Bu hadisə 1988-ci ildə Alim Qasımov, Ramiz Quliyev,
Şəfiqə Eyvazova üçlüyünün ABŞ-dakı konsertində baş verib. Zaldakı
tamaşaçılardan biri xanəndənin ifasına o qədər valeh olur ki, Alim
Qasımov mahnını bitirəndə o, "Gözəl muğam!" – deyə qışqırır. Həmin
şəxs konsertdən sonra Alim Qasımova məktub verərək Azərbaycana
gəlmək istəyini ifadə edir. "Vətən" cəmiyyətinin sədri Elçin
Əfəndiyev və Xalq şairi Nəbi Xəzrinin köməyindən sonra həmin ABŞ
vətəndaşı, muğam ifaçısı Cefri Verbokun Azərbaycana yolu açılır.
Beləcə, ABŞ-da, Kanadada, Avropa ölkələrində Azərbaycan milli
musiqisini ifa və təbliğ edən Cefri Verbok muğamın sirlərini daha
dərindən öyrənir.
Filadelfiyada anadan olan Cefri Verbok deyir ki, musiqiyə marağı
güclü olduğundan gənclik illərində Kaliforniyaya getməyi qərara
alır: "Bir dəfə məclislərdən birində musiqi ifa etdim. Dostum dedi
ki, bu bacarıqla Şərq musiqisini əla ifa edə bilərsən. Cənab Ziyə -
Zefulon Avşalamova müraciət etsən, o sənə Şərq musiqisini
öyrədər.
Amma Ziyin yaşadığı yeri heç kim bilmirdi. Onun axtarışına
başladım. Yaşadığı ərazidəki küçələrdə gəzib dolaşdım. Küçədə
insanlardan Zefulon Avşalamovu tanıyıb-tanımadıqlarını soruşurdum.
Nəhayət, 63 yaşlı Zefulonun evini tapdım. Xahiş etdim ki, mənim
üçün Şərq mahnısı ifa etsin. Əslən Qafqazdan olan qoca əvvəlcə
mahnı ifa etmək istəmədi. Amma sonra Qafqaz qonaqpərvərliyi üstün
gəldi. Kamançasını gətirib mahnı ifa etməyə başladı. İlk dəfə idi
kamança görür, kamança ifasını dinləyirdim. O, Şur ifa etdi.
Düzdür, azərbaycanlılar kimi ifa etmirdi, amma mahnı və alətin səsi
sanki məni iflic etmişdi. Heyranlığımdan yerimdə donub qalmışdım.
Musiqi şüurumu əlimdən almışdı. İfaya acgözlüklə qulaq asdım. Ondan
soruşdum ki, mənə də kamançada ifa etməyi öyrədərsənmi? Qoca bunu
eşidəndə mənə hirsləndi. Dedi ki, çıx get buradan".
Lakin buna baxmayaraq Cefri yaşadığı şəhərdən kilometrlərlə
məsafə qət edərək hər həftə qocanın evinə gəlir: "Bir gün qoca dedi
ki, iki kamançam var. Onu almaq istəyirsən? Başa düşdüm ki, pul
istəyir. Pul verib kamançanı aldım, üstəlik əlavə də pul verdim ki,
mənə muğamı öyrətsin. Zefulon 10 il ərzində mənə kamançada ifanı,
Şərq musiqisini öyrətdi. Onun ölümü həyatımın ən ağır günlərindən
idi".
"Zeynəb Xanlarova ilə birlikdə oxuduq"
Bir il sonra – 1988-ci ildə Zeynəb Xanlarova, Arif Babayev, tar
ifaçısı Zamiq Əliyev və Ədalət Vəzirov ABŞ-a qastrol səfərinə
gəlirlər: "İranlı dostum məni konsertə apardı. Onların ifasına
heyran qaldım.
Bundan sonra Azərbaycana gəlməyim haqda məktub yazdım. Lakin
SSRİ dövrü olduğundan bu, çətin idi. 1988-ci ilin dekabrında Alim
Qasımov, Ramiz Quliyev, Şəfiqə Eyvazova üçlüyü ABŞ-a konsertə
gəldi. Konsert xəbərini eşidən kimi qaçaraq zala gəldim. Oturub
böyük maraqla onların ifasını dinlədim. Muğama o qədər valeh
olmuşdum ki, zalda "Gözəl muğam!" – deyə qışqırdım.
Konsertdən sonra Alim Qasımovun qaldığı otelə gəlib məktubu ona
verdim. Xahiş etdim ki, məktubu Azərbaycana gətirsin. Alim Qasımov
isə məktubu "Vətən" cəmiyyətinin sədri Elçin Əfəndiyevə verib. Nəbi
Xəzri də bundan xəbər tutub. Həmin vaxt onların xaricdən
Azərbaycana qonaq dəvət etmək səlahiyyətləri vardı".
Bir gün Zeynəb Xanlarova ABŞ-a ikinci dəfə qastrol səfərinə
gəlir: "Mənim bəxtimdən qastrol üzvlərinin hotel problemi vardı.
Nyu-Yorkda hotel tapıb, Zeynəb Xanlarovanı ora yerləşdirdik. Zeynəb
dedi məşqlərimizdə iştirak et. Zamiq Əliyev ona "Dəli Ceyran"
mahnısını ifa etdiyimi deyib, səhnədə duet oxumağımızı istədi.
Tarda, kamançada ifa edib, "Dəli ceyran" mahnısını oxudum. Sən
demə, ifanı Azərbaycan Dövlət Televiziyasının "Dalğa" verilişində
bir neçə dəfə nümayiş etdiriblər. Hamı amerikalı oğlanın bu ifasına
təəccüblənib.
