May səhərləri bir az fərqli açılar adətən. Pəncərədən
gələn ilıq meh üzünü qıdıqlayar, quşların civiltisi, böcəklərin
özünəməxsus vızıltısı qulağına bir nəğmə kimi süzülər, hələ onlar
ahəstə oxuduqca dənizin ləpələrinin də həzin səsini eşidərsən.
Durub bir ciyər dolusu nəfəs alarsan və həyata yarıyuxulu
gülümsəyərsən. Otlar fərqli olar may səhərləri, quşların ayrıca
səhər nəğmələri kimi... Və beləcə, sanki nağıl dolu bir günə
oyanarsan.
O səs nə dənizin, nə otların, nə də böcəklərin səsi idi. Bir səs
idi ahəstə-ahəstə yanğı ilə ağı deyirdi. Bu səsə yaxınlaşdıqca səs
bir addım uzaqlaşırdı. Gah qadın səsinə oxşayırdı, gah quş səsinə.
Bu nədir? Mən bəlkə heç oyanmamışam? Səsin əlindən tutub gedirəm.
Mənə doğmadır bu səs. Bir övlad həsrətli ana yanğısı, bir yetim quş
yazıqlığı, ata qollarına susayan bir körpə qoxusu, qardaşsızlıq və
nəhayətində bir millət hayqırışı var bu səsdə. Səsin nə oxuduğunu
anlamıram, mənə ancaq ahəngi çatır. Bir az dayanıb nə dediyinə
qulaq verirəm. Asta-asta deyir:
Xallandı gül – butasında
nər qarnında – qartasında
bir şairi öldürdülər
bir ölkənin ortasında
ölkə bilmədi-bilmədi...
Bu səs sevgidən yetim qalan bir sərçə balasının, bu səs azadlıq
sözünə oğul qurban vermiş Şeyda nənənin səsinə bənzəyirdi.
Hayqırırdı: "Bir quru sözə görə oğul alarlar anadan?" Bu səsin
iziylə ta gedib çıxdım Eldar əminin məzarına... qara başdaşında ağ
yazı 1996-cı il mayın 22-si (ağ günə çıxdığı gün?..). Ölüm günü...
Sadəcə, susuram. Bu mülayim insanın daşlaşmış rəsmi qarşısında
otururam. Xatirələr baş qaldırır. Keçmiş hayıma gəlir. Şeyda nənəni
xatırlayıram. 2004-cü il mayın 22-si... Hər il olduğu kimi, Eldar
əmi üçün ehsan verirdi. Nənəmlə getmişdik. Heç vaxt xatirəmi rahat
buraxmayıb o gün. Şeyda nənə tək qalırdı. Biz gedəndə otağın
qapısını da, pəncərəsini də açıq qoymuşdu.
Dedi:
- Heç inana bilmirəm ki, Eldar ölüb. Qapının dalını gecə də
qıfıllamıram. Deyirəm, birdən Eldar insafa gəlib qayıdar. Qapını
bağlı görüb getməsin.
Bu sözdə elə böyük bir ümid vardı ki, mən belə inanmışdım
gedənlərin bir gün qayıtmasına. Şeyda nənə mənimlə xeyli söhbət
etmişdi o gün.
Deyirdi:
- Qızım, lap əvvəldən mənim hər günüm qayğıyla dolu olub. Mənə
ilk acını həyat yoldaşım Baxış yaşatmışdı. Xəstə idi. Həm ona
baxır, həm də uşaqları dolandırırdım. O, rəhmətə gedəndə Eldarın 9
yaşı var idi. Qızım Ceyran isə hələ lap uşaq idi. Baxış öləndən
sonra bütün ümidimi Ceyranla Eldara bağladım. Əsasən də Eldara.
Dedim, böyüyər, mənim bütün əziyyətimi qiymətləndirər. Onlara həm
ata oldum, həm ana. Evdə qadın işi görürdüm, çöldə kişi. Evimin
damının örtüyünü də özüm vururdum. Oxutdum onları. Təmiz adla
böyütdüm, sənət verdim hər ikisinə. Dedim, artıq böyüyüblər, rahat
nəfəs ala bilərəm, lakin Allah məni dərdsiz qoymadı. Mənə ikinci
zərbəni də vurdu. Bu, Vətən zərbəsi idi. Biz qaçqın düşdük. Onda
artıq Eldar institutun Tarix fakültəsini bitirib, Bakıda işləyirdi.
Ailə də qurmuşdu. Gəlib yığışdıq onun yanına. Qızım Ceyran da
institutu qurtarmışdı. O da öz həyatını qurdu. Artıq dedim,
övladlarım xoşbəxtdirlər, hərəsinin əlində sənətləri, öz
ev-eşikləri. İndi rahat ola bilərəm. Ancaq Allah yenə məni dərdsiz
qoymadı. Bu dəfə mənə zərbə vurmadı, məni kökümdən vurub məhv
elədi. Eldarımı əlimdən aldı. Eldar həsrətiylə yaşatdı məni. Bu,
həyatımda ən böyük faciə idi. Çox ağır idi oğul dərdiylə yaşamaq.
Bütün günüm ağlamaqla keçir. Çox çətindir Eldarsız yaşamaq. Eldarın
oğlu Yelmar da yazır. Qorxuram bala. Mən bu yazmaqdan elə qorxuram
ki. Eldar azadlıqdan yazırdı, vətənsizlikdən yazırdı. Yelmar
atasızlıqdan yazır. Eldar atasını itirəndə uşaq idi, birinci sinfə
gedirdi. Yelmar da atasını itirəndə uşaq idi, birincidə oxuyurdu.
Yelmarla Eldarın çox oxşarlığı var. Yelmardan qorxuram, bala,
Yelmardan...
"Yelmardan qorxuram, bala, Yelmardan!" - bu titrək səs səhərki
ağıya bənzədi. Və xatirələrdən ayıltdı məni. Qarşımda daşlaşmış
Eldar heykəli dayanıb. Hə, bir də Şeyda nənə demişdi: "Eldar
öləcəyini bilirdi, bizə vəsiyyət etdi ki, başdaşıma nə adımı, nə
soyadımı yazın. Bir tək AZADLIQ yazın. Bir də gedin Xırdalan
qəbiristanlığına, lap axırıncı təpənin başında mənə yer ayırın, ora
Qubadlının xırda təpələrinə oxşayır". Bir də vəsiyyət elədi ki,
mənim ruhum heç vaxt qəbirə girməyəcək, Qubadlı alınanda Bakıda
qoymayın məni, aparın kəndimizə!
Eldar əminin məzarının ayaq tərəfində oturmuşam, baxıram. Bu
sevgi dolu, azadlıq və nifrət dolu baxışlarıyla cansız şəkildən də
nə isə demək istəyirdi. O, həmişə nə isə demək istəyib. Amma
qoymadılar, imkan vermədilər. Qəbir daşındakı AZADLIQ sözü... Bu
söz uğrunda yaşayan və ölən insan. Mən indi anladım ki, bu söz dərk
etmədiyimiz elə bir qüvvəyə malikdir ki, bir insan ömrünü bu sözə
qurban verib, ölümü ilə ölümsüzlük qazandı. Şeyda nənənin bir sözü
də qulağımdan getmir.
Dedi ki:
"Eldarın dostlarının içində ən sədaqətlisi Azad Qaradərəli ilə
Aqil Abbas oldu! Anar bir dəfə qızıma dedi, Eldarın bizdən fərqi
odur ki, o fəhləylə də, sağıcıyla da, ziyalıyla da, deputatla da
dostdur, amma biz bu cür deyilik".
Artıq nə Şeyda nənə var, nə Eldar əmi. Allah sənə rəhmət eləsin,
daşlaşmış şairim. Vaxt gələcək narahat ruhuna Azadlıq müjdəsini
gətirəcəyəm.
tək dedilər, təklədilər
qanına yeriklədilər
sonra da dərdini alıb
dağa-daşa yüklədilər
çəkə bilmədi, bilmədi
Əsim-əsimcə əsdilər
öldürməyə tələsdilər
günün günorta çağında
ağacı elə kəsdilər
kölgə bilmədi-bilmədi
Xallandı gül – butasında
nər qarnında – qartasında
bir şairi öldürdülər
bir ölkənin ortasında
ölkə bilmədi-bilmədi
Həmin səs hələ də o boşluqdan zümzümə edirdi bu sözləri. Bu
Azadlıq sözünün qurbanı olan şairin narahat ruhu idimi, övlad
həsrətindən əriyib-əriyib yox olan ananın harayımıydı, yoxsa bir
sərçə balasının nakam qalmış saf sevgisinin ah-zarıdı? Yoxsa...
Bir onu bilirəm ki, boşluqdan gələn bu səs heç dinməyəcək. Həm
də heç. Duyun bu səsi. O, həqiqətin səsidir! Sizi həqiqətə o səs
aparacaq! Sizi azadlığa o səs aparacaq!