"Bu il fevralın 18-də Rusiya
Federal Təhlükəsizlik Xidmətinin direktoru, Milli Antiterror
Komitəsinin sədri Aleksandr Bortnikov ABŞ tərəfin rəsmi dəvəti ilə
Vaşinqton şəhərinə gedib. Rusiya prezidenti Vladimir Putinin
tapşırığı ilə o, Zorakı Ekstremizmə Qarşı Mübarizə Sammitində
(18-19 fevral, 2015) Rusiyanın idarələrarası nümayəndə heyətinə
rəhbərlik edir".
Musavat.com-un məlumatına görə, bu barədə Federal Təhlükəsizlik
Xidmətinin (FTX) saytı məlumat yayıb.
Açıq məlumatlardan göründüyü kimi, Bortnikovun səfəri əvvəlcədən
nəzərdə tutulmayıb və son anda uzadılıb.
"Ruslar viza və sənədləşmə ilə bağlı kömək istəyiblər, çünki
onlar nümayəndə heyəti iştirakçılarının heyətini dəyişdirməyi
qərara alıblar" - deyə ABŞ Dövlət Departamentinin mətbuat katibi
Cennifer Psaki bildirib.
"Rusiya dəvət edilmişdi. Hesab edirəm ki, biz hər bir ölkəyə öz
nümayəndə heyətini müəyyən etmək hüququ vermişik" - deyə C.Psaki
əlavə edib.
Amma C.Psakinin Moskvanın son anda Bortnikovu daxil etmək üçün
nümayəndə heyətini genişləndirməsinin səbəbi ilə bağlı izahatı
olmayıb.
"France Press" bildirir ki, Rusiya nümayəndə heyəti ABŞ dövlət
katibi Con Kerrinin dəvəti ilə xarici döyüşçülər məsələsi ilə bağlı
müşavirədə iştirak edib.
A.Bortnikovun səfərinin əhəmiyyətini ABŞ-ın Avropa İttifaqının
Rusiyaya qarşı sanksiyalarına məhəl qoymaması faktı sübut edir.
"Bortnikov Aİ-nin Ukraynada rusyönlü qiyamçılara dəstəklə bağlı
tətbiq etdiyi sanksiyalara məruz qalıb, amma o, ABŞ-ın hər hansı
sanksiyasına məruz qalmayıb" - deyə C.Psaki qeyd edib.
"Güclü kəşfiyyat agentliyinə rəhbərlik edən Aleksandr Bortnikov
ən yüksək səviyyəli rus məmurlarından biridir və onun Vaşinqtona
səfəri Şərqi Ukraynada münaqişə ilə əlaqədar iki ölkə arasında
gərginliyin artdığı bir anda baş verib" - deyə "France Press" qeyd
edir.
"Bizim birgə işlədiyimiz bir sıra məsələlər var. Əlbəttə, bizim
ciddi fikir ayrılıqlarımız da var, Ukrayna məsələsində olduğu kimi"
- deyə C.Psaki bildirib.
Səfər başa çatdıqdan sonra Aleksandr Bortnikov jurnalistlərə
bildirib ki, onun Vaşinqtona səfəri həm peşəkar, həm də siyasi
xarakter daşıyırdı.
"Mənim və həmkarlarımızın malik olduğumuz imkanlardan istifadə
etmədən siyasi problemləri həll etmək olmaz. Bu, baş verənlərə
müsbət təsir göstərməyin əsasında duran çox mühüm aspektdir" - "RİA
Novosti" A.Bortnikovdan sitat gətirir.
A.Bortnikovun V.Putinin şəxsi nümayəndəsi qismində ABŞ-da
olduğunu təxmin etmək çətin deyil. Vaşinqtona səfər haqqında qərar
fevralın 18-də - Ukrayna prezidenti Poroşenko öz qoşunlarına
Debaltsevonu tərk etmək əmri verdiyi tarixdə qəbul edilib.
Ən yüksək səviyyədə belə məxfi Amerika-Rusiya
məsləhətləşmələrinin başlanması Vaşinqton və Moskvanın qarşılıqlı
maraqların təmin edilməsi üzrə məsləhətləşmələrə başladığını
göstərir. Bu, Kremlin antiböhran siyasəti prizmasından təmin
ediləcək.