İki ay öncə Dağıstana, daha yaxından gəlsək, Dərbəndə
ilk səfərimizdə burada keçirmək istədiyimiz görüşlərdən biri baş
tutmamış qaldı. Bir də iyunun 15-də Axar.az adına yenidən Dərbəndə
yollanmağa və yarımçıq qalan səfərimizi axıra çatdırmağa, bəlkə də
başlatmağa macal tapdıq. Yarımçıq qalan işimiz sorağını aldığımız,
dostlardan tərifini eşitdiyimiz Dərbənd Təhsil və Mədəniyyət
Akademiyasını görmək, onun azərbaycanlı sahibi və rektoru, eləcə də
Akademiyanın azərbaycanlı tələbələri ilə görüşmək idi. İstəyimiz bu
dəfə reallaşdı.
Əzablı yollarla
Ancaq Dərbəndə qədər Yalama sərhəd nəzarəti məntəqəsindən
başlayan yolumuz-yolçuluğumuz vardı. Rahatlıqla keçdiyimiz
Azərbaycan sərhəd məntəqəsindən dərhal sonra əzablı yollar başladı
desək, inanın. İki yüz metrlik nahamar, tozlu yolda arxac kimi bir
yerə salınmış adamlar dayanıb, iki rus sərhədçisinin nə vaxt
içəridən əmr alıb daha 4-5 nəfəri Rusiya gömrük postuna sarı
buraxacağını gözləyir. Gün adamların təpəsinə namərdcəsinə döyür,
hamı donquldanır, gileylənir, ancaq əldən nə gələr, artıq neytral
zonadasan, istər Rusiya vətəndaşı ol, istər Azərbaycan, ya başqa
dövlətin, - bu anda sən mücərrəd dünya adlanan yerin vətəndaşısan
və arxayın ola bilərsən ki, sən heç kimsən, havadan asılı qalıbsan
və Allahdan başqa kimsə sənin donqultunu eşitməyəcək. Hətta
donquldananlardan biri deyir ki, ruslar bizimkiləri burda qəsdən
gözlədir, incidir, bundan həzz alır, üstəgəl səni təxribata
çəkirlər öz rəftarlarıyla. Ki, sonra günün altında 5 saat ayaq üstə
gözlətməklə əzab versinlər. Arxaca bənzər ziqzaqlı birinci mərhələ
keçid "məntəqəsinin" başında duran iki rus sərhədçisi də ayaq üstə
dayanıb, necə deyərlər, onlar çaya adamları susuz aparıb, susuz
gətirirlər, ancaq özləri də susuz qalırlar. Yorğun, əldən düşmüş
görünürlər, ara-bir meyvə dolu avtomobillərlə o üzə keçən
sürücülərin bağışladığı şirinlik əriklərdən yeyib həyata qayıdır və
daha beş nəfərin keçid iznini verirlər. Basabas, sevinc və qarşıda
adamları gözləyən daha bir arxac və sərhədçi.
Çinə aparılan Azərbaycan qəzetləri
Bu arada birinci məntəqədə sərhədçi əsgərdən deklorasiya kağızı
götürüb doldurmalısan. Sənəd dolduran kimdi? Burda da fərasətli
adamlar var, hətta bəziləri azərbaycanlı deyil, Asiyadan olduğu
dərhal bilinən qan qardaşlarımızdı. Kağızın birini doldurmaq 1
manat. Dərd manat dərdi deyil, axı bu şoğəribi bir yerə qoyub
doldurmalı və ikinci arxacdan sonra gömrük məmuruna təqdim
eləməlisən. Şükür, meyvə dolu avtomobillər dayanıb, yeşiklərdən
əriklər adamın halına gülür, ərik altına yıxılmış, Azərbaycan
adamının gün-güzəranından yazan tirajlı qəzetlər çarəsiz-çarəsiz
üzünə baxır. Jurnalistsənsə, ürəyinin ağrıyacağına şübhə yoxdu.
Oxunmaq üçün buraxılmış qəzet tacirlərin dadına yetir. Yeri
gəlmişkən, qəzet dedim, eşitdiyim bir maraqlı söhbəti də sizə
çatdırım. Çinlilər Çindən Rusiyaya dadsız-duzsuz meyvə göndərənlər
ölkəmizin makulatura qəzet bazarından qəzet alıb Çinə aparır,
yeşiklərə düzür, sonra meyvəni Rusiyaya göndərirmiş ki, Azərbaycan
meyvəsi adına satsınlar...
Növbəti yoxlanış nöqtəsinin dəmir qapısında dayanan əsgər də
ərik yeyir, bir neçəsini də hasarın üstünə günəvərə düzüb. Bir
sözlə, burda bütün əsgər və zabitlər dayanmadan ərik yeyir. "Bəs
bunlar köpmürlər?" – soruşuram, yol yoldaşım heç vaxt eşitmədiyim
bir hikməti açır mənə. Deyir, istəyirsən bir kilo ərik ye, dənəsini
də əzib yesən, köpməzsən. Görünür, buna görə deyirlər də, çox
oxuyan yox, çox gəzən çox bilər.
Bakıdan Dərbəndə, Azərbaycandan Azərbaycana
Əlqərəz, məşəqqətli neytralı keçib Rusiya ərazisinə daxil
olursan. Qaydalara uyğun oldu-olmadı hara, niyə getdiyini soruşub,
gün vurmuş başını yüngülvari xarab eləyib möhürünü vurur, yolunu
açırlar.
Beləcə, daha bir Azərbaycanın (söhbət Dərbəndin Azərbaycan
torpağı olmasından yox, Sovet dövrünün infrastrukturunu
nöqtəbənöqtə xatırladan Azərbaycandan gedir) tarixinə ayaq
basırsan. Burdan belə məşəqqətli qrunt, daha doğrusu, bərbad yollar
başlayır. İşgəncə kamerasını xatırladan rus avtomobillərində can
verə-verə Dərbəndə doğru yol alırsan.
Ev eyni, yol eyni, kol eyni, sağ eyni, sol eyni, insan üzləri
eyni, xırda kənd dükanları... eyni... Hətta bir yerdə elə
biləcəksən kəndinizə gəlibsən.
Hələ Dərbənd özü! Bir az Bakıdı, İçərişəhərdi, Bayırşəhərdi, bir
az Masallı, bir az Lənkəran, bir az Zaqatala, bir az Şamaxı.
Xəzərin sahilində əskidən qalmış bir tikili mənə asanca Pirşağının
Sovet çağındakı çimərliklərindən birini xatırlatdı, dedim, vallah,
mən burda olmuşam. And olsun Yaradana, bura səni gözübağlı
gətirsələr, görüncə deyərsən, öz ölkəndəsən.
Hələ dərhal üz tutduğumuz Akademiyanın girişində dilimizdə gedən
söhbətləri eşidincə elə zənn etdim ki, hansısa Bakı ali
məktəblərindən birinin girişindəyik.
İçəri ciddi yoxlanışdan sonra buraxılırsan. Burada Emil müəllimi
(Şahbazov) tanıyırlar. Söhbət dostumuz, bizə səfər rəhbərliyi
eləyən EFLA Xaricdə Təhsil Mərkəzinin rəhbərindən və Dərbənd
Akademiyasının Azərbaycanda tək rəsmi partnyoru olan bu qurumun
başçısından gedir.
Rektorun qəbul otağında əyləşən katibə xanım bizi dilimizdə
gülərüzlə salamlayır, açıq qapısından səsimizi eşidən Həsən müəllim
qarşımıza çıxır və ölkəmizin adi məktəb direktorlarından daha
təvazökar tövrlə yer göstərir. Hətta lap başda özünün harda
oturmasıyla bağlı bizdən məsləhət də istəyir. Bilmirəm, bu ağayana
sadəlik rus təsirindən gəlirdi, ya elə sadəcə, bu insanın bünövrəsi
belədi. Hər nəysə, belə adamla danışmağa nə var ki? Əminəm ki,
sonradan özünün də fəxrlə dediyi kimidi: o, tələbələrinə bir dayı,
əmi kimidi - Azərbaycandan gələn tələbəsi bərkə düşəndə, ya
məsələn, tətildə evə dönmək üçün ondan borc istəyə bilər...
Əminin yanında
Beləcə, Dərbənd azərbaycanlısı, Dərbənd Təhsil və Mədəniyyət
Akademiyasını rektoru Həsən Məmmədovla söhbətimiz başlayır.
Öz şirin Dərbənd ləhcəli türkcəsilə, tez-tez də rus kəlmələrinin
qarışdığı danışığını yazmağa başlayırıq.
Söhbət boyu necə içdən qürur duyduğumu hiss edirdim. Elə-belə
məsələ deyil: xarici dövlətdə bir soydaşımızın böyük bir
akademiyanın rektoru olması, onun sahibi olduğu təhsil ocağının
dövlətin prezidenti səviyyəsində diqqəti cəlb etməsi, Azərbaycana
olan sevgi-sayğı adamı fərəhləndirməyə bilməz.
Beləcə, yazının davamında:
27 yaşlı rektor və institut filiallığından
Akademiyaya gedən uğurlu yol;
Akademiyada Azərbaycanla bağlı özəl
tədris;
İllər sonra Azərbaycan tarı, muğamı burada unudula
bilər…
Ukrayna hadisələrində rektor Putinə nə
yazıb...
Su qiymətinə yataqxana...