Qaragül papağını başından götürüb dizlinin üstünə qoydu.
Uzun barmaqları ilə əvvəl papağını sığalladı, sonra isə tərli
alnına yapışmış saçlarını geri atdı. Əlini saqqalına çəkdi, salavat
çevirirmiş kimi dodaqlarının altında nə isə mızıldadı. Kürəyini
divara söykəmişdi. Döşəməyə sərilmiş süfrə də üz-üzə oturmuşduq.
Bütün ağırlığımı dizlərimə salmışdım. O isə ayaqlarını qarnına
tərəf yığdığından sanki dizlərinin arxasında oturmuşdu. Bu cür
oturuş onun şakəri idi. Əvvəllər də dəfələrlə müşahidə
etmişdim...
...Dişləri cağbacağ, gözləri iti, yaşı 70-in həndəvərində, bəlkə
də 70-dən o tərəfə olan bu adam məni özünə həmişə simsar bilib. Bu
dəfə də kəndə gəlişimdə nəvəsi məni görən kimi: - Babam dedi ki,
səni görsəm, deyim, bir bizə gəl, - dedi. Əlavə də etdi ki, harada
olsa, bu günlərdə gələr. Kişiyə vergi verilib də.
13-14 yaşlı velosipedinə minib uzaqlaşdı.
Həyat yoldaşı həyətdəcə "xoşgəldin" etdi, "hacı yuxarıdadır,
namazını indi qılıb" - dedi.
Yuxarı qalxdım, başı ilə salam verib yer göstərmişdi. Türk
kanalında R.T.Ərdoğan danışırdı. Diqqətlə qulaq asırdı. Sanki bütün
dünyanın geosiyasi hadisələrini ondan soruşacaqdılar. Arvadı çay
süzüb süfrəyə qoydu.
- Ölənlərinin ehsanı, kəbleyi xanım.
- Ölənlərinin yeri behişt olsun, hacı, - arvadın səsi yaşmaqdan
boğulurmuş kimi çıxdı.
Ərlə-arvadın belə ünsiyyət qurması məni bir qədər çaşdırdı.
Yadıma təxminən çox illər qabağın Sonası və Kərəmi düşdü. Biçilmiş
taxıl zəmisinin küləşini eşşək arabasına yığıb heyvanları üçün qış
azuqəsi yığırdılar. Yayın cırhacır istisində nəyə görəsə Kərəm
Sonanı acılamışdı:
- Ay eşşəyin qızı, sənin dədənin papağını...
Sonra mənə baxıb söyüşünü udsa da, qəzəbini udmamışdı:
- Bu eşşək səndən urvatlıdı, hər il bir bala doğur, neçə ildir
qarnın belinə yapışıb, şişirdə bilmirsən, eşşəyin qızı.
Sona o zaman 7-8 yaşlı, amma dünyanın bütün bicliyini bilən,
məni kişi cəhənnəm, heç oğlan uşağı yerinə də qoymamışdı.
- O eşşəyi doğuzduran eşşək var e yanında, ay eşşək. Gərək bir
şey qoyasan bura, mən də çıxardam çölə.
Qəzəblə bir-birini söymüşdülər. Axırda Kərəm şana (taxtadan
hazırlanmış iri dişli yaba) ilə sonanın kürəyinə zərbələr
endirmişdi.
- Bu uşaq burda olmasaydı, bilərdim sənə nə edərdim.
Sona hirslə mənə tərəf baxmışdı. Hələ o vaxtlar fikirləşmişdim
ki, mənim yayın bu cırhacır istisində küləşlikdə olmağım arvadın
ürəyincə deyil. Sona Kərəmin edəcəyini gözləyirmiş. Mən də ehmalca
küləş komasının saldığı kölgəlikdən durub otardığım heyvanlarımızın
yanına getmişdim.
Sonradan Sonanın belini çəkmişdilər, türkəçarə ilə müalicə
etmişdilər. 1 qız, 4 oğulla Kərəmin sevincinə səbəb olmuşdu.
İndi Kərəm kişi kəndin hörmətli ağsaqqalarından sayılır.
Oğlanlarından 2 Rusiyada, biri Türkiyədədir. Bir oğlu və qızı isə
kənddə ailə-uşaq sahibidir. Kərəmin dolanışığı yaxşıdan çox
yuxarıdır.
- Sənin niyə çağırtdırdım? Təmaxil elə, danışacam. Maşallah
böyümüsən, özünə görə adın-sanın var. Sözünü, özünü bilənsən,
tanıyansan.
Sonuncu cümləsindən yadıma düşdü ki, Kərəm sovetlərin vaxtında
tikintidə iş icraçısı işləyəndə dövlət əmlakını mənimsədiyinə görə
həbs də olunub. Dünyanın faniliyindən, insanların nankorluğuna
qədər xeyli danışdı.
- Danış görüm ki, bu Ərəseylə Türkiyə sonda dil tapacaqmı?
Deyəsən mətləbi aydın oldu, axı, - düşündüm.
- Taparlar, kərbəlayi, hezzad olmaz.
- Dünya qazın, nöyütün üstündə qırır da bir-birini. A kişinin
oğlu, bu vaxta qədər nöyüt yox idi, qaz yox idi, bəs bizim
alimlərimiz, axundlarımız, müftilərimiz, şeyxlərimiz, canım sənə
desin, başı əmmaməlilərimiz yox idi? Adə bu nöyütə görə də islam
övladı, Məhəmməd hümməti bir-birin niyə qırsın, axı?
Çiyinlərimi çəkdim, yəni cavabım yoxdur. Dizlərim üstə oturub
kəbleyi xanımın çayından içmək üçün stəkana doğru uzandım.
- İç başına dönüm, qardaşımsan, halal xoşun olsun, iç yenə
gətirərəm. Hacı hər kəsnən kəlmə kəsməz, amma hər kəsə alqış edər,
xoş gün arzulayar, ruzusunun bol olmasını istəyər, iç başına dönüm,
sənin bir ipək, bir gül nənələrin vardı ki... İç, qadovu alım.
Yerim narahatdır. Gərək stulda oturaydım. Stəkanı süfrəyə
qoydum.
- Mixək də atmışam. O gün hacı ilə İran Biləsuvarına keçdik,
bazarlıq etdik, qayıdanda gördük puldan qalıb, mixəyə, sarıkökə,
zəncəfilə də verdik. İran mixəyidi, İmam Rzanın nəfəsi var o
torpağın üstündə...
- Az, kəblə xanım...
Sona çox danışığını hiss etdi. Kirimiş dayandı. 40 il qabağın
sonsuz gəlini kimi ərinin üstünə çımxırmadı.
Hacı Kərəm oturduğu nalçanın üstündə qurcuxdu, yanpörtü oturub,
sol əli ilə yanını qaşıdı. Rahatlandıqdan sonra dizinin üstündə
köndələn olmuş papağına bir də sığal çəkdi.
- Bu Rəcəb deyəsən günahsız adamları qırğına verəcək. Urusnan
qoz-qoz oynamaq olmaz. Bir də gördün elə bir manevr elədi, qıçların
qozandı göyə, hə, de görüm o zaman nə edəcəksən? Nəslimin fəda
olduğu Sahib əz Zaman da gəlsə, xeyri olmayacaq. Bunun adına bax
da, dünyanı idarə edən, Vladimir, yəni Cahangir...
Hələ də dinməz ona qulaq asdığımı görüb əlavə edir:
- Putini deyirəm. Tutdu urusduğu, dedi, net ki, net, genə də
uşaqlar oradan çörək pulundan zaddan göndərir, elə burdan da çox
şey gedir ora. "Nu" dedi, ilan kimi durdu quyruğunun üstündə, de,
onda nə olacaq?
Hacı Kərəm çox narahat idi. Bilmək olmurdu bu narahatlıq
Rusiyada və Türkiyədə olan oğlanlarına görədir, yoxsa iki dövlətin
arasındakı soyuq münasibətə dünya görmüş bir ağsaqqal kimi
acıyır.
- Bu yandan da Nardaran məsələsi, denən ay adamlar, nə isteysüz?
Bu qədər firavan bir ölkədə daha nə isteysüz? Başınızı salın aşağı,
yaşayın da ay mənim din qardaşlarım. Qazuun, işığuun pulunu ver
dənə. Namaza, pişnamaza, oruc tutmağa görə adamı öldürməzlər,
tutmazlar axı, day bu da bolşevik vaxtı döyür axı...
Hiss edirəm ki, hacı hələ mövzu ətrafında gəzişmələr edir.
Sözünün mustafası daldadır.
- İstəyirəm ləyaqətli bir Allah adamı kimi adımdan yazasan,
deyəsən ki, biz əmin-amanlığın tərəfdarıyıq. Yaxın qonşu uzaq
qohumdan həm yaxındır, həm də sərfəlidir. Uzaq qohum isə, qohumdur,
onu qohumluqdan çıxartmırıq ki...
Axır ki dilləndim:
- Hacı sən kimin dostusan? Kimin əmisi oğlusan? Nədir
səni belə narahat edən?
- Ay sənə qurban, mənim heç nədən qorxum yoxdur. Oturmuşam isti
evimdə, Quran oxuyuram, xalqıma xidmət edirəm. Allaha qurban olum,
ruzumu yetirir. Gündə 3-4 dua yazıram, yasin oxuyuram. Uşaqlar
Sibirdədir. Nankor çıxmadılar, puldan-paradan göndərirlər. Onların
adına torpaq almışam, profilaktoriya açıb, dükan tikdirmişəm, daha
nə etməliyəm ki? Mən insanlığın, Allaha yaxın olanın yanındayam,
onun dostuyam.
Səsinin yüksəlməsi sualımın ona xoş olmadığının göstərici idi.
Amma təmkinini pozmadı:
- Necə də olmasa bu ruslar bizim holanımıza bələddir. Uşaqlar
bir cürə girələyir başlarını. Amma bu Türkiyədəki gədəm, Antalyada
rus qızına ilişib. Ay mürtəd, rus zənəninin optavoyunu bu yanda
qoyub, defisit olanın yerində nə ölümün var? Bir adam yoxdur da
desin buna. Burdakı arvad-uşaq da düşüb üstümüzə. Bilirsən də bu
axır-uxurumuzdur. Türkiyə tərəfini bəyəndi. Rusiyadakıların yaşı
50-ni haqlayıb. Əsgərlikdə olublar, oralara bələdçiliyi var... Sən
gərək elə şey yazasan ki...
- Hacı, axı nə yazım?
- Yaz ki, mən və mənim ailəm rusu dəstəkləyirik. Belə deməyim
axır gedib onların böyüyünün qulağına çatacaq, başlarını beləcə
aldadaq, ürəyimizdə isə türkə sevgimiz qalsın da, ay sənə qurban.
Uşaqlar ordadır e... Deyirəm, xeyri-zadı olar birdən. Məni də az
adam tanımır oralarda. Hər yay gedirəm axı. Tanıyan, bilən eşidər,
söz-sözü çəkər, axır mənim urusdara olan rəğbətimin millətə xeyri
dəyər, ya yox?
Hacı Kərəmlə xeyli söhbət etdik. Sonda Hacını arxayın etdim:
- Sən heç narahat olma, Rusiya ilə Türkiyənin münasibəti
gec-tez düzələcək.
Onun dediklərini isə budur, artıq yazmışam,
oxuyurlar.