Britaniya mediası…
II yazı
British Council, Tomson Fondu və "Paşabank"ın birgə layihəsi
olan "Biznes jurnalistikası" layihəsinin Londonda keçirilən üçüncü
mərhələsi daha faydalı və maraqlı oldu desəm, yanılmaram. Britaniya
mətbuatının ənənələri və bu günkü iş prinsipləri ilə tanış olmaq
təlimlərin əsasını təşkil edirdi. Bir həftə boyunca media
nəhənglərinin redaksiyalarına səfərlər ancaq müsbət hisslərlə yadda
qaldı.
İlk olaraq dünyanın siyasi düzənini tənzimləmək gücündə olan BBC
teleradio kompaniyasında qonaq olduq. Şirkətin yerləşdiyi binanın
önündəcə xəbərlə rastlaşırsan. Yerə düzülən beton plitələrin hər
birində dünyanın iri şəhərlərinin, tarixi məkanların adları
yazılıb. Dərhal özümüzü axtarırıq və budur "Khocalı" və "Naqorni
Karabagh" adları həkk olunan plitələr. Deməli, bizi tanıyır və
tariximizə biganə deyillər.
Qapalı və nüfuzlu xəbər məkanı -"nyuz rum"
Görüşümüz öncədən planlaşdırıldığı üçün vizit kartlarımız hazır
idi. Buna baxmayaraq, yuxarıya balədçisiz çıxa bilməyəcəyimizi
xatırlatdılar. Bələdçi də özünü çox gözlətmədi. BBC Azərbaycan
xidmətinin rəhbəri Könül Xəlilova bizi qarşılayaraq iri media
qurumunun xidmətləri ilə tanış etməyə başladı. İkinci mərtəbəyə
qalxan kimi özümüzdən asılı olmayaraq hamımız geniş pəncərənin
önünə toplaşdıq. Aşağıda qonaqlar üçün qapalı olan nəhəng "nyuz
rum"un bölmələri və studiyaları aydınca görünür. Heyrət etməmək
mümkün deyil bu mənzərəyə. Bir jurnalistə eyni vaxtda 3 kompüter
xidmət edir. Xəbər hazırlanır, montaj edilir, redaktorlarla
əlaqələndirilir və efirə ötürülür. Yüzlərlə insanın bir məkanda
işləməsinə və dünyanın xəbər siyasətinin müəyyənləşməsinə
baxmayaraq, orada qəribə səssizlik hökm sürür.
Qısa tarixçə
BBC 1922-ci ildə özəl şirkət olaraq fəaliyyətə başlayıb. 1927-ci
ildən isə İngiltərədə krallığın nəzarəti altında və dövlətin
maliyyə dəstəyi ilə televiziya kimi işini davam etdirib. 1972-ci
ildən isə həm də radio yayımları sahəsində fəaliyyət göstərir. BBC
Azərbaycan Xidməti isə 1994-cü ilin noyabrında işə başlayıb.
Bununla Azərbaycan dili BBC-dən dünyaya yayımlanan 43 dildən biri
olub. BBC-nin Bakı Bürosunda Azərbaycanda baş verən hadisələri
işıqlandıran 2 müxbir işləyir. Ümumilikdə isə şirkətin 8 mərtəbəli
binasında 6 min nəfər çalışır. Onlara hər mərtəbədə 10 müxtəlif
studiya xidmət edir. Bundan başqa yuxarı mərtəbələrdə də xarici
xəbər bürolarının və radioların ayrıca studiyaları var. Hər kəs
lazımi məqamda öz studiyasından canlı efirə çıxır.
Bütün ölkələrin xəbərçiləri bir arada
BBC Azərbaycan bürosunun yerləşdiyi iş otağı da texniki təminatı
və sakitliyi ilə diqqəti cəlb edir. İş rejimləri və Bakı ilə
əlaqələrin operativliyindən danışan Könül Xəlilova bunların bir
hissəsini əyani göstərməyə də vaxt tapdı. Yeri gəlmişkən, BBC
Rusiya bürosunun rəhbəri də azərbaycanlıdır. Qonşu sırada iş
başında olan Famil bəy də rəhbərlik etdiyi büronun fəaliyyəti
barədə danışdı. Söhbətini isə ara-sıra Moskvadan daxil olan zənglər
pozurdu. Operativ xəbər çatdırmağın belə xüsusiyyətləri
qaçılmazdır. BBC-nin Avropa bölümündə bizimkilərlə yanaşı Ukrayna,
Türkiyə, Belarusiya, Asiya bölümündə İran, Özbəkistan, Qazaxıstan,
Pakistan, Əfqanıstan, Tacikistan, Cin, Yaponiya və digər ölkələrin
xəbərçiləri fəaliyyət göstərir.
