Elçin Şıxlı ilə müsahibə
Jurnalistlər Birliyində, onun şəxsi kabinetində baş tutdu. Elçin
müəllim bütün suallara izahlı şəkildə, insanların həyatından
görüb-götürdüyü və tarixi hadisələrdən oxuduğu, eşitdiyi misallarla
aydınlıq gətirdi.
Axar.az mərhum xalq yazıçısı İsmayıl Şıxlının oğlu, jurnalist
Elçin Şıxlı ilə müsahibəni təqdim edir.
Məşhur yazıçı qədər...
- Elçin müəllim, nədənsə sizin adınız gəldikdə dərhal
göz önünə mərhum atanız, görkəmli yazıçımız İsmayıl Şıxlı gəlir.
Ümumiyyətlə, Elçin Şıxlının həyat və yaradıcılığında atasının
imzası, rolu olubmu, yoxsa bütün nailiyyətlərdə öz imzası
var?
- Atamın sağlığında mənəvi dəstəyi çox olub. Zamanında adım onun
adı ilə yanaşı səslənəndə çəkinirdim, istəyirdim ki, məni özümə
görə tanısınlar. Amma indi onun adı səsləndikdə yalnız qürur hissi
keçirirəm. Bir məsələni də vurğulayım ki, İsmayıl Şıxlının oğlu
olmasaydım, ola bilər ki, zamanında çərçivəmdən çıxardım, normal
tərbiyə və savadla cəmiyyət üçün formalaşa bilməzdim. Atam bizə -
qardaşım Fərrux və mənə mərd olmağı, heç kəsin pisliyinə pisliklə
cavab verməməyi tövsiyə edərdi.
- Məsləhətləri sizin yardımçınız olurmu və çətin
anlarınızda onun yoxluğunu nə dərəcədə hiss edirsiniz?
- Ən çətin məqamımda onun yoxluğu həqiqətən özünü göstərir, amma
mən atamla sanki "dialoq" quraraq, onunla məsləhətləşirəm.
Xasiyyətimiz oxşar olduğundan, qısa zaman çərçivəsində onun
vəziyyətdən hansı çıxış yolu tapacağını asanlıqla təyin edirəm.
İsmayıl Şıxlı hədsiz yaxşı xarakterə malik olub. Olduqca xeyirxah
və alicənab idi. Atama dəfələrlə pislik edən insanların bir gün
yenidən ona işi düşdükdə, heç nə olmamış kimi, əvvəlki mehribanlıq
və xeyirxahlıqla sözügedən nanəcibə yenidən yaxşılıq edərdi. Hərdən
onun belə etməsini anlamadığımı bildirəndə cavabında həmişə deyərdi
ki, mən başqa cür hərəkət etmiş olsam, bu mən olmaram. Bu qədər
gözəl insan idi!
- Atanızın hansı romanında özünüzü
tapırsınız?
- Mən məşhur "Dəli Kür"dən daha çox "Ölən dünyam" əsərini
sevirəm və özümü məhz burada tapıram.
- Elçin müəllim, yazıçı olmaq və ya indiyə qədər hər
hansı bir roman yazmaq ağlınızdan keçibmi?
- Əslində, uzun illər özümü həsr etdiyim jurnalistika da
yaradıcılığın bir qoludur. Yazıçı olmağa gəlincə, indi bundan asan
iş yoxdur. Oturursan, bir qələm də alıb əlinə yazırsan, olur roman.
(gülür)
- Amma yazıçı peşəsi dünyada ən çətin peşələrdən
biridir.
- Zarafat edirdim. Yazıçı olmaq çox çətin və məsuliyyətli işdir.
Hər halda əgər mən yazıçı olsaydım, atamdan zəif əsərlər yazacaqdım
– onun renomesini qoruya bilməyəcəkdim. Ola bilər ki, məhz bu fikir
məni yazıçı olmaqdan daşındırdı.
"Ayna" çoxlarının güzgüsü idi...
- Baş redaktoru olduğunuz məşhur "Ayna" ("Zerkalo")
qəzetinin nəşri dayandırılıb. Nə zamansa yenidən qəzetin yayımına
başlamağı düşünürsünüzmü?
- Yox. Qətiyyən.
- Səbəbini bilmək olarmı?
- Səbəbi çoxdur. Birincisi, mən öz işçilərimi qorumaq məqsədilə
bu addımı atdım.
İkinci səbəb satış və reklam ilə bağlıdır ki, burada da
vəziyyət, ən azından, ürəkaçan deyil. Reklam bazarı yalnız liberal
iqtisadiyyat və ədalətli rəqabət şəraitində inkişaf edə bilər.
Bizdə isə buna süni inhisarlaşma imkan vermir. Bir yandan da
maariflənmə, qiraət mədəniyyəti yox səviyyəsindədir. Vaxtı ilə
bəyənmədiyimiz sovet dövründə tək bir Bakıda 400-ə yaxın kitab
mağazası fəaliyyət göstərirdi. İndi isə bütün şəhəri gəzsək, bir və
ya iki mağazaya rast gələ bilərik.
Yüksək vəzifə uğrunda...
- Hansı vəzifəyə sahib olmaq istərdiniz?
- Heç bir vəzifə sahibi olmaq istəməzdim. Nə də vəzifə uğrunda
hər hansı bir qurban verərdim, çünki vəzifə buna dəyməz. Amma
Azərbaycanın bu çətin durumunda istərdim ki, hər hansı bir işin
qulpundan yapışım və köməklik edim. Deməsinlər ki, ancaq boş-boş
danışır. Yəni düşüncə və fikirlərimdən bəhrələnmək mümkün olsun.
Bizim də millətə bir xeyrimiz dəysin.
- Son zamanlar əhali arasında intiharlar artıb,
sifarişlə həyata keçirilən qətl halları və sairə. Evlənən gəncləri
sevgi deyil, yalnız uzun sürməyən maddi maraqlar bağlayır. Sizcə,
bütün bu dəhşətdən qurtulmağın yolu nədədir?
- Həyat yoldaşımla uzun illər nişanlı qalmağımıza baxmayaraq,
evləndikdən və müstəqil həyata başladıqdan sonra hələ bir xeyli
bir- birimizin xasiyyətinə uyğunlaşmalı olduq. Bəzən elə məqamlar
olurdu ki, sanki iki yad adamıq, amma biz bir-birimizi sevirdik və
məhz sevgidən doğan güzəşt nəticəsində uzun illərdir ki, ailəmizi
qoruyub saxlaya bilmişik. Düşünürəm ki, cavanlarda sevgi çatışmır.
Sevgi olan yerdə güzəşt də olur, hörmət də, mərhəmət də. Elə
zənnimcə, insanları bütün dəhşətli hadisələrdən məhz sevgi və
mərhəmət xilas edə bilər. Həm də ailədəki nizam-intizam amili böyük
rol oynayır. Ailədə valideynlər arasında hörmət və anlayış varsa,
övlad cəmiyyətə yararlı və tərbiyəli olaraq inkişaf edəcək.
- Övladlarınız sizin yolunuzu davam
etdirirmi?
- İki oğlum var. Onlar başqa sahələrə maraq göstərdilər. Mənim
üçün ən vacibi onların əsl insan kimi yetişmələridir.
- Xalqımıza nəyi arzu edərdiniz?
- Firavanlıq, xoşbəxt həyat. İstərdim ki, doğma şəhərimin
küçələrində gəzəndə yalnız xoşbəxtlikdən gülümsəyən simalarla
qarşılaşım, insanların üzündən təbəssüm əksik olmasın.