Onların ikinci səfərləri zamanı təsadüfdən ABŞ-a Nəbi Xəzrinin
dəvət məktubu gəldi. Azərbaycana gələndə küçədə hamı məni
qucaqlayıb öpürdü. Sonradan başa düşdüm ki, "Dalğa" verilişində
ifamı bir neçə dəfə nümayiş etdiriblər".
"20-30 il sonra biz olmayanda muğamı kim ifa edəcək, kim
qulaq asacaq?"
1989-cu ilin iyununda Azərbaycana ilk səfəri zamanı buradakı
qonaqpərvərliyə heyran qalan müsahibim dilimizi öyrənməyə qərar
verib: "Azərbaycan dilini lüğətsiz, müəllimsiz, təkbaşına öyrəndim.
Qarşıma məqsəd qoydum ki, bu dili öyrənməliyəm. Amma əsl Bakı
ləhcəsi ilə danışmaq istəyirəm. Burada heç kim amerikalı olduğuma
inanmır".
1991-ci ildə Azərbaycana ikinci dəfə gələn Cefri Verbok
filarmoniyada milli musiqi alətlərimizdə ifa edir və "Azərbaycan
maralı", "Dəli ceyran" da daxil olmaqla, 20 Azərbaycan mahnısını
oxuyur: "Qırx ildir fasiləsiz işləyirəm. İnanın, bircə gün dəniz
kənarına, bağa, dağa xizək sürməyə getməmişəm. Boş vaxtım olan kimi
Azərbaycana gəlirəm.
1997-ci ildə Bakıya növbəti dəfə səfər etdim. Prezident Heydər
Əliyev tapşırıq verdi ki, onu yanıma gətirin. Onunla maraqlı
görüşümüz oldu. Tarda, kamançada ifamla, bunu necə öyrənməyimlə
maraqlandı. Dedi ki, tez-tez xalqımızın qarşısında ifa et,
konsertlər ver. Onun sözləri məni daha da ilhamlandırdı.
Mən gəncləriniz qarşısında ona görə ifa edirəm ki, onlar əcnəbi
vətəndaşın muğamı necə sevməsinə, ifa etməsinə diqqət ayırsınlar.
Özləri də muğamı sevsinlər. Mən 20-30 il sonra olmayacam. Bəs onda
muğamı kim ifa edəcək, kim qulaq asacaq?"
Kanadada, ABŞ-da muğam ifaçısı kimi məşhurlaşan müsahibim
Avropada da populyarlaşıb: "Almaniyada 1 dəfə, İsveçrədə 13,
Londonda 10, İsraildə 1 dəfə, habelə digər ölkələrdə muğam
konsertləri vermişəm.
Azərbaycanda isə dəfələrlə. İstəyirəm gənclər muğamı daha çox
sevsinlər. Muğam ifaçıları çoxdur, amma qulaq asanlar da çox
olmalıdır.
ABŞ-da universitetlərə gedib muğam ifa edirəm. Bilirsiniz
amerikalı tələbələr necə qulaq asır! Qaydaya əsasən, ifanı
bitirəndən sonra başqa kursun tələbələri auditoriyaya gəlməlidir.
Bəzən elə olur ki, tələbələr otaqdan çıxmır. Bir dəfə amerikalı
tələbə hirsləndi: axı niyə mən indiyə qədər muğama qulaq
asmamışam?! Bu barədə bizə niyə məlumat verməyiblər?"
"Həyat yoldaşım da azərbaycanlıdır"
İki dəfə ailə quran müsahibimin ilk həyat yoldaşı da
azərbaycanlı olub: "Onunla evlilikdən iki övladım dünyaya gəldi.
Amma xasiyyətimiz uyğun gəlmədiyindən ayrıldıq. İkinci həyat
yoldaşım da azərbaycanlıdır. 2008-ci ildə Azərbaycanın qaçqın
düşərgələrində yaşayan uşaq muğam ifaçıları barədə sənədli film
çəkirdik. Həmin vaxt operatorumuz rus dilli idi. Azərbaycan dilində
az bildiyindən onunla çətin ünsiyyət qururdum. İndiki həyat
yoldaşımla həmin vaxt tanış oldum. O, bildirdi ki, kompüteri,
montaj proqramı var. Xahiş etdim ki, montaj işində mənə kömək
etsin. İşlə əlaqədar tez-tez görüşməli olduq. Hiss edirdim ki, onu
sevirəm. Bir gün ürəyimi açdım. O da məni sevdiyini dedi. Oy dad,
qismət! Xanımım Amerikaya çox asan öyrəndi və ingiliscə sərbəst
danışır. Evləndik, oğlum Yusif dünyaya gəldi".
Müsahibim deyir ki, Azərbaycanı doğma vətəni hesab edir: "Bura
gələndə elə bil doğma evimə gəlirəm. Şəki, Gəncə, Mingəçevirdə,
İmişli, Sabirabad, Saatlı, Bərdədə, Qubada olmuşam.
Azərbaycan yeməklərini çox sevirəm. Xüsusən dovğanı, dolmanı,
plovu xoşlayıram. Dovğa çox ölkələrdə var, amma Azərbaycan
dovğasından dünyanın heç yerində yoxdur.
Azərbaycanda 9 milyon yarım dostum var. Bura o qədər gəlmişəm
ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında mühafizəçi məni
görən kimi deyir: "Ooo, Cefri, xoş gəlmisən".
Hər dəfə Azərbaycana gələndə yeni sözlər öyrənirəm. Bu gün yeni
söz öyrəndim – qələt etmək (Gülür). Amma onun əksini də öyrəndim -
əcəb etmək. Qələt elədin, əcəb elədim. Məqsədim Azərbaycan dilində
təmiz danışmaqdır. Azərbaycan dilindən həzz alıram".