ABŞ və İsrail İrana iqtisadi təzyiqi artırmaq məqsədilə ölkəyə qarşı quru blokadası tətbiq etmək imkanını müzakirə edir.
Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə "Telegraf" nəşri məlumat yayıb.
Məlumata görə, plan İranı danışıqlar masasına qaytarmaq üçün aylardır davam edən hərbi əməliyyatların istənilən nəticəni verməməsi fonunda nəzərdən keçirilir.
Nəşrin yazdığına görə, təşəbbüs çərçivəsində İranla həmsərhəd olan İraq, Pakistan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Ermənistan və Azərbaycanın sərhəd-keçid məntəqələrini məhdudlaşdırmağa və ya bağlamağa razı salınması nəzərdə tutulur. Bu yolla İranın idxal və ixrac imkanlarının ciddi şəkildə məhdudlaşdırılması hədəflənir.
Nəşr bildirir ki, quru blokadası ideyası dəniz blokadasının davam etdirilməsi, İrana yeni zərbələrin endirilməsi və ya diplomatik razılaşmanın əldə olunması kimi digər variantlarla yanaşı müzakirə olunur.
Nəşrin qeyd etdiyi kimi, təşəbbüsün tərəfdarları hesab edirlər ki, İranın iqtisadi cəhətdən təcrid edilməsi ölkə rəhbərliyinə təzyiqi artıra bilər. Bununla belə, ekspertlər İranın uzun quru sərhədləri və region ölkələri ilə sıx əlaqələri səbəbindən belə blokadanın həyata keçirilməsinin son dərəcə çətin olacağını vurğulayırlar.