"Tanrının iqamətgahı"nın tapılması mövzusu son zamanlar
internetdəki ən məşhur mövzulardan biridir.
Axar.az xəbər verir ki, bu mövzu çoxdan ortaya çıxsa da,
illərdir müxtəlif nəşr və saytlar ondan yazmağa davam edir.
Yanında Yer planetinin qum dənəsi qədər kiçik olduğu iddia
edilən bu "iqamətgah"ın işıq saçdığı, hələ Bill Klintonun
hakimiyyəti dövründə gizli saxlanılmağa çalışılsa da,
ictimaiyyətdən gizlədilə bilinmədiyi və nəhəng ölçülərə sahib
olduğu məlumdur. Obyektlə bağlı araşdırmalar aparan NASA alimləri
onun qalaktika ilə birlikdə Yerin ətrafında hərəkət etdiyini
müəyyən edib. Bu, böyük partlayış nəzəriyyəsinə tamamilə uyğun
gəlir. Sözügedən nəzəriyyəyə görə, böyük partlayışdan sonra
qalaktikalar müxtəlif istiqamətlərə doğru hərəkət edib.
Lakin mütəxəssislər kompüterlərin köməyi ilə "Tanrının
iqamətgahı"nın üçölçülü modelini quranda "sürpriz"lə üzləşib. Məlum
olub ki, bizim qalaktikamız və bütün digər aləmlər "Allahın
iqamətgahı"na nisbətən hərəkət edir, amma "iqamətgah" özü heç yerə
tərpənmir. Çünki o, hər qalaktikanın istiqamət götürdüyü kainatın
düz mərkəzində yerləşir.
Bu qəribə obyekti Prezident Bill Klinton və Albert Qor uzun
müddət müzakirə edib, amma sonda heç bir reallığa uyğun cavab əldə
oluna bilməyib. Bu səbəbdən "Tanrının iqamətgahı" haqda olan
məlumatların aradan qaldırılması və bu mövzunun gizli saxlanılması
qərara alınıb.
Lakin artıq çox gec idi. 1994-ci ildə Hubble kosmik teleskopu
vasitəsilə çəkilən fotolar artıq kosmik araşdırmalar mərkəzləri və
NASA tərəfindən kopyalanmışdı. Əlbəttə ki, NASA bütün müraciətlərə
baxmayaraq, bu mövzuda susmağa üstünlük verdi.
"Tanrının iqamətgahı" çəkilən 3 foto ilə araşdırılır. Fotolardan
birində obyekt əlvan qalaktikanın mərkəzində görünür. Foto
əlavələrində obyektin quruluşu göstərilib. Təəssüf ki, bu foto
Hubble kosmik teleskopu ilə çəkilən NGC3079 qalaktikasının fotosu
ilə eynidir və saxtadır. Fotonun orijinalında heç bir iqamətgah
yoxdur. Amma olsaydı belə, bizdən 55 milyon işıq ili uzaqda olardı.
NGC3079 bizdən məhz bu məsafə uzaqlıqda yerləşir. Əlbəttə uzaqdır,
amma kainatın mərkəzi deyil.
İkinci foto daha kobud saxtakarlıqla hazırlanıb. Sözügedən
obyekt, sadəcə olaraq bir qalaktika fotosuna süni şəkildə əlavə
olunub. Fotonun saxta olduğu qalaktika ilə uyğun gəlməyən və süni
şəkildə əlavə edilən "iqamətgah"ın parıltısından tam bilinir.
Üçüncü fotoda obyekt qaranlıq qalaktika fonunda göstərilir və
işıq saçır. Amma bu işıq olduqca təktonlu görünür. Hiylə çox sadə
çözülür: kimsə daha öncə ağ-qara olan fotonu "rəngləyib".
İlk foto və məlumatlar 1994-ci ilin fevralında NASA-nın saytında
deyil, Amerikanın "Vikli Vörld Nyus" qəzetində çıxıb.
Sözügedən qəzet fotoya belə başlıq qoydu: "Hubble kosmik
teleskopu cənnətin fotosunu çəkib". Və əlavə məlumat olaraq fotonun
1993-cü ilin 26 dekabrında lentə alındığını yazıb.
Fotonun "Tanrının iqamətgahı" adı ilə paylaşılması sensasiya
yaratmaq məqsədi daşıyırdı. Növbəti dərcdə fotoya belə başlıq
verildi: "Tanrının harda yaşadığını tapdıq – alimlərin iddiası".
Yazının müəllifi Marsiya Messon NASA-nın yüksək vəzifəli
nümayəndəsindən sitat gətirərək, "bu, bizim gözlədiyimiz sübutdur"
deyə ictimaiyyətə müraciət etdi.
Bu məqalədən sonra yüzlərlə nəşr və qəzet fotoları yayımlamağa
başladı. Marsiya Messon obyektin "Tanrının iqamətgahı" olduğunu
sübut edən şəxs deyil, ilkin mənbə – yalançı mənbə rolunu
oynadı.