Ermənistanda hakimiyyətlə kilsə arasındakı qarşıdurma yeni, daha sərt mərhələyə keçib.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə – xüsusilə yeni yaradılmış Teleqram kanalında – Erməni Apostol Kilsəsinin yüksək rütbəli din xadimlərindən birinin intim xarakterli videosunun yayımlanması ölkəni silkələyib.
Eçmiədzin Patriarxlığının Baş Katibliyinin rəhbəri, arxiyepiskop Arşak Xaçatryan yayılan görüntülərə münasibət bildirərək videonun saxta olduğunu və bunun Paşinyan hakimiyyətinin siyasi təbliğat hoqqabazlığı olduğunu deyib:
“Bu, hakim siyasi qüvvənin təbliğat aparatının bayağı hoqqabazlığıdır. Mənim adımı bu prosesə qatmaq siyasi sifarişdir. Enerjinizi qoruyun, cənablar – məsuliyyət anı gələcək və o an sizin “arxa tərəfiniz” tam görünəcək”.
Xaçatryan hesab edir ki, hökumət kilsəni susdurmaq üçün şantaja və kompromat savaşına keçib.
Ermənistanın ombudsmanı Anaid Manasyan da məsələyə qarışıb və şəxsi həyatın məxfiliyinin pozulması ilə bağlı dövlət orqanlarını təcili araşdırma aparmağa çağırıb:
“Şəxsi məlumatların qanunsuz yolla toplanması və yayılması həm konstitusion hüquqların, həm də fundamental insan azadlıqlarının pozulmasıdır. Bu cür hərəkətlər hüquqi məsuliyyət doğurur”.
Ombudsman son günlər gizli çəkiliş və dinləmələrin sistemli şəkildə mediaya ötürülməsini təhlükəli tendensiya adlandırıb.