Moldovanın Sosialistlər Partiyası dövlət başçısı Maya Sandunun istefasını və bu il erkən prezident seçkilərinin keçirilməsini tələb edəcək.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ölkənin keçmiş prezidenti və müxalif Sosialistlər Partiyasının rəhbəri İqor Dodon deyib.
"Maya Sandunun istefasını tələb edirik. Bizim siyasi məqsədimiz bu il prezident və parlament seçkilərinin erkən keçirilməsini təmin etməkdir", - Dodon Prezident Administrasiyasının qarşısında keçirilən kütləvi etiraz aksiyası zamanı bildirib.
O, parlament seçkilərində haqsızlıq yaşanmaması üçün müxalifəti birləşməyə çağırıb:
"Ukraynada nələr baş verdiyini görürük. Rumıniyada da olanları görürük. Orada da dəyişikliklər olacaq. Bu ölkələrdəki bütün sorosçular, o cümlədən Brüsseldə olanlar, yaxın gələcəkdə artıq olmayacaq. Maya Sandunun Amerikada dəstəyi, Avropada - Rumıniyada, Ukraynada dostları var idi. Amerikada onun havadarları artıq yoxdur, Rumıniyadan da kömək yoxdur. Ukraynada isə yaxın gələcəkdə hər şey bitəcək. Brüsseldə bir neçə bürokrat qalıb. Ona görə Maya Sandu anlamalıdır ki, onun vaxtı bitib və o, normal şəkildə hakimiyyətdən gedərsə, daha yaxşı olar".
Xatırladaq ki, Moldovanın hazırkı dövlət başçısı Maya Sandu ötən ilin noyabr ayında prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoğlonu diasporun səsi hesabına geridə qoyaraq qələbə qazanıb.