Yuxarı

Cinayət və sevgi: Madonnanın həyat gizlinləri

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cinayət və sevgi: Madonnanın həyat gizlinləri

Əvvəli

Artıq nişanlı ikən məlum olmuşdu ki, Madonna öz toyunu əsrin tamaşasına çevirmək istəyir. "Mən birinci dəfədir ərə gedirəm və ümid edirəm ki, bu, həm də sonuncu dəfə olacaq", – deyə o, intervüdə açıq-aşkar bildirirdi. – "Mən istəyirəm ki, bu, qonaqların ömürləri boyunca unutmayacaqları bir təntənə olsun".

Belə də olur: aktyor Martin Şin hər yanı lərzəyə gətirən 16 avqust 1985-ci il tarixli nikah mərasimini hələ xeyli sonralar da xatırlayırdı: "Bu, daha çox Vyetnam müharibəsinə bənzəyirdi".

Madonna mərasimi yalnız öz dostları arasında keçirməyi planlaşdırır. Göndərilən dəvətnamələrdə mərasimin keçiriləcəyi yer göstərilmir, toya bir gün qalmış ünvan dəvətlilərə telefon vasitəsilə bildirilir. "Ümid edirəm, bu çaqqallar toyun harada keçiriləcəyindən xəbər tutmayacaqlar", - deyə Penn jurnalistlər haqqında deyirdi. – "Onda Madonnanın istədiyi kimi toy olacaq: sakit və dəbdəbəsiz..."

Lakin gəlinin harda gəldi nə danışdığını ağla gətirməmək çətin olardı. Tezliklə bütün jurnalistlər toyun Don Ungerin Malibidəki malikanəsində açıq havada baş tutacağından xəbərdar olurlar. 16 avqust 1985-ci il axşam saat 6-da. Elə həmin gün Madonnanın iyirmi yeddi, ertəsi gün isə Şonun iyirmi beş yaşı tamam olurdu.

Toya bir neçə saat qalmış mühafizə hər ehtimala qarşı ətrafda paparatsilərin olub-olmamasını yoxlamaq istədi, lakin onları artıq axtarmağa ehtiyac yox idi. Los-Ancelesin bütün qəzetlərinin reportyorları mərasim məkanının qarşısına yığılmışdılar və doğru-yalan bəhanələrlə içəri can atırdılar. Onlar personalı satın alır, heç olmasa, bir kadr etmək üçün ətrafdakı evləri ağlasığmaz qiymətlərlə kirayələyirdilər.

Və nəhayət, havadan gözlənilməz zərbə endirildi – malikanənin üzərindən vertolyotlar asılmağa başladı, o qədər aşağıda dayanmışdılar ki, pərlərin yeli qonaqların saç düzümünü tamam korlayırdı. Helikopterlərin sayı səkkizə çatanda Pennin səbri tamam tükəndi: o, silah götürmək üçün evə qaçdı. Od vurulmuş kimi ora-bura qaçıb, helikopterləri vurmağa çalışırdı. "Bu lənətə gəlmiş helikopterlərdən heç olmasa, biri partlasa və murdar jurnalistlərin cəsədi yanıb külə dönsəydi, mən çox xoşbəxt olardım. Onlar insan deyillər. Mən heç vaxt canlıya atəş açmazdım".

Mətbuat uzun müddət Madonnanın toy libasının "dərin" dekoltesindən, Pennin 695 dollarlıq kostyumundan, səliqəsiz bağlanmış qalstukundan, üzündəki kəsik yerlərindən yazmaqdan yorulmadı. Madonna və Penn özləri isə toylarını əsl "sirkə" bənzədirdilər.

Toydan sonra yeni evli cütlük Malibidəki villalarına yollandılar. Həmişəki kimi paparatsilər də onların ardınca düşüb, ulduz ailəsinin hər addımını sevinclə izləməyə başladılar. "Mənim bu insanları görməyə gözüm yoxdur. Hamınızdan zəhləm gedir!" – Penn mətbuatla söhbətlərində özünü saxlaya bilmirdi. Madonna isə əksinə, bu təkidli diqqətdən zövq alırdı: "Həmişə şəxsi həyatına ola biləcək müdaxiləyə hazır olmaq lazımdır".

Şanxay sürprizi

Mətbuatla döyüş meydanı Şanxaya "köçürülür", Pennlər yeni filmin çəkilişinə yollanırlar. Şon zövcəsi ilə çəkiləcəyi filmin planını çoxdan fikirləşirdi. Bu, həm də onun özünün xeyrinə olardı: axı o, artıq kino ulduzu idi, Madonna isə olmağa hazırlaşırdı. "Şanxay sürprizi" filminin senarisi əlinə düşür, filmin istehsalı ilə Hand Made Films məşğul olurdu.

