"Cəbhə xətti" layihəsinin
qonağı Məmmədhəsən Murad oğlu Həsənovdur. M.Həsənov 1971-ci ildə
Füzuli rayonunun Dinvanalılar kəndində anadan olub. Birinci Qarabağ
müharibəsi qazisidir, ailəlidir.
Səkkiz nəfər bir avtomatla döyüşürdü
- Sovet hökuməti dağılanda sonuncu imperiya əsgərləri olmuşuq.
Orduda qulluq etdikdən sonra vətənə qayıtdım. Ermənilərlə
müharibəni tam başa düşmürdüm. Evə gələndə gördüm ki, qardaşlarım
posta gedir. Dayılarım mənə deyəndə ki, silahımız da var,
inanmadım. Dörd qardaşım və dörd dayım gecələr keşik çəkirdi.
Yalnız 1 ədəd silahımız var idi. Yəni 8 nəfərə bir avtomatla
başlamışıq müharibəyə. Bu silah Pakistandan gətirilmişdi.
***
Müharibənin ilk illərində hamı cəbhəyə ürəklə gedirdi.
Allahverdi Bağırov, Əliyar Əliyev, Arif Paşayev və digərlərini
görmüşəm. Atama dedim ki, mənə də izn ver, sənin yerinə gedim
posta. Atam çox əsəbi adam idi. Evin sonbeşiyi olduğumdan heç nə
demədi. Bircə bunu dedi ki, get evə, danışarıq. Axşam anam mənə
dedi ki, atan deyir, oğlun gedib hərbi çağırış məntəqəsində
qeydiyyatdan keçsin.
Sovet ordusunda çavuş olduğumdan məni birbaşa bölük komandiri
təyin etdilər. Beləcə müharibədə iştirakım başladı.
İçimizdəki rus satqın idi...
Qızğın döyüşlərimiz olurdu. Bu müharibədə ukraynalılar bizə
kömək edirdi. Türkiyə və Pakistandan bizə silahlar un kisələrində
gəlirdi. Buna baxmayaraq, silah çatışmırdı.
***
Bir dəfə Şuşada güclü hücum oldu. Gülbahar adlı qadın döyüşçümüz
vardı. Təkbaşına vuruşmuşdu. Ermənilər dəli olmuşdu, gözlərinə
inanmırdılar. Nəhayət, bir gün Veysəlli postuna erməni hücumu oldu.
Mən dayımla birlikdə döyüşürdüm. Həmin ərazidə düşmən texnikası və
canlı qüvvəsi barədə bütün kəşfiyyat məlumatlarını öyrənmişdik.
Ancaq hardan bilərdik ki, içimizdəki tank sürən rus satqın imiş.
Onun adı Serjik idi. O, birinci bizim evi vurmuşdu. Onda qardaşım
şəhid oldu. Əslində, bizi də öldürəcəkdilər. Amma olduğumuz yerin
qabağında qoz ağacı vardı, mərmilər ağaca dəyirdi. Beləcə xilas
olduq. Sonra ərazini minalamağa başladıq.
Dayım tikə-tikə olmuşdu
Evlərimizi vuran tankı
gətirməyə qərar verdik. 5 maşınla yola düşdük. Qabaqda 4 maşın
gedirdi. Biz ən axırıncı idik. Amma minaya düşən elə biz olduq.
Dayım şəhid oldu, mən isə ömürlük şikəst. Çox dəhşətli səhnə idi.
Dayım tikə-tikə olmuşdu. Yanımdakı bir əsgərin beli ortadan
parçalanmışdı.
Nəhayət, ailəm gəldi və məni helekopterlə xəstəxanaya
gətirdilər. Özümdə deyildim. Nə qədər çalışsalar da, gözümü aça
bilməmişdim. Ancaq anamın bir "ay bala" sözü məni oyatdı. Gözümü
açanda onu əsgərlikdə aldığım donda gördüm.
Bir ailədən iki qardaş əlil, bir qardaş isə
şəhid
Mənim bir qardaşım dəli olacaq dərəcədə kontuziyalıdır. İndi
danışa bilmir. Qardaşım erməni başı, qulağı gətirib. Çoxlu əsirlər
gətirirdi, sonra bizimkilərlə dəyişirdik. Bir ailədən iki qardaş
əlil, bir qardaş isə şəhid olub.
***
1993-cü ildə tərxis oldum. Hazırda Mina Qurbanlarının
Sosial-İqtisadi Həllinə Kömək İctimai Birliyinin rəhbəriyəm.
Prezident təqaüdü və pensiya alıram.
İndi məktəblərdə fərqli tədbirlər təşkil edirik, marifləndirmə
işləri ilə məşğul oluruq. Gənclər vətəni sevməlidir. Hər bir
insanın həyatda bir təyinatı olur. Mənim də bəxtimə döyüş
yazılıbmış, peşman deyiləm.