"Dilimizdə ilk dəfə" layihəsində:
Anri Barbüs
Şəfqət
(hekayə)
25 sentyabr 1893-cü il
Əzizim, mənim balaca Luim! Beləliklə, hər şey bitdi. Biz bir
daha heç vaxt görüşməyəcəyik. Mənim kimi sən də bunu yaxşı yadında
saxla. Sən ayrılıq istəmirdin, sən birlikdə olmağımızçün hər şeyə
razılaşardın. Ancaq biz ayrılmalıyıq ki, sən yeni həyata başlaya
biləsən. Həm sənə, həm özüm özümə, həm də hər ikimizə birlikdə
qarşı durmaq heç də asan olmadı... Sən yatağımızdakı yastığa
gömülüb hönkürsən də, mən bunu etdiyimə təəssüflənmirəm. İki dəfə
başını qaldırdın, qüssəli, yalvarış dolu baxışlarla mənə
baxdın...
Necə də bədbəxt və zəbanə çəkən bir surətin vardı! Axşam,
qaranlıqda, artıq göz yaşlarını görə bilməyəndə onları hiss edirdim
- əllərimi yandırırdılar.
İndi hər ikimiz amansız iztirabın girdabındayıq. Bütün bunlar
mənə dəhşətli yuxu kimi gəlir. İlk günlər heç inanmaq olmayacaq;
hələ bir neçə ay hər ikimizə də çox ağır gələcək, sonra isə sağalma
dövrü başlayacaq... Yalnız onda mən yenidən sənə yazmağa
başlayacam, axı biz qərara almışıq ki, mən hərdənbir sənə yazacam.
Ancaq biz onu da möhkəm qərarlaşdırdıq ki, sən mənim ünvanımı heç
vaxt bilməyəcəksən və mənim məktublarım bizi bağlayan yeganə bağ
olacaq, onlar bizi bir-birimizdən tamam qopmağa qoymayacaqlar.
Səni sonuncu dəfə öpürəm, çox zərif, incə-incə öpürəm, təmiz,
məsum, sakit öpüşlərlə öpürəm – axı bizi gör nə qədər böyük məsafə
ayırır!..
25 sentyabr 1894-cü il
Əzizim, mənim balaca Luim! Mən vəd etdiyim kimi, yenə də səninlə
danışıram! Budur, artıq bir ildir ki, ayrılmışıq. Bilirəm, sən
unutmamısan məni, biz hələ də bir-birimizə bağlıyıq və mən hər dəfə
sənin haqqında düşünəndə keçirdiyin ağrını-acını hiss etməyə
bilmirəm.
Ancaq hər necə də olsa, ötüb keçən on iki ay öz işini görüb:
keçmişin üzərinə zəif matəm dumanı çəkib. Budur, artıq duman da
qatılaşır. Bəzi xırdalıqlar yox olmaqdadır, bəzi müfəssəlliklər isə
bilmərrə yox olub. Düzdür, onlar hərdən yada düşür; o da əgər nə
isə təsadüfən onları xatırladırsa...
Mən bir dəfə cəhd etdim və səni ilk dəfə gördüyüm andakı üzünün
ifadəsini təsəvvürümdə canlandıra bilmədim. Sən də məni ilk dəfə
görəndə gözlərimdə olan ifadəni xatırlamağa çalış. Və o zaman
anlayacaqsan ki, bu dünyada hər şey silinib gedir.
Bu yaxınlarda mən gülümsədim. Kimə?.. Nəyə?.. Heç kimə və heç
nəyə. Günəşin şüaları xiyabanda fərəhlə oynaşırdılar və mən
qeyri-iradi gülümsədim. Əvvəllər də gülümsəməyə cəhd edirdim. İlk
vaxtlar mənə elə gəlirdi ki, yenidən bunu bacarmaq mümkün deyil.
Amma hər halda, sənə deyirəm, bir dəfə iradəmin əksinə gülümsədim.
