Yuxarı

Adıgözəlovun Niyazi haqda xatirələri

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan musiqisinə böyük töhfələri olan mərhum sənətkar Maestro Niyazinin bu il 110 yaşı tamam olur. Bu münasibətlə Niyazinin Ev Muzeyinin müdiri Rza Bayramov xalq artisti Vasif Adıgözəlovun Maestro Niyazi haqqında xatirələr kitabından bəzi hissələri ilk dəfə Azərbaycan dilinə tərcümə edib.

Kult.az həmin xatirələrdən bir parçanı təqdim edir:

Maestro – atam, xanəndə, Azərbaycan muğamının bilicisi Zülfü Adığözəlov ilə yaradıcı tellərlə bağlı idi. Niyazi özünün məşhur “Rast” simfonik muğamı üzərində işləyərkən atamla məsləhətləşirdi. Atamın onun üçün səslənmə gözəlliyinə görə, orkestr ifasının zərifliyi və incəliyinə görə dünya musiqi mədəniyyətinin ən görkəmli əsərləri səviyyəsində duran “Rast”a daxil olan “Əlində sazın qurbanı” xalq mahnısını oxuduğu yadımdadır.

O vaxtlar ən yaxşı məzun-pianoçular sırasında orkestrlə ifa etmək üçün məni də məsləhət görmüşdülər. Mənim həyəcanımı sözlə ifadə etmək çətindir. Mən Xaçatryanın fortepiano ilə orkestr üçün konsertini ifa edirdim. Maestro mənimlə ən kiçik incəlikəri təhlil etdi, mövzusu “Laçın” Azərbaycan xalq mahnısından götürülmüş ikinci hissəni necə çalmağı, üçüncü hissənin rəqs əhval-ruhiyyəsini necə bədii surətdə təqdim etməyi mənə izah etdi. Maestronun bütün dediklərini mən xüsusi diqqətlə ifa etməyə çalışırdım. Konsert uğurla keçdi, Niyazi və orkestrin kollektivi ilə ilk görüşümü həyatım boyu yadımdan çıxara bilməmişəm.

Niyazi ölkəmizin indiki nəslinin bütün ifaçılarının inkişafında vacib rol oynamışdır. Bilavasitə Niyazi məktəbi keçmiş adları xatırlamaq kifayətdir: Tamilla Mahmudova, Elmira Nəzirova, Çingiz Sadıxov, Zivər Əliyeva, Fərhad Bədəlbəyli, Zöhrab Adığözəlzadə, Rafiq Quliyev, Svetlana Əliyeva, Sərvər Qəniyev, Adilə Əliyeva və başqaları. Biz Niyazinin indi ölkəmizin məşhur vokalçıları olan Lütfiyar İmanov, Fidan və Xuraman Qasımova bacıları, Mürsəl Bədirov, Aida Əliyeva və bir çoxlarının yaradıcılığında böyük rolunun şahidiyik. Maestronun dövrümüzün görkəmli ifaçıları - Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Zəhra Rəhimova, Firəngiz Əhmədova və başqaları ilə çıxışları yaddaşımızda həmişəlik həkk olunmuşdur.

Niyazinin incəsənət ustaları və dünya şöhrətli musiqiçilərlə böyük yaradıcı dostluq əlaqələri var idi. Niyazinin qonaqpərvər evində biz Tixon Nikolayeviç Xrennikov, Boris Dmitriyeviç Kabalevski, Arkadi Raykin, David Oystrax, Leonid Koqan, xarici musiqiçilər – türk bəstəkarı Adnan Sayqun, fransız dirijoru Pyer Dervo, Van Klibern və başqa görkəmli musiqiçilərlə yaxından tanış olmaq imkanı əldə etmişdik.

Qeyd etmək lazımdır ki, teatrımızın ən yaxşı tamaşaları Niyazinin adı ilə bağlıdır: F.Əmirovun “Sevil” operası, A.Məlikovun “Məhəbbət əfsanəsi” baleti, Ə.Bədəlbəylinin “Qız qalası” baletinin yeni redaktəsi, Ü.Hacıbəylinin “Koroğlu” operasının və Q.Qarayevin “Yeddi gözəl” baletinin dekada üçün quruluşu və bir çox başqaları.

Niyazi ilə işləmək müstəqil musiqiçi kimi formalaşmağımda çox böyük rol oynamışdır. Mən fəxr edirəm ki, Qara Qarayevin tələbəsiyəm, amma mənim bir bəstəkar kimi inkişafımda Niyazinin də xidməti danılmazdır.