İstirahətə də məkan ayrılıb
Onlar iş yerindəcə istirahət etməyə, hətta idmanla məşğul olmağa
da vaxt ayırırlar. Kitablarla dolu olan rəflər, rahat divanlar, çay
içmək üçün kiçik kabinələr və idman otaqları elə "nyuz rum"un bir
addımlığındadır. Oraları gəzdikcə, əvvəllər çalışdığım qəzetdə
yazılarımı redaktə edən dəyərli müəllimim Elşən Əliyevin tez-tez
bizə ünvanladığı deyimini xatırladım: "Yemək və işləmək". (O, iş
otağında bizi yemək yeyərkən görəndə həmişə belə deyərdi.)
BBC ilə tanışlıq nahar fasiləsinə qədər davam etdi və peşəkar
xəbərçilərlə bir arada lənç (yemək). Şirkətin bu anadək bizi
izləyən sakitliyini kafedəki səs-küy əvəzləyir. BBC əməkdaşları və
onların qonaqları nahar vaxtı da iri monitordan elə BBC-ni
izləyirlər. Qiymətlər çox baha olduğundan orada da əksər əməkdaşlar
yeməyini özü ilə gətirir. Onlara ayrıca qızdırıcı sobalar da
ayrılıb. Alışmadığımız ingilis mətbəxi əhvalımızı bir az dəyişsə
də, BBC-dən xoş təəssüratlarla ayrılırıq. Bəzi həmkarlarım hətta bu
iş şəraitini görüb depressiyaya düşdüyünü də etiraf elədilər.
Media nəhəngi - "The Daily Telegraph"
Səfərin ən maraqlı və zəngin bölümü "The Daily Telegraph"
qəzetinin redaksiyasında keçdi. Təqdimatçıların iş rejimlərini
həvəslə anlatması və texniki yeniliklərlə tanışlıq Britaniya
mətbuatı barədə geniş təsəvvür yaratmağa imkan verdi. 150 yaşlı
"The Daily Telegraph"ın ürəyi olan "nyuz rum"da eyni vaxtda 200
nəfər jurnalist çalışır. Lakin bu məkandakı sükutu yalnız həyəcan
siqnalı poza bilər. Hərə öz işi, xəbəri ilə məşğuldur, yanından
ötüb keçən bir kimsəyə belə nəzər yetirmirlər. Cünki xəbəri
vaxtında və yüksək keyfiyyətlə səhifəyə yerləşdirmək lazımdır.
Xəbərlərə hüquqi yanaşma
"The Daily Telegraph" gündə üç dəfə (səhər, günorta, axşam) 675
min tirajla çap olunur. Eyni vaxtda dünyanın 5 böyük ölkəsində
yayılan qəzetin ümumilikdə 2 milyondan artıq oxucusu var. Sürətli
xəbər və analizlərin onlara çatdırılmasında ən müasir informasiya
texnologiyalarının gücündən maksimum istifadə olunur. Qəzetin
ümumilikdə min nəfər əməkdaşı var. Burada menecer və hüquqşünaslar
üçün ayrıca otaqlar ayrılıb. Menecerlər qəzein idarə olunması və
gəlirlərini tənzimləyirlərsə, hüquqşünaslar redaksiyanı
məhkəmələrdən qoruyurlar. Başqa sözlə, onlar xəbər və analitik
yazılarda böhtana və təhqirə yol verilib-verilmədiyini
yoxlayırlar.
Avropada ilk xəbər saytı
Qəzet bir sıra ilklərin də müəllifidir. Avropada ilk olaraq
internet saytı olan qəzet məhz "The Daily Telegraph"dır. Bundan
başqa, Androidə və podkastinq xidmətinə qoşulan və yeni proqramlar
üçün Maykrasofta müraciət edən birinci media qurumudur.
Britaniyanın ən populyar saytı olan "The Daily Telegraph"ın 3,5
milyon izləyicisi var. Elə bir o qədər insan da qəzeti Tvitterdən
izləyir. Günorta vaxtı sayta 1 milyon nəfər baxdığı halda, sonrakı
saatlarda bu rəqəm azalır. Saat 5-7 arası isə izləyicilərin sayı
sürətlə artır. Ən çox baxılan məqalələr sağ sütunda yerləşdirilir.