İstəyirəm ki, sən də tez-tez, həm də çox tez-tez gülümsəyəsən,
sadəcə, elə-belə - havanın xoş olmasına sevinərək, irəlidə hansısa
gələcəyinin olduğunu dərk edərək. Hə, hə, başını qaldır və
gülümsə.
17 dekabr 1899-cu il
Budur, mən yenə səninləyəm, mənim əziz Luim! Mən yuxu kimiyəm,
elə deyilmi? Ağlıma gələndə, ürəyim istəyəndə peyda oluram, amma
həmişə lazımlı vaxtda, əgər ətraf bütün boşluq və qaranlıqdırsa...
Mən gəlirəm və gedirəm, mən lap yaxındayam, fəqət mənə toxunmaq
olmaz.
Mən özümü bədbəxt hiss etmirəm. Elə bil, gümrahlığım geri
qayıdıb, çünki hər gün səhər açılır və həmişə olduğu kimi, fəsillər
dəyişir. Günəş mehribancasına şəfəq saçır, ona inanmaq istəyirsən
və hətta adicə gün işığı belə xeyirxahlıqla doludur.
Təsəvvür elə, bu yaxınlarda rəqs etmişəm! Mən tez-tez gülürəm.
Əvvəlccə fikir verirdim ki, nəyəsə gülməyim gəlir, amma indi
gülüşlərimin sayı-hesabı yoxdur!
Dünən gəzinti var idi. Günəşin qürub çağı hər tərəf gözəl
geyinmiş insanlarla dolmuşdu. Al-əlvan, yaraşıqlı, sanki hər yan
güllü-çiçəkli çəmənə bənzəyirdi. Və bu qədər saysız-hesabsız məmnun
insanların arasında mən özümü xoşbəxt hiss edirdim.
Sənə yazıram ki, bütün bunları söyləyə bilim; həm də onu demək
istəyirəm ki, mən artıq yeni imana gəlmişəm – səni fədakarcasına
sevməyə etiqad edirəm. Biz səninlə bir dəfə əsl mahiyyətini elə də
yaxşı anlamadan məhəbbətdə fədakarlıq haqqında danışmışdıq...
Birlikdə dua edək ki, bütün qəlbimizlə ona inanaq.
6 iyul 1904-cü il
İllər ötüb keçir! On bir il! Mən çox uzaqlara getmişəm,
qayıtmışdım və yenidən getməyə hazırlaşıram. Sənin yəqin ki, öz
evin-eşiyin var, əzizim Lui, axı indi sən əməlli-başlı yaşa
dolmusan və əlbəttə ki, səni çox dəyərləndirən bir ailə
sahibisən.
Bəs sən özün? Dəyişmisənmi? Təsəvvür edirəm, üzün bir az dolub,
çiyinlərin enlənib... Bəs ağ saçlar? Yəqin ki, onlar hələ çox deyil
və güman ki, təbəssüm dodaqlarına toxunanda bütün siman əvvəlki
kimi nurlanır.
Bəs mən? Özümü təsvir etməyəcəm. Necə dəyişməyimdən, qoca qarıya
dönməyimdən danışmayacam. Qoca qarı! Qadınlar kişilərdən tez
qocalırlar və əgər indi sənin yanında olsaydım, yəqin ki, anan
yaşda görünərdim – həm zahirən, həm də gözlərimin sənə tuşlanan
ifadəsi ilə...
Görürsən, vaxtında ayrılmaqla necə düz iş görmüşük. İndi artıq
iztirablarımız sona yetib, sakitləşmişik və indi artıq mənim zərfin
üzərindəki xətdən tanıdığın məktubum səninçin, demək olar ki, bir
əyləncədir.
25 sentyabr 1893-cü il
Əzizim Lui!
Budur, artıq iyirmi ildir ki, ayrılmışıq... Və budur, artıq
iyirmi ildir ki, mən ölmüşəm, əzizim mənim. Əgər sən sağsansa və
uzun illər mənim əvvəlki məktublarımı sənə çatdıran sadiq, möhtərəm
əllərin sənə göndərdiyi bu məktubu oxuyacaqsansa, məni
bağışlayacaqsan, əgər hələ məni unutmamısansa, ayrıldığımızın
ertəsi günü intihar etdiyimçün məni bağışlayacaqsan. Mən sənsiz
yaşaya bilmədim, bacarmadım.
