Baş nazirin etirazçıya qarşı təhqiramiz ifadələr
işlətməsi dünya mətbuatının gündəmindən düşmür.
Yevda Abramov: "Baş nazirin o sözü işlətdiyini
dəqiqləşdirsəm..."
Türkiyənin Manisa əyalətinin Soma kəndində kömür mədənində baş
vermiş partlayışdan sonra qardaş ölkənin siyasi gündəmi daha da
qaynarlaşıb. Faciədən sonra əraziyə gedən Türkiyənin baş naziri
Rəcəb Teyyub Ərdoğan orada əhalinin etirazı ilə qarşılaşmışdı. "Baş
bakan, istefa!" şüarları ilə qarşılaşan Ərdoğan bu olaydan ciddi
şəkildə qəzəblənmişdi.
Olay zamanı etirazçıların qəzəbindən qurtulmaq üçün yaxınlıqdakı
marketlərin birinə sığınan Ərdoğan orada bir nəfəri yumruqla
vuraraq onun ünvanına təhqiramiz ifadələr səsləndirib.
Türkiyənin baş nazirinin həmin etirazçıya münasibətdə işlətdiyi
"hara qaçırsan ulan, İsrail dölü" ifadəsi isə Türkiyədə hazırda ən
çox müzakirə olunan mövzulardandır. Ərdoğan ona qarşı çıxan, onun
iqtidarına müxalifətdə olanları İsrail agenti adlandırır. O, ötən
ilin yayında "Gəzi parkı" olaylarının da məhz İsrail xüsusi-xidmət
orqanları tərəfindən təşkil edildiyini açıq şəkildə
bildirmişdi.
Dini ekspert Kənan Rövşənoğlu hesab edir ki, baş nazir İsrailə
düşmən münasibətinə görə, ona qarşı çıxanları İsraillə
əlaqələndirməyə çalışıb: "Türkiyə baş naziri həqiqətən də "İsrail
dölü" və ya "yəhudi törəməsi" kimi ifadə işlədibsə - təhqir kimi
çıxıb. Görünür, baş nazir İsrailə düşmən münasibətinə görə, ona
qarşı çıxanları məhz İsraillə əlaqələndirməyə çalışıb. Məlum olduğu
kimi, Yaxın Şərqdə İsrailə, xüsusən də siyasi yəhudilik, yəni
sionizmə ciddi nifrət var. Türkiyə baş nazirinin ritorikasında
İsrail əsas düşmən olaraq keçdiyi üçün baş nazirin hiddətləndiyi
adamı bu şəkildə aşağılamağa çalışmasını anlamaq olar. Ancaq bu
ifadənin hansısa dini və ya tarixi əsasının olduğunu düşünmürəm.
Yalnız dini mətnlərdə bəzi yerlərdə İsrail oğulları sözünü danan,
öz mənfəətini güdən şəxslər kimi qeyd edilir. Xüsusən də
peyğəmbərlərlə bağlı rəvayətlərdə, o cümlədən, Həzrət Musa (ə),
Həzrət İsa (ə) və digər Allah elçiləri ilə bağlı hekayələrdə İsrail
oğullarının Allahın elçilərinə qarşı fəaliyyətləri tənqid olunub.
Ancaq bu ifadə bütövlükdə dünyanın ən qədim xalqı olan yəhudilərə
qarşı deyil, mənfəətpərəst bəzi qruplara qarşı işlədilib. İndiki
mənada baş nazirin öz vətəndaşını qədim dini mətnlərdəki şəxsi
maraqlarına hər şeyi qurban verə bilən İsrail oğullarına bənzədərək
belə adlandırması, onu hazırda soyuq münasibətləri olan İsrail
dövlətinin maraqlarına xidmət edən biri kimi aşağılaması aydın
deyil".
Azərbaycan parlamentinin yəhudi əsilli deputatı Yevda Abramovdan
da Ərdoğanın bu ifadəsinə münasibət öyrəndik. Deputat Türkiyədə baş
verənləri televiziyadan izlədiyini bildirdi: "Amma real olaraq,
işlədilən söyüşü görə bilmədim. Türkiyə kanallarında bu xəbər
verilib. Şəxsən mən bu söyüşü baş nazirin ağzından eşitməmişəm.
Eşitmədiyim bir məlumat haqqında danışmağı bacarmaram. Televiziya
ekranlarında bu məlumat konkret göstərilməyib".
"Ərdoğanın bu ifadəni işlətdiyini dəqiqləşdirsəniz hansı
reaksiyanı bildirərsiniz", - sualına yəhudi deputat bu cür cavab
verib: "Qoy dəqiqləşsin, sonra bu haqda danışarıq. Dəqiq
bilmədiyim, eşitmədiyim bir ifadəyə görə heç nə deyə bilmərəm.
/Musavat.com/