Rusiya ətrafındakı ölkələri özünün əməliyyat zonası
hesab edir.
Axar.az xəbər verir ki, bu barədə Yeni Amerika Təhlükəsizliyi
Mərkəzinin baş elmi işçisi Robert Kaplan "Vol Strit Jurnal"
qəzetində çap olunan məqaləsində yazıb.
Müəllif yeni ABŞ prezidentinin Rusiyayla bağlı aparmalı olduğu
siyasətin istiqamətlərini cızmağa çalışıb. O, hazırda Avrasiyadakı
iki böyük avtoritar rejimdən ən təhlükəlisinin Rusiya olduğunu qeyd
edib:
"Çin də materik ətrafındakı sulara hakim olmaq istəyir. Amma
buna tədricən, ABŞ-la müharibəyə girmədən nail olmağa çalışır. Çin
"soyuq", Rusiya isə "isti" təcavüz edir.
İndi Rusiya üçün əlverişli şərait yaranıb. Çünki ABŞ
administrasiyası fəal görünmür, yeni prezident hələ gəlməyib, yəni
Putinin müharibə siyasətində tarazlığı istədiyi istiqamətdə
dəyişməyə bundan yaxşı fürsət ola bilməz.
Hazırda Rusiyanın iqtisadi durumu Çindən qat-qat pisdir. Bu isə
o deməkdir ki, Rusiya liderlərinin millətçiliyi önə çəkməyə daha
çox ehtiyacı var. Problem odur ki, qərbdəkilər bunu anlamır və
tarixən formalaşmış təhlükə və etimadsızlıq, qorxu hissi rusların
təzyiqini daha kobud, həyasız, qanlı və riskli təcavüzə çevirir.
Çin mübahisəli adalarda dəmiryolu çəkib, mübahisəli sulara balıqçı
donanmaları göndərdiyi halda, Rusiya Ukraynaya xizəkçi maskası
geymiş qatillər, Suriyaya isə kaset bombaları göndərir".
Müəllif Rusiyanın hazırda 4 zonaya – Baltik dənizi, Qara dəniz
hövzəsi, Ukrayna və Suriyaya müdaxilə etdiyini yazıb:
"Bunların hamısı "yaxın sərhəd"dir, keçmişdə Sovet İttifaqının
təsir dairəsi hesab olunub. Və indi Putin bütün bu zonalara
müdaxilə ilə ABŞ-ın təzyiqini idarə etməyə çalışır. Məsələn, ABŞ
ona Suriyada təzyiq göstərməyə çalışırsa, Putin ABŞ-a Baltikyanı
ölkələrdə cavab verir. Əslində ABŞ Hələbin vəziyyətini
yüngülləşdirə bilər, bunu hərbi mütəxəssislər də təsdiqləyər. Amma
bir şeyi unutmaq olmaz: Dəməşqdəki rejimi devirməklə ölkənin
şimalında vəhşi təcavüzü önləmək arasında böyük fərq var.
Xarici siyasət məsələsində yeni ABŞ prezidentinin qarşısında
dayanacaq ən böyük sual budur: ABŞ Baltik dənizindən Suriya
səhralarına qədər təsir vasitələrini necə quracaq? Yəni Rusiya ilə
danışıqlarda strateji nəticəyə nail olmaqdan ötrü ABŞ harada
dayanmalıdır?
İndiki Dövlət katibi Con Kerri diplomat rolunu oynamır, missiya
yerinə yetirir. Kerrinin siyahısında ABŞ maraqları yox, sadəcə
danışıqları təşkil etmək var. Dövlət katibi xarici siyasətdə
maraqların dəyərlərdən öndə olduğunu anlamır".
Yazıda Qərbin Suriyaya müdaxiləsi, ABŞ əsgərlərinin Avropaya
qayıdışı, Fars körfəzinə əlavə qüvvənin yerləşdirilməsi təklif
olunub:
"Bu addımlar Putini Suriyada daha mülayim davranmağa vadar edə
bilər. Rusiyaya Şərqi və Mərkəzi Avropada ciddi təzyiq göstərməklə
ABŞ Rusiyanı vacib danışıqlar masasına çəkməyə şərait yaratmış
olar. Digər tərəfdən, Suriya regional müharibə zonasına
çevrildiyindən digər region ölkələri – Türkiyə, İran, Səudiyyə
Ərəbistanı da danışıqlara cəlb edilməlidir.
Reallıq budur ki, Rusiyanın yaxın sərhədlərə təcavüzü güc
balansını pozub və bu təcavüzə bəzən konkret cavab
verilməlidir".