Xəzər dənizində yanan rus tankeri ilə bağlı Fövqəladə
Hallar Nazirliyi, Dövlət Dəniz Administrasiyası və "Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi" QSC birgə məlumat yayıb.
Axar.az-a daxil olan məlumatda bildirilir ki, bu gün saat
09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın
Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz
hərəkətdə olan "PALFLOT-2" tankerində sahildən təqribən 110 km
məsafədə yanğın hadisəsinin baş verməsi barədə Dövlət Dəniz
Administrasiyasının Milli Mərkəzinə SOS siqnalı daxil olub.
Təlimata uyğun olaraq, dərhal Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"
QSC-nin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması
əməliyyatına cəlb ediliblər. Hazırda Fövqəladə Hallar Nazirliyinin
"Mİ-17-1V" və "KA-32" helikopterləri və "Vixr-5" gəmisi, Xəzər
Dəniz Gəmiçiliyinə məxsus "Caspian Voyager", "Caspian Protechtor",
"İslay" və "Jura" gəmiləri yanğının söndürülməsi əməliyyatını
həyata keçirir.
Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas edilib, 1 nəfər
- baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.
19:16
Fövqəladə Hallar Nazirliyi Rusiya Federasiyası bayrağı
altında üzən "PALFLOT-2" tankerində baş verən yanğınla bağlı
növbəti məlumatı yayıb.
Axar.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki,
23 aprel 2016-cı il tarixində
sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı
altında üzən "PALFLOT-2" tankerində yanğın baş verməsi barədə
Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS" siqnalı daxil
olmuş, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri
hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb
olunub.
Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam
söndürülüb.