Ana səhifə Kult Musiqi |
Azərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı yeddi dəqiqəlik kompozisiya trend videolar sırasında birinci sıradadır. Bütün dünyada böyük maraqla izlənilən video son günlərin ən çox müzakirə edilən mövzularından birinə çevrilib.
Kult.az mövzu ilə bağlı peşəkarların fikirlərini öyrənib.
Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirmmədli Kult.az-a açıqlamasında kompozisiyanı yüksək qiymətləndirdiyini deyib:
“Kompozisiya, orkestr, xor çox gözəl idi. Düzdür, Aşıq Samirənin səsi az gəlirdi. Amma o da gözəl oxuyub. Samirə həm də mənim tələbəm olduğuna görə onu həmin səhnədə görəndə çox sevindim. Düzü, kompozisiyanı görəndə həm sevindim, həm də gözlərim doldu. Doğrudan da zövqü heç cür öldürmək mümkün deyil. Sevindim ki, belə bir şərait yaradılıb. Təki belə gözəl layihələr bununla bitməsin, ardı gəlsin. Ümumiyyətlə, ildə bir neçə dəfə belə konsertlər keçirilsə, əla olar. Beləliklə, insanları gözəl musiqiyə cəlb etmək mümkündür”.
N.Mirməmmədli sözügedən kompozisiyada "Şur" muğamından istifadə olunduğunu bildirib:
“Elə muğamlardan istifadə olunub ki, musiqidən Üzeyir bəyin havası gəlir. Onun bütün əsərləri muğam üzərində qurulub. İnsanlar bu kompozisiyanı Üzeyir bəyin əsəri ilə müqayisə edir. Deməli, bu bizim öz musiqimizdir. Sadəcə burada muğama istinad olunub.
Mən Təyyar Bayramovun ifasını çox bəyənirəm. Kaş bu layihə davamlı olsun, növbəti səfərlərdə Alim Qasımovu, Nəzakət Teymurovanı və b. səhnədə görək. Əlbəttə, hamı belə böyük layihədə yer almaq istəyər. Fikrimcə, dəstək göstərən olsa, Nəsimi ili çərçivəsində ortaya möhtəşəm əsərlər qoymaq olar”.
Bəstəkar indi olduğu kimi səviyyəli musiqilərin hər zaman auditoriya tərəfindən maraqla qarşılandığını söyləyib:
“Hərdən deyirlər ki, bu cür musiqilər indiki zamanda insanların zövqünə uyğun deyil. Azərbaycan milli musiqisini hansı dinləyicimizə təqdim etsək, mütləq ona reaksiya verəcək. Çünki bu musiqi onun qanında var.
Sənəti kiminsə müvəqqəti populyarlığına, qazancına qurban vermək olmaz. Bəyəm, biz bəstəkarlar pul xətrinə ucuz, səviyyəsiz mahnılar yaza bilmirik? Bu bizim üçün çox asan bir işdir, amma özümüzü saxlayırıq, musiqini tamaha qurban vermirik”.
“Nəsimi” filmində Nəsimi obrazı ilə yaddaşlarda qalan xalq artisti Rasim Balayev də “Sığmazam” qəzəlinin muğamla sintezini bəyəndiyini deyib:
“Dostlarım mənə video göndərdi ki, belə bir kompozisiya hazırlanıb. İzlədim və çox bəyəndim. Təsirli alınıb”.
Xalq artisti Mənsum İbrahimov isə kompozisiyanın Azərbaycan mədəniyyətinə verilmiş ən gözəl töhfələrdən biri olduğunu deyib:
“Bu il bizim dahi şairimiz Nəsiminin 650 illik yubileyidir. Nəsimi bütün dünyada tanınır. Ona görə də hər kəs öz bacardığı qədər iş görməyə çalışır. Konsertin ən önəmli tərəfi o idi ki, Azərbaycan sənətkarları və milli musiqi alətləri olan saz, tar, kamança, balaban, nağara və s. istifadə edilib. Bir sözlə, qısa zaman ərzində çox maraqlı, möhtəşəm bir iş ortaya qoyulub. Sami Yusif dünyada tanınan və sevilən bir ifaçıdır. Onun gəlib Azərbaycanda Nəsiminin qəzəlinə kompozisiya hazırlaması təqdirəlayiqdir. Hesab edirəm ki, Nəsimi ilə bağlı çox iş görmək olar və hər kəs bacardığını etməlidir.
Bildiyim qədərilə, Sami Yusif orkestrdakı ifaçıları şəxsən özü seçib. Düşünürəm ki, kompozisiyada hər şey yerində idi. Hətta bəyəndiyim üçün sözügedən videonu sosial şəbəkələrdə paylaşaraq təbliğ eləmişəm. Özünü azərbaycanlı hesab edən hər kəs ölkəsinin uğuruna sevinməlidir”.
Qeyd edək ki, Sami Yusifin Yutubdakı səhifəsində 9 sentyabrda paylaşılan kompozisiya artıq 1 milyon 100 min izlənilib.
Tarix
2019.09.14 / 08:45
|
Müəllif
Büllurə Yunus
|