Niyazinin nəfis və aydın partiturası dinləyiciləri, xüsusilə musiqiçi-bəstəkarları həmişə heyran edirdi. Bir çox bəstəkar onu təqlid edirdi, Niyazi kimi yazmağa çalışırdı, lakin cəsarətlə demək olar ki, Niyazidə olduğu kimi, heç kimdə orkestr bu qədər gözəl, rəngarəng səslənmirdi. Ona özünəməxsus orkestr palitrası xas idi. Biz bunu onun “Rast”ında, “Qara gilə” xalq mahnısının işləməsində və bir çox digər əsərlərində hiss edirik.

Həmin dövrdə maestro məni teatra dəvət etdi və bildirdi ki, C.Məmmədquluzadənin pyesi əsasında üzərində işlədiyim “Ölülər” operasının partiturası ilə tanış olmaq istəyir. Mən çox böyük həyəcanla operanı ona göstərdim. Musiqi Niyazinin xoşuna gəldi və o, operanı tamaşaya qoyacağını dedi. Mənə, gənc bəstəkara lazımi şərait yaradıldı və mən böyük ruh yüksəkliyi ilə Maestro ilə işə başladım. O, partitura üzərində gecələr işləyir, məsləhətlərini verirdi, sanki hər şeyi əvvəlcədən səhnədə görürdü. Operanın quruluşçu-rejissoru gözəl rejissorumuz Ş.Bədəlbəyli, rəssamı E.Fətəliyev idi. Lakin Niyazi özünəməxsus enerjisi və fəallığı ilə operanın əsl bədii rəhbəri oldu.

Niyazinin Van Klibernlə ilk çıxışı yadımdadır. P.İ.Çaykovski adına birinci müsabiqədən sonra Van Klibern Bakıya gəlmişdi. Proqramda Raxmaninovun orkestrlə fortepiano üçün 3-cü konserti yer almışdı. Niyazi və Van Klibern ilk dəfə idi ki, görüşürdülər. Yay vaxtı idi və günorta saat 5-də Filarmoniyanın yay zalında ilk məşq elan edilmişdi. Van Klibern məşqə 10 dəqiqə qalmış gəlmişdi.
Bu vaxtlar Van Klibern çox məşhur idi və bu istedadlı musiqiçini yaxından görmək, onun parlaq ifasını dinləmək istəyənlər çox idi. Solistin razılığını alaraq biz zala dinləyiciləri buraxdıq. Və tam dolu zalda məşq başlandı.

Raxmaninovun məftunedici musiqisi, əla kulminasiyalar, solistin mahir ustalığı və orkestr musiqisinin parlaq parçaları dinləyiciləri o qədər valeh etmişdir ki, son akkordlardan sonra bir anlığa sakitlik çökdü və birdən... gurultulu alqışlar!

Van Klibern və Niyazi konserti bir göz qırpımında ifa etdilər. Gənc Klibern Maestronun ustalığına heyranlığını bildirərək qeyd etdi:“Niyazi – dahi müşayiətçidir”.

Niyazinin həyat və yaradıcılığı xalqla sıx bağlı idi. O, əsl xalqın övladı idi. Harada olmasından asılı olmayaraq, onun ətrafında həmişə ona məhəbbətlə müraciət edən və qulaq asan kütlə yığışardı.

Mən Niyazi ilə ilk konsertimin Zivər Əliyevanın iştirakı ilə səs yazılışını xatırlayıram. Günlərin bir günü Moskvaya uçuram, təyyarə salonunda Niyazini görürəm.

“Moskvaya nə üçün uçursan?” – deyə, o soruşdu.

Cavab verirəm:

- Kinomusiqiyə səs yazılışı üçün.

- Kim dirijorluq edəcək?

- Siz! – cürət edib dedim.

...Niyazisiz kədərlidir. Onun bizimlə olmaması fikri ilə barışmaq çətindir. Biz hər gün, hər saat və hər dəqiqə xəyalən ona müraciət edirik. Mən şəxsən xoşbəxtəm ki, həyatımın bir çox ilini bu böyük musiqiçinin yanında keçirmişəm. Və indi radio və ya televiziya ekranında Niyazinin musiqisini dinləyərkən onun ölməzliyinə, bəstəkar və dirijorun böyük istedadının əbədiliyinə bir daha əmin olursan.

Tarix
2022.04.02 / 08:00
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyeva və Ərdoğanın layihəsi: birgə pavilyon açılır

İSESKO-nun baş direktoru Azərbaycana gəldi

XİN-dən Bayraq Günü münasibətilə paylaşım - Foto

Tuvalunun baş naziri Azərbaycana gəldi

Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır

Hilda Heine Bakıya gəldi

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Sadır Japarov Azərbaycana gəlir

Filip İsdor Mpanqo Bakıya gəldi

Ukraynada savaş belə bitir – Trampın planı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla