Yuxarı

Ağdamın müqavimətini “beşinci kolon” qırdı - Çəmənli

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı, publisist, tarixi romanlar müəllifi Mustafa Çəmənlinin Kult.az-a müsahibəsi:

- Mustafa müəllim, yetmişi də geridə qoydunuz. Bu yaşın enerjisi ilə işləmək çətin deyil ki?..

- Desəm ki, yetmiş yaş da 40, 50 kimi elə-belə gəlib keçdi, yaşın fərqi yoxdu, yalan olar. Amma sizə deyim ki, zaman-zaman nəşriyyat sistemində işləyən, kitablar içində olan qələm adamı kimi, şükür Allaha, hələ işləmək qabiliyyətimi itirməmişəm. Elə adamlar var ki, onu yaşına görə təqaüdə yola salırlar, amma mən ömrü boyu qazandığım təcrübəni indi də istifadə edirəm. Təsəvvür edin, mən bu yaşımla öz yaradıcılığımdan başqa mədəniyyətimizə töhfə verəcək 22 kitab tərtib etmişəm. Dahi Nəsimi haqqında, Əbdürrəhim bəy Haqverdiyev barədə, Xurşidbanu Natəvanın yaradıcılığından bəhs edən, eləcə də şairənin rəsm əsərlərini toplayıb kitab halında nəşr etdirmişəm. Hərdən fikirləşirəm ki, işləməyim, eləcə evdə oturum, amma sonrasını təsəvvür eləyə bilmirəm. Evdə otura bilmərəm axı..

- Bilirəm ki, gəncliyinizdə Mingəçevirdə maşınqayırma zavodunda qəlibçi işləmisiniz. Yəqin özünü qəlibə salan adamları çox görmüsünüz. Qəliblə yaşamaq nə deməkdir?

- Cəmiyyətə özünü çəkən, özünü hamıdan üstün göstərmək istəyən təkəbbürlü adamları sevmirəm. Belə adamlar öz qəlibini yaradırlar, amma əslində fərd kimi özlərini aldadırlar. Bəzən mənə gördüyüm işə görə qiymət verirlər, əməyimi, zəhmətimi dəyərləndirirlər, amma mən hamısını qəlib içində tərif kimi qəbul edirəm deyə, utandığımdan həmin şəxslərin gözlərinə baxa bilmirəm. İstedadlı adamlar qəliblə yaşamamalıdır. Ola bilsin ki, sən valideynlərindən daha çox tanınmısan, səninlə bütün el-oba fəxr edir, amma nümayiş etdirdiyin sadəlik-filan hamısı sünidir, çünki qəlibindən qopa bilmirsən, bu da gizli qala bilməz. Onsuz da qəlib adamların kim olduğunu hamı ilk danışığından anlayır, tanıyır.

- Viranə qalmış, “Azərbaycanın Xirosima”sı Ağdamı qələbədən sonra ilk dəfə ziyarət edən bir qarabağlı deyirdi ki, Ağdamı azad və tezliklə abad görəcəyimi anlasam da, yenə ürəkdən sevinə bilmirdim. Qarabağa səfərinizdə doğma şəhəriniz Ağdamı, kəndiniz Çəmənlini görəndə siz hansı hisslər keçirdiniz?

- Bizim kəndimiz işğal olunmasa da, oradan Ağdama boylanmaq dəhşətli işgəncə idi. Bir dəfə ustad xanəndəmiz Arif Babayevlə Mahrızlıya gedirdik. Yolda Arif müəllimə uzaqdan görükən evimizi göstərib dedim ki, o, bizim ev olsa da, bu gün həmin yurd boş qalıb, evdə heç kim olmur. Arif müəllim sarsıldı, “Mustafa, gör sən nə qədər xoşbəxt adamsan ki, mənə evinin yerini göstərirsən, amma mən heç evimi də görmürəm” dedi. Müharibə dövründə hərbçilər bizim kəndə, Seyid Lazım Ağanın məzarına ziyarətə gələndə mən onlardan binoklu alıb məscidin minarəsinə çıxırdım, Ağdama baxırdım. Ağdam ilğım kimi görsənirdi. Bax onda başa düşdüm ki, vətəndən vətənə baxmaqdan dəhşətli şey yoxdur. Sonra elə oldu ki, İlahi qismət bizə möcüzə bəxş elədi, torpaqlarımız, eləcə də Ağdam işğaldan qurtuldu. Azərbaycan Prezidentinin Ağdam şəhərində ilk təməlqoyma mərasimində iştirak etmək mənə də nəsib oldu. Bakıdan gedən 20 nəfərlik nümayəndə heyətinə məni də daxil etmişdilər. Unudulmaz bir gün idi... Protokol qaydasına əməl etmək borcumuz idi, ancaq mən fürsət tapıb Ağdam məscidinin qarşısına yüyürüb orada şəkil çəkdirməyə macal tapdım. Gördüm, məscid görükür, necə dura bilərdim ki?..

