Ərdoğanın Davosdakı çıxışının məsləhətçiləri tərəfindən
hazırlandığı iddia edilib.
Axar.az xəbər verir ki, AKP-nin qurucularından biri, Rəcəb
Təyyib Ərdoğanın Milli Türk Tələbə Birliyində müəllimi olmuş keçmiş
millət vəkili professor Nevzat Yalçıntaş türk mətbuatına şok
açıqlama verib. Onun bildirdiyinə görə, Ərdoğanın Davosdakı çıxışı
zamanı "one minute" (bir dəqiqə) deməsi əvvəlcədən Baş nazirin
məsləhətçiləri tərəfindən hazırlanıbmış.
Sonra Yalçıntaş Ərdoğanın Davos çıxışı barədə daha ətraflı
danışıb:
"Davosda Türkiyəni təmsil edən lider eyni masada oturduğu adama
sərt sözlər dedi. Sonra onun həyəcanlı halda platformanı tərk
edərkən reaksiyalarına nəzər yetirin. Fikrimcə, bu ssenarini Baş
nazirin məsləhətçiləri hazırlayıb. Mənim gəldiyim qənaət belədir.
Bu kimi şeylər film səhnələrində olur. Real siyasətdə sərt, kəskin
ifadələr bəzən işlənir. Ancaq qarşı tərəfin cavabı gəldikdən sonra
toplantı davam edir. Yenə deyirəm, siyasi danışıqları dramatik hala
gətirmək yalnız filmlərdə baş verir".
Xatırladaq ki, Türkiyənin Baş naziri 2009-cu ildə Davos iqtisadi
forumunda keçirilən toplantıda prezident Şemon Peresə sərt sözlər
deyərək İsrailin apardığı siyasəti kəskin tənqid etmişdi. Bunun
ardınca çıxışı zamanı moderatorun ona verdiyi qısa danışıq
vaxtından şikayətlənən Ərdoğan "Siz danışmağa imkan vermirsiz... Bu
gündən etibarən mənim üçün Davos bitmişdir", - deyərək, toplantı
salonunu tərk etmişdi.
Həmin səs-küylü videonu təqdim edirik.