Ukraynanın "Versii.com. Fabrika analitiki" portalında
hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin
beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin
"Tolerantlıq sosial sabitliyin əsasıdır" sərlövhəli məqaləsi dərc
olunub.
Axar.az xəbər verir ki, məqaləsini noyabrın 16-da qeyd olunan
Beynəlxalq Tolerantlıq Gününə həsr edən müəllif yazır ki, müasir
bəşəriyyət tolerantlıq, qarşılıqlı hörmət, xeyirxahlıq, bir-birinə
dözümlü münasibət qıtlığı ilə üzləşib. Onun fikrincə, bir çox
fəlakət və münaqişələr bu qıtlıq üzündən baş verir.
Professor vurğulayır ki, Azərbaycanın müxtəlif millətlərin və
konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşamasını təmin
etməyə, cəmiyyətdə sabitliyi qoruyub saxlamağa can atması dövlətin
çevik siyasətində əksini tapır və bu siyasətin əsas əlaməti
tolerantlıqdır. Məqalədə deyilir ki, ölkədə müxtəlif etnosların
nümayəndələrinə öz mədəni irsini, özünəməxsusluğunu,
adət-ənənələrini, dilini saxlamaq üçün unikal imkan təmin olunub.
Millətlərarası həmrəyliyin səmərəli normativ-hüquqi və konseptual
əsasları yaradılıb. Azərbaycan Konstitusiyası etnik, irqi, dini və
ya digər mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların
maraqlarının müdafiəsinə zəmanət verir.
A.Quliyev Ukrayna auditoriyasının diqqətini nümunə olaraq belə
bir fakta cəlb edib ki, tolerant və multikultural bir ölkə olan
Azərbaycanda hazırda erməni mənşəli 30 min vətəndaş yaşayır, hətta
münaqişənin olmasına baxmayaraq, onların hüquqları əsla tapdalana
bilməz.
Analitik materialda xüsusi vurğulanır: Azərbaycanın bəxti
gətirib ki, ümummilli lider Heydər Əliyevin səyləri sayəsində
cəmiyyətdə çətin böhranlı vəziyyətlərə hamımızın davam gətirməsinə
bu gün də kömək edən ideya yaranıb və möhkəmlənib. Bu ümummilli
ideya Azərbaycan tolerantlığı adlanır. Bu tolerantlığın öz siması
və müstəsna mentallığı var. Müxtəlif etnosların nümayəndələrinin
uzun illər dinc yanaşı yaşaması nəticəsində Azərbaycan xüsusi
mentalitet formalaşıb. Azərbaycan mentalitetini polietnik
cəmiyyətin millətindən asılı olmayaraq hər bir nümayəndəsi üçün
səciyyəvi olan ictimai həyat normalarının məcmusu kimi ifadə etmək
olar. Bu, insanın milli ifratçılıqdan, istisnalıqdan uzaq
qaçmasında və insanların birliyinə, xalq və məişət ənənələrinin
qarşılıqlı zənginləşməsinə can atmasında təcəssüm olunan daxili
vəziyyətidir.
Məqalədə daha sonra deyilir ki, Azərbaycan milli siyasətini
reallaşdırmaq üçün yeganə düzgün yolu seçib. Bu, dialoq, xalqlar
arasında həmrəyliyin və etimadın genişləndirilməsi yoludur.
Müxtəlif millətlərdən olan insanların bir-birini başa düşməsi,
bir-birinə qarşı dözümlü olması, bir-birinin mədəni-dini
dəyərlərinə qayğı ilə yanaşması bütün etnoslar üçün ümumi olan
vətəndaş idealları və dəyərləri formalaşdırıb.
Moldova Respublikasının sabiq ombudsmanı Aureliya Qriqoriu bəlkə
də dünyada yeganə adamdır ki, Azərbaycan xalqının dərdini görüb,
Ermənistan parlamentində çıxışında BMT, AŞPA və ATƏT-in Minsk
qrupunun səlahiyyətli nümayəndələrinin 25 ildən yuxarı məhəl
qoymadıqları bir həqiqəti - Xocalı soyqırımı və
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti
erməni deputatlarının üzünə deyib, təcavüzkarı təcavüzkar
adlandırmaqdan qorxmayıb.
Məqalə müəllifi vurğulayır: "Azərbaycan birmənalı şəkildə
beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar
əsasında qurulan bütün beynəlxalq normalara əsaslanır. Bu, Dağlıq
Qarabağ məsələsinin beynəlxalq hüququn norma və prinsipləri
əsasında sülh yolu ilə həllidir. Hazırda beynəlxalq siyasi
hakimiyyət bir neçə fövqəldövlətin əlində cəmləşib, beynəlxalq
hüquq isə bu hakimiyyətin silahına çevrilib".
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://versii.com/news/356888/.