Biz dünən ayrıldıq. Məktubun əvvəlindəki tarixə yaxşı-yaxşı bax.
Sən, əlbəttə, ona fikir verməmisən. Axı biz dünən səninlə sonuncu
dəfə bizim otağımızda idik, sən başını yastıqda basdıraraq öz
dəhşətli dərdin qarşısında köməksiz uşaq kimi zarıyırdın. Dünən,
gecə yarıaçıq pəncərədən boylananda artıq görə bilmədiyim göz
yaşların əllərimə axırdı. Dünən, sən ağrıdan qışqırır və şikayət
edirdin, mən isə bütün gücümü toplayıb özümü möhkəm göstərir və
susurdum.
Bu gün isə, bizim əşyalarımızla əhatə olunmuş stolumuzun
arxasında, bizim füsünkar guşəmizdə oturaraq sənə dörd məktub
yazıram. Sən bunları çox uzun fasilələrlə almalısan. Sonuncu
məktubu yazıb qurtarıram və sonra hər şey bitir.
Bu gün axşam çox dəqiq tapşırıqlar verməliyəm ki, məktublarımı
sənə üstündə göstərilən tarixlərdə çatdırsınlar, həm də tədbir
görməliyəm ki, məni axtarıb tapa bilməsinlər.
Sonra mən həyatdan gedəcəm. Bunun necə baş verəcəyini sənə
danışmağın mənası yoxdur: bu məşum işin təfərrüatlarını danışmaq
yersizdir. Onlar səni incidə bilər, hətta bu qədər vaxt keçdikdən
sonra belə.
Əsas odur ki, mən səni özümdən qopara bildim, həm də bunu çox
ehtiyatla, sakitcə, səni yaralamadan etdim. Mən bundan sonra da
sənin qayğına qalmaq istəyirəm, bunuçünsə ölümümdən sonra da
yaşamalıyam. Bir-birimizdən tam üzülməyəcəyik, bəlkə də sən buna
tab gətirə bilmərsən, axı bütün bu acılar səni çox incidir. Mən
sənə qayıdacağam, ancaq o qədər tez-tez yox ki, obrazım sənin
yaddaşından qismən silinib getsin, lakin o qədər gec-gec yox ki,
səni lazımsız iztirablardan xilas edim. Məndən həqiqəti öyrəndikdə
isə o qədər illər keçəcək ki, (axı zaman Mənə də kömək edir) sən
artıq anlaya bilməyəcəksən ki, mənim ölümüm səninçün nə demək
idi.
Lui, əzizim, bizim bugünkü son söhbətimiz mənə məşum bir möcüzə
kimi gəlir. Bu gün biz çox sakit, demək olar ki, eşidilməz pıçıltı
ilə danışırıq, biz bir-birimizdən cöx-çox uzaqlardayıq, axı mən
yalnız səndə mövcudam, sənsə məni artıq unutmusan. Bu gün indi
sözünün mənası onu yazan, pıçıldayan üçün və onu oxuyub sakitcə
"indi" deyəcək biri üçün tamamilə fərqlidir.
İndi mən bu qədər nəhəng bir zaman məsafəsini, əbədilik qədər
uzun sürən bu iyirmi ili – lap qoy bu cəfəng görünsün – aradan
qaldırıb, səni öpürəm, lap əvvəlki kimi...
Bax bu da son... daha heç nə əlavə etmirəm, çünki kədərli və
deməli, qəddar olmaqdan qorxuram. Ona görə də dəlisov arzularımı
sənə etiraf edə bilmirəm. O arzular ki, sevəndə, çox sevəndə və
sevgin həyatın, dünyanın özündən belə böyük, şəfqətin isə sonsuz
olanda onlar qaçılmaz olur!
Tərcümə etdi:
Təhminə Bədəlova