Turizmin cazibə mərkəzi Trabzon Türkiyənin Qara dəniz
bölgəsinin Qara dəniz hissəsində yerləşir.
Axar.az Sey-yah.com-a istinadən xəbər verir ki, bura
tarixi və təbii gözəllik aşiqləri üçün ideal yerdir. Türkiyənin
29-cu ən böyük şəhəri olan Trabzon həm də bu ölkədə çayın istehsal
olunduğu yerlərdəndir.
Batumi Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşdiyi üçün
burdan Trabzona getmək çox vaxt və pul tələb etmir. Batumi
avtovağzalından hər səhər saat 9:00-dan etibarən Trabzona
mikroavtobuslar yola düşür (Adambaşına 20 gürcü larisi – 14 AZN –
red.). Vaxta gəlincə, yol təxminən 5 saatınızı alacaq.
Trabzonda harda qalmaq olar?
Trabzon Türkiyənin ən bahalı şəhərlərindədir. Əgər pulunuza
qənaət etmək istəyirsinizsə, bir qədər diqqətli olmalısınız.
Məsələn, qalacağınız yerə çox pul xərcləmək istəmirsinizsə, onda
oteldə yox, qışda tələbələr, yayda da turistlər üçün nəzərdə
tutulan yaşayış binalarında gecələməniz məsləhətdir (Həmin yaşayış
binalarından birində tutduğumuz mənzilə 4 gecə 5 gün üçün 400 türk
lirəsi ödədik – 220 AZN – red.). Tələbə şəhərciklərindəki binalar
sakitlik və təmizlik baxımından çox sərfəlidir. Düşünün ki, bütöv
bir ev sizin ixtiyarınızdadır, üstəlik çox ucuz qiymətə. Binada
qalmaq həm də ona görə sərfəlidir ki, əgər hər gün restoranlara
sərf edəcək pulunuz yoxdursa, onda evdə özünüz bişirib yeyə
bilərsiniz.
Ən yaxşı ev sahibi Süleyman…
Trabzona səfər zamanı həm ucuz, həm də xidmət səviyyəsi yaxşı
olan "Zoviyahill Vayt" otelində qala bilərsiniz. Günün istənilən
saatında köməyinizə qaçan Süleyman Aslandağın isə ən yaxşı ev
sahibi olduğu heç kəsə sirr deyil.
Şəhərdə gəzmək üçün taksilərdən istifadə etməsəniz yaxşıdır.
İntervalı heç 1-2 dəqiqə olmayan marşrutlar (dolmuş) sizi lazım
olan ünvana 1 lirə 75 quruşa (0,96 AZN – red.) aparacaq. Halbuki
məsafədən asılı olmayaraq taksiyə 15 lirə (8 AZN – red.) ödəmək
məcburiyyətindəsiniz.
Qaradənizlilərin piknik yeri, dadlı samavar çayı,
Trabzona təpədən baxdıran- Boztəpə
Bura adından da göründüyü kimi şəhər mərkəzindən 3 km yuxarıda
yerləşir. Boztəpə də bütün Trabzon ovcunun içindəymiş kimi görünür.
Trabzonun bu məşhur yerinə qaradənizlilər şəhəri seyr etmək, təmiz
hava qəbul etmək və piknik üçün gəlir. Boztəpənin samavar çayı da
məşhurdur. Əgər bu yerə getmək qərarına gəlmisinizsə, Boztəpənin
tanınmış samavar çayını içmədən geri dönməyin.
Qızlar monastrı
Boztəpəyə çox yaxın olan bu tarixi məkan bərpa işləri üçün
müvəqqəti olaraq qapalıdır. Amma monastra içinə girməmək şərtilə
baxmanızda heç bir problem yoxdur. Belə bir deyim də var ki, Qızlar
monastrı yerləşdiyi yerə görə şəhərə hakim mövqedədir. Monastr
14-cü əsrdə rum kralı III Aleksios tərəfindən tikdirilib. Bura ən
son 1923-cü ildə istifadə olunub.
Trabzonun gizli cənnəti – Uzungöl
Trabzonun gəziləcək yerlərinə həm mikroavtobuslarla, həm də
turla getmək mümkündür. Amma turla getmək daha məsləhətlidir. Tur
həm qiymət baxımından sərfəlidir (turun 1 nəfər üçün qiyməti 30-35
lirə – 16-19 AZN – red.), həm də ödədiyiniz məbləğə bir deyil, bir
neçə yerin gəzdirilməsi daxildir.
Yeri gəlmişkən, sözügedən tur şirkətlərinin birindən faydalanıb,
Uzungölə tərəf yola düşdük. Tur şirkətinin bizə təqdim etdiyi ilk
yer Sürmene bıçaq bölməsi oldu. Burda əl işi olan bıçaqlara həm
baxmaq, həm də almaq mümkündür. Növbəti dayanacağımız isə Uzungöl
yolu üzərində yerləşən Kiremitli körpü oldu. Bu körpü 1935-ci ildə
böyük ağac kötüklərdən tikilib. Körpünün qayalara bitişik olması və
kirəmitdən hazırlanan damı bura xüsusi gözəllik verir. Bura
əvvəllər "Hapsiyaş körpüsü" adlandırılıb.
Kirəmitli körpünün ardınca yollandıq Uzungölə…Dillərə dastan
olan bu göl Trabzonun Çaykara rayonunda yerləşir. Uzungöl həm də
gölün ətrafındakı kəndin adıdır. Göl Trabzonun mərkəzindən 99 km
aralıdadır. Bu göl dağ yamaclarından düşən qaya parçalarının
Haldizen dərəsinin qarşısını kəsməsi nəticəsində yaranıb.
Onu da deyim ki, yol boyu Trabzonun bu hissəsinin bənzərsiz
təbiəti və dəyişkən havasının şahidi olduq. Təsəvvür edin ki,
burada hər kilometrdən bir hava dəyişir. Yəni əgər bir ərazidə
yağış yağırsa, bir neçə dəqiqə sonra maşınla keçdiyiniz digər
ərazidə yağış görməyə bilərsiz. Göl isə sözlə ifadə edilə
bilməyəcək qədər gözəldir. İlin əksər aylarında yağmurlu havası
olan ərazidə, üstəlik duman bürümüş Soğanlı və Qaçqar
sıradağlarının kəsişməsində yerləşən göl başqa necə ola bilərdi
ki?
Uzungölün simvolu bütün rəsmləri bəzəyən məscidləri sayılır.
Burada hər biri fərqli memarlıq üslubuna malik olan 3 məscid var.
Bunlardan ən məşhuru Uzungölün mərkəzindəki məscid sayılır.
Uzungöl əhalisi daha çox turizmdən əldə etdiyi gəlir hesabına
dolanır. Elə bu səbəbdən onların əksəriyyəti öz mənzilini
pansionata çevirib. Mənzillərə gəlincə, mənzərəsi dumanlı dağlar,
möhtəşəm göl, bənzərsiz təbiətə açılan əsl kənd evlərində yaşamağa
dəyər.
Qeyd edək ki, Atatürk həyatı boyu Trabzona 3 dəfə gedib. Sonuncu
dəfə Trabzonu 1937-ci ildə ziyarət edib və hazırda Trabzon Atatürk
köşkü adlanan yerdə vəsiyyətini yazmağa başlayaraq, bütün əmlakını
türk xalqına bağışlayıb.