Rusiyanın sağçı Liberal
Demokrat Partiyasının sədri Vladimir Jirinovski rəsmi Ankaranın
Moskvanın potensial müttəfiqi olduğunu bildirib.
Axar.az xəbər verir ki, Rusiya radiosunda iştirakçıların
suallarını cavablandıran Jirinovski Türkiyə-Rusiya əlaqələrinə
toxunub.
Rus siyasətçi ölkəsinin Türkiyə ilə yaxınlaşmasının çox vacib
olduğunu deyib:
"Türkiyə potensial müttəfiqimizdir. Bu ölkəni yaxşı tanıyıram.
Həyatımın təxminən 50 ilini Türkiyəyə həsr etmişəm. Türkiyəni
Avropa Birliyinə qəbul etmirlər. Bu ölkəyə ikili yanaşırlar. Əgər
Rusiya, Türkiyə və İran birləşərsə, ortaya təxminən 300 milyonluq
əhali çıxmış olacaq. Belə olan təqdirdə biz dünyanın ən güclü
ordusuna və potensial qüvvəsinə çevrilmiş olardıq. Nəticədə də neft
və təbii qazla müttəfiqlərimizə kömək edə bilərik".
Xatırladaq ki, bir müddət öncə Jirinovski Rusiya televiziyasında
rəsmi Moskvanın Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasının vacib
olduğunu bildirmişdi.