Senari bərbad idi, odur ki, Pennlərin ilk işi onun üzərində işləmək olur. Sonra Asiyaya uçurlar. Con Penn baş qoşduğu layihənin bir işə yaramadığını çox gec anlayır, amma əvəzində yerli mətbuatla münasibətlərini yerindəcə aydınlaşdıra bilir: ilk məqsədi onların diqqətindən yayınmaq və zövcəsini də onlardan gizlətmək olur.

"Şanxay sürprizi" nəinki Madonnanı kino ulduzu etdi, əksinə, onun ümumiyyətlə, aktrisa olmaq qabiliyyətinin yoxluğunu bir daha sübuta yetirdi. Bundan əlavə, bu, Pennin karyerasında ən uğursuz film idi. "Görünür, rejissor ümumiyyətlə, nə etdiyini bilmir, - deyə Madonna özlərinə belə bəraət qazandırırdı. – Biz kapitansız gəmidəki kimi idik. Əminəm ki, siz bunu hiss etdiniz".

Penn etiraf edirdi ki, dəfələrlə bu "zibili çəkməməyi məsləhət gördüm", lakin ər-arvadın entuziazmı və Madonnadan "aktrisa" düzəltmək inadı onu işi davam etdirməyə məcbur qoyurdu. "Biz düzgün senari, düzgün rejissor və aktyorlar seçməmişdik", - deyə filmin prodüsseri Corc Harrison deyirdi. Penn ailəsi haqqındakı suallara isə o, əlini yelləyərək deyirdi: "Yaxşısı budur, soruşmayın!"

Ziddiyyət

ABŞ-a qayıdan cütlük Pennin iştirakı ilə çəkilən "Yaxından atmaq" filminin premyerasında birgə göründülər. Film üçün "Live То Tell" mahnısını yazan və onu ifa edən Madonna sevinclə müxtəlif pozalarda şəkillər çəkdirir, Şon isə getdikcə daha çoz azğınlaşırdı.

"Məni ən çox təəssüfləndirən şey, onun özünü reklama olan ehtirası idi", - deyə o, Penn sonralar etiraf edirdi. Penn heç bilmirdi ki, arvadının mətbuat agentləri onun xahişi ilə qəzetlərə zəng ediblər. Məsələ Şonun reportyorlarla yumruq davasına çatanda Madonna əməlli-başlı özündən çıxır.

O, özü dəfələrlə ərini müsahibə vermək üçün dilə tutmuşdu: "Biz məşhur adamlarıq. İnsanlar bizim şəkillərimizi görməlidirlər". Şon isə heyrətə gəlmişdi: "Səni narahat etmir ki, bu insanlar bizim həyatımıza müdaxilə edirlər?!"

Əri ilə mübahisədən çəkinməyən Madonna dərhal müdafiəyə qalxmışdı: "Mən indiki səviyyəyə çatmaq üçün öküz kimi işləmişəm ki, insanlar mənimlə maraqlansınlar. Ya bununla barış, ya da rədd ol!" Şon isə acıqla cavab vermişdi ki, bir gün həqiqətən də seçmək lazım gələcək: "Ya onlar, ya mən!"

Çox vaxt bu söz-söhbətlər dava-dalaşla bitirdi, xüsusilə də bunlara qısqanclıq əlavə olunanda. Penn həmişə hiss edirdi ki, Madonna ona sadiq qalmayacaq. "O, çox çılğındır, inanmıram ki, hansısa bir kişi onun cilovunu əlində saxlaya bilsin", - deyə Penn etiraf edirdi. Onların münasibətlərindəki ən böyük qırılma Şon Madonnanın müğənni Prinslə çoxdankı münasibətlərindən xəbər tutduqda baş verdi. Penn yumruğu ilə divarlara hücum çəkəndən və mebelləri qırıb-tökəndən sonra arvadına keçmək istəyirdi ki, Madonna qaçıb canını zorla qurtara bildi. "O zaman mən onun simasında ilk dəfə iblisi gördüm", - sonralar Madonna xatırlayırdı.

Lakin təhlükə sovuşduqda Madonna etiraf edirdi ki, ərinin azğın qısqanclığından böyük həzz alır. "Gör o, məni necə sevir ki, yumruğu ilə divarı çatladır", - deyə o, Prinsə zəng edib usta göndərməsini xahiş etdi, çünki hər şey onun üzündən baş vermişdi.

Ayrılıq söhbətləri ilk dəfə 1987-ci ilin dekabrında Şon bir neçə günlüyə yoxa çıxdıqda başladı. Həmin günlərdə Madonna dostlarına etiraf edirdi ki, evlilikləri süquta uğrayıb və o, ərinə nifrət edir. "Ailəmizin bu günə düşməyindən çox utanıram" – Madonna dostlarına belə desə də, özü ocağa yağ tökməkdən qalmırdı.

