2026-cı ilin avqust ayının ən çox gözlənilən 5 smartfonunun siyahısı açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə “GizmoChina” məlumat yayıb.
Siyahıya “Quql”, “Vivo”, iQOO və “Poco” brendlərinin modelləri daxil edilib.
Quql Piksel 11
Bu ilin avqust ayının ən çox gözlənilən smartfonları siyahısında ilk yeri Quql Piksel 11 tutur. Piksel-11 seriyasının rəsmi təqdimatı 12 avqustda keçiriləcək. Seriyaya Piksel 11, Piksel 11 Pro, Piksel 11 Pro XL və qatlana bilən Piksel 11 Pro Fold modelləri daxil olacaq. Yeni Piksel xəttinin əsas diqqət çəkən xüsusiyyətləri yenilənmiş kamera imkanları, süni intellekt funksiyalarının genişləndirilməsi və Quqlun yeni nəsil Tensor prosessoru ilə təchiz olunmasıdır. Bütün modellərin yeni Tensor G6 prosessoru ilə təchiz olunacağı gözlənilir. Cihazlarda ən azı 256 GB daxili yaddaş, təkmilləşdirilmiş kamera sistemi və yenilənmiş Gemini süni intellekt funksiyalarının təqdim ediləcəyi bildirilir.
iQOO Z11
Smartfonun “MediaTek Dimensity” 7500 prosessoru, 6,83 düymlük AMOLED ekranı və 90 Vt sürətli enerji doldurmanı dəstəkləyən 9020 mAh tutumlu batareyası ilə təqdim olunacağı gözlənilir. Cihazın əsas kamerası 50 MP, ön kamerası isə 32 MP olacaq. Model xüsusilə orta seqmentdə uzun batareya ömrü və yüksək məhsuldarlığa üstünlük verən istifadəçilər üçün nəzərdə tutulub.
Vivo V80
Cihaz 1,5K təsvir ölçüsünə və 144 Hz yenilənmə tezliyinə malik 6,59 düymlük displey, “Snapdragon 7 Gen 4” prosessoru və 7200 mAh tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun üçlü əsas kamera sistemi 50 MP əsas modul və 50 MP periskop telefoto modulunu özündə birləşdirəcək.
Poco M8 Power 5G
Smartfonun rəsmi təqdimatı 4 avqusta planlaşdırılıb. İstehsalçı artıq cihazın 8000 mAh tutumlu batareyaya, AMOLED displeyə və 50 MP əsas kameraya malik olacağını təsdiqləyib. Gözləntilərə əsasən, model “Snapdragon 4 Gen 4” prosessoru, 120 Hz yenilənmə tezliyini dəstəkləyən ekran, IP65 su və tozdan qorunma sertifikatı və 45 Vt sürətli enerji doldurma funksiyası ilə təqdim olunacaq.
Vivo S2
Bu smartfon Vivo S seriyasının yeddi ildən sonra bərpa olunan ilk nümayəndəsi ola bilər. Cihaz 6,59 düymlük AMOLED displey, “MediaTek Dimensity” 7360 prosessoru və 80 Vt sürətli enerji doldurmanı dəstəkləyən 7000 mAh batareya ilə təchiz olunacaq. Smartfonun kamera sistemi 50 MP əsas kamera və 32 MP ön kameradan ibarət olacaq.