"Laxtalanmış və təbii ki,
qanı kəsilmiş mənbənin üstü açıldı və prafoz qanaxma nəticəsində
Ceyhunun hemoqlobini 48 qr/ml-yə endi, halında kəskin pisləşmə
müşahidə olundu".
Bunu Axar.az-a Bakıda Respublika Klinik Xəstəxanasında
həkimlərin yanlış diaqnozu nəticəsində dünyasını dəyişən Gəncə
şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim pediatrı Ceyhun
Bədəlovun həyat yoldaşı, filoloq-alim Təhminə Bədəlova deyib:
"Əvvəla, Respublika Klinik Xəstəxanasından verilən açıqlamada
qeyd olunur ki, guya Ceyhun Bədəlov ora Gəncədən gətirilib. Bu
deyim xəstənin ağır olması təsəvvürünü yaratmağa xidmət edən
açıqlamadır. Halbuki həyat yoldaşım Ceyhun Bədəlov Respublika
Klinik Xəstəxanasına Gəncə şəhərindən deyil, Bakı şəhəri, Qara
Qarayev pr. 47, mənzil 104 ünvanından iyunun 3-də Təcili Yardıma
edilən müraciət nəticəsində aparılıb. Yoldaşım Bakıya müalicəyə
deyil, ayın 4-də keçirilən imtahanda iştirak etmək üçün gəlmişdi,
təkmilləşdirmə kursunda idi. Lakin qəflətən mədə-bağırsağında
yaranan qanaxma nəticəsində halı pisləşdi və Təcili Tibbi Yardıma
müraciət etdik.
Ceyhun Bədəlov xəstəxanaya 95 qr/ml hemoqlobinlə və halı-huşu
tam özündə daxil olub. Respublika Klinik Xəstəxanasında xəstəni
Rəşid həkim qəbul edib, müalicə həkimi isə Səidə həkim idi. Xəstəyə
endoskopiya etməyin vacib olduğu bildirildi. Lakin Ceyhun qan
xəstəliyi olduğunu bildirərək, bundan imtina etdi və xahiş etdi ki,
ona hemotoloq həkimlər baxsın.
Lakin Səidə həkim təkidlə Ceyhunu endoskopiyaya getməyə məcbur
etdi. Endoskopiya həkimi Şəfa xəstənin mədəsində xora olduğunu
bildirdi və təzyiqli su ilə mədəni yudu. Laxtalanmış və təbii ki,
qanı kəsilmiş mənbənin üstü açıldı və prafoz qanaxma nəticəsində
Ceyhunun hemoqlobilini 48 qr/ml-yə endi, halında kəskin pisləşmə
müşahidə olundu".
Təhminə Bədəlova Səhiyyə Nazirliyinin qaynar xəttinə dəfələrlə
zəng etdiklərini bildirib:
"Səhiyyə Nazirliyinin qaynar xəttinə dəfələrlə edilən zənglərdən
sonra xəstəxana rəhbərliyi bu işə cərrahları cəlb etdi və onlar
xəstəni dərhal əməliyyata qaldırmaq istədilər. Lakin Ceyhun onda
xora olmadığını bildirərək, əməliyyatdan imtina etdi. Onu da qeyd
edim ki, iyunun 3-də xəstəni qəbul edən Rəşid həkim ayın 9-dək bir
dəfə də olsa palataya gəlmədi və xəstənin vəziyyəti ilə
maraqlanmadı. Yalnız ayın 9-da gəlib əməliyyat təklif etdi. Mən
xəstənin həyat yoldaşı kimi əməliyyatdan imtina ərizəsi yazmışam.
Lakin xəstədə xora diaqnozunun yanlış qoyulduğu təsdiqlənəndən
sonra həkim həmin iltizamnaməni xəstəlik tarixindən götürüb, cırıb
atıb. Mən həmin sənədin xəstəlik tarixinə əlavə edilməsini təkidlə
tələb etsəm də, buna əməl olunmadı. İmran həkim bu dəfə Milli
Onkologiya Mərkəzində təkrar endoskopiya etməyi məsləhət gördü.
Milli Onkologiya Mərkəzində yenidən endoskopiya zamanı məlum oldu
ki, mədədə heç bir xora yoxdur. Bu müayinənin diski və sənədi
hal-hazırda məndədir. Burada xəstəyə "Rondü Osler" sindromu
diaqnozu qoyulmuşdu. İkinci dəfə endoskopiya edildikdən sonra
Ceyhunun vəziyyəti bir daha kəskin şəkildə pisləşdi və o, tədricən
şok vəziyyətinə düşdü. Xəstəni bu vəziyyətdən isə yalnız qan
vurmaqla çıxarmağa çalışdılar. Vəziyyətin daha da pisləşdiyini
görəndən və Səhiyyə Nazirliyinin qaynar xəttinə edilən
təkrar-təkrar zənglərdən sonra hemotoloqlar işə qarışsa da,
vəziyyət həddindən artıq kritik olduğundan, heç bir nəticə vermədi,
xəstəyə kəskin şok vəziyyətində heç bir yardımın edilmədiyini görüb
onu Terapevtik Klinikaya yerləşdirsək də, vəziyyət çıxılmaz
olduğundan, bir-iki saatdan sonra oradan da çıxardıq".
Xatırladaq ki, ötən gün Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq
Xəstəxanasının həkim pediatrı Ceyhun Bədəlov öz həmkarlarının
savadsızlığının qurbanı olub. Bakıda təkmilləşdirmə kurslarında
olan həkim Ceyhun Bədəlovun qəflətən mədə-bağırsağında problem
yaranıb və o, Respublika Klinik Xəstəxanasına müraciət edib. Yanlış
diaqnoz və müalicənin nəticəsində isə C.Bədəlov vəfat edib.
Həkim həmkarlarının savadsızlığının və biganəliyinin qurbanı
olan pediatr Ceyhun Bədəlov bu gün Gəncə şəhərində torpağa
tapşırılacaq.