Məhkəmə orqanlarının başlatdığı araşdırma və ittihamları Prezident Ərdoğanla əlaqələndirmək, yumşaq desək, həyasızlıqdır, yerini bilməməkdir. Məhkəmə heç kimdən göstəriş almır. Məhkəmə heyəti üzvlərinin təhqir edilməsi qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bunu Türkiyə ədliyyə naziri Yılmaz Tunç İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması barədə danışarkən deyib.
“İki istintaq çərçivəsində 106 nəfər şübhəli şəxs qismində saxlanılıb. İstintaq çox diqqətlə aparılır. Qərəzsiz və müstəqil məhkəmənin apardığı araşdırmaları müxtəlif tərəflərə çəkmək, çevriliş kimi ifadələrlə qələmə vermək son dərəcə təhlükəli və yanlışdır. Ədaləti tam təmin etmək üçün prosesi sakit şəkildə izləmək və qərara hörmətlə yanaşmaq bizim ümumi məsuliyyətimizdir”, - nazir əlavə edib.
Qeyd edək ki, bu gün səhər İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.