Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni hazırladığı
sənədə əsasən şadlıq
evlərində musiqi çalınarkən istifadə edilən səsin gücü 85
desibeldən yüksək olmamalıdır.
Axar.az bu qərarla bağlı tanınmış müğənnilərin fikrini
öyrənib:
Xalq artisti Faiq Ağayevin fikrincə, bu qərar
toyların daha maraqlı keçməsinə səbəb olacaq:
"Əlbəttə ki, bu qərarı dəstəkləyirəm. Çünki hər hansı bir toyda
qonaq qismində və ya müğənni kimi iştirak etdiyim zaman qarşımda
oturan insanın sözlərini eşidə bilirəmsə, bundan gözəl nə ola
bilər? Düzdür, toylarda biz özümüz desibeli ölçə bilmirik. Amma mən
müğənni kimi iştirak etdiyim toylarda çalışıram ki, səs insanları
narahat edəcək dərəcədə olmasın. Bu qərarı alqışlayıram".
Əməkdar artist Lalə Məmmədovanın sözlərinə
görə, hətta 85 desibel səs gücü də çoxdur:
"Məncə, 85 desibel də bəzən çox olur, 70-75 arası daha yaxşıdır.
Ondan çox olanda artıq musiqi öz təsir gücünü itirir.
Diskotekalarda olan səs bizim toylarımızda olan səsdən bəzən daha
aşağı olur. Bu qərarın qəbul olunmasını dəstəkləyirəm. Çünki son
vaxtlar toylarda səsin yüksəkliyi 110-120 desibelə çatmışdı, bu da
dözülməz haldır".
Müğənni Ayan Babakişiyeva bildirib ki, qərarın
effektli olması şadlıq evlərindən asılıdır:
"Ümumiyyətlə, hər şeyi müğənninin və səs rejissorunun üzərinə
atmaq olmaz. Çünki bu gün çox nadir şadlıq evlərinin səs akustikası
normaldır. Ona görə də birinci akustika düzgün olmalıdır ki,
səslənmə nə çox olsun, nə də az. Restoranlar düzəlməsə, qərarın bir
effekti olmayacaq".
Əməkdar artist Abbas Bağırova görə, əksər
şadlıq evləri akustik normalara riayət etmir:
"Mənim iştirak etdiyim toylarda həmişə musiqinin desibeli 50-60
arasında olub. Fikrimcə, çox düzgün bir qərardır. Çünki indi ancaq
bərbəzəkli, gözəl görünüşlü şadlıq evləri tikilir. Təəssüf ki,
burada heç bir akustik normalara riayət olunmur. Buna görə də mən
bu qərarı dəstəkləyirəm".
Şadlıq evlərində səs gücünün çox olmasının insana mənfi
təsirləri ilə bağlı məlumat almaq üçün Mərkəzi Klinikanın lor
həkimi Aybəniz İbrahimovaya da müraciət etdik. Aybəniz xanımın
sözlərinə görə, yüksək səs insan beynini zədələyir:
"Toyların saatları hər birimizə məlumdur. Günün sonunda – ən
yorğun olan vaxtda insanlar toya gedir və orada yüksək səslə
qarşılaşır. Bütün günü işdə, dərsdə, müxtəlif yerlərdə yorulan
insan beyni və eşitmə sistemi yüksək səslə qarşılaşdıqda daha da
zədələnir. Bundan əlavə, yüksək səsə məruz qalmaq insanın eşitmə
qabiliyyətini də zamanla azaldır. Yalnız toylarda deyil, səs
yüksəkliyi diskotekalarda da azaldılmalıdır".
Xatırladaq ki, bəzi
şadlıq evlərinin rəhbərləri Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin yeni hazırladığı sənədlə razılaşmadıqlarını
bildirmişdilər.