1955-ci ilə qədər Amerik Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Cənubi Amerikada Hitlerin axtarışlarını davam etdirib. ABŞ kəşfiyyatı 1945-ci ilin aprelində onun ölümünə dair sübutlar olmasına baxmayaraq, Adolf Hitleri axtarmağa qərar verib.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti MKİ-nin üzərindən məxfilik qaldırılan sənədlərinə istinadən məlumat yayıb.
Məqalədə bildirilir ki, Hitlerin intihar etməsinə dair faktlar olsa da, onun Cənubi Amerikaya qaçması ilə bağlı çoxsaylı ehtimallar meydana çıxmışdı. Amerika xüsusi xidmət orqanları nasist liderin saxta adla orada gizlənə biləcəyini ehtimal edərək, bu versiyanı araşdırıb.
1945-ci ilin oktyabrına aid hesabatda ABŞ Hərbi Nazirliyinin agentləri FTB-yə Argentinanın La-Falda şəhərində yerləşən bir oteldə Hitlerin gizlənə biləcəyi ehtimal olunan sığınacaq barədə məlumat veriblər. Sənədlərə görə, həmin otelin sahibi və onun ailəsi Hitlerin tərəfdarı olub və o, nasist lideri gizlətmək üçün “lazımi hazırlıqları” əvvəlcədən görüb.
1955-ci ilin oktyabrına aid sənəddə isə MKİ agenti “CIMELODY-3” kod adı ilə tanınan şəxsin keçmiş SS üzvü Filipp Sitroendən aldığı məlumat yer alıb. O, Hitlerin guya hələ sağ olduğunu və Kolumbiyada yaşadığını bildirib. Hətta MKİ-yə Sitroenlə Hitlerə bənzəyən bir şəxsin birlikdə çəkildiyi fotoşəklin surəti də təqdim olunub.
Həmin şəxs “Adolf Şrittelmayor” adı ilə tanınıb və 1955-ci ilin yanvarında Kolumbiyanı tərk edərək Argentinaya yollanıb.
1955-ci il noyabrın 4-də MKİ agentlərinin “GIRELLA” adı ilə tanınan şəxslə əlaqə qurmasına razılıq verib ki, “Adolf Şrittelmayor”un Kolumbiyadakı hekayəsi daha dərindən araşdırılsın. Lakin çox keçmədən MKİ bu əməliyyatı dayandırmağa qərar verib və bunu Hitlerin sağ olması ehtimalının aşağı olması ilə əsaslandırıb.
2023-cü ildə isə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Adolf Hitlerin ölüm şəraiti ilə bağlı əvvəllər məxfi saxlanılan sənədləri yayıb. Həmin sənədlərdə şahid ifadələri də yer alıb və onlar Adolf Hitlerlə Yeva Braunun 1945-ci il aprelin 30-da intihar etdiyini təsdiqləyiblər.