Ayrılıq

Con F.Kennedi (kiçik) atasının Merilin Monro ilə münasibətlərini xatırlayaraq Madonna ilə maraqlanmağa başladı. Onlar 1987-ci ilin dekabrında Nyu Yorkda tanış olurlar. Elə ilk görüşdən sonra Kennedi öz mənzilinin açarlarını Madonnaya verir və onlar görüşməyə başlayırlar. Şon Penn arvadının xəyanətinin təfsilatını qəzet sütunlarından öyrənir və sanki ağlı başından çıxır.

Onları Madonnanın telefon zəngi barışdırır. Tibbi müayinə zamanı süd vəzilərində şiş aşkar edilmişdi. O, qorxmuş vəziyyətdə ərinin telefon nömrəsini yığır. "Şon bunu eşidəndə sarsılır", - deyə Pennin dostu aktyor Stiven Sterninq xatırlayır. Şon deyir ki, Madonna mütləq həkimə getməli və biopsiya etdirməlidir. Madonna ağlayır və qorxduğunu, nə edəcəyini bilmədiyini söyləyir. Şon onunla birlikdə həkimə getməyi təklif edir. Madonna biopsiya etdirir. Bir neçə gündən sonra cavablar çıxır. Xoşbəxtlikdən cavab mənfi olur. Onda ciddi bir şey yox idi.

Şon özü belə deyirdi: "Həyat yoldaşında xərçəng ola biləcək ehtimalı qədər kişini sarsıdan ikinci bir şey ola bilməz. Mən anladım ki, öz həyatıma, Madonnaya və evliliyimizə daha ciddi yanaşmalıyam".

Lakin Madonna Şona geri dönməyə hazırlaşmırdı. Kennedi ilə romanı getdikcə daha da alovlanırdı. Con etiraf edirdi ki, Madonna onunçün əsl qarabasmaya çevrilib. Conun anası, Cekki Kennedi oğlu üçün narahat idi. Onu təbii ki, Madonnanın şöhrəti deyil, Şon Pennin aqressiyası narahat edirdi. "Anacan, mən hətta əl-qolu bağlı halda da bu balaca yaramazın dərsini verə bilərəm", - Con deyirdi. Lakin onların münasibətlərində Şonun zəif xarakteri özünü açıq-aydın büruzə verirdi. Madonna həmişə hökmlü kişiləri sevmişdi, Kennedi isə çox yumşaq və anasından asılı idi.

Şonu ailəsindəki xoşagəlməz münaqişələrdən yalnız Taylandda çəkilən "Müharibənin qurbanları" filmi yayındıra bildi. Lakin qayıdarkən yeni bir qalmaqalın içinə düşdü. Madonna qəfildən özünü lezbiyan elan etdi. Hər yerdə Sandra Bernhardla görüntülənməyə başladı.

Penn alkoqol aludəçisinə çevrilmişdi. O, evin zirzəmisində tir düzəltmişdi. Deyirlər, Şon ya arvadının, ya da onun dostlarının, sevgililərinin şəkillərinə atırdı.

Madonna alkoqolizmdən müalicə olunmaq üçün Şonu dilə tutur. Onlar hətta klinikaya da gedib başqa adla qeydiyyatdan keçirlər. Lakin sonra mətbuatdan ehtiyatlanaraq müalicədən imtina edirlər.

1988-ci ildə fikirləşirlər ki, ailə həyatlarını yalnız uşaq xilas edə bilər. Lakin Sandra Madonnanı inandırırdı ki, bu sonu görünməyən ailə cəhənnəminə uşağı da artırmasın. Müğənni rəfiqəsinin məsləhətini dinləyib növbəti mübahisələrin birində Şondan çıxıb getməyi xahiş edir. O, atasının yanına köçür. Madonna zəng edib boşanmağı xahiş edir.

Son damla

1988-ci il 28 dekabrda Şon onunla üz-üzə danışmaq istəyir. Nəticədə isə onu qanunsuz olaraq Madonnanın evinə soxulmaqda ittiham edirlər. Bu isə doğru deyildi: Madonnanın özünün dediyinə görə, Şonu evə özü buraxmışdı. Bəli, o, sərxoş idi. Amma o, əvvəllər də sərxoş olurdu. "Mən inanmıram ki, Şon Madonnaya zərər yetimək üçün gəlib. O, sadəcə, gələcək həyatlarını müzakirə etmək istəyirdi. Amma nədənsə, söhbət alınmır", - Şonun dostu Çarli Şin deyirdi.