Bir neçə detalı da deyim ki, düşmənin necə vəhşi olduğunu biləsininz. Mən uşaqlıqda babamla arabada Ətyeməzli kəndinə çatanda, kişi deyərdi ki, Ağdama çatmışıq. Mən nə həmin kəndi, nə kəndin yol-yolağasını, nə Sovet dövründə Ağdamda işlədiyim qəzetin redaksiyasını, nə də mədəniyyət evini tanıdım... Ermənilərdə həmişə özəlliyi ilə seçilən Ağdam qüruruna, Ağdam kultuna qarşı xüsusi nifrət vardı deyə, onlar hətta Ağdamda bitən ağaclara belə rəhm etməmişdilər, şəhərdəki qəbirlərimizi nə hala qoyduqlarını isə özünüz bilirsiniz. Birinci Qarabağ savaşında Ağdamda könüllülərin, Şirin Mirzəyevin, Allahverdi Bağırovun, Yaqub Rzayevin batalyonları yaradıldı. Onlar hamısı çiyin-çiyinə tək düşmənə qarşı vuruşmaq üçün yaradılmışdı. Bunu ilk dəfə sizə deyirəm, Ağdamda çaxnaşma salan, batalyonlar arasında söz-söhbət yaradan, Ağdamın müqavimətini qıran “beşinci kolon” oldu.

- “Beşinci kolon”?

- Bəli! Ağdama qəribə adamlar gəlirdilər, bir də görürdün, şəhərə xəbər yayılıb ki, kimsə cəbhə bölgəsində fişəng atıb ermənilərə işarə edir. Beləcə bu diversiya xarakterli xəbərlər hər yerə yayılırdı, Bakıda qarışıqlıq düşürdü, batalyon komandirlərinin fəaliyyəti müzakirə edilirdi, hamının qulağını doldururdular ki, ağdamlılar Ağdamı satacaq və beləcə düşmənlər niyyətinə çatdı. Birliyi pozub Ağdamın işğalına nail oldular. Heç kim Ağdamı satmamışdı, bizi parçalayan, təxribat yaradan həmin “beşinci kolon” idi. Ağdamın, ağdamlıların ünvanına nələr deyilmirdi...

- Birinci və İkinci Qarabağ müharibəsinin şahidi olmuş bir yazıçı kimi Mustafa Çəmənli həm də müasir dövrdə “Qarabağnamə” yaradır. Ziddiyyətli mənbələri araşdırıb tarixi ələmək, gerçəyi yalandan ayırmaq ağır yükdür. Tarixi roman janrında əsər yaratmaq üçün öncə nədən, haradan başlamaq lazımdır?

- Öncə əlavə edim ki, mən özümü tək müharibə şahidi yox, həm də müharibənin içində olan savaşçı hesab edirəm. Mənim ilk tarixi romanım “Xallı gürzə” olub. Bu əsəri yazmaqdan ötrü fars dilində yazılan “Qarabağnamə”lərə də göz gəzdirdim. Tarixi roman janrında bədii əsər yazmaq üçün mütləq mənə elə detallar lazım idi ki, onları süjetə çevirib əsərin qayəsini anlada bilim. Ümumiyyətlə, mən həmişə o fikirdə olmuşam ki, tarixi faktları təhrif etmək olmaz. Baxın, Pənahəli Xan Şuşanı, qalanı, Bayat qalasını, Şahbulağı tikib, bunu mən bilirəm, bu faktdır, amma Xanın ilk tikdirdiyi Bayat qalası olub axı. Şuşanın qurulmasına sonra başlanılıb. Ancaq bu qalaları necə və nəyə görə tikdirdiyi, nə düşündüyü barədə mənbələrdə bir fakt da yoxdur, deməli, sən artıq yazıçı təxəyyülünü işə salıb oxucuna öz versiyanı elə təqdim etməlisən ki, oxucu bunun tarixi ardıcıllıq olduğuna inansın. Mənim romanımda elə bir məqam var ki, onun bədii həllini tapmaqdan ötrü xeyli əziyyət çəkmişəm.

- Azərbaycan mədəniyyətinə töhfə verən şəxsiyyətlər barədə, eləcə də vətən uğrunda canını fəda edən qəhrəmanlarımızdan bəhs edən xeyli bədii və publisistik janrda yazılmış əsərləriniz var. Bəzi qələm adamlarının düşüncəsinə görə, publisistikanı ədəbiyyat janrına aid etmək absurddur, yəni belə əsərləri bədii mətn kimi qəbul etmək yanlış yanaşmadır. Mustafa Çəmənlinin bu sayaq iddialara münasibəti necədir?

- Çox yanlış yanaşmadır. Mən bir yazıçı və publisistika janrına tez-tez müraciət edən qələm adamı kimi güvənlə söyləyə bilərəm ki, publisistika janrı unudulan ədəbiyyat deyil və heç vaxt unudulmayacaq da. Həm də oxunaqlı ədəbiyyatdır. Mən Fred Asif haqqında sənədli roman yazmışam, materiallar o qədər çox idi ki, romanı bədii əsər kimi yazsaydım, faktların çoxu itib gedəcəkdi. Bu kitab çap olundu və roman kimi oxunub sevildi də. Mətn içində mətnə çevrildi. Şövkət Ələkbərova, Əbülfət Əliyev haqqında əsərlərim var ki, onların janrını heç özüm də müəyyənləşdirə bilməmişəm. Demək istəyirəm ki, bu janr çoxdan ədəbiyyat kateqoriyasına daxil edilib və həmişə də belə qəbul olunacaq.

- Qarabağ savaşı mövzusuna qayıdaq... Qarabağ müharibəsi, qələbə və məğlubiyyət haqqında yazılacaq ən gözəl əsərlərin həmin savaş tarixindən 15-20 il sonra yarana biləcəyini söyləyənlər var...

- Məncə, başlıca məqam kimin nə vaxt yazması yox, necə yazmasıdır. Ümumiyyətlə mənə elə gəlir ki, qarabağlı olan, o dəhşətləri öz gözləri görən yazıçılar bu mövzuda daha öndə gedə bilərlər. Vaxtında yazmalıyıq, vaxtında.

- Şuşa qələbəsi ilə bağlı, tarixi xronologiyaya istinadla, yəni real müharibə faktoru üzərində mistik, yaxud fantastik janrda əsər yaratmaqla uğurlu mətn ortaya çıxarmaq olar?

- Hər şey istedaddan asılıdır. Janr vacib amil deyil. Amma əsərin rəngində gərək milli xüsusiyyətlər də olsun. Bu mövzuda kiçik bir detalın üzərində elə əsər yaratmaq olar ki...

- Məğlubiyyət dövrünün faciələri ilə bağlı sanballı əsərlərimiz azdır. Tutaq ki, Xocalı soyqırımı barədə ədəbi hadisəyə çevrilə biləcək bir əsər yazmaqdan ötrü gecikməmişik ki?..

- Çox gecikmişik, amma hərdən də düşünürsən ki, belə bir dərdi hara sığışdırmaq olar? Çox çətindi, çox...

- Savaşda igid döyüşçünün həlak olması ilk baxışdan məğlubiyyətə bənzəsə də, bu fakt əslində qəhrəmanlıq nümunəsidir. Şəhidlər düşmənə yox, ölümə təslim olurlar. Fred Asif, Mübariz İbrahimov haqqında əsərləriniz çap olunub. Silsiləni davam etdirəcəksiniz?

- Mütləq gücüm çatan nəsə yazmaq istəyirəm. “Qayıdış”dan sonra daha çox yazmaq istəyirəm. Ümumiləşdirilmiş obraz yaratmaq istəyirəm. Yaşayarıq, görərik...

- Doğma kəndiniz Çəmənlidə sizdən ötrü müqəddəs sayılan, yaddaqalan elə bir məkan varmı ki, tək o yerin təsviri ilə bir əsər ərsəyə gətirmək mümkün olsun?

- Çətin sualdır...

Tarix
2023.11.19 / 08:00
Müəllif
Oqtay Qorçu
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Sensasion etiraf

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla