başına,
qaldığı yuvaya tərəf hərlədim.
- Yox, bakılı olmaq xoşuma gəlmədi. Bakı isə xoşuma gəldi. Mən
belə bilmirdim. Elə bilirdim ki, qarşıma çıxan ilk qadın məni oğlu
kimi evinə aparacaq, böyüdəcək.
- Kinolardakı kimi?
- Hə...
- Bəs rayona niyə getmirsən?
- Getmərəm. Orda da gün-güzəran yoxdur. Anam bizi işlədir,
atalığım da eşşək kimi minirdi məni. İçib piyan olurdu. Canımı
güclə qurtardım. Amma ürəyim yenə də kənddəki evimizdədir.
Qaqa nəsə demək istədi, amma susdu. Təsadüfi adama hər şeyi
danışmaq olmazdı. Qılığına girdim:
- Danış mənə həyatını, yüngülləş. Sənə iş də taparam işləyərsən.
Tanış adam var, deyərəm, moykada maşın qurulayarsan.
- Dayıcan, mən həyatımı çox adama danışmışam. Heç birinin də
mənə rəhmi gəlməyib, hələ desən, üzümə anamı söyüblər, gördüyüm
işin yarı pulunu kəsiblər. Ona görə də hər kəsə bir cürə nağıl
danışıram. Sənə nə danışım? Mən danışanda yüngülləşmirəm, dayı,
daha pis oluram.
Elə bil bu balaca oğlanın içində yaşlı bir adam oturub, danışan
o yaşlı, həyatın min əzabını görən adamdır. Əl çəkmirəm, amma bu
dəfə azyaşlı ilə deyil, tay-tuş bildiyim birisi ilə söhbət
edirəm:
- Mənə də danış... necə istəsən o cür danış. Elə bilirəm ki,
danışdıqların həqiqət olacaq. Həm də bir-birimizi tanıyaq, deyirəm.
Və həyatımın ağrılı günlərindən bəhs edirəm. Uydurduğum hekayət
özümə də təsir edir, sanki başqasının həyatından bəhs edirmişəm ki,
özümün öz həyatıma, keçirdiyim günlərə ürək ağrısı ilə bəzək
vururam. O dinləyir və mənim çox sonralar ev-eşik sahibi, mənsəb
sahibi olmağım ona çox maraqlı gəlir. Daha diqqətlə üzümə baxır.
Qaqanın gözlərində bir arxayınlıq var. Məni tanımır, kimliyimlə də
maraqlanmır. Səfil həyat yaşayır, amma doğulduğu kəndə, anasının
yanına da qayıtmaq istəmir.
- Dayı, bütün günahlar mənim rəhmətlik atamdadır... Gərək
ölməyəydi o... Elə arvad da alanda, gərək anamı almayaydı. Seçəydi,
kənddən yaxşı halal süd əmmişini alaydı. Daha ərinin ili çıxmamış
başqa kişiyə getməyəydi. Bu günümə düşməyimdə anamı günahkar
bilirəm. Amma günahın böyüyü atamdadır. O, ölməməliydi...
Qaqa söhbət edir, əyninə keçirdiyi az qala yerlə sürünən
gödəkcənin boyunluğunu qaldırır.
- Bunu sənin Həsən dayın verib, görmürsən üstü "svarkadan" yanıb
deşik-deşik olub? Pis adam deyil, amma o da yazıqdır. Oğlu var,
altında bahalı maşını, gəlir kişinin qazandıqlarını əlindən alır
gedir. Bu zəhmət çəkir axı...
Qaqa dostumu nəzərdə tutur. Əslində, dediyi kimi deyil. Dostum
atası ilə bir yerdə yaşayır, bu onların biznesidir. Həsən dayı
oğluna doğurdan da pul verir, çünki onun işlərinin yarıdan çoxu
oğlunun öhdəsinə düşür, material alır, müştəri tutur, quraşdırma
işləri aparır. Qaqa isə pulların alındığını görür, amma işin
mahiyyətini bilmir. Ona görə də dediklərinə münasibət bildirmirəm,
bu onun həqiqətidir.
- Hə, dostum, daha ataları günahkar tutma, necə oldu sənin anan
sizi yad kişiyə dəyişdi?
- Anam ərə gedəndə hamı dedi, bunu bizə görə edib ki, ac
qalmayaq, evimiz kişisiz olmasın, cavan qadındır, adına söz
çıxmasın. Anamın anası, xalaları, elə mənim də xalam, dayım
arvadları bunu dedilər. Amma heç bir ay keçmədi ki, atalığım məni
də məndən iki yaş böyük bacımı da incitdi, döydü, anam isə bizi
danladı, guya ki, biz özümüzü pis aparırıq. Bacıma yenə də bir söz
demirdi. Məni daha çox döyürdü. Kənddə toy olanda atalığım piyan
gəlirdi. Toy yerindən araq da gətirirdi, evdə içirdi, sonra da məni
yanına çağırıb eşək kimi minirdi belimə. Bacım ağlayırdı, anam isə
gülürdü, ərinə deyirdi, eləmə, uşaqlar sənin zarafatını başa
düşmür. O, isə zarafat etmirdi. Getdikcə anama nifrət edirdim.
Atama acığım tuturdu. Bir dəfə Novruz bayramında atamın qəbrinin
üstündə ona az qala söyəcəkdim ki, niyə öldün...
Qaqa danışığına ara verir. dərindən köks ötürüb, yenidən
danışır:
- Atam balıqçı idi, qayığını deşiblərmiş, dənizə getdikdən sonra
su buraxıb, sahilə çıxa bilməyib. Əslində, o bizə görə özünü dənizə
qurban vermişdi.
- Bəs qohum-əqrəba, əmilərin bilmirdimi sizə olunan zülmü?
- Hamı öz hayındadı. Mən bacıma görə yaşayıram. Bir dəfə bacım
mənə dedi ki, niyə sən məndən böyük olmadın, məni qoruyardın, mən
səni qoruya bilmirəm. Bax, dayı, mən bacıma söz vermişəm, onu
Bakıya gətirəcəm, işləyəcəm, qoy onu heç kəs incitməsin... Kənddə o
da itib batacaq.
- Neçə gündür burdasan?
- 4 aydı. İndi hava pisdir. Ac qalmıram, işləyirəm. Yığdığım
pulu sənin Həsən dayına verirəm. Bax, buranı o svarkalayıb mənim
üçün. Yatıram burda, iş tapır mənə, dəmir-dümürü əl-ayaqdan
yığıram, qapı, darvaza yüklənəndə işin qulpundan yapışıram, hər bir
klientin qapı-pəncərəsi üçün mənə bir manat muzd verir, yeməyim də
onun hesabınadır. O gün xəstələnmişdim, dərman da aldı. Sağ ol,
dedim. Dedi, öz puluna almışam. O kişi pis kişiyə oxşamır. Baxma
ki, oğlu onu qazlayır. O da belə baxtsız adamdır.
- Evlə əlaqə saxlayırsan?
- Hə, o gün bir klient vardı, telefonunu götürüb evə zəng
vurdum, bacım götürdü, danışdım onunla. Ağladı. Dedi, gözüm səni
axtarır. Deməsə də, bildim ki, atalığım onu da incidir. Axırı
danışdı. Dedi, o gün piyan imiş, deyib, gəl, su tök başımı yuyum.
Bacım da tökmək istəməyib. Deyib, it qızı, tutub eşşək kimi minərəm
səni. Anam savaşıb əri ilə. Deyib, qıza bir də ağır söz desən, səni
evdən qovaram, sənin ucbatından nə müddətdir oğlum qaçaq düşüb. Ana
olması yadına düşüb də, dayı.
Qaqa kövrəldi:
- O ev atama böyük nənəmdən qalıb, bizim evdir, onlar orda
yaşayır, mən isə burda. Bacıma yazığım gəlir. 13 yaşı var, istəyəni
olsaydı, ərə verərdik. Amma kasıb adamın qızını kim alacaq ki?
Dayı, mən nəslimin adına yaşamıram... Mənim nəslim bacımdan
başlayacaq, məndən başlayacaq... Adamlar məni işlədir, yemək verir,
doyunca yeyirəm. Xəstə deyiləm, yaşım azdır. Əvvəl qorxurdum burda
gecələyəndə. İndi qorxmuram, səhərə qədər maşınlar keçir yoldan,
soyuq olanda, qar yağanda itlər gəlir doluşur yatır küncdə. İstədim
itlərdən birini özümünkü edəm, yatanda sıxılam ona, isitsin məni.
Sonra fikirləşdim ki, o iti gərək yedirdəm. Mən isə bacım üçün
çalışıram.
Qaqa danışırdı. Bilirdim ki, danışdıqları ona hesablanmayıb ki,
ona rəhmim gələ. Bəlkə də ilk dəfə idi onun dərdinə belə qulaq asan
adamla rastlaşırdı.
- Həyətimizdə atamdan qalma limon ağacları var. Yığıb satırdıq.
Bir dəfə bacımla limonları yığırdıq, anam da bizimləydi. Müştəri
isə həyətdə anamın əriylə çay içirdi. Mənim bir limonu yediyimi
gördü. Yanına çağırdı, dalma təpiklə vurdu ki, niyə işləmirsən.
Onun bu hərəkətinə görə müştəri acıq etdi, dedi, səndən limon
almayacam. O getdikdən sonra atalığım məni döydü, bir teşt limonu
qabağıma qoyub dedi, köpəyoğlu, ye bunların hamısını...
Qaqanın səsi titrəyirdi. Əli əsirdi. Birdən üzümə baxdı:
- Dayı, elə bilirsən, mənə xoşdur burda qalmaq? Qorxuram kəndə
getməyə, gedərəm, bacıma bir söz deyər, öldürərəm onu, məni
tutarlar... Bacım küçələrdə qalar.
Daha Qaqanın dərdlərini vərəqləmək istəmədim. Ona üç manat beh
verdim. Götürdü.
- Al bunu, 2-3 günə gəlib səni aparacam. Amma kəndə getsən
yaxşıdır, Qaqa, burada itib-batarsan, kəndə qayıt.
- Yox, dayı, kəndə getmərəm, bacımı da bura gətirəcəm. Xəzərdə
dərzi arvad var, danışmışam, bacıma paltar tikməyi öyrədəcək.
- Qaqa, kəndə get, bacının yanında ol, orda da iş tapıb işləyə,
bacını oxuda bilərsən. Sənə görə bacına elçi də düşərlər, ərə də
verərsən...
Qaqadan ayrıldım. 3 gün sonra, Həsən dayı məni evinə çağırdı.
Hal-əhval tutduqdan sonra 3 manat pul verdi mənə:
- Yetim varıydı e, talış balası, o verdi, dedi, səndən borc
alıb, qaytarım. Özü də yığışıb getdi kəndlərinə...