Volf Messinq SSRİ-də
insanların fikirlərini öyrənməyi psixoloji eksperimentlər ilə
nümayiş etdirən şəxs olub.
Axar.az xəbər verir ki, o, 1899-cu ildə Varşava yaxınlığındakı
Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi
yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun
qarşısında ieşibota - ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq
imtina eləyəndə ona "ilahi vəhy" gəlir.
Günlərin birində qaranlıq kənd yolunda qabağında ağ paltarlı,
iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: "Sən Tanrının
əmri ilə ieşibota getməlisən". Anadangəlmə əsəb xəstəsi olan Volf
bu hadisədən o qədər həyəcanlanır ki, huşunu itirir, bir neçə gün
xəstə yatır. Sonradan baş verənləri atasına danışır və ieşibota
getməyə qərar verir.
Ruhani məktəbinə gedən Volf bir neçə il sonra onu ieşibota
getmək üçün "dilə tutmuş" Tanrı elçisinin kim olduğunu öyrənir. Bu
adam, əslində, atasının onu inandırmaq üçün pulla yola gətirdiyi
tanışı olur.
13 yaşlı Volf bu hisslərin təsiri altında kənddə Fələstindəki
yəhudilər üçün yığılan pulları oğurlayıb, aradan çıxır. Qeyri-adi
qabiliyyətini də ilk dəfə Berlinə getmək üçün mindiyi qatarda kəşf
eləyir. O, bilet əvəzinə bələdçiyə adi kağız parçası uzadır və
sadəcə, çox istəyir ki, bu kağızı bilet kimi qəbul edilsin. Volfun
bu istəyi baş tutur.
İkinci dünya müharibəsinin başlanması ilə Messinqin qara günləri
də başlayır. Telepat 1937-ci ildə kütlə qarşısında çıxış edərkən
çəkinmədən bəyan etdi ki, bu qızğın silahlanmanın axırı növbəti
dünya müharibəsi ilə başa çatacaq, son hədəf, təbii ki,
"kommunizmin yuvası" SSRİ-dir. Ancaq əgər Almaniya SSRİ-nin üzərinə
hücum etsə, ilk qələbə eyforiyasına baxmayaraq, axırda görünməmiş
miskinliklə məğlub olacaq! Hitler onun həbs edilməsi üçün külli
miqdarda mükafat təyin edir - onu Reyxin və şəxsən özünün düşməni
adlandırıb, Messinqi öz əlilə kütlə qarşısında asacağına söz verir.
Bir nömrəli düşmənin başına 200 min marka qiymət qoyulur, bütün
küçələrə, yol ayrıclarına böyüdülmüş şəkli vurulur, amansız təqib
başlanır. Bir gün o, almanların əlinə keçir və onu həbsxanaya
salırlar. Həbsxanada isə parapsixologiya tarixində ən unikal hadisə
baş verir; Messinq qüdrət və bəsirətində olan bütün ruhi qüvvəsini,
hipnoz, təlqinetmə qabiliyyətini səfərbər edərək, mühafizəçiləri
növbə ilə kameraya çağırır, axırda özü çölə çıxır, kameranın ağzını
bağlayır və heç nə olmamış kimi çıxıb SSRİ-yə gedir...
Sovetlərdə ona heç vaxt etibar etmədilər. İkinci Dünya
Müharibəsinin ilk günlərində "bu müharibə nə ilə bitəcək", sualına
"mən 4 illik müharibənin sonunda Berlində qırmızı ulduzlu tanklar
görürəm", cavabı az qala başına bəla olmuşdu. Çünki həmin vaxt SSRİ
ilə Almaniya dost idi. Sonrakı illərdə Messinq müharibə gedə-gedə
ilk leqal Sovet milyoneri oldu, şəxsi vəsaiti hesabına cəbhəyə iki
təyyarə düzəltdirib verdi.
O, Stalinin də sevimlisi idi. Messinq 1974-cü il noyabrın 8-də
cərrahiyyə əməliyyatından sağ çıxa bilmədi.
Messinqin Rusiyanın 2016-2017-ci illəri ilə bağlı bəzi
proqnozlarını təqdim edirik:
- Rusiya ərazisinin müəyyən hissəsini Çinə güzəştə gedəcək;
- Lakin bu, onun qüdrətinə təsir etməyəcək. Rusiya yenə də
dünyanın ən güclü dövlətindən biri kimi qalacaq;
- Messinqin sözlərinə inansaq, Rusiyanın ən böyük düşməni ABŞ
yox, Çin olacaq;
- Gələcək Rusiyayla bağlı öngörülərində o deyir: "Böyük olmayan
bir torpaq uğrunda (çox güman ki, Krım. – red.) böhran başlayacaq -
bu böhran bütün dünyada qarşıdurmaya səbəb ola biləcək. İndi Avropa
Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyaları sözügedən böhran
kimi qiymətləndirmək olar.