Son illər Azərbaycan səhiyyəsinə inamsızlıq və ya
qiymətlərin baha olması səbəbindən vətəndaşlarımızın xarici
dövlətlərə üz tutması adi hala çevrilib. Ancaq ortada konkret
statistika yoxdur: ildə nə qədər vətəndaşımız müalicə üçün xaricə
üz tutur?
İrana 800 min nəfər
Azərbaycan vətəndaşlarının əsasən İran İslam Respublikasına üz
tutduğunu nəzərə alıb, əvvəlcə, bu statistikanı dəqiqləşdirməyə
çalışdıq.
İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat
xidmətinin rəhbəri Məhəmməd Ayətullahi qeyd etdi ki, il ərzində
Azərbaycandan İrana təxminən bir milyona yaxın adam keçir:
"Onlardan nə qədərinin məhz müalicə məqsədi ilə getdiyini dəqiq
deyə bilmərik", - deyə M.Ayəttullahi bildirdi.
Müsahibimiz yalnız onu qeyd etdi ki, ötən il müvəqqəti olaraq
viza tətbiqi zamanı səfirliyə müraciətlərin 80 faizi İrana müalicə
almaq məqsədi ilə getdiklərini qeyd etmişdilər.
Bu isə təxmini bir rəqəm müəyyənləşdirmək üçün kifayət edir.
Deməli, hər il Azərbaycandan İrana müayinə və müalicə olunmaq üçün
800 min adamın getdiyini ehtimal etmək olar.
"Bu statistikanı bilmirik"
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Konsulluq
şöbəsinin əməkdaşı da dəqiq rəqəm söyləyə bilməyəcəyini dedi:
"Dövlət yolu ilə müalicəyə gedənlərin statistikasını Azərbaycanın
Səhiyyə Nazirliyi aparır. Amma bu rəqəm heç də Türkiyəyə üz tutan
xəstələrin tam sayı deyil. Türkiyəyə öz təşəbbüsləri ilə gedən,
yaxud turist kimi üz tutan vətəndaşlarınız da var ki, imkan tapıb
öz müalicələri üçün Türkiyə xəstəxanalarına baş çəkirlər".
Anar Qədirlini iş yrində tapmaq mümkün
olmadı…
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlini
iki iş günündə kabinetində tapmaq mümkün olmadı.
Xidmətin əməkdaşı isə həm xaricə üz tutanların, həm də son bir
ildə bizim səhiyyə ocaqlarında uğursuz əməliyyatlar nəticəsində
həyatını itirənlərin statistikasını verməyə çətinlik çəkdiyini
dedi: "Nazirliyin statistika idarəsinə müraciət edin".
Statistika İdarəsinin özünü "Mehdi müəllim" kimi təqdim edən
əməkdaşı sorğumuza cavab vermək istəmədiyini bildirdi: "Mən nəyə
görə sizing sualınıza cavab verməliyəm?"
"Burdakıların insafı yoxdu"
İrana yüz minlərlə insanın hansı zərurətdən üz tutmasının
səbəbini qonşu ölkədə şəfa tapmaq istəyənlərin özləri ilə
apardığımız söhbətlərdən araşdırmaq istədik. Cəlilabad rayon sakini
Amanat Fətullayev bildirdi ki, Təbrizin, Ərdəbilin
həkimləri daha insaflıdır: "Həm də hər şey ucuzdur. Bakının rəsmi
dövlət xəstəxanalarında 10 gün müddətinə ancaq qapıda dayananlara,
mühafizəyə, sanitara, şəfqət bacısına xərclədiyin pula Təbrizdə tam
əməliyyat haqqını ödəmək, dərmanlar almaq olar. İnsanla
davranışları da çox yaxşıdır. Burdakıların, özümüzünkülərin böyük
əksəriyyətinin insafı yoxdur, onlar xəstəyə xəstə kimi baxmır,
obyekt kimi yanaşırlar"
Tanınmış şairə Fərqanə Mehdiyeva da Təbrizdə
uğurlu əməliyyat olunaraq geri döndüyünü dedi: "Niyə Bakıda yox,
orada əməliyyat olundum? Ona görə ki, qiymətlər arasındakı fərq
müqayisəolunmaz dərəcədə fərqli idi. Təsəvvür edin, burada 10
manata aldığım dərmanı orada 1 manata aldım. Əməliyyatın ödənişində
də çox yüksək fərq oldu. Burada 2.000 manat tələb olunan əməliyyat
orada yol xərcimlə, qalmağımla, gəzməyimlə birgə 1.000 dollara başa
gəldi".
Fərqanə xanım onu da əlavə etdi ki, Azərbaycan-İran sərhəd-keçid
məntəqəsində həmişə tıxac olur, kimi dindirirsən, müalicəyə
getdiyini deyir.