Mövzular və xəbərlər isə sosial şəbəkələrin gündəminə uyğun
seçilir. Ona görə də qəzetdəki redaktorlar birliyini indi sosial
media redaktorları əvəz edir.
"Baş qaşımaq, burun çəkmək vaxtı"
"The Daily Telegraph"da redaktorların toplantısı məcazi olaraq
məhz belə adlandırılır. Velosiped təkərini xatırladan "nyuz rum"un
tam ortasında oval şəkilli böyük stol qoyulub. Burada redaktorlar
gündə bir neçə dəfə toplaşaraq nə yazacaqlarını müzakirə edirlər.
Onlardan biri "nə yazacağıq?" deyərək başını qaşıyır. Digəri
"hələlik elə bir şey yoxdur" deyir və burnunu çəkir. Əlbəttə, bu
bir zarafatdır. "The Daily Telegraph" İngiltərənin və oradan bütün
dünyanın xəbər gündəmini müəyyən edən iri media
qurumlarındandır.
"Gələcəyin stolu"
Bəlkə də çoxlarına yuxu kimi görünər, amma bu yeni sensorlu
yemək masası xəbəri sizə təsəvvür edə bilməyəcəyiniz qədər yaxın
edir. Səhər nahar etmək üçün masaya oturur və fincanınızı onun
üzərinə qoyursuz. Bu zaman ən son xəbərlərlə "The Daily Telegraph"
qarşınızdadır. Masa boyu açılan qəzeti sanki əlində olan kağız
qəzet kimi vərəqləyə, özünüzə lazım olan xəbərləri tapıb oxuya
bilərsiz. Masada yerinizi dəyişib qarşı tərəfdə otursanız, elektron
qəzeti də bir əl hərəkəti ilə özünüzə tərəf çevirə bilərsiz. Yaxud,
yoldaşınızın aldığı şirəni masaya qoyursuz və dərhal onun barəsində
bütün məlumatlar kart formasında masada görsənir. Eyni zamanda siz
həmin şirənin alternativləri barədə də digər yanaşı kartlardan
informasiya ala bilərsiz. Əpl şirkətinin istehsalı olan masadakı
digər "xidmətlər" sizin bütün gününüzü faydalı və qənaətli
keçirməyinizə imkan verir. Lakin "The Daily Telegraph" buna qane
olmayaraq yeni proqramlar üçün Maykrasoft şirkətinə müraciət
edib.
Maliyyə siyasətini formalaşdıran "Financial
Times"
Pearson PLS holdinqinə məxsus olan "Financial Times" qəzetinə
səfərimiz də maraqlı məqamlarla yadda qaldı. 1888-ci ildən nəşr
olunan qəzetin bir necə əlavəsi də var. 2000-ci ildən isə almanca
versiyası olan "Financial Times Deutschland" nəşr olunur.
"Financial Times" beynəlxalq işgüzar qəzet kimi tanınır və oxunur.
Əsasən, maliyyə və biznes sektorunda baş verən hadisələri,
yenilikləri çatdıran qəzet 360 min tirajla çap olunur və dünyanın
24 şəhərində yayılır. Xəbərlərin satışı da bazar prinsiplərinə
uyğun formalaşdırılıb. İnternet saytında bir çox xəbərlərə giriş
pulludur. Eyni abunələr "biznes to biznes" formasında əldə olunub.
Qəzetə uğur gətirən amillərin ən mühümü elə budur.
Saatları Qrinviçə kökləyin!
Londonda gedib dünyanın vaxt göstəricisini təyin edən başlanğıc
nöqtədə olmamaq yanlış olardı. Qrinvic (Qreenwich) meridianının adı
Temza cayının sahilində yerləşən eyni adlı kəndin adından
götürülüb. Şəhər mühitini xatırladan kəndin ən yüksən nöqtəsində
rəsədxana qurulub. Onun üzərində uzaqdan hamının görə biləcəyi
qüllə və kürə yerləşdirilib. Gündüz vaxtı həmin kürə qüllənin
yuxarısına qalxır. Bu onu göstərir ki, artıq saat birdir. Bu
mənzərəni görmək bizə də nəsib oldu. Gəmilər də vaxtı həmin kürənin
yurarı qalxması ilə təyin edirlər. Saatlarımızı Qrinviçə kökləyərək
Temza sahilinə endik. Buradan Londona yalnız gəmi vasitəsi ilə
getmək olur.