Necə oldu ki, söhbət alınmadı və ailə münaqişəsi kriminal materiala çevrildi? Bu barədə nə onda, nə sonralar, nə Madonna, nə də Penn danışdı. Daha dəqiq desək, həmin dekabr gecəsində Malibidəki villada nə baş verdiyini indiyədək onların özlərindən başqa heç kim bilmir.

Nəticədə bu olay ən ağlagəlməz şayiələrin yayılmasına səbəb oldu: guya Şon iki gün Madonnaya işgəncə verib, fiziki və mənəvi zorakılığa məruz qoyub. "Sənin qalıqlarını kibrit qutusunda dəfn edəcəm", - guya Şon tapançanı arvadının gicgahına dirəyib deyir, sonra isə iki sutka Madonnanı stula bağlı vəziyyətdə qoyub viski ardınca gedir.

Əslində isə hər şey bir qədər başqa cür olmuşdu. Hansısa iki gündən söhbət belə gedə bilməzdi. Şon evdə cəmi bir neçə saat olmuşdu. Lakin Madonnanın polis məntəqəsinə nə gündə gəldiyini leytenant Bill Maksuini belə təsvir edir: "Onun dodaqları partlamış, üzü şişmişdi. O, məişət zorakılığına məruz qalmış tipik qadın idi. Malibidə belə şeyə hər saat rast gəlməzsən. O, kim olduğunu deməyincə qarşımdakının dünya şöhrətli məşhur müğənni olduğu heç ağlıma da gəlməzdi".

Polislər ildırım sürətilə hərəkətə keçdilər. Onlar Madonnanın evinə gəlib Şon Penndən təslim olmağı tələb edirlər: "Biz atışmaya, silahlı müqavimətə hazırlaşmışdıq. Çünki missis Penn demişdi ki, ərində silah var. Ancaq təəccüblü də olsa, hər şey çox sakit keçdi. Penn dərhal və könüllü şəkildə təslim oldu".

Şonun özü deyirdi ki, anlaşılmazlıq baş verib. Heç polislərdən incimədi də: "Uşaqlar öz vəzifələrini yerinə yetirirdilər". Polis bölməsində o bildirdi ki, Madonna ilə aralarında adi ailə mübahisəsi baş verib.

Həmin gecə Madonna qardaşı Kristoferə zəng edib ona təcili ev tapmasını tapşırır. "O, elə qorxmuşdu ki, hətta öz əşyalarının ardınca getmək belə istəmirdi. İstədiyi yeganə şey – Şondan mümkün olduqca tez uzaqlaşmaq idi", - deyə qardaşı yazırdı.

Boşanmanın sənədləri çoxdan hazır idi – Madonnanın özündən daha uzaqgörən olan vəkilləri bir himə bənd idilər. Onların təəccübünə rəğmən Madonna Şonun onun 70 milyonluq sərvətinə olan hüquqlarına etiraz etmədi: "Kaliforniya qanunlarına görə, o, yarısını götürə bilər". Müğənni çılğın həyat yoldaşının həbs edilməsi barədə düşünməyi belə, qadağan etdi. Şon Penn Madonnanın şikayət ərizəsini geri götürməsinin səbəbini heç cür anlaya bilmədi: "Mən çox yaramazlıq etdim. Cəzalanmağa layiq idim". Maliyyə məsələlərindən söhbət gedəndə isə Şon deyirdi: "Mən ondan bir qəpik də götürməzdim. Mən acından ölərəm, amma başqasının əməyinin bəhrəsinə göz dikmərəm". Onu da qeyd edək ki, Şonu heç də acından ölmək gözləmirdi, ulduz müğənni ilə boşanarkən onun özünün beş milyon pulu var idi.

"Qoy Tanrı özü Şonu qorusun, amma məndən uzaqlarda", - Madonnanın ilk nikahına epitafiyası belə oldu. Bir neçə il sonra teleaparıcı Devid Letterman ondan birbaşa soruşanda ki, hələ keçmiş ərini sevirmi? Madonna cavab vermişdi ki, o, mənim həyatımdakı ən ağıllı, incə və istedadlı kişi idi. Mən çox təəssüf edirəm ki, ondan uşağım olmadı. Bizdən yeni Con Barrimor alınardı... Şon Penn isə Madonna ilə nikahına dair bütün suallara belə cavab verirdi: "Mən heç nə xatırlamıram, çünki həmişə sərxoş olurdum". Lakin bir dəfə o, ağzından qaçırmışdı ki, hərdən mənə elə gəlirdi ki, mənim zövcəm olmaq ona kifayət etmir. O, mənim ruhuma sahib olmaq istəyirdi.

Ancaq deyəsən, Madonna daha artığını – onun aktyorluq talantına sahiblənmək istəyirdi.

Tərcümə etdi: Təhminə C.B.

Tarix
2015.10.29 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla