ATV-də yayımlanan "Bu stil mənim" verilişində hansı
qüsurlar var və verilişin Türkiyə versiyası ilə Azərbaycan
versiyası arasında hansı fərqlər nəzərə çarpır?
Axar.az-ın sorğusunu mədəniyyət yazarları cavablandırıb.
Publika.az-ın mədəniyyət yazarı Cəvahir Səlimqızı
aparıcıların peşəkarlıqdan uzaq olduqlarını dedi:
"Bizdə bədbəxtçilik ondadır ki, xarici telekanallara baxıb
plagiat verilişlər hazırlayırlar. Həmin verilişləri də səviyyəsiz
bir formada izləyicilərə sırıyırlar. Onun-bunun yerişini
yeriyə-yeriyə öz yerişlərini də yadırğayırlar. Nəticədə ortaya
bərbad bir proqram çıxır. Anlamırlar ki, verilişin formatını
oğurlamaq şərt deyil, barı, onu fərqli formada təqdim et. Fikir
vermişəm, Azərbaycan teleməkanında təqdim olunan əksər layihələrdə
yamsılamalar o qədər bayağı formada olur ki, nəticədə izləyici
qıcıqlanır. Baxırlar türk və əcnəbi kanallara, özlərini o cür
aparırlar, onların jestlərini edib, sözlərini təkrarlayırlar.
Adamın əti tökülür.
Səbəb də bundadır ki, bizim əksər aparıcılar peşəkarlıqdan
uzaqdır. Kiminsə hesabına efirə çıxır, sonra da özünü dahi hesab
edirlər. Onlara elə gəlir ki, efirə dəvət etdiyi qonağa dərs keçə,
ağzına gələn ifadəni işlədə bilər. Yaxşı ki, MTRŞ adlı bir qurum
var, arada onlara əyləc etdirir. Yoxsa ki, "qazlanıb" başımıza
çıxarlar".
Musavat.com-un mədəniyyət yazarı Könül İbrahimovanın
fikrincə, iştirakçılar məhəllə davasına çıxıblar:
"Son günlər "Bu stil mənim" verilişi ətrafında söz-söhbətlər
bitmir. İnsanlar proqramı tənqid etməkdə haqlıdırlar. Çünki
iştirakçı qızların bir-biri ilə danışıq tərzi heç də xoş deyil.
Onlar məhəllə xarakterli mübahisələr edirlər. Türkiyədə yayımlanan
"İştə bənim tarzım" proqramını da izləmişəm, orada da qızlar fikir
ayrılığı olan zaman müzakirələr aparır, bəzən mübahisə edir.
Bizimkilər mübahisə ilə dava-dalaşı səhv salıblar. Bir-birilərini
təhqir edirlər. Proqrama baxanda əsəb keçirirəm, çox savadsız
danışırlar, əsassız yerə tənqidi fikirlər səsləndirib, dava
salırlar. Proqramı tərk edənlər isə bildirirlər ki, onlara layihə
rəhbəri dava etməyi tapşırıb. Layihə rəhbəri isə ittihamlara cavab
vermir. Mən çox istəyərdim ki, "Bu stil mənim" kollektivi mətbuat
konfransı keçirsin, olanlara aydınlıq gətirsin. Çünki veriliş
ətrafında gedən qalmaqallar gün keçdikcə böyüyür, ciddi ittihamlar
səsləndirilir. Bu da proqramı və kollektivi gözdən salır".
"Gündəlik Teleqraf" qəzetinin mədəniyyət yazarı Rəqsanə
Həsənova verilişdə insanların yox, geyimlərin qiymətləndirilməsinin
daha düzgün olduğunu dedi:
"Əvvəlcə onu deyim ki, "Bu stil mənim" verilişində Günay
Musayevanın iştirakçılarla münasibəti xoşuma gəlmir. Təhqir və
yaxud da tənqidlə verilişə reytinq qazandırmaq olmaz. Amma Günayın
Türkiyə türkcəsində danışmasında hər hansı problem görmürəm. Onu da
qeyd edim ki, Günayın dəb verilişinə münsif kimi dəvət edilməsi
düzgün seçimdir. Onun iştirakı verilişi daha da baxımlı edir. Amma
münsiflər bəzən iştirakçıları geyim tərzinə görə deyil, insani
keyfiyyətlərinə görə də dəstəkləyir və yüksək bal ilə
qiymətləndirirlər. Düşünürəm ki, bu hal dəb verilişi üçün uyğun
deyil. İştirakçının geyim tərzi qiymətləndirilməli və düzgün mövqe
göstərilməlidir. Türkiyədə yayımlanan "İştə bənim tarzım"la
müqayisə etdikdə fərqlər çoxdur. Orada münsiflərin daha təcrübəli
olduğunu düşünürəm".
Baku.ws-in mədəniyyət müxbiri Ayşən Ayxana görə,
münsiflər heyəti düzgün təşkil olunmayıb:
"Türkiyədəkilə bizdəki verilişin arasında fərq çoxdur. Birinci
fərq ondan ibarətdir ki, münsiflər kürsüsündə hansısa televiziya
aparıcısının əyləşməsi yanlışdır. Türkiyədəkində hər üç münsifin
moda ilə bağlılığı var. Biz də isə iki münsifin. İkinci fərq ondan
ibarətdir ki, Fəxriyyə xanımı çıxmaq şərtilə digər ikisinin
iştirakçılarla danışıq tərzi düzgün deyil. Zaur ara adamları kimi
danışır. Günay isə iştirakçıların üzərində öz eqosunu nümayiş
etdirməyə çalışır. "İştə bənim tarzım"da da münsiflərin
iştirakçılarla kobud danışdığı olurdu. Ancaq müəyyən çərçivə
daxilində. Üçüncü fərq ondan ibarətdir ki, iştirakçıların modadan
anlayışı yoxdur. Ümumiyyətlə, nəyinsə plagiatı həmişə